XƏBƏR LENTİ

Cümə axşamı, 28 Noyabr 2019 10:24

Uşaq Hüquqları Aylığına yekun vurulmuşdur

Ölkəmizdə uşaq hüquqlarının təmin edilməsi, yüksək qayğı və təminatlı sosial mühitdə yaşaması, layiqli şəxsiyyət və vətənpərvər vətəndaş kimi formalaşması dövlət uşaq siyasətinin özülünü təşkil edir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra uşaq hüquqlarının müdafiəsi sahəsində bir sıra beynəlxalq müqavilələrə qoşulmuş, bu sahədə milli qanunvericiliyin və institusional mexanizmlərin təkmilləşdirilməsi istiqamətində zəruri addımlar atılmış, uşaqların sosial-hüquqi müdafiəsinə, layiqli həyat səviyyəsinin təmin edilməsinə, fiziki, psixoloji və mənəvi cəhətdən sağlam böyüməsinə yönəlmiş bir çox mühüm tədbirlər həyata keçirilmişdir.
Belə ki, ölkəmiz tərəfindən BMT-nin Uşaq Hüquqları Konvensiyası ratifikasiya edilmiş, dövlətimizin Konstitusiyasına və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edən “Uşaq hüquqları haqqında” xüsusi bir qanun qəbul edilmiş, eyni zamanda bir sıra Dövlət proqramları təsdiq edilərək uğurla icra edilmişdir.
Məlum olduğu kimi, bu il BMT-nin Uşaq Hüquqları Bəyannaməsinin 60 illiyi, habelə 1989-cu il 20 noyabr tarixdə qəbul edilmiş və Azərbaycan Respublikasının BMT-yə üzv qəbul olunduqdan sonra qoşulduğu ilk sənədlərdən olan Uşaq Hüquqları Konvensiyasının 30 illiyi qeyd olunur.
BMT tərəfindən qəbul edilmiş mühüm bir beynəlxalq sənəd olan bu Konvensiya dünyanın hər bir yerində yaşayan uşaqlara həmin Konvensiya ilə müəyyən edilmiş hüquqları təmin etməklə bərabər, uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir.
Bu sənədin icrasının təmin edilməsi istiqamətində uşaq hüquqlarının qorunması və təşviqi sahəsində ölkəmizdə bir sıra mühüm tədbirlər həyata keçirilmiş, iqtisadi, sosial, mədəni, hüquqi və digər sahələrdə mühüm islahatlar aparılmışdır.
Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət uşaq siyasəti uşaqların keyfiyyətli təhsil və yüksək dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilmələrinə, hərtərəfli qayğı ilə əhatə olunmalarına, layiqli vətəndaş kimi formalaşmasına geniş imkanlar yaradır.
Ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda, “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda, “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018-2020-ci illər üçün Milli Fəaliyyət Planı”nda, “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nda, “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nda, habelə digər bu kimi sənədlərdə uşaqlarla bağlı problemlərin həllinə yönəlmiş müddəalar nəzərdə tutulmuş və hazırda onların icrası uğurla davam etdirilməkdədir.
Ölkəmizin də qoşulmuş olduğu BMT-nin 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədləri uşaqlar da daxil olmaqla, hər kəsi əhatə edən və universal xarakter daşıyan məqsədlər olaraq, “heç kəsi kənarda qoymamaq” prinsipini rəhbər tutur.
Müasir dövrümüzdə ölkəmizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın uşaq məsələlərinə diqqəti nəticəsində bu sahəyə göstərilən dövlət qayğısı daha da artmış, uşaq üçün müasir standartlara uyğun təhsil, səhiyyə, mədəniyyət və sosial obyektlərin tikilməsi, onların sosial hüquqlarının təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsi, xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial-psixoloji reabilitasiyası geniş vüsət almışdır.
Hər il olduğu kimi, bu il də Müvəkkilin təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr - 20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq Hüquqları Aylığı” elan edilmişdir. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır.
