XƏBƏR LENTİ

Bazar, 01 Dekabr 2019 10:42

KATARAKTA XƏSTƏLİYİ VƏ ONUN CƏRRAHİ MÜALİCƏSİ

Gözün ümumi quruluşu ilə tanış olarkən görürük ki, göz bülluru şəffaf linzadır. Lakin bəzən o öz şəffaflığını itirir və bulanır. Bu xəstəliyə el arasında mirvari suyu və ya katarakta deyirlər. Bu zaman büllur öz şəffaflığını qismən və ya tamamilə itirir. Katarakta işıq şüasının gözə daxil olmasına maneçilik törədir, beləliklə də insanın görmə qabiliyyəti zəifləyir. Bəzən belə hesab edirlər ki, katarakta gözdə əmələ gələn pərdədir. Düzgün fikir deyil. Katarakta göz büllurunun özündə əmələ gələn bulanmadır. Əksər hallarda katarakta hər iki gözdə baş verə bilir. Lakin bir gözdən o birinə keçən xəstəlik deyil. Onun yaranması gözün gərgin işlə yüklənməsi ilə bağlı deyil və xəstəlik əmələ gəldikdə görmə qabiliyyətini tam bərpa etmək mümkündür. Görmənin bulanmasını hiss etdikdə dərhal həkimə müraciət edib məsləhət almaq lazımdır. Xəstəliyin yaranma səbəbi müxtəlifdir. Bu xəstəlik gözün zədələnməsi ilə də bağlı ola bilər. Lakin əsas səbəb orqanizmin, o cümlədən gözlərin qocalmasıdır. Əlbəttə qocalıq dedikdə, biz heç də yaşı nəzərdə tutmuruq. Adamların böyük əksəriyyəti sağlamlığına fikir vermədiyi üçün, vaxtından əvvəl qocalır və görmə qabiliyyətini də vaxtından əvvəl itirir.
İllər ötdükcə insanın öz orqanizminə vurduğu zərbələr çoxalır, bu da orqanların, hüceyrələrin fəaliyyətinin pozulmasına və müxtəlif xəstəliklərin inkişafına səbəb olur. Xəstəliyin əmələ gəlməsində irsiyyətin, diabet və orqanizmdə gedən digər xəstəliklərin rolu vardır.
Göz bülluru da hüceyrələrdən yarandığı üçün bu zərbələrdən kənarda qala bilmir. Yaşla bağlı yaranan kataraktaya yaş kataraktası (qocalıq kataraktası) da deyilir. Belə xəstəlik hətta 45 yaşında da törəyə bilər. Yarandığı səbəblərdən asılı olaraq katarakta yaş, travmatik, diabetik, anadangəlmə və s. olaraq bir çox etoloji formalara bölünür.
Uşaqlarda da anadangəlmə kataraktaya rast gəlinə bilər. Bu faktın özü kataraktanın səbəbinin müxtəlif olduğunu sübut edir. Onun orta yaşdan sonra tez-tez baş verməsinə gəlincə, qeyd etmək lazımdır ki, xəstəliklərin böyük əksəriyyəti məhz ömrün bu çağında inkişaf edir.
Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, dünyada yaşlı insanlar arasında (50 yaşdan yuxarı) katarakta korluğun və zəif görmənin 50 faizə qədərini təşkil edir və əhalinin 20 milyonu bu xəstəlikdən əziyyət çəkir. Bu xəstəlik Azərbaycanda da yaşlı əhali arasında çox geniş yayılmışdır və korluğun səbəbləri içərisində birinci yeri tutur.
Diqqətinizə çatdırmaq istəyirik ki, hələ eramızdan əvvəl, tibb elminin banisi Hippokrat deyirdi ki, insan 40 yaşında özünün həkimi olmalıdır. Ona görə ki, insan anadan olandan sağlamlığını qorumalı, pis adət-ənənədən uzaq olmalıdır. İlk vaxtlar orqanizm nə qədər ki, hələ gəncdir, bu zərərli adətlərə bir qədər dözür. 40 yaşdan sonra mənfi hallara daha tab gətirə bilmir və müxtəlif orqanlar bir-bir sıradan çıxır. Proses eynidir - bu və ya digər sahədə hüceyrələrin kütləvi şəkildə qırılması, toxumaların sıradan çıxması, kapilyarların, damarların və əzələlərin öz funksiyasını yerinə yetirə bilməməsi. Sadəcə, tibb elmi - bu proses bir sahədə baş verəndə onu bir cür adlandırır, digər sahədə baş verəndə başqa cür. Mahiyyət eynidir - orqanizmin tamlığı pozulub - yalnız adlar fərqlidir.
