XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Cümə axşamı, 14 Noyabr 2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Misir Ərəb Respublikasının Nümayəndələr Palatası sədrinin birinci müavini Əl-Seyyid Mahmud əl-Şərifin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham ƏLİYEV dedi:

–Xoş gəlmisiniz Azərbaycana, sizi səmimiyyətlə salamlayıram. Zirvə görüşündə iştirak etməyiniz bizi çox məmnun edir, şadam ki, ölkəniz bu tədbirdə yüksək səviyyədə təmsil olunur. Əlbəttə, səfəriniz yaxşı imkan yaradır ki, biz ikitərəfli münasibətlər haqqında danışaq. Bizim ikitərəfli münasibətlərimiz də uğurla inkişaf edir və bir çox sahələri əhatə edir. Sizin ölkəniz bu yaxınlarda Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Zirvə Görüşündə yüksək səviyyədə təmsil olunmuşdur və Yekun Bəyannamənin qəbul edilməsində də ölkənizin mövqeyini biz yüksək qiymətləndiririk. Bildiyiniz kimi, növbəti üç il ərzində Azərbaycan bu Hərəkata sədrlik edəcək və bu vəzifəyə çox böyük məsuliyyətlə yanaşırıq. İqtisadi sahədə əlaqələrimizə gəldikdə, deyə bilərəm ki, bu sahədə çox böyük potensial var. Yaxşı siyasi əlaqələrimizi nəzərə alaraq, hesab edirəm, iqtisadi sahədə biznes qurumlarına biz çox ciddi siqnal verməliyik ki, onlar öz fəaliyyətini bir az da genişləndirsinlər. Şadam ki, turizm sahəsində də yaxşı irəliləyiş var, həm Azərbaycan turistləri ölkənizi ziyarət edirlər, həm də ki, Misirdən gələn qonaqların sayı artmaqdadır. Təbii ki, parlamentlərarası əlaqələrə də böyük əhəmiyyət verilir. Əminəm ki, səfər zamanı bu əlaqələrə yeni təkan veriləcək.

Misir Ərəb Respublikasının Nümayəndələr Palatası sədrinin birinci müavini Əl-Seyyid Mahmud əl-ŞƏRİF dedi:

–Bismillahir rəhmanir rəhim. Möhtərəm cənab Prezident, icazə verin, əvvəlcə vaxt tapıb bizi qəbul etdiyinizə görə Sizə şəxsən öz adımdan və həmkarlarım adından təşəkkürümüzü bildirim. Bütün Azərbaycan xalqına qonaqpərvərliyə və istiqanlılığa görə dərin təşəkkürümüzü bildiririk. İcazə verin, Misir Ərəb Respublikasının Prezidenti cənab Əbdülfəttah əs-Sisinin şəxsən öz adından və Misir xalqı adından Sizə və Azərbaycan xalqına ehtiramını və dərin təşəkkürünü çatdırım. Şəxsən öz adımdan bildirmək istəyirəm, mən çox xoşbəxt insanam ki, 1994-cü ildə ümummilli lider Heydər Əliyevlə Misirdə görüşmüşəm. Bu gün də çox xoşbəxtəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşürəm. Əlbəttə ki, son illər Azərbaycanın bütün sahələrdə, istər iqtisadi, istər infrastruktur, istərsə də bütün sahələrin inkişafı baxımından əldə etdiyi nailiyyətlər digər dünya dövlətlərinə bir nümunədir.  

***

Prezident İlham Əliyev onun da salamlarını Misir Prezidenti Əbdülfəttah əs-Sisiyə çatdırmağı xahiş etdi.

Misirin Nümayəndələr Palatası sədrinin birinci müavini Əl-Seyyid Mahmud əl-Şərif bildirdi ki, ölkəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.

Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Sonda xatirə şəkli çəkdirildi. 

 

 

 

 

AZƏRTAC

Published in Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavini Malkolm Honlaynı qəbul edib.

AZƏRTAC xəbər verir ki, qonağı salamlayan Prezident İlham ƏLİYEV dedi:

–Xoş gəlmisiniz.

Malkolm HONLAYN dedi:

–Sizi görməyə şadam.

Prezident İlham Əliyev: Gəldiyinizə görə təşəkkür edirəm. Mən sizin Sammitdə iştirakınızı yüksək qiymətləndirirəm.

Malkolm Honlayn: Bu qədər fikir ayrılığı, bu qədər gərginliyin şahidi olduğumuz bir zamanda Sizin vaxt ayıraraq insanları bir araya gətirmək üçün təşəbbüs göstərməyiniz bir faktdır. Düşünürəm ki, bizim üzərimizə düşən məsuliyyət də burada olub Sizə dəstək nümayiş etdirmək və bunu qiymətləndirməkdir.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Eyni zamanda, biz çox uğurlu Mədəniyyətlərarası Dialoq üzrə Forum və ənənəvi Bakı Humanitar Forumunu keçiririk. Beləliklə, biz dinlər, mədəniyyətlər, ölkələr arasında körpülərin qurulması istiqamətində fəaliyyətimizi davam etdiririk və Azərbaycan artıq çox fəal dialoq məkanına çevrilib. Düşünürəm ki, belə mühüm tədbirə ev sahibliyi etmək üçün doğru zamandır. Ümidvaram ki, o, uğurlu olacaq, yaxşı nəticələr əldə ediləcək.

Malkolm Honlayn: Onun keçirilməsi faktının özü bir uğurdur. Bu da bir faktdır ki, Siz və Azərbaycan qlobal, beynəlxalq səviyyədə elə bir nüfuz qazanmısınız ki, bura insanların bir araya gəldiyi bir məkandır.

 

 

AZƏRTAC

Published in Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham ƏLİYEV dedi:

–Xoş gəlmisiniz. Çox şadam ki, qardaş ölkə sabah keçiriləcək dünya dini liderlərinin Zirvə Görüşündə yüksək səviyyədə iştirak edəcək. Həm bu Zirvə Görüşündə iştirak çox önəmlidir, eyni zamanda, yaxşı fürsətdir ki, ikitərəfli məsələləri də müzakirə edək.

Bildiyiniz kimi, bu yaxınlarda İran İslam Respublikasının Prezidenti cənab Ruhani Azərbaycanda səfərdə idi, Qoşulmama Hərəkatının Zirvə Görüşündə iştirak edirdi. Səfər çərçivəsində bizim görüşümüz olmuşdur. Çox yaxşı görüş oldu. Görüş zamanı gündəlikdə duran bir çox ikitərəfli məsələləri müzakirə etdik. Bir daha gördük ki, İran-Azərbaycan əlaqələri yüksək səviyyədədir, uğurla inkişaf edir. İmzalanmış bütün sənədlər, əldə olunmuş razılaşmalar icra edilir. Bu, onu göstərir ki, əlaqələr çox səmərəlidir və yaxşı nəticə verir. Əminəm ki, gələcəkdə bu əlaqələrin inkişafı üçün hər iki tərəf öz səylərini göstərəcək və əldə edilmiş bütün razılaşmalar həyatda öz yerini tutacaqdır.

***

İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İBRAHİMİ dedi:

–Çox sağ olun, təşəkkür edirəm. Bizə vaxt ayırdığınıza və bizi qəbul etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm. İki il bundan əvvəl mənə belə bir fürsət yarandı, xanım Mehriban Əliyeva ilə görüşdüm və indiyədək həmin görüşü xatırlayıram, xoş təəssüratları yadımdadır.

Əvvəlcə, istərdim ki, öz dövlətimin, İran İslam Respublikası dövlətinin və xalqının səmimi salamlarını Sizə çatdırım. Bizimlə Azərbaycan arasında müştərəkliklər, bağlılıqlar çoxdur. Mən uşaqlıqdan Azərbaycan dilini nənəmdən öyrənmişəm. İllər keçdikcə bu dili mənə öyrətdiyinə görə və öz sinəsindən mənim sinəmə bu dili nəql etdiyinə görə həmişə ona dua edirəm.

Bizimlə sizin aranızda bir çox bağlılıqlar, müştərəkliklər var, o cümlədən mədəni sahədə. Buna görə də biz mədəni sahədə bir çox birgə layihələr həyata keçirmişik və əməkdaşlıqlar etmişik. Mədəniyyət Nazirliyi ilə bir çox proqramlar, layihələr icra etmişik, gələcəkdə də bunu davam etdirəcəyik.

***

Söhbət zamanı ölkələrimiz arasında enerji, ticarət və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu, ikitərəfli əlaqələrimizin möhkəmləndirilməsində dövlət başçıları arasında mütəmadi olaraq keçirilən görüşlərin əhəmiyyəti qeyd edildi.

