XƏBƏR LENTİ

Cümə axşamı, 18 Fevral 2021 06:40

Kürdəmir: Suvarma təminatı yaxşılaşır

Kürdəmir rayonu Mərkəzi Aranın orta hissəsində yerləşdiyindən mövcud su mənbələri - Kür çayı və Yuxarı Şirvan kanalı ilə arada xeyli məsafə var. Bu səbəbdən də rayonun əkin sahələrinə suvarma suyunun çatdırılması xeyli çətinliklər yaradır. Buna baxmayaraq, Kürdəmir Suvarma Sistemləri İdarəsinin kollektivi hər il olduğu kimi yola saldığımız 2020-ci ildə də mövcud çətinlikləri aradan qaldırmaq üçün müəyyən texniki-təşkilati tədbirlər sayəsində öz vəzifəsini yerinə yetirməyə səy göstərmişdir.

Kollektivimiz uzunluğu 691 kilometr olan magistral və təsərrüfatdaxili kanalların, 583 ədəd müxtəlif növ hidrotexniki qurğuların, bir ədəd elektrik nasos stansiyasının və digər obyektlərin istismarı ilə məşğul olur. Rayonun 28 kənd və 2 qəsəbəsinin kənd təsərrüfatı əkinlərinin suvarılmasını, həyətyanı sahələrin su ilə təchiz olunmasını həyata keçiririk. Yola saldığımız ildə ərazidə 45.381 hektar kənd təsərrüfatı əkinlərinin və həyətyanı sahələrin suvarılması nəzərdə tutulmuşdu. Əkinlərin 33.307 hektarı taxıl, 3619 hektarı yem bitkiləri, 3922 hektarı bostan-tərəvəz, 2370 hektarı bağ və üzümlük, 2163 hektarı həyətyanı əkinlərdən ibarət idi. Lakin 2019-cu ildən başlayaraq, əsas suvarma mənbəyi olan Yuxarı Şirvan kanalından suvarma suyunun verilməsində məhdudiyyətlər yarandı. Bu isə ərazidə yerləşən kənd təsərrüfatı əkinlərinin optimal müddətdə suvarılması işində çətinliklər yaratdı. Taxıl əkinlərinin bir hissəsində payız suvarılmasının həyata keçirilməsi mümkün olmadı. Taxıl əkinlərinin 82 faizini su ilə təmin edə bildik. Vəziyyətdən çıxış yolunu götür-qoy etmək lazım gəldi. Taxıl sahələrinin əksər hissəsi Girdimançayda olan Karrar nasos stansiyası vasitəsilə suvarıldı. Yuxarı Şirvan kanalından götürülən suyun həcmi kifayət qədər olmadığından suyun kəndlər üzrə növbəliliklə verilməsi təşkil olundu. Bütün bunlara baxmayaraq, əkinlərin normal qaydalara uyğun aparılması mümkün olmamış, götürülən su əhalinin zəruri ehtiyaclarının ödənilməsinə və mal-qaranın su ilə təminatına yönəldilmişdir. Yuxarı Şirvan kanalında tələb olunan suyun olmaması alternativ su mənbələri axtarmaq zərurəti yaratdı. Girdimançayının Ağsu rayonu Qasımbəyli ərazisindən keçən hissəsində çayda mütəmadi təmizləmə işləri görməyə başladıq. Bu yolla çaydan öz axını ilə suvarma suyu götürülərək Kürdəmir Qobu torpaq kanalı vasitəsilə rayonun Atakişili, Xırdapay, Yenikənd və Çöhranlı kəndlərinə suvarma suyu çatdırıldı. Qobu kanalının asfalt magistralla kəsişmə yerlərinə 70 poqonmetrə yaxın iri diametrli borular yerləşdirildi ki, Girdimançayından götürülən su maneəsiz olaraq kəndlərə çatdırılsın.