Katarakta da, əslində, orqanizmin tamlığının pozulmasından ibarətdir, bu tamlığı bərpa etmək mümkündür. Yuxarıda dedik ki, katarakta gözün zədələnməsi sayəsində də baş verə bilər. Bu isə yaşdan asılı deyil. Güclü zərbə, kəsilmə, deşilmə, termal və ya kimyəvi təsirə məruz qalmaq da katarakta əmələ gətirə bilər. Buna “zədə kataraktası” deyilir.
Katarakta necə yaranır, əlamətləri necədir? Qeyd etmək lazımdır ki, kataraktanın kliniki simptomlarının inkişafı büllur bulanıqlarının harada yerləşməsilə əlaqədardır. Əgər katarakta büllurun kənar hissəsində (periferiyada) yaranıbsa, siz bir dəyişiklik hiss etməyəcəksiniz. “Bulanma” büllurun mərkəzinə yaxındırsa, görmə qabiliyyətində problemlər yaranmış olacaq. Siz hiss edə bilərsiniz ki, ətrafınızdakı əşyaları dəqiq seçmirsiniz, torlu görürsünüz, onların konturları silinmişdir, xüsusilə də gur işıqda. Hətta, bir şəkil gözünüzdə qoşa görünə bilər. Çox vaxt işıqdan qorxma hissi yaranır. Bir gözlə yaxşı görürsünüz, o biri gözlə zəif. Normal halda qara görünən bəbək, bu halda ağımtıl, sarımtıl rəng ala bilər. Bütün bunlar güclənə bilər və sizi eynəyi tez-tez dəyişməyə, daha güclüsü ilə əvəz etməyə vadar edər. Bu əlamətlər aşkar olunduqda, yubanmadan - göz həkiminə müraciət edin. Yalnız oftalmoloq dəqiq diaqnoz qoya və məsləhət verə bilər.
Müayinə tamamilə ağrısız keçir. Göz həkimi biomikroskopun və oftalmoskopun (xüsusi alətlərin və qurğuların) köməyi ilə gözün bülluruna baxır və orada baş vermiş dəyişikliyin tipini, formasını və yerini müəyyən edir, bundan sonra diaqnoz qoyur. Kataraktanın əsas müalicə metodu cərrahi metoddur. Uzun illər əvvəl təhlükəsiz və effektli cərrahi metodun işlənib hazırlanması müasir oftalmologiyanın ən aktual məsələsi sırasında idi. Hazırda bu metod fakoemulsifikasiya metodudur. Aşağıda biz fakoemulsifikasiya haqqında daha geniş məlumat verəcəyik.
Kataraktanın ən doğru müalicə yolu - bulanıq büllurun cərrahiyyə əməliyyatı vasitəsilə gözdən kənar edilməsidir. Dərmanlar və xüsusi eynəklər müvəqqəti xarakter daşıyır və əhəmiyyətsiz hesab olunur.
Dünyada katarakta xəstəliyinin çox geniş yayılması onun effektli müalicə metodlarının işlənib hazırlanmasına səbəb oldu. Bunların içərisində ən geniş yayılan müasir cərrahi metod fakoemulsifikasiya metodudur. Bu metodun digər metodlardan fərqi ondadır ki, əməliyyat kəsiksiz və qansız aparılır, görmə qabiliyyəti 100%-ə qədər qısa müddətdə (çox vaxt 24 saat müddətində) bərpa olunur. Əməliyyatdan sonrakı fəsadlar çox az olur və müalicə edilir. Qısa müddətdə tibbi-bioloji sağalma gedir. Xəstələrin əmək qabiliyyətləri bərpa olunur, öz əvvəlki sənətlərini əksər hallarda davam etdirirlər.
Qeyd edək ki, cərrahiyyə əməliyyatının metodikası bu gün çox mükəmməl şəkildə hazırlanıb. Həkimlərin əlində ən müasir texnika və alətlər vardır. Əməliyyatın uğur faizi çox yüksəkdir. Narahatlıq və həyəcan üçün heç bir əsas yoxdur. Ən başlıcası isə, cərrahiyyə əməliyyatından aktiv həyata qayıdıb, öz sevimli işinizlə məşğul ola biləcəksiniz. Cərrahiyyə əməliyyatı klinikada və ya cərrahiyyə mərkəzində aparılır. Əməliyyata bir gün qalmış xəstədən analiz götürülür. Lazım gəldikdə, psixoloji vəziyyətdən asılı olaraq, əsəb gərginliyini aradan qaldırmaq məqsədi ilə, xəstəyə sakitləşdirici dərman verilir. Əməliyyatda çox adamın iştirak etməsi vacib deyil - cərrah, tibb bacısı və anestezioloqun olması kifayətdir.