 

 

AZƏRTAC

Published in Siyasət

Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovu qəbul edib.
AZƏRTAC xəbər verir ki, son illər Azərbaycanın dəmir yollarında görülən işlər və qarşıda duran vəzifələrdən danışan Prezident İlham ƏLİYEV dedi:
- Son illər dəmir yolu infrastrukturuna böyük investisiyalar qoyulur. Bu investisiyalar hesabına dəmir yolu infrastrukturu böyük dərəcədə inkişaf etmişdir. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında dəmir yollarının səviyyəsinə və keyfiyyətinə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir. Bu, kifayət qədər yüksək göstəricidir, son illərdə aparılan işlərin təzahürüdür. Onu da əlavə etməliyəm ki, nəqliyyat infrastrukturunun səviyyəsinə görə biz dünyada 31-ci yerdəyik. Yəni, Azərbaycanda bütün nəqliyyat infrastrukturu yeniləşir, müasirləşir, keçən il yeni dəniz ticarət limanı, 2017-ci ildə Bakı-Tbilisi-Qars tarixi dəmir yolu istifadəyə verilib, daxili dəmir yolları müasirləşir. Bir sözlə, Davos hesabatında bizim yüksək yerə malik olmağımız reallığı əks etdirir. Ancaq bununla paralel olaraq biz gələcəkdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Çünki ölkəmizin uğurlu inkişafı, o cümlədən nəqliyyat infrastrukturundan asılıdır.
Bu gün Azərbaycan etibarlı tranzit ölkə kimi öz xidmətlərini göstərir. Ümumi rəyə görə, - bu, beynəlxalq təşkilatların hesabatında da əks olunur, - Azərbaycan çox etibarlı və önəmli tranzit ölkəyə çevrilibdir. Mən dəfələrlə demişəm ki, hər bir ölkənin öz tranzit potensialını inkişaf etdirmək üçün, ilk növbədə, qonşu ölkələrlə yaxşı münasibətləri olmalıdır və bu gün bu, reallıqdır. Təkcə son bir-iki ay ərzində mənim dörd qonşu ölkənin rəhbərləri - Rusiya Prezidenti, Türkiyə Prezidenti, İran Prezidenti və Gürcüstanın Baş Naziri ilə görüşlərim olubdur. Bu görüşlərdə, o cümlədən bizim nəqliyyat sahəsində əməkdaşlığa da kifayət qədər böyük vaxt ayrılmışdır. Bir sözlə, bizim tranzit potensialımız gələcəkdə qeyri-neft sektorunun inkişafına daha da böyük dərəcədə xidmət göstərəcək. Bu gün də qeyri-neft sektorunun ümumi daxili məhsuldakı payının çoxaldılması istiqamətində nəqliyyat sektorunun rolu artmaqdadır. Biz hazırda Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarından daha geniş miqyasda istifadə edirik, keçən il təqribən 300 min tona yaxın yük daşınmışdır. Önəmli məsələ ondan ibarətdir ki, biz artıq təkcə Asiya ölkələrindən gələn yüklərlə kifayətlənmirik, eyni zamanda, Avropa məkanında da fəal əməkdaşlıq edirik və bəzi Avropa ölkələrinin bu yoldan istifadə etməsi artıq reallığa çevrilib. Biz artıq Çindən konteyner qatarları qəbul etməyə başlamışıq. Çin-Qazaxıstan-Azərbaycan-Avropa dəhlizi fəaliyyət göstərir. Eyni zamanda, son müddət ərzində Əfqanıstan-Türkmənistan-Azərbaycan-Avropa istiqamətinə yüklər daşınır. Biz Lapis-Lazuli dəmir yolu ilə Bakı-Tbilisi-Qars dəmir yolunu birləşdirə bilmişik. Bu da böyük imkanlar yaradır. Mənim Orta Asiya respublikalarının prezidentləri ilə keçirdiyim görüşlər əsnasında dəmir yolu daşınmaları haqqında kifayət qədər geniş fikir mübadiləsi aparılmışdır. Hazırda Özbəkistan və Tacikistanla bizim dəhlizimizdən istifadə imkanlarını müzakirə edirik və əminəm ki, bu istiqamətdə də uğurlar əldə olunacaq.
Yəni, onu demək istəyirəm ki, vaxtilə Azərbaycanın təşəbbüsü ilə başlanan və bizim böyük maliyyə dəstəyimizlə reallaşan Bakı-Tbilisi-Qars dəmir yolu çox mühüm əhəmiyyət daşıyır. Mən əvvəllər də, biz dəmir yolunun təməlini qoyanda da bunu demişəm ki, bu layihə dünyanın nəqliyyat xəritəsini yenidən tərtib edir və bu layihə açıq dənizə çıxışı olmayan Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirəcəkdir. Eyni zamanda, biz Şimal-Cənub nəqliyyat dəhlizinə də çox böyük diqqət yetirmişik. Azərbaycan ərazisində bütün işlər yekunlaşıb, o cümlədən İran sərhədinə qədər uzanan dəmir yolunun tikintisi də artıq 2 ildir ki, tamamlanıb. O cümlədən dəmir yolu körpüsü tikilib və hazırda Şimal-Cənub nəqliyyat dəhlizi işləyir. 2018-ci ildə bu dəhlizlə daşınan yüklərin həcmi 8 dəfə, bu ilin 9 ayında daha 70 faiz artmışdır. Yəni, böyük potensial var və eyni zamanda, Şimal-Qərb nəqliyyat dəhlizi işləyir. Rusiyadan, həmçinin İrandan gələn yüklər Qərb istiqamətinə Azərbaycan ərazisindən daşınır. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin iştirakçıları bir çox ölkələrdir. Ancaq onların arasında yeganə ölkə Azərbaycandır ki, hər iki layihədə iştirak edir və hər iki layihənin reallaşmasına öz dəyərli töhfəsini vermişdir. Bu, bizə gələcəkdə həm siyasi, həm iqtisadi dividendlər gətirəcək, artıq gətirir. Dəmir yolu nəqliyyatı sahəsindəki əməkdaşlıq ölkələri bir-birinə daha da yaxın edir, təhlükəsizliyi möhkəmləndirir, bölgədə vəziyyəti daha da müsbət istiqamətdə inkişaf etdirir və hər bir ölkəyə böyük iqtisadi dividendlər gətirir.
Eyni zamanda, mənim göstərişimlə ölkədaxili dəmir yollarının tikintisi və modernləşdirilməsi istiqamətində addımlar atılır, o cümlədən Bakı şəhərətrafı yolun tikintisi gedir. Bu, Bakı qəsəbələrini şəhərin mərkəzi ilə bağlayan yollardır. Eyni zamanda, bizim turizm mərkəzlərindən biri olan Qəbələ şəhərinə dəmir yolunun çəkilişi layihəsi davam etdirilir. Sovet vaxtında Qəbələyə dəmir yolu çəkilməmişdir, buna ehtiyac yox idi, ancaq hazırda buna böyük ehtiyac var.
Mən bu təşəbbüsü irəli sürəndə bəziləri fikirləşirdilər ki, buna ehtiyac yoxdur. Halbuki bu yaxınlarda Qəbələdə olarkən mənə məlumat verildi ki, bu ilin 9 ayında Qəbələyə 150 min turist gəlmişdir. Ancaq söhbət otellərdə yerləşən turistlərdən gedir. Əgər fərdi qaydada evlərdə kirayədə qalan turistləri nəzərə alsaq, bu, əlavə 150 min olacaq. Yəni, 9 ayda Qəbələyə 300 min turist gəlib. Qəbələyə bir yol var - Şamaxı-Qəbələ yolu. O yol da artıq mənim göstərişimlə yenidən qurulacaq. Əlbəttə ki, bu yol artan turizm trafikini götürə bilməyəcək. Ona görə Ləkidən Qəbələyə dəmir yolunun çəkilməsi xüsusi əhəmiyyət daşıyır.
Eyni zamanda, baxmayaraq ki, Şimal-Cənub nəqliyyat dəhlizi işləyir, ancaq Bakı-Yalama və Ələt-Astara dəmir yollarının vəziyyəti bizi qane edə bilməz. Çünki vaxtilə orada təmir işləri aparılmamışdır. Yollar tamamilə yenidən qurulmalıdır ki, qatarların sürəti artsın. Hazırda qatarlar saatda təqribən 40, maksimum 50 kilometr sürətlə gedir. Bu, böyük yükləri daşımağa və sərnişinlərə keyfiyyətli xidmət göstərməyə imkan vermir. Ona görə bizim məqsədimiz həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin dəmir yolu hissəsinin modernləşdirilməsidir. Elə etməliyik ki, qatarlar saatda minimum 140 kilometr sürətlə hərəkət edə bilsin. Artıq Bakı-Yalama və Ələt-Astara dəmir yollarının modernləşdirilməsi prosesi başlanmışdır.
Ona görə mən sizi dəvət etmişəm ki, görülmüş işlərlə bağlı məlumat verəsiniz. Bu ilin sonuna qədər hansı işlər görüləcək və ən əsası, gələn il biz hansı işləri görməliyik? Çünki gələn ilin investisiya proqramında dəmir yollarının tikintisi nəzərə alınmalıdır. Məruzə edin.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid QURBANOV dedi:
-Təşəkkür edirəm, möhtərəm cənab Prezident. Əlbəttə ki, bu işlərin əvəzi yoxdur. Ölkəmizdə 15 min kilometrdən çox yol çəkilib, körpülər, aeroportlar tikilib, o cümlədən Azərbaycanın dəmir yollarında bir növ inqilab olub, yenilik edilib. Bunların hamısı Sizin dəstəyiniz və xüsusi qayğınız hesabınadır.
İcazənizlə, əvvəlcə Bakı dairəvi dəmir yolu barədə məlumat verim. Əvvəllər “elektriçka” adı ilə mövcud olmuş bu yol uzun illərdir ki, işləmirdi. Son 25 ildə sadəcə 5-10 elektrik qatarı var idi ki, onlar da 40 ildən çox idi işləyirdi və istismar müddəti çoxdan bitmişdi.