Kollektivimiz bu işlərlə yanaşı, idarədə il ərzində nəzərdə tutulan tapşırıqları da yerinə yetirməyə çalışdı. İl ərzində tərtib olunmuş qrafikə əsasən mexanizmlərlə 541 kilometr kanalda lildəntəmizləmə işləri görüldü. Su qıtlığı ilə əlaqədar hətta idarənin balansında olmayan suvarma kanallarının 70,6 kilometr hissəsində lildəntəmizləmə işi apardıq ki, bir sıra kəndlərdə mövcud çətinliklər aradan qaldırılsın. Kanallar üzərindəki hidrotexniki qurğuların 75 ədədi cari təmir olundu. Yuxarı Şirvan kanalının Qarabucaq qəsəbəsindən keçən hissəsindən başlayaraq, nov kanal şəklində çəkilən beton kanalın yenilənməsi nəzərdə tutulmuşdu. Həmin kanalın 3,2 kilometr hissəsinin 0,6 kilometr hissəsi yenidən qurulmuş, işlər yeni ildə də davam etdiriləcəkdir. R-15 beton kanalının, Topal Həsənli beton kanalının müəyyən hissəsində əsaslı təmir işləri başa çatdırılmışdır. Girdimançay üzərində yerləşən Karrar nasos stansiyasındakı aqreqatlar sazlanmış, elektrik avadanlıqları dəyişdirilmiş, kabel təsərrüfatı yenilənmişdir. Yeri gəlmişkən deyim ki, Yuxarı Şirvan kanalında suvarma suyunun verilməsində məhdudiyyətlər olduğu üçün nasos stansiyasının gücündən maksimum istifadə olunur və bu gün də həmin ərazilərdə suvarma işləri aparılır.

Suvarma suyu öz axını ilə getmədikdə mexaniki üsullardan istifadə etmək məcburiyyəti yaranır. Bu, əlbəttə, hər hansı bir idarənin imkanları xaricindədir. Böyük razılıq hissi ilə deməliyəm ki, mövcud çətinliklərin aradan qaldırılmasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi, mütəxəssisləri, şəxsən sədr Əhməd Əhmədzadə yerlərdən gələn təşəbbüslərə həssaslıqla yanaşır, kollektivə xüsusi qayğı və diqqət göstərir, köməkliklərini əsirgəmirlər. Belə təşəbbüslərdən biri-Girdimançay üzərində SNR 500\10 səyyar dizel nasos stansiyası quraşdırıldıqdan sonra Karrar və Sığırlı kəndlərinin suvarma suyu ilə təminatı xeyli yaxşılaşdı. Dizel nasos stansiyasının daha müasir tipli elektriklə işləyən iş rejiminə keçirmək məqsədi ilə lazım olan bütün hidromexaniki avadanlıqlar alınaraq quraşdırıldı. Avqust ayından dizel nasos stansiyası elektrik mühərrikinin qidalandırdığı müasir nasosla əvəz olundu. Ərşəli kəndinin əkin sahələrinin və həyətyanı sahələrinin suvarma suyu ilə təminatında əsaslı dönüş yaradan yeni quraşdırılmış 1 aqreqatlı elektriklə işləyən nasos stansiyası da belə mütərəqqi tədbirlərdən oldu. Bundan əlavə, Girdimançay üzərində, Ərşəli kəndi ərazisində daha bir yeni 2 aqreqatlı nasos stansiyası quraşdırılıb istifadəyə verildi. Yeni qurulmuş 3 ədəd nasos stansiyası 5700 hektardan artıq Sığırlı, Karrar və Ərşəli kəndlərinin əkin sahələrinin su təminatını xeyli yaxşılaşdırmışdır.

2020-ci ildə ölkəmizin həyatında baş verən möhtəşəm tarixi hadisə - Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi, şanlı Ordumuzun müzəffər döyüşü sayəsində doğma Qarabağımızın işğaldan azad olunması tezliklə yurdumuzun bütün sahələrinə, o cümlədən su qıtlığından əziyyət çəkən torpaqlarımızın böyük hissəsinə var-dövlət, xeyir-bərəkət, bolluq və firavanlıq bəxş edəcəkdir. Ali Baş Komandanın işğaldan azad olunmuş qədim yurd yerlərimizə səfəri zamanı gur sulu çayların sahilində dayanıb milli sərvətə xüsusi razılıq hissi ilə tamaşa etməsi bizi də sevindirir, ürəkdə gələcəyə nikbinlik hissi yaradır.

 

Rövşən XƏLƏFOV,

Kürdəmir Suvarma Sistemləri

İdarəsinin rəisi.

Read 157 times

Təqvim

« March 2021 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31        

ZIYARƏTÇİLƏR

Ziyarətçilər891008

Currently are 93 guests and no members online