Əməliyyat aşağıdakı qaydada aparılır: Yerli anesteziya (keyitmə) başa çatdıqdan və gözün hərəkətsizliyi təmin edildikdən sonra, buynuz qişada 1-2 mm-lik yarıq açılır. Bunun üçün almaz, sapfir, rubin və s. kimi çox qiymətli daşlardan olan ülgücdən-mikrocərrahiyyə bıçaqlarından istifadə olunur.
Müasir təbabətdə kataraktanın çıxarılması əsasən ultrasəs və lazer fakoemulsifikasiyası vasitəsi ilə kəsiksiz və qansız aparılır. 1-2 mm kəsikdən yumşaq linza implantasiya olunur. Süni büllur təbii büllura maksimum uyğunlaşdırıldığından gözdə iltihab törətmir.
İntraokulyar linzanın iki növü mövcuddur: arxa kamera və ön kamera linzası. Arxa kamera büllur quzehli qişanın arxasında, ön kamera isə büllur quzehli qişanın önündə yerləşdirilir. Xəstənin gözündə hansı növ linza qoyulacağını həkim həll edir.
Süni büllurun şua sındırma gücü hər xəstə üçün fərdi qaydada müəyyən edilir: intraokulyar linza seçərkən gözün anotomik və optik xüsusiyyətləri nəzərə alınır. Həm də cərrah linza qoyarkən xəstənin peşəsinin və sosial şəraitin tələbləri nəzərə alınır. Əgər siz tez-tez maşın sürməli olursunuzsa , ovla əylənirsinizsə , idmanla məşğul olursunuzsa, sizə elə linza lazımdır ki, uzağa baxarkən eynək gəzdirməyə ehtiyac duyulmasın. Əksinə, əgər çoxlu mütaliə etməli olursunuzsa, çox yazırsınızsa, o zaman süni büllur sizi belə işləri görərkən eynək taxmaq əzabından xilas edəcəkdir.
Az vaxt aparan cərrahiyyə əməliyyatından sonra (10-12 dəqiqə) pasient elə həmin gün doğma evinə qayıdır. Əməliyyatdan sonra bir neçə gün ərzində ola bilsin ki, əşyaları bir qədər bulanıq görəsiniz. Bu hal ona görə baş verir ki, sizin bəbəyiniz genişlənib, bəbək daraldıqdan sonra görmə qabiliyyəti xeyli yaxşılaşacaq. Əməliyyatdan 3-5 gün keçdikdən sonra görmə qabiliyyətiniz tam bərpa olunacaqdır.
Nadir hallarda çıxarılmış büllurun arxa kapsulası əməliyyatdan bir neçə ay sonra bulanır, görmə qabiliyyəti bir qədər zəifləyir. Buna təkrar olunan “ikincili katarakta” deyirlər. Belə hallarda həyəcan keçirmək lazım deyil. Lakin laqeyd qalmaq da olmaz: dərhal müalicə həkiminə müraciət edin. Lazer şüasının köməyi ilə aparılan lazer prosedurası bir neçə dəqiqədən sonra gözünüzün görmə qabiliyyətini tam bərpa edəcəkdir. Buna lazer dissiziya deyilir.
Cərrahiyyə əməliyyatı aparılmış gözə xüsusi qulluq lazımdır. Bu qulluq ondan ibarətdir ki, əməliyyatın növündən asılı olaraq, müəyyən müddət həkimin təyin etdiyi dərmanları əməliyyat aparılmış gözə damızdırmalısınız. Həkim məsləhət verdiyi həyat tərzinə riayət olunmalı, həkimlə bir müddət əlaqə saxlanmalıdır.

Kərəm KƏRİMOV,
tibb elmləri doktoru, professor,
Əməkdar elm xadimi.
Nigar KƏRİMOVA,
Bakı Elmi-Tədqiqat Göz Xəstəlikləri
Klinikasının direktoru.

Read 52 times

Təqvim

« December 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

ZIYARƏTÇİLƏR

Ziyarətçilər498008

Currently are 112 guests and no members online