Bu məqsədlə, Aylıq çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, QHT və KİV-lərə, icmalara ünvanlanan müraciətlər əsasında müxtəlif tədbirlər, “dəyirmi masa”lar, treninq-seminarlar keçirilir, orta ümumtəhsil məktəblərində, uşaq müəssisələrində maarifləndirmə tədbirləri, müsabiqələr, sərgilər təşkil olunur ki, bu da uşaqların hüquqlarının səmərəli təmininə və təbliğinə, həmçinin onların fəallığına və iştirakçılığına xidmət edir.
Ombudsman Aparatının və Gəncə, Şəki, Quba, Cəlilabadda fəaliyyət göstərən regional mərkəzlərinin əməkdaşları tərəfindən Aylıq çərçivəsində Bakı şəhərində və ölkəmizin 35 şəhər və rayonunda uşaq hüquqlarının maarifləndirilməsi istiqamətində silsilə tədbirlər təşkil edilmiş, uşaq tərbiyə müəssisəsinə, istintaq təcridxanalarına, müvəqqəti saxlanma yerlərinə başçəkmələr olmuş, qaçqın və məcburi köçkün ailələrdən olan uşaqlarla görüş keçirilmiş, təhsil müəssisələrində uşaqların iştirakı ilə müzakirələr aparılmışdır.
Müvəkkilin Milli Preventiv Qrupunun (MPQ) üzvləri Uşaq Hüquqları Aylığı çərçivəsində Təhsil Nazirliyinin Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyasında, həmçinin Şəki şəhər qarışıq tipli Uşaq evində monitorinq həyata keçirmiş, saxlanma şəraiti və rəftar məsələlərinə dair milli qanunvericilik və beynəlxalq standartlar, o cümlədən BMT-nin Uşaq hüquqları Konvensiyası əsasında müəssisə rəhbərliyi və əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər aparılmış, uşaq hüquqlarının həyata keçirilməsi, təbliği və təmininə diqqətin artırılması və bu sahədə fəaliyyətlərinin və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilmişdir.
Müvəkkil uşaq hüquqları sahəsində beynəlxalq miqyasda da uğurla fəaliyyət göstərir.
Azərbaycan Ombudsman təsisatı İnnoçenti Tədqiqat Mərkəzinin tövsiyəsi ilə hələ 2008-ci ildə Avropa Uşaq Ombudsmanları Şəbəkəsinə üzv seçilmişdir. Müvəkkil həmin qurumla əməkdaşlıq çərçivəsində uşaq hüquqlarına dair müxtəlif işçi qruplarının üzvü kimi, öz innovativ təşəbbüsləri və zəngin təcrübəsi ilə bu təşkilata öz töhfələrini verir. Belə ki, 2019-cu ildə də Şimali İrlandiyanın Belfast şəhərində ENOC-un 23-cü illik konfransında və Baş Assambleyasında Aparatın əməkdaşları iştirak ediblər.
Mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən görülən işlər, təşkil olunmuş maarifləndirmə tədbirləri ilə bağlı Müvəkkilin ünvanına daxil olmuş arayışların təhlili göstərir ki, ölkəmizin hər bir şəhər və rayonunda Uşaq Hüquqları Aylığına xüsusi önəm verilmiş, uşaq hüquqlarının təminə və bu sahədə hüquqi maarifləndirmə işlərinə diqqət daha da artmışdır.
Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına ilk dəfə qulluğa qəbul edilən namizədlərin peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında keçirilən icbari təlimlərin, Elm-Tədris Mərkəzində prokurorluğun stajçıları (təcrübə keçənlər) üçün təşkil olunan hazırlıq, habelə prokurorluq işçiləri üçün keçirilən ixtisasartırma kurslarının tədris-tematik planlarına uşaq hüquqlarına dair mövzular daxil edilərək, əməkdaşların diqqəti bu məsələnin əhəmiyyətinə yönəldilir.
Daxili İşlər Nazirliyi tərəfindən orta ümumtəhsil məktəblərində “Uşaq hüquqları və cəmiyyət”, “Uşaq hüquqlarının müdafiəsində polisin rolu”, “Uşaqlar cəmiyyətin gələcəyidir”, “Narkomaniya, yoxsa həyat”, “Erkən nikah”, “Valideyn və uşaq münasibətlərində qanunvericilik”, “Tütün məmulatlarının zərərli təsiri” və s. mövzularda çıxış və məruzələr edilmiş, uşaqları maraqlandıran sual-cavab viktorinaları, intellektual oyunlar təşkil olunmuşdur.