Sizin göstərişinizlə biz bu yolun yenidən tikintisinə başlamışıq. Yan yolları ilə birlikdə bu yolun ümumi uzunluğu 200 kilometrə yaxındır. Uzun illər ərzində yol yatağı sıradan çıxmışdı. Sizin göstərişinizlə bütün yol kəsişmələrini eyni səviyyəlilərdən müxtəlif səviyyəlilərə keçirdik, insanların rahatlığı üçün. Bunu bir növ Abşeron dairəvi dəmir yolu adlandırmaq olar. Çünki bu dəmir yolu Xırdalan şəhəri də daxil olmaqla, bütün Abşeronu birləşdirir. Burada dəmir yolu üzrə işlərin 80 faizi, elektrik, rabitə və işarəvermə işlərinin isə 70 faizi yerinə yetirilib, 11 yeni, modern stansiya tikilib. Yol üzərində 18 piyada və 6 avtomobil keçidi inşa olunub. Bütün yolboyu çirkab və tullantı sularını yığışdırmışıq.
Birinci hissə, Abşeron dairəsini - yəni, Bakıdan çıxaraq Biləcəri, Xırdalan, Sumqayıt, oradan isə Novxanı, Fatmayi, Məhəmmədi, Zabrat-1, Zabrat-2, Zabrat-3, Sabunçu, Bakıxanov, “Koroğlu” və nəhayət, Bakını birləşdirən yol ilin axırınadək tamamlanır.
Prezident İlham ƏLİYEV: İlin axırına tamamlanır, çox yaxşı.
Cavid QURBANOV: İndi Bakı-Sumqayıt dəmir yolu ilə hər gün 12 min sərnişin daşınır. Hesab edirik ki, dairə tamamlananda təqribən 25-30 min sərnişin daşımaq imkanımız olacaq.
Prezident İlham ƏLİYEV: Bu, daha rahat nəqliyyat növüdür. Eyni zamanda, vətəndaşlar daha da qısa müddət ərzində mənzil başına, iş başına çata biləcəklər. Çünki indi avtomobil yollarında kifayət qədər tıxaclar var. Düzdür, bir çox yollar salınıb, yeni körpülər, yeni yol qovşaqları tikilib, amma yenə də pik saatlarda tıxaclar var. Ona görə bu yol həm insanlara rahatlıq verəcək, həm də avtomobil yolunun yükünü azaldacaq. Ona görə ilin sonuna qədər nəzərdə tutulan bütün layihələr başa çatmalıdır və gələn il də bu işlər davam etdiriləcək.
Bakı-Sumqayıt dəmir yolunun fəaliyyəti, onun əhəmiyyəti haqqında nə deyə bilərsiniz? Ümumiyyətlə, bu yol ilə nə qədər sərnişin daşınır?
Cavid QURBANOV: Artıq bu yol ilə hər gün 12 min sərnişin daşınır.
Prezident İlham ƏLİYEV: 12 min?
Cavid QURBANOV: Bəli,12 min. Amma bu açılandan sonra həm bu tərəfdən Sumqayıta gedən, həm də əks tərəfdən gedən o yollar birləşəndə, avtobusların gediş-gəlişi də tənzimlənəndə gündə təqribən 25-30 min sərnişin daşınacaq. Bu da yəqin ki, ən azı 300-500 avtobusun işini azaldacaq. Həm ekoloji cəhətdən təmizdir, həm çox yüksək səviyyəli və sürətli qatarlardır, içərisində bütün rahatlığı var, həm də vaxt təqribən iki-üç dəfə azalıb.
Prezident İlham ƏLİYEV: Bəli, mən getmişəm o yolu, çox rahatdır.
Cavid QURBANOV: Sürəti də 140-a artırmaq istəyirik.
Prezident İlham ƏLİYEV: Müasir “Stadler” vaqonları da alınıb, onlar da işləyir.
Cavid QURBANOV: Bəli, hamısı işləyir.
Prezident İlham ƏLİYEV: Bakı-Gəncə dəmir yolu necə işləyir indi? Gəncədə son dəfə olarkən gəncəlilərə söz vermişdim ki, bu yol işləyəcək, artıq bu, fəaliyyətdədir. Bizim planımız var ki, Gəncədən Gürcüstan sərhədinə qədər də həmin o vaqonlar işləsin və sərhəd rayonlarında yaşayan vətəndaşlar da bundan faydalansınlar.
Cavid QURBANOV: Hazırda hər gün bir qatar gedir, bir qatar gəlir.
Prezident İlham ƏLİYEV: Neçə saata gedir?
Cavid QURBANOV: Dörd saata gedir, cənab Prezident. Amma bu, bizi qane etmir. Yolumuzun infrastrukturu imkan verir ki, bu sürəti biz Siz söylədiyiniz kimi, 140-a qaldıraq. Bu da o deməkdir ki, biz 3 saata Gəncə şəhərinə çata bilərik.
Prezident İlham ƏLİYEV: Üç saata?
Cavid QURBANOV: Bəli.
Prezident İlham ƏLİYEV: Çox gözəl.
Cavid QURBANOV: Sizin tapşırığınızdan sonra biz yenidən bu məsələ ilə məşğul olmuşuq. Bu gün Gəncə şəhərindən Ağstafa şəhərinə qədər olan yolda işləri tam bitirmişik. Orada 112-yə yaxın yolötürücüsü var idi, onların da 67-sini artıq tamamlamışıq. Fikrimiz odur ki, Ağstafaya gediş-gəliş təqribən dörd saat yarıma olsun. Gəncəyə ən geci üç saat yarıma çatsın. Beləliklə, sərnişinlərin məmnunluğu, rahatlığı Sizin göstərişinizlə tam təmin olunacaq.
Prezident İlham ƏLİYEV: Vətəndaşlar indi dəmir yolu ilə getməyi seçəcəklər, çünki həm rahatdır, təhlükəsizdir, həm də məsafə və vaxt baxımından daha da əlverişlidir. Bəs, Ləki-Qəbələ yolunun tikintisi nə yerdədir?
Cavid QURBANOV: Ləki-Qəbələ yolunun tikintisi davam edir. Bu yolun uzunluğu 46 kilometrdir.
Prezident İlham ƏLİYEV: Amma hələlik torpaq işləri aparılır?
Cavid QURBANOV: Bəli, torpaq işləri aparırıq, yolun 11 kilometrini artıq qoymuşuq. Süni qurğular 100 ədəddir. Bunun 100-nü də artıq yerləşdirmişik, körpülər, istinad dayaqları və sair. İş davam edir.
Prezident İlham ƏLİYEV: Nə vaxt hazır olacaq?
Cavid QURBANOV: Bizim hesablamalarımıza görə, gələn ilin ortalarına, təqribən avqust-sentyabr aylarına artıq istifadəyə hazır olacaq.
Prezident İlham ƏLİYEV: Çalışın, yay mövsümünə qədər istifadəyə verilsin. Çünki yay aylarında o bölgələrə daha çox vətəndaş gedir. Ona görə, çalışın, yay mövsümünə qədər başa çatdırasınız.
Cavid QURBANOV: Baş üstə, cənab Prezident. Bizim dəmir yollarımızın 60 faizi Sovetlər Birliyi dövründə elektrikləşdirilmiş yollardır. Bu, həm Zaqatala-Qəbələ tərəfdədir, həm Astara zonasındadır. Sizin tapşırığınızdan sonra biz bu yollar üçün də 2-3 dizel qatarı sifariş etmişik. İki yeni qatarımız da gəlir. Qəbələyə işləyəcək bu qatarları sınaqdan keçirmək üçün Gəncə dəmir yoluna buraxacağıq.
Prezident İlham ƏLİYEV: Yaxşı. Bəs, Ələt-Astara dəmir yolunda hansı işlər görülür?
Cavid QURBANOV: Ələt-Astara yolu ilə bağlı Siz o vaxt göstəriş vermişdiniz ki, Lənkəran şəhərinin gözəlliyini, dənizə yaxınlığını, dənizi qorumaq üçün, ekologiyası üçün həmin yol kənardan aparılsın. Bu gün biz o yolla məşğuluq. Bütün layihələndirmə işləri görülüb. Siz dediyiniz kimi, Astara-Astara yolunun 17 kilometrlik hissəsi artıq tikilib. Həm körpü inşa olunub, həm də o tərəfdə bizim böyük terminal tikilib. Terminal bu gün işləyir. İlin axırınadək orada daha 7-8 yol tikəcəyik. Avtomobil yolları da tikiləndən sonra orada bir dənə avtomobil terminalı tikmək lazım gələcək. Yəqin ki, bizim oradakı ərazimizdə tikiləcək. Dəmir yolu ilə daşımalarda artım var, bu gün maraq çoxdur.
Prezident İlham ƏLİYEV: Bəli, biz bu yolu mütləq yenidən qurmalıyıq. Birincisi, mövcud yol artan yükdaşımanı öz üzərinə götürə bilməz. Bu, faktdır və sürət də çox aşağıdır. Yol düz dəniz qırağı ilə gedir, həm təhlükəlidir, həm də ki, vaxt baxımından səmərəli deyil. Digər tərəfdən, Lənkəran indi böyük turizm potensialına malik olan bir rayondur. Son illərdə orada otellər, istirahət zonaları tikilib. Biz Bakı-Lənkəran avtomobil yolunu yenidən qurmuşuq. Demək olar ki, heç bir şəhərə girməyən və məsafə baxımından təqribən 60-70 kilometr daha qısa yoldur. Ona görə vətəndaşlar tam rahatlıqla gedirlər. Odur ki, o dəmir yolunu sahildən başqa istiqamətə keçirmək, əlbəttə ki, böyük əhəmiyyət daşıyır. Beləliklə, Lənkəranın sahil zonası da turizm üçün açıq olacaq, iş adamları, investorlar gələcək, orada otellər tikəcək. Çünki orada çox gözəl sahil zonası vardır və biz bundan istifadə etməliyik.
Bir də ki, mənim tapşırığımla indi Bakı-Yalama yolunda işlər gedir. Biz bu yolun da inşasını sürətləndirməliyik, ilk növbədə, Şimal-Cənub nəqliyyat dəhlizi üçün. Həmçinin bizim digər kurort zonası olan Qusar rayonuna da dəmir yolu çəkilməlidir. Hansı ki, sovet vaxtında da heç çəkilməmişdi. İndi mən göstəriş vermişəm ki, bu işlər də öz həllini tapsın. Bu istiqamətdə hansı işləri görmüsünüz?
Cavid QURBANOV: Cənab Prezident, Biləcəri-Yalama istiqamətində yolun uzunluğu 348 kilometrdir. Artıq büdcə müəyyənləşib, Dünya Bankı, Fransa İnkişaf Agentliyi tərəfindən. Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi ilə birgə işləmişik. Artıq kredit yekunlaşıb. Biz o yolun tikintisinə yəqin ki, dekabr ayında, yaxud da yanvar ayında başlayacağıq. Bu, yolun bir hissəsi üçündür. Qalan hissəsi Sizin tapşırığınızla büdcədən ayrılıb. Artıq orada 5 yeni yarımstansiya tikilib, çox böyükdür. Elektrik, rabitə xətləri ilə bağlı işləri görmüşük, fiberoptik kabelləri də çəkirik. Tikinti işlərinə gələn il başlasaq, təqribən iki il davam edəcək.
Prezident İlham ƏLİYEV: Bəli, o yola da çox böyük diqqət göstərilməlidir. Beləliklə, biz Şimal-Cənub nəqliyyat dəhlizinin səmərəsini böyük dərəcədə artıracağıq.

