XƏBƏR LENTİ

Çərşənbə axşamı, 06 Aprel 2021 08:50

Ağdamda Yaponiya Hökumətinin dəstəyi ilə inşa edilmiş uşaq bağçası istifadəyə verilib

Yaponiya Hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” üzrə Qrant Yardımı Proqramı çərçivəsində həyata keçirilən “Ağdam rayonu Paşabəyli kəndində uşaq bağçasının inşası” layihəsi başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi və Ağdam Rayon İcra Hakimiyyətinin nümayəndələri uşaq bağçası ilə tanış olublar. Məlumat verilib ki, ümumi məbləği 89.424 ABŞ dolları təşkil edən layihənin əsas məqsədi Ağdam rayonunun Paşabəyli kəndində uşaq bağçası inşa etməklə uşaqlar üçün məktəbəqədər təhsil şəraitini yaxşılaşdırmaqdır.

Səfir uşaq bağçası üçün yeni binanın inşa edilməsi nəticəsində məktəbəqədər təhsilin səviyyəsinin yaxşılaşacağına, burada təhsil almış uşaqların gələcəkdə Azərbaycanın inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

“Yaponiya Hökumətinin həyata keçirdiyi “Ot kökləri və insan təhlükəsizliyi” üzrə Qrant Yardımı Proqramı çərçivəsində yeni bağça inşa edildi. İşıqlı, təmiz, təhlükəsiz bağçada vaxtını keçirən şən uşaqların simasını gördüyüm üçün çox şad oldum. Paşabəyli kəndinin uşaqlarının bu bağçadan istifadə edərək, öz vaxtlarını daha da şən keçirməsini arzulayıram. Yaponiya Hökuməti bundan sonra da Azərbaycanın müxtəlif bölgələrinin əhalisinin ehtiyaclarına ödəmək, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində öz töhfəsini verəcək”, - deyə səfir bildirib.  

Səfir Azərbaycan xalqına müharibə qurbanlarına görə başsağlığı verərək deyib: “Xüsusilə uşaqların və mülkü şəxslərin qurban olmağı bizi çox təsirləndirdi”.

Vada Cüniçi bərpa işlərinin uzun proses olduğunu bildirib. “Yaponiya Hökuməti olaraq biz də öz dəstəyimizi göstərməyə hazırıq. Düşünürəm ki, regionun bundan sonrakı inkişafı üçün, həm də sülhün bərpası üçün hamı əlindən gələni etməlidir. Biz də Yaponiya dövləti olaraq sülhün tərəfindəyik”, - deyə o qeyd edib.

 

 

AZƏRTAC

Read 55 times