XƏBƏR LENTİ

Bazar, 17 Noyabr 2019 10:20

Qazanılmış uğurlarla öyünməyə dəyər

Bu gün vətənimizin hansı guşəsinə nəzər salsaq, orada bir yüksəliş, bir inkişaf, bir tərəqqi görərik. Gündən-günə vüsət alan təhsilimiz, mədəniyyətimiz, iqtisadiyyatımız bizə əsas verir ki, ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevi böyük qürur, hörmət və məhəbbətlə yad edək. Bəli, məhz onun uzaqgörən, məqsədyönlü, ardıcıl siyasətinin nəticəsidir ki, Azərbaycan bütün sahələrdə geniş üfüqlər fəth edir, bu cəmiyyətdə yaşayan hər bir insana diqqət və qayğı gündən-günə artır. Böyük şəxsiyyətin siyasətinin geniş şəkildə davamı olaraq təhsilə, müəllimə, məktəbə, müstəqil Azərbaycan dövlətinin qarantı olacaq gənclərə böyük diqqət, tükənməz qayğı, sonsuz məhəbbət bu gün cənab İlham Əliyevin - möhtərəm Prezidentimizin siyasətinin əsas qayəsidir.
Neft kapitalını insan kapitalına çevirməyi qarşıya məqsəd qoyan möhtərəm Prezidentimiz mühüm qərarlar qəbul etməklə artıq bu amalına nail olmuşdur.
Ölkəmizin Şimal-Qərb qapısı sayılan Balakəndə də son illərdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri şəhərin görkəmini tamamilə dəyişmiş, bu diyarı daha da baxımlı etmişdir.
Rayonun bütün infrastruktur layihələrinin yenilənməsi, abad yollar, səliqə-sahmanı ilə gözoxşayan park və xiyabanlar sakinlərdə və bura qədəm qoyan saysız-hesabsız qonaqlarda haqlı olaraq xoş ovqat yaradır.
Söz yox ki, bu gözəlliklərin mərkəzində insan amili dayanır. Vətəndaş məmnunluğunun təmin edilməsi üçün rayon rəhbərliyinin həyata keçirdiyi çoxsaylı tədbirlər səngimək bilmir. Rayonda son illərdə diqqəti cəlb edən sahələrdən birinə — təhsil müəssisələrinə qayğı da ön planda olmuş, qabaqcıl işi, layiqli təhsil göstəriciləri olan müəssisələrin sayı xeyli artmışdır.
Öz işi, nailiyyətləri ilə haqlı olaraq öyünən belə müəssisələr bu gün Balakəndə az deyil.
Belə təhsil ocaqlarından biri də mənəvi bütövlük və kamillik nümunəsi sayılan, mütəfəkkir şairimiz Seyid İmadəddin Nəsiminin adını daşıyan 2 saylı tam orta məktəbdir. Məktəbə 1997-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsini bitirmiş Samirə xanım Varansova rəhbərlik edir.
Məktəbin direktoru nəinki başçılıq etdiyi kollektiv, həmçinin bütün ölkəmiz üçün olduqca əlamətdar olan böyük söz ustadı, bütövlük və kamillik zirvəsi hesab edilən Seyid İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə bağlı görülmüş işlərdən, keçirilən rəngarəng tədbirlərdən söhbət açdı.
Həmsöhbətimiz qeyd etdi ki, məktəbimizin foyesində böyük filosof şairin 650 illik yubileyi ilə əlaqədar ölkə Prezidenti cənab İlham Əliyevin 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə bağlı Sərəncamı asılmış, geniş tədbirlər planı tərtib edilmişdir.
Tədbirlər planına uyğun olaraq məktəbin pedaqoji kollektivinin yığıncağı keçirilmiş, qarşıda görüləcək işlər müzakirə olunmuş, kollektiv üzvlərinə müvafiq tapşırıq və tövsiyələr verilmişdir.
Məktəbin foyesində guşə yaradılmışdır. Şagirdlərin rəsmlərinin, inşa yazılarının guşədə toplanılması təmin edilmişdir.
“Nəsimi ili” ərzində məktəb kollektivinin fəaliyyətinin yüksəldilməsi diqqət mərkəzində saxlanılmışdır. Məktəbdə mütaliə həftəsi ilə bağlı şagirdlərin yazı və oxu bacarıqlarının öyrənilməsinə obyektiv yanaşılmışdır. Keçirilən monitorinqin nəticələri məktəb kollektivinin yığıncağında geniş şəkildə müzakirə olunmuş, müəllimlərin nəzərinə çatdırılmışdır. Sinifdənxaric və məktəbdənkənar tədbirlərin yüksək səviyyədə təşkili və bu tədbirlərin şagirdlərin təlim-tərbiyəsinə müsbət təsir etməsi üçün qarşıda görüləcək işlərə aydınlıq gətirilmişdir.
Məktəbdə “Nəsimi ili” ərzində təlim-tərbiyənin yüksəldilməsi istiqamətində aparılan işlərdə dərnəklərin, maraq kurslarının