 

 

AZƏRTAC

Published in Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Rusiya Federasiyasının Federasiya Şurasının sədr müavini İlyas Umaxanovu, Rusiya Federasiyasının Federasiya Şurasının Regional məsələlər üzrə komitəsinin sədri Sergey Melikovu, Dağıstan Xalq Məclisinin sədri Xızrı Şıxsəidovu və Dağıstan Xalq Məclisi sədrinin müşaviri Məhəmməd Qurbanovu qəbul edib.

AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham ƏLİYEV dedi:

–Sizi yenidən görməyimə şadam. Xoş gəlmisiniz.

Çox şadam ki, siz mühüm tədbirdə - dünya dini liderlərinin Sammitində iştirak edəcəksiniz. Bu, ölkəmiz üçün çox mühüm hadisədir. Zənnimcə, bütün iştirakçılar üçün də belədir. Mən çox şadam ki, Rusiya Federasiyası çox yüksək səviyyədə, Federasiya Şurasının rəhbərliyi, qardaş Dağıstanın rəhbərliyi səviyyəsində təmsil olunub və Zati-müqəddəsləri, Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin də, müxtəlif ölkələrdən olan çoxsaylı qonaqların da iştirakı gözlənilir. Zənnimcə, bu tədbir mədəniyyətlərarası, sivilizasiyalararası dialoqun gələcək inkişafına yaxşı təkan verəcək.

Bildiyiniz kimi, Azərbaycanda bu qəbildən olan çoxlu tədbirlər keçirilir. Rusiya və Azərbaycan prezidentlərinin himayəsi ilə müntəzəm olaraq keçirilən Bakı Humanitar Forumu, ənənəvi Mədəniyyətlərarası Dialoq Forumu beynəlxalq təşkilatlar, o cümlədən BMT, UNESKO və digər təşkilatlar tərəfindən dəstəklənir. Beləliklə, Azərbaycan artıq çoxdandır ki, xalqları, müxtəlif dinlərin nümayəndələrini yaxınlaşdıran humanitar xarakterli tədbirlərin keçirildiyi məkana çevrilib.

Əlbəttə, bunlar həm də ikitərəfli gündəliyə aid məsələlər barədə söhbət etmək üçün yaxşı imkandır. Bu gündəlik olduqca zəngindir və yüksək səviyyədə əlaqələr bizim münasibətlərimizin inkişafına çox güclü təkan verir. Mənim Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinlə bir neçə dəfə görüşüm olub. Pekində “Bir kəmər, bir yol” konfransı zamanı görüşümüzü xüsusi xatırlayıram. Tədbirlər qrafikinin çox gərgin olmasına baxmayaraq, biz bir sıra məsələlər barədə çox ətraflı söhbət etməyə vaxt tapdıq. Rusiya Prezidentinin məni “Valday” Forumunda iştiraka dəvət etməsi də bizə hörmət və xoş münasibət əlaməti kimi qəbul edildi. Forum çərçivəsində də Rusiya Prezidenti ilə mənim görüşüm oldu. Biz həmin görüşdə də ikitərəfli gündəliyə aid diskussiyaları davam etdirdik.

Əlbəttə, Valentina İvanovna Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyətinizin bu ilin yazında ölkəmizə səfəri də parlamentlərarası istiqamətdə münasibətlərə və bütövlükdə, ikitərəfli gündəliyə aid məsələlərə yaxşı təkan verdi. Buna görə də düşünürəm ki, bu görüş mühüm məsələlərə bir daha nəzər salmaq və əlbəttə, Xızrı İsayeviçin, Məhəmmədin və sizin, - biz ilk dəfə görüşürük, - timsalınızda qardaş Dağıstan nümayəndələrini görməyə çox şadam. Əlbəttə, bizim əziz qardaşımız İlyasa da “Xoş gəlmisiniz” deyirəm, o da bizim qardaş diyarı təmsil edir. Bir daha xoş gəlmisiniz.

***

Rusiya Federasiyasının Federasiya Şurasının sədr müavini İlyas UMAXANOV dedi:

–Hörmətli İlham Heydər oğlu, vəziyyətlə əlaqədar əsasən Dağıstan təmsilçilərindən ibarət olan Rusiya nümayəndə heyəti ilə görüşmək üçün vaxt tapdığınıza görə Sizə təşəkkür etmək istəyirik. Lakin bununla bərabər, demək istəyirəm ki, əlbəttə, dünya dini liderlərinin Sammitində iştirak etmək bizim üçün, əlbəttə, çox vacib idi. Bu, artıq ikinci Sammitdir. Mənə birinci Sammitdə iştirak etmək xoşbəxtliyi nəsib olub. Bu Sammitin gedişini böyük hörmət və maraqla izləyəcəyik. Ona görə ki, Parlamentlərarası İttifaqın Sankt-Peterburqda keçirilmiş 137-ci Assambleyasında parlament rəhbərlərinin ümumdünya konfransının keçirilməsi təşəbbüsü irəli sürüldü. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası həmin konfransın 2022-ci il mayın 21-də Rusiyada keçirilməsi barədə müvafiq qətnamə qəbul etdi. Etnik və konfessiyalararası məsələlərə həsr ediləcək bu konfransa Rusiya Federasiyasının Prezidentinin razılığı alındı. Ona görə də ikinci Sammitdə iştirak etmək, onun gedişini müşahidə etmək bizim üçün, əlbəttə, son dərəcə vacibdir.