Ədliyyə Nazirliyi tərəfindən aidiyyəti dövlət qurumları və QHT-lərlə birgə uşaqların fəal iştirakı ilə orta ümumtəhsil məktəblərində, uşaq müəssisələrində görüşlər təşkil olunmuş, uşaq evlərinə baş çəkilərək azyaşlılara qayğı göstərilmiş, həmçinin uşaq hüquqları mövzusunda Ədliyyə Akademiyasında təlimlər, Penitensiar Xidmətin tərbiyə müəssisəsində olan yeniyetmə məhkumların cəmiyyətə inteqrasiyası, onlara hüquq və vəzifələri ilə bağlı biliklərin öyrədilməsi, eləcə də uşaqlara qarşı zorakılığın hər hansı növündən müdafiəsi və qarşısının alınması istiqamətində ictimai maarifləndirmə tədbiri keçirilmişdir.
Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələrində keçirilmiş tədbirlərdə şagirdlərə uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumatlar verilmiş, həmçinin rəsm müsabiqələri, müxtəlif bilik və idman yarışları keçirilmişdir.
Aylıq çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən yuxarı sinif şagirdləri arasında “Ailə planlaşdırılması və reproduktiv sağlamlıq”, “Erkən nikahların fəsadları” mövzularında həkim-ginekoloqlar tərəfindən seminarlar təşkil edilmişdir. Bundan əlavə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dəstəklənən “Sağlamlığı təşviq edən məktəblər” (School Health Education) şəbəkəsinin sağlam həyat tərzinin təbliği istiqamətində təcrübə və tövsiyələrindən Azərbaycanın məktəblərində istifadə edilməsi üçün Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisləri tərəfindən bir neçə orta məktəbdə maarifləndirici tədbirlər təşkil olunmuşdur.
İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “Tərəqqi” texniki-humanitar liseyində şagird və müəllim heyətinin iştirakı ilə “İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda seminar təşkil olunmuşdur. Eyni zamanda, “Təmiz Şəhər” ASC tərəfindən Xəzər rayonu Yeni Qala qəsəbəsində yerləşən 323 saylı tam orta məktəbdə 6-cı sinif şagirdləri arasında “Tullantıdan sənətə” mövzusunda ustad dərsi keçirilmişdir.
Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən respublikanın bütün regionlarında müxtəlif təhsil və təlim-tərbiyə müəssisələrində “Fövqəladə hallarla bağlı davranış qaydaları” adlı maarifləndirmə tədbirləri təşkil olunmuş və həmin tədbirlərdə fövqəladə hallar zamanı uşaqların təhlükəsizliyinin təmin olunması üçün zəruri məlumatlar verilmişdir. Həmçinin, nəzarətsiz qalan azyaşlıların həyatına təhlükə törədə biləcək amillərin mövcudluğu nəzərə alınaraq, valideynləri körpə və azyaşlılara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağıran maarifləndirici videoçarxlar hazırlanaraq Nazirliyin rəsmi internet saytı, sosial şəbəkə səhifələri və KİV vasitəsilə insanların diqqətinə çatdırılmışdır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İnnovasiyalar Agentliyinin təşkilatçılığı, AREA - Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası, “Sumaks Academy”, “Engineering for kids” və “Mars Academy”nin tərəfdaşlığı ilə Heydər Əliyev Mərkəzində “Roboday” festivalı təşkil edilmişdir. Həmçinin, “İnnoweek - İnnovasiya həftəsi” çərçivəsində “İ2B - İdeyadan Biznesə” layihəsinin respublika finalı və “WRO - Dünya Robot Olimpiadası”nın “Regular” kateqoriyası üzrə yarışma təşkil edilmişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaq hüquqları, sağlam həyat tərzi, internet təhlükəsizliyi, erkən evlilik, asudə vaxtın səmərəli təşkili kimi mövzular üzrə tədbirlər reallaşdırılmışdır.