Eyni zamanda, demək istəyirəm ki, biz Birinci vitse-prezident, çox hörmətli Mehriban Əliyevanın Moskvaya səfərini səbirsizliklə gözləyirik. Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycan pavilyonunun açılışı olacaq, həmçinin Regionlararası Forum keçiriləcək.

 

 

 

AZƏRTAC

Published in Siyasət

Əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində regionlarda yerləşən yaşayış məntəqələrinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı layihələrin uğurlu icrası nəticəsində mühüm tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Yevlax şəhərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən  qurulması layihəsinin icrasına başlanılması məqsədilə qərara alıram:

1. Yevlax şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən  qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə  5,0 (beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 13 noyabr 2019-cu il.

Published in Sərəncam

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli və “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 13 iyun tarixli 1609-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, N 2 (II kitab), maddə 259, N 3, maddə 460, N 4, maddə 670, N 6, maddələr 1025, 1063, N 7, maddə 1272, N 9, maddə 1468, N 10, maddələr 1614, 1638; 2017, N 2, maddələr 176, 202, N 3, maddə 351, N 4, maddələr 530, 537, N 6, maddə 1101, N 7, maddələr 1314, 1346, N 8, maddə 1521, N 9, maddə 1637, N 10, maddələr 1788, 1798, N 11, maddələr 2003, 2027, N 12 (I kitab), maddələr 2290, 2320; 2018, N 1, maddə 36, N 2, maddələr 198, 201, N 3, maddələr 418, 428, 443, 445, N 5, maddələr 914, 918, 926, 955, N 6, maddələr 1225, 1234, N 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, N 8, maddələr 1678, 1697, N 9, maddə 1840, N 11, maddələr 2244, 2256, 2273, 2289, N 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; 2019, N 1, maddələr 52, 68, N 3, maddə 426, N 4, maddələr 602, 630, N 5, maddələr 825, 846, 852, N 6, maddələr 1035, 1046, N 8, maddələr 1395, 1401) 5.26-cı bəndində “293-299” rəqəmləri “293, 294, 295.1-295.5, 296-299” rəqəmləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, N 5, maddə 765, N 9, maddə 1650, N 10, maddə 1789, N 12 (I kitab), maddələr 2314, 2321; 2018, N 1, maddə 54, N 2, maddələr 200, 219, N 3, maddələr 416, 430, 448, N 5, maddələr 916, 919, N 6, maddə 1243, N 9, maddələr 1828, 1840, N 11, maddələr 2274, 2289, N 12 (I kitab), maddələr 2540, 2587, 2601; 2019, N 1, maddə 82, N 2, maddə 216, N 3, maddə 431, N 4, maddə 620, N 5, maddələr 819, 824, 835, 866, N 7, maddə 1221, N 8, maddə 1388) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na aşağıdakı məzmunda 24-1-ci hissə əlavə edilsin:

“24-1. Məcəllənin 295.6-cı və 295.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti adından Xidmətin rəisi, onun birinci müavini, Sərhəd Nəzarətinin rəisi, Xidmətin Aparatının müvafiq idarəsinin rəisi, onun müavini, həmin idarənin müstəntiqləri və təhqiqatçıları, Xidmətin Sərhəd nəzarətinin şöbə, məntəqə, bölmə, növbə rəisləri, təhqiqat bölməsinin rəisi və təhqiqatçıları.”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 12 noyabr 2019-cu il.

Published in Fərman

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, N 12, maddə 740; 2002, N 12, maddə 706; 2003, N 1, maddə 23, N 8, maddə 428, N 12 (I kitab), maddələr 676, 698; 2005, N 1, maddə 1, N 6, maddə 462, N 8, maddə 684, N 10, maddələr 873, 905, N 12, maddə 1083; 2006, N 3, maddələr 223, 225, N 6, maddə 481, N 12, maddələr 1015, 1029; 2007, N 2, maddə 80, N 12, maddə 1203; 2008, N 3, maddə 158, N 6, maddə 462, N 7, maddə 602, N 12, maddə 1047; 2009, N 1, maddə 5, N 2, maddə 56, N 3, maddə 160, N 7, maddə 519, N 12, maddə 947; 2010, N 4, maddə 276, N 6, maddə 485, N 10, maddə 840, N 11, maddə 939; 2011, N 1, maddə 12, N 4, maddələr 245, 264, N 11, maddə 985, N 12, maddə 1100; 2012, N 1, maddə 4, N 6, maddələr 508, 518, N 7, maddə 646, N 10, maddə 947, N 12, maddələr 1216, 1227, 1229; 2013, N 3, maddə 213, N 5, maddə 474, N 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, N 12, maddələr 1485, 1504; 2014, N 1, maddə 6, N 5, maddə 468, N 6, maddələr 603, 605, N 7, maddələr 774, 780, N 11, maddələr 1345, 1370; 2015, N 12, maddə 1432; 2016, N 1, maddələr 15, 36, N 4, maddə 630, N 5, maddə 849, N 6, maddə 1014, N 10, maddə 1605, N 11, maddələr 1753, 1776, 1780, 1790, N 12, maddələr 2006, 2051; 2017, N 3, maddələr 337, 341, N 5, maddə 742, N 6, maddə 1028, N 7, maddə 1308, N 8, maddə 1506, N 12 (I kitab), maddə 2265; 2018, N 3, maddə 405, N 4, maddələr 639, 647, N 6, maddələr 1186, 1194, N 7 (I kitab), maddələr 1415, 1444, N 8, maddə 1675, N 12 (I kitab), maddə 2489; 2019, N 1, maddə 45, N 4, maddələr 571, 596, N 5, maddə 797, N 7, maddələr 1176, 1181, 1190, 1192; Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1616-VQD, 1619-VQD nömrəli və 9 iyul tarixli 1643-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1.  4.1-ci maddəyə “Avtomobil Yolları” sözlərindən əvvəl “bu Qanunun 4.1-4-cü maddəsi nəzərə alınmaqla” sözləri əlavə edilsin və həmin maddədə “4.1-3-cü” sözləri “4.1-4-cü” sözləri ilə əvəz edilsin;

1.2. 4.1-4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“4.1-4. Bu Qanunun 18.65.1.1-ci maddəsinə uyğun olaraq avtonəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə ödənilən dövlət rüsumunun 30 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) texniki baxış stansiyalarının saxlanılmasını təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xəzinə hesabına, qalan hissəsi isə “Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna köçürülür.”;

1.3. aşağıdakı məzmunda 4.1-5-ci maddə əlavə edilsin:

“4.1-5. Bu Qanunun 4.1-ci və 4.1-1 - 4.1-4-cü maddələrində nəzərdə tutulan vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.”;

1.4. 18.65.1.1-ci və 18.65.2.1-ci maddələrdə “20” rəqəmləri “30” rəqəmləri ilə əvəz edilsin.

Maddə 2. Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 22 oktyabr 2019-cu il.

Published in Qanun

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan, bu günlərdə 100 illiyini qeyd etdiyimiz Bakı Dövlət Universiteti ölkəmizin aparıcı ali təhsil ocağıdır. Bu təhsil müəssisəsinin yaranması xalqımızın müasir, dünyəvi, mütərəqqi ənənələrini özündə əks etdirən, təhsil almasını istəyən M.F.Axundov, H.Zərdabi, C.Məmmədquluzadə, Ə.Hüseynzadə, Ə.Ağayev, M.Ə.Rəsulzadə, F.Xoyski, Ə.Topçubaşov, Ü.Hacıbəyli kimi mübariz maarifpərvər ziyalılarımızın apardığı davamlı, ardıcıl mübarizənin nəticəsi idi.


İlk təhsil ocağımızın keçdiyi kəşməkəşli yola nəzər salarkən görürük ki, Azərbaycanın bu gününü, onun dünya şöhrətli elmini, iqtisadiyyatını, mədəniyyətini, alimlər ordusunu, bütövlükdə Azərbaycan cəmiyyətini bu elm məbədinin fəaliyyətindən ayrılıqda təsəvvür etmək mümkün deyil.
Millətimiz yüzilliklər boyu arzusunda olduğu azadlığa 1918-ci il mayın 28-də qovuşduqdan sonra ölkədə ümumtəhsil hərəkatı keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, milli hökumət və Parlament səviyyəsində savadsızlığın ləğvi istiqamətində mühüm qanun və qərarlar qəbul edilmiş, sistemli tədbirlər görülmüşdür. Məhz bu dövrdə Azərbaycan dilinin dövlət dili elan edilməsi, məktəblərin milli köklər üzrə yenidən qurulması, Azərbaycan dilinin təhsil-tədris və təlim-tərbiyə dilinə çevrilməsi, anadilli məktəblər şəbəkəsinin yaradılması, ümumi icbari ibtidai təhsilə keçid, çoxsaylı pedaqoji kursların və müəllim seminariyalarının açılması, Azərbaycanda ilk müasir ali təhsil və elm ocağı olan Dövlət Universitetinin təsis edilməsi, dövlətin himayəsi altında ilk məktəbəqədər tərbiyə müəssisələrinin əsasının qoyulması, milli hərbi məktəblərin yaradılması, dövlət səviyyəsində azərbaycanlıların xaricdə təhsil almağa göndərilməsi, əlifba islahatı, ana dilində yeni dərslik və proqramların hazırlanması və digər istiqamətlərdə mühüm addımlar atılmışdır. Azərbaycanda ali təhsilin təşkili və inkişafı tarixi bilavasitə universitetin yaranması tarixi ilə başlanır. Bu əlamətdar hadisə sonrakı dövrlərdə də respublikamızda təhsilin və xalq maarifinin inkişafında, milli kadrların hazırlanmasında mühüm rol oynamışdır.
Qeyd etmək lazımdır ki, Bakı Dövlət Universiteti çox təlatümlü bir dövrdə yaradılmışdı. Yeni elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə imkanlarının məhdud olmasına, daxildən və xaricdən sıxan təhlükələrə və təzyiqlərə baxmayaraq, bu dövlətin qurucuları milli universitetin əhəmiyyətini başa düşərək bu təhsil ocağını yaratmaqda qərarlı idilər.
Arxiv sənədləri də göstərir ki, Müsavat partiyası ilə yanaşı, Azərbaycan parlamentində təmsil olunmuş fraksiyaların əksəriyyəti öz fəaliyyətində ölkədə təhsilin, maarifin inkişaf etdirilməsi məsələlərinə mühüm yer ayırmışdır. Respublikada xalq maarifi və təhsilin inkişafı, savadsızlığın və geriliyin aradan qaldırılması, eləcə də məktəb-təhsil işinin geniş surətdə yayılmasına nail olunması Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti və hökumətinin qarşısında duran vacib məsələlərdən biri idi. Vətənin, millətin ictimai-siyasi həyatında, tərəqqisində universitetin rolu heç nə ilə ölçülə bilməzdi.
1919-cu ilin mayın 31-də parlamentdə Bakı Dövlət Darülfünunun açılması haqqında qanun layihəsinin bəyannaməsi oxunur. Bəyannaməyə əsasən universitetin yaradılması üzrə professor Razumovskinin sədrliyi ilə komissiya təşkil edilir. Uzun sürən müzakirələrdən sonra 1919-cu il sentyabrın 1-i Darülfünun açılması haqqında qanun qəbul edilir. Sənəddə yeni açılan ali məktəbin dörd fakültədən: tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələrindən ibarət olduğu, strukturu, ştatı, smeta cədvəli, maddi-texniki bazası, maliyyələşməsi və s. göstərilmişdi. Bakı Dövlət Universitetinin idarə olunması və onun tədris elmi fəaliyyətinin tənzimlənməsi qaydalarını müəyyən edən nizamnamə 1919-cu ilin sentyabrın 29-da parlamentdə qəbul edilmişdir.
1919-cu il noyabrın 15-də universitetdə birinci dərs günü elan edilir. Nəhayət, milli ziyalılarımızın uzun illər ürəyində gəzdirdiyi arzular, apardığı mübarizə öz real təcəssümünü doğma universitetimizin yaradılmasında tapır. Müsəlman şərqində ilk dəfə olaraq universitetə kişilər ilə yanaşı, qadınlar da bərabər hüquqla qəbul olunurdular. Qəbulda Azərbaycan vətəndaşlarına üstünlük verilirdi. Universitetin təsisi haqqında qanunun Parlament tərəfindən təsdiq olunması münasibətilə V.İ.Razumovski Parlamentdəki çıxışında demişdi: “Azərbaycanda, hətta müsəlman dünyasında bu böyük hadisənin - Darülfünunun təsisi mərasimi təntənəsini qeyd etməyə, nəinki Parlamanı, buraya toplaşan kütlələrin şəxsində ictimai fikri də gördüyümə hədsiz xoşbəxtəm...”.
Universitetin təşkilat komissiyası V.İ.Razumovskini yekdilliklə universitetin rektoru, görkəmli tarixçi, publisist N.A.Dubrovskini tarix-filologiya fakültəsinin, prof. İ.İ.Şirokoqorovu isə tibb fakültəsinin dekanı seçdi. İ.İ.Şirokoqorov bu zaman Bakıda olmadığına görə prof. A.M.Levin tibb fakültəsində müvəqqəti olaraq dekan vəzifəsini icra etdi.
İlk tədris ilində universitetdə təhsil alan tələbələrin sayı 877 nəfər idi. Bundan başqa, universitetə 217 azad dinləyici qəbul edilmişdi. BDU özünün ilk bəhrəsini 1922-ci ildə verdi: 30 nəfər gənc ali təhsilli həkim adına layiq olmaları barədə universitet diplomu aldı.
Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ilin 28 aprel işğalından sonra Bakı Dövlət Universiteti yeni tarixi şəraitdə fəaliyyət göstərdi. Artıq universitetdə təlim-tərbiyə və elmi fəaliyyətin əsas istiqamətləri sinfi mübarizə və kommunist partiyası prinsipləri əsasında qurulurdu. Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin 1920-ci il 10 və 22 may tarixli dekretləri ilə Universitetdə yenidənqurma işləri aparıldı.
1920-ci ildə qəbul edilmiş “Bakı Dövlət Universiteti haqqında” yeni Əsasnamədə bütün əsas kursların və məşğələlərin müvəqqəti olaraq rus dilində aparılması nəzərdə tutulurdu. 1920-ci ilin dekabrında universitetdə fəhlə fakültəsi açıldı. Bununla belə, 1920-1922-ci illər ərzində universitetin həyatında nisbi müstəqillik dövrü olmuşdur. 1920-ci ildə fizika-riyaziyyat, 1922-ci ildə şərqşünaslıq fakültələri təşkil edildi.
Azərbaycan Xalq Maarifi Komissarlığının 1922-ci il 6 dekabr tarixli qərarı ilə universitetin əvvəlki adı dəyişdirilərək, Azərbaycan Dövlət Universiteti adlandırıldı. 1923-cü ildə tarix-filologiya fakültəsi ictimai elmlər fakültəsinə çevrildi, 1924-cü ildə isə ictimai elmlər və fizika-riyaziyyat fakültələri əsasında pedaqoji fakültə yaradıldı. 1924-cü il yanvarın 23-də universitetə V.İ.Leninin adı verildi. 1927-ci ildə hüquq şöbəsi açıldı və həmin şöbə bir ildən sonra müstəqil fakültəyə çevrildi. Onillik fəaliyyəti dövründə universitetin kafedra, laboratoriya və klinikalarında diqqətəlayiq elmi-tədqiqat işləri aparılmışdır. Birinci onilliyin sonunda iqtisadiyyat fakültəsi yaradıldı.
1930-cu il yanvarın 12-də universitetin onillik yubileyi təntənəli surətdə qeyd edildi və cəmi bir neçə aydan sonra isə bu ali təhsil müəssisəsi bağlanır və onun yenidən açılmasına yalnız 1934-cü ilin mayın 15-də universitetin oktyabr bayramı münasibəti ilə qərar verilir.
XX əsrin 30-cu illərinin repressiyaları Bakı Dövlət Universitetindən də yan keçmir. Belə ki, bu dövrdə universitetin 4 rektoru ən ağır cəzaya, güllələnməyə məhkum edilir. Təkcə 1937-ci ildə 100 nəfər universitet əməkdaşı güllələnir. Bu dövrdə 20-ci illərdə qəbul olunan əsasnamələrdən artıq söhbət belə getmir. Fakültə dekanları belə Mərkəzi Komitənin əmri ilə təyin edilməyə başlanır.
Bütün bu terror və təzyiqlərə, hətta II Dünya müharibəsi kimi bütün SSRİ üçün ağır olan bir zamana baxmayaraq, BDU-nun kollektivi elmi-pedaqoji fəaliyyətinin məhsuldarlığını saxlamaqla yanaşı həm də cəbhədə təşviqat və döyüş ruhunun yüksəldilməsində təbliğat briqadaları vasitəsi ilə iştirak etmişdir. Elə həmin ağır illərdə universitetin fəaliyyətinə ağır zərbə vurulsa da, onun kollektivi bu ağır sınaqdan şərəflə çıxdı. Bu dövrdə universitet alimləri beynəlxalq əhəmiyyətli bir sıra kəşflərə imza atdılar. Buna ən parlaq misal kimi Yusif Məmmədəliyevin donmayan sürtkü yağlarını kəşf etməsini göstərmək olar ki, müharibə illərində hərbi aviasiya sənayesində sovet təyyarələri üçün bu tapıntı həlledici rol oynadı.
Müharibədən sonrakı dövrdə Azərbaycan Dövlət Universitetinin strukturunun təkmilləşdirilməsi məqsədi ilə işlər aparılır, maddi-texniki bazası gücləndirilir. Bu məqsədlə fakültələrin və kafedraların sayı artırılır, yeni laboratoriyalar istifadəyə verilərək, yeni avadanlıqlarla təchiz edilir.
Ötən əsrin 50-ci illərinin ortalarında sovet cəmiyyətində baş verən nisbi yumşalma universitet həyatına da müsbət təsir etdi. Ümumiyyətlə, 50-60-cı illər universitetin həyatında yüksəliş dövrü kimi dəyərləndirilə bilər.
Bakı Dövlət Universiteti yarandığı vaxtdan mötəbər elm və təhsil ocağı kimi təhsil və elmin inkişafında Azərbaycan milli məfkurəsinin inkişaf edib qorunmasında müstəsna rol oynamış, respublikada sovet dövründə milli kadrların hazırlanmasını təmin etmiş və ölkənin əsas kadr bazasına çevrilmişdi.
Universitetin inkişafında yeni keyfiyyət mərhələsi, yeni yüksəliş dövrü heç şübhəsiz, xalqımızın ümummilli lideri, universitetin tarix fakültəsinin görkəmli məzunu Heydər Əlirza oğlu Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.
Bakı Dövlət Universitetinə xüsusi həssaslıqla yanaşan o zamanki, Azərbaycan SSRİ-nin KP MK-nın birinci katibi Heydər Əliyevin 1969-cu ildə respublikanın rəhbəri kimi məhz Bakı Dövlət Universitetinin 50 illik yubileyi mərasimində doğma Azərbaycan dilində çıxışı heç də təsadüfi deyildi. Qeyd etmək lazımdır ki, Bakı Dövlət Universitetinin yubileylərindən dördü Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir və onun adı ilə bağlıdır. Bu əlamətdar hadisə bütün respublikada böyük sevinc və razılıqla qarşılandı. Azərbaycan rəhbərinin cəsarətli hərəkəti yubileydə iştirak edən Moskvadan gəlmiş rəhbər işçiləri və xarici qonaqları təəccübləndirmişdi. Çünki hakim dilin rus dili, respublikanın Moskvanın nəzarəti altında olduğu o dövrdə belə bir addımı atmaq böyük cəsarət, eyni zamanda milli təəssübkeşlik tələb edirdi və onun milli dəyərlərə dərindən bağlı olduğunu göstərirdi. Elə həmin il universitet Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olundu.
Ümumiyyətlə, müasir dövrdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, onun xarici, iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsi, dünya iqtisadiyyatına daha dərindən inteqrasiya prosesi hələ 1970-1980-ci illərdə ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş potensiala əsaslanır. Bu milli təhsilin inkişafı prosesində də öz əksini tapmışdı. 1969-1982-ci illərdə 15 minə yaxın gəncin Sovet İttifaqının aparıcı ali təhsil məktəblərinə oxumağa göndərilməsi düşünülmüş, müdrik siyasətin tərkib hissəsi idi.
XX əsrin 70-ci illərində universitetin maddi-texniki bazası gücləndirildi və tədris prosesində müasir texniki vasitələrdən istifadə olunmasında əsaslı dəyişikliklər baş verdi. Heydər Əliyevin diqqət və qayğısı nəticəsində universitetin əldə etdiyi müvəffəqiyyətlər Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin 1987-ci il 13 mart tarixli qərarı ilə yüksək qiymətləndirilmişdir.
Qeyd etmək lazımdır ki, Heydər Əliyevin tarix fakültəsinə və elminə xüsusi münasibəti olmuşdur. 1994-cü ildə Bakı Dövlət Universitetinin 75 illik yubiley mərasimindəki çıxışında o, tarix fakültəsinin də adını vurğulayaraq onun ölkəmizdə elmin inkişafında müstəsna rolundan danışmışdır. Bu da onun öz universitetinə, öz fakültəsinə doğmalığının, sevgisinin göstəricilərindən biri idi.
31 yanvar 1997-ci il Azərbaycan Elmlər Akademiyasının rəhbərliyi, həqiqi və müxbir üzvləri, institut direktorları və aparıcı alimləri ilə görüşdə ulu öndər Heydər Əliyev “...xüsusən millətin, xalqın tarixi, ya ümumiyyətlə, tarix onun ədəbiyyatının, mədəniyyətinin tarixidir. Bu, indi bizim üçün xüsusilə lazımdır. Əlbəttə, müstəqil Azərbaycanda fizika, riyaziyyat, biologiya, kimya, yaxud başqa fənlərin hamısı inkişaf etməlidir. Ancaq bunların hərəsinin özünəməxsus çərçivəsi var. Amma tarix hər bir insan üçün yeniyetməlikdən başlayaraq ömrünün sonuna qədər lazımdır. O cümlədən, mədəniyyətimizin, ədəbiyyatımızın, elmimizin tarixi lazımdır” sözləri ilə tarix elminin müstəsna rolunu, əhəmiyyətini bir daha vurğulamışdır.
Bu gün Azərbaycanın aparıcı ali məktəbi olan universitet dövlətimizin milli təhsil konsepsiyasının, milli ideologiyamızın həyata keçirilməsində mühüm rol oynayır. Həmçinin Azərbaycan respublikasının Prezidenti İlham Əliyevin qayğısı və diqqəti sayəsində BDU-nun ölkədə olan nüfuzu, eləcə də beynəlxalq şöhrəti də günü-gündən artır. Görkəmli yazıçı, şair, mədəniyyət və dövlət, ictimai-siyasi, elm xadimlərinin böyük bir hissəsi Bakı Dövlət Universitetinin məzunlarıdır. Universitet bu günə qədər dövlət idarəçiliyinin, xalq təsərrüfatının, elmin, təhsilin, mədəniyyətin müxtəlif sahələrində müvəffəqiyyətlə çalışan 100 mindən artıq yüksəkixtisaslı milli kadr hazırlamışdır.
Bu gün də Bakı Dövlət Universiteti respublikamız üçün yüksək ixtisaslı kadrların hazırlanması prosesində müstəsna rola malik olan ali təhsil ocağıdır. Rəhbərlik etdiyim Qafqaz xalqları tarixi kafedrası da Bakı Dövlət Universitetinin şanlı nailiyyətlərin əldə olunmasına öz töhfəsini verir. Qeyd etmək lazımdır ki, XXI əsrdə Qafqaz regionunun geostrateji əhəmiyyətinin əvvəlki dövrlərlə müqayisədə dəfələrlə artması fonunda, Qafqaz xalqları ilə qarşılıqlı münasibətlərin öyrənilməsinə, xüsusən Ermənistan respublikasının qonşu dövlətlərə qarşı əsassız ərazi iddialarını, regionda sabitliyin yaranması və Ermənistanın destruktiv mövqeyi, böyük dövlətlərin Qafqazla bağlı siyasəti və s. bu kimi məsələlərin dərindən araşdırılmasına, xüsusi elmi-tədqiqatlar aparılmasına böyük ehtiyacın yaranmasını nəzərə alaraq 2011-ci ildə Qafqaz xalqları tarixi kafedrası yaradıldı. Bu da universitetin inkişafında yeni bir mərhələ kimi qiymətləndirilə bilər. Nəzərə alsaq ki, ölkəmizdə müasir dövrdə dövlət rəhbərliyi səviyyəsində qafqazşünaslıq elminin inkişafına böyük önəm verilir, bu baxımdan qafqazşünaslığın aktual problemlərini tədris edən, elmi təhlillər, araşdırmalar aparan kafedranın açılması böyük əhəmiyyət kəsb edirdi.
Respublikamızın Qafqaz regionunda yerləşməsi baxımından bölgədə yaşayan xalqların tarixinin, dilinin, mədəniyyətinin, adət-ənənələrinin daha dərindən və hərtərəfli öyrənilməsi vacib məsələlərdən biridir. Bununla yanaşı, beynəlxalq müstəvidə qonşu dövlətlərlə ictimai-siyasi münasibətlərin daha səmərəli qurulması üçün yüksəkixtisaslı qafqazşünas kadrların hazırlanmasına böyük zərurət yaranmışdır. Qafqaz xalqları tarixi kafedrasında bu sahə üzrə yüksəkixtisaslı və səriştəli professor-müəllim heyəti fəaliyyət göstərir. Qafqazşünaslığın aktual problemləri ilə bağlı mühüm elmi araşdırmalar aparılır, dərsliklər, elmi monoqrafiyalar, dərs vəsaiti, tədris proqramları, işıq üzü görür, gənc qafqazşünas və elmi kadrların hazırlanmasına kafedramız öz töhfəsini verir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra BDU-nun beynəlxalq nüfuzu artmış, dünya dövlətləri və xalqları ilə əlaqələri genişlənmişdir. Ölkəyə rəsmi səfərə gələn bir çox dövlət rəhbərləri, siyasət və mədəniyyət xadimlərinin 224-nün universitetin fəxri doktoru adına layiq görülməsi onun böyük nüfuza malik olduğunu sübut edir, dünya şöhrətini daha da artırır. BDU-nun fəxri doktoru adını şərəflə daşıyan Süleyman Dəmirəl, İslam Kərimov, Marat Baqlay, Corc Robertson, Zbiqnev Bjezinski, Kotaro Matsuura, Eduard Şevardnadze, Frederiko Mayor, Petro Luçinski kimi siyasi və dövlət xadimləri, Lütfizadə, İren Məlikova, Tadeuş Svyatoxovski, Cavad Heyət, İhsan Doğramacı, Əhməd Şimide, Xəlil Çin kimi görkəmli alimlər onun şöhrətinin bütün dünyaya yayılmasında yaxından iştirak ediblər.
Lakin hesab edirəm ki, universitetin ən böyük və dünya şöhrətli məzunu - xalqımızın böyük və qəhrəman oğlu, qüdrətli, tarixi şəxsiyyət, öz taleyini xalqın taleyi ilə bağlayan, görkəmli dövlət və siyasi xadim Heydər Əliyev olmuşdur.
Bakı Dövlət Universiteti ölkəmizin ali təhsil müəssisələri arasında əvvəllər olduğu kimi, bu gün də ali təhsilin flaqmanı rolunu oynayır. Doğma ocağımız öz tarixinə, elmi-pedaqoji ənənələrinə, təcrübəsinə, keçdiyi böyük keşməkeşli yola, Prezident İlham Əliyevin apardığı düşünülmüş siyasətə əsaslanaraq elm və təhsil yolunda xalqımıza, dövlətimizə dəyərli töhfələrini verir, gələcəyə doğru inamla addımlayır və inkişaf edir.

İradə HÜSEYNOVA,
Bakı Dövlət Universitetinin
Qafqaz xalqları tarixi kafedrasının müdiri,
tarix elmləri doktoru, professor.

Published in Elm və təhsil

Qloballaşan dünyamızda multikulturalizmi inkişaf etdirmədən sülhə, tərəqqiyə nail olmaq mümkünsüzdür. Multikulturalizm ingilis dilindən tərcümədə “çox mədəniyyət” deməkdir.
Müasir dünyamızda multikulturalizm eyni bir ölkədə yaşayan müxtəlif millətlərin mədəniyyət hüququnu tanıyan humanist dünyagörüşü olan siyasət və bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyətdir. Multikulturalizm ölkəmizdə həm də bir humanist dünyagörüşü kimi tolerantlıqla sıx bağlıdır. Tolerant cəmiyyətdə multikulturalizm müxtəlif mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur. Azərbaycanda multikulturalizmin müasir vəziyyəti dünyanın bir çox inkişaf etmiş ölkələrindən üstündür. Bu, Azərbaycan xalqının milli mentalitetindən irəli gələn adət-ənənələri, qonaqpərvərliyi, dini dözümlülüyü, tolerantlığı azlıqda olan millət, xalqların mədəniyyətlərinin spesifikliyinin qorunması və ifadəsi kimi dəyərlərlə xarakterizə olunur.
Müasir Azərbaycanda multikulturalizmin bir siyasət kimi əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər ölkəmizdə yaşayan milli azlıqların dilinə, mədəniyyətinə, adət-ənənələrinə həmişə diqqətlə yanaşmış və qayğı göstərmişdir. Onun sədrliyi ilə komissiya tərəfindən bu istiqamətdə layihə hazırlanmış və 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin II hissəsinə uyğun olaraq dövlət əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin etmişdir. Konstitusiyanın 25-ci maddəsində bərabərlik hüququ, 45-ci maddəsində isə hər kəsin ana dilindən istifadə hüququ təsbit olunmuşdur. Bu gün Azərbaycanda yaşayan milli azlıqların nümayəndələri öz ana dillərində sərbəst danışır, bir çox ali və orta məktəblərdə təhsil alır, onların adət-ənənələrinə hörmətlə yanaşılır. Azərbaycanda milli azlıqların kütləvi informasiya vasitələri fəaliyyət göstərir, öz ana dillərində qəzet və kitab vəsaitləri nəşr edilir, televiziya və radio verilişləri hazırlanır. Ümummilli lider Heydər Əliyev respublikamızda multikulturalizm siyasətini uğurla həyata keçirmiş və ölkəmizi dünya miqyasında multikulturalizm ölkəsi kimi tanıtmışdır.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin söylədiyi “Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” ifadəsi hər bir ləyaqətli ölkə vətəndaşının həyat düsturuna çevrilib. Əsası ulu öndər tərəfindən qoyulmuş Azərbaycan xalqının multikultural adət-ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirilir. Ölkəmizdə mədəniyyətlərarası dialoqun formalaşmasını şərtləndirən əsas amillərdən biri də Azərbaycanın coğrafi baxımdan qərarlaşdığı məkanın, Şərqlə Qərbin qovşağında yerləşməsidir. Azərbaycan iki fərqli sivilizasiya arasında körpü rolunu oynamaqla dünyada öz nüfuzunu gücləndirməkdədir. Azərbaycanda tolerantlıq mühiti ən yüksək səviyyədə olduğu üçün burada multikulturalizm, millətlər və dillər arasında olan münasibətlərə, dialoqa həsr edilmiş beynəlxalq səviyyəli bir çox tədbirlər, o cümlədən, dünyanın müxtəlif ölkələrinin ənənəvi dünya dinlərini təmsil edən 200-dən çox nümayəndənin iştirak etdiyi “Qloballaşma, din, ənənəvi dəyərlər” mövzusunda tədbir 2010-cu ilin aprel ayında məhz Bakı şəhərində keçirilmişdir.
2011-ci ildən başlayaraq Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bu forumlar UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə reallaşdırılır. 26 noyabr 2015-ci ildə Bakıda keçirilən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş Konfransının Xll sessiyasında çıxış edən Azərbaycan Respublikası Prezidenti İlham Əliyev demişdir: “Biz tam əminik ki, multikulturalizmin gözəl gələcəyi var. Sadəcə bəzi siyasətçilər, ictimai xadimlər öz çıxışlarında daha da diqqətli olmalıdırlar. Çünki multikulturalizmin alternativi yoxdur. Alternativ ayrı-seçkilikdir, diskriminasiyadır, islamofobiyadır, ksenofobiyadır. Bu gələcəyə aparan yol sayıla bilməz. Ona görə, biz öz siyasətimizlə və təşəbbüslərimizlə dinlərarası münasibətlərin gücləndirilməsi üçün çalışırıq və çalışacağıq”.
Ölkəmizdə multikulturalizm Azərbaycançılıq məfkurəsinə sıx bağlıdır. Ulu öndər tərəfindən əsası qoyulmuş Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın, mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək məqsədilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi təsis edilmiş, dövlət başçısının 15 may 2014-cü il tarixli Sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmış,11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə 2016-cı il “Multikulturalizm ili” elan edilmişdir.
Respublikamızda dini dözümlülüyün, dini müxtəlifliyin, milli və dini tolerantlığın, multikulturalizmin, milli-mənəvi dəyərlərin təbliğ edilməsində Heydər Əliyev Fondunun rəhbəri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əvəzedilməz xidmətləri vardır. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan Parisin ürəyində” adlı layihə çərçivəsində 2015-ci il sentyabrın 8-də Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda konfrans keçirilmiş və “Parisin ürəyində Azərbaycan musiqisi” adlı konsert təşkil olunmuşdur.
2014-cü il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu sessiyasında Sivilizasiyalar Alyansının Vll Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi barədə qərarına əsasən 2016-cı il, aprelin 25-27-də Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirilmişdir. Forumda dünyanın 140-dan çox ölkəsindən nümayəndə heyətləri, çoxsaylı beynəlxalq təşkilatların, dini konfessiyaların, QHT-lərin nümayəndələri iştirak etmişdilər. Eləcə də 2019-cu ilin may ayının 1-3-də Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmiş, həmin forumda dünyanın 135-dən çox ölkəsindən nümayəndə heyətləri, çoxsaylı beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər.
Çox mühüm və nüfuzlu beynəlxalq tədbirlərin BMT-nin Sivilizasiyalar Alyansının Vll Qlobal Forumunun Azərbaycanda keçirilməsi ölkədə multikultural və tolerant mühitin olmasının göstəricisidir. Multikulturalizmin bu formada geniş təsbit və tətbiq olunması Azərbaycanın dünyaya birgə yaşayış və sülh töhfələrindən biridir. Bu gün artıq ölkəmiz dünyaya multikulturalizmin Azərbaycan modelini təqdim edir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi “Multikulturalizmin alternativi yoxdur”.

Aytac İBRAHİMOVA,
Azərbaycan Respublikası Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi.

Published in Digər xəbərlər
1 -dən səhifə 2