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən respublikanın müxtəlif bölgələrində məcburi köçkünlərin yaşadığı qəsəbələrdə və digər məskunlaşma obyektlərində yerli icra hakimiyyəti orqanlarının, təhsil müəssisələrinin, məcburi köçkün icmalarının, valideynlərin və uşaqların iştirakı ilə tədbirlər keçirilmiş, tədbir iştirakçılarına uşaqların hüquqları, problemləri və bu sahəyə dövlət qayğısı barədə müvafiq məlumatlar verilmişdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “Erkən nikah: əsas problemlər və çıxış yolları”, “Uşaqların mənəvi inkişafı: nəyi necə etməli?”, “Uşaqlar gələcəyimizdir”, “Yaşamaq hüququ: uşaqlara qarşı cinsi ayrı-seçkiliyin hüquqi və mənəvi aspektləri”, “Uşaq hüquqları və onun pozulması halları”, “Uşaq hüquqları nədən ibarətdir?” və digər mövzularda tədbirlər təşkil olunmuşdur.
Dövlət Statistika Komitəsində keçirilmiş tədbirdə “Uşaqlar və təhsil”, “Uşaq hüquqlarının müdafiəsi”, “Xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial müdafiəsi” mövzularında məruzələr oxunmuş, uşaqların sağlamlığı, sosial müdafiəsi və təhsili barədə statistik məlumatlar verilmişdir.
Dövlət Miqrasiya Xidməti tərəfindən “Psixososial Reabilitasiya və İnkişaf” İctimai Birliyi ilə birgə ölkədə uşaq hüquqlarının təbliğinə, hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişafına, uşaq hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə töhfə vermək məqsədilə təşkil olunmuş tədbirdə Qaçqın statusu almış 7 ailədən olan 10 yetkinlik yaşına çatmayan uşağa psixoloji konsultasiyalar keçirilmiş və müxtəlif hədiyyələr təqdim edilmişdir.
Milli Televiziya və Radio Şurası Aparatının əməkdaşları ölkəmizin bir sıra regionlarına ezam edilmiş və uşaq hüquqlarına həsr olunmuş maarifləndirmə tədbirlərində iştirak etmişlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə gündəlik, günaşırı və həftəlik nəşr olunan qəzetlərdə “Uşaq və gənclərin fiziki-mənəvi inkişafı” və “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqamətləri üzrə 300 səhifəyədək maarifləndirici yazılar dərc edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə QHT-lər tərəfindən icra olunan “Ümumtəhsil məktəblərində uşaq hüquqları və onların müdafiə mexanizmləri mövzusunda maarifləndirmə tədbirlərinin keçirilməsi”, “Sosial qayğıya ehtiyacı olan uşaqlar üçün sığınacaqların təşkili”, “Uşaqları və gəncləri məişət zorakılığından qorumaq üçün cəmiyyətin maarifləndirilməsi”, “Uşaq və yeniyetmələrin məişət zorakılığından qorunmasına dair tədbirlərin təşkili”, “Uşaqlara qarşı Zorakılıqsız Həyat” adlı maarifləndirmə kampaniyasının təşkili” və s. bu kimi layihələr çərçivəsində müxtəlif tədbirlər həyata keçirilmişdir.
Beləliklə də, Müvəkkilin təşəbbüsü ilə keçirilmiş və bu gün artıq başa çatan Uşaq Hüquqları Aylığı çərçivəsində ölkəmizdə kütləvilik və ictimai iştirakçılıq təmin edilməklə davamlı olaraq həyata keçirilən bütün tədbirlər uşaq hüquqlarının bərpası və pozulmasının qarşısının alınmasına, xidmət etməklə bərabər, uşaqlarda müstəqil özünüifadə etmə bacarığının formalaşması, ictimai fəallığının artırılması, cəmiyyətdə uşaq hüquqları sahəsində maarifləndirmə işinin səmərəliliyinin artırılması baxımından da əhəmiyyətli olmuşdur.

Faiq AĞAYEV,
Ombudsman Aparatının
Hüquqi maarifləndirmə,
elmi-analitik,
informasiya və beynəlxalq
əlaqələr şöbəsinin müdiri.

Read 51 times

Təqvim

« December 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

ZIYARƏTÇİLƏR

Ziyarətçilər498038

Currently are 107 guests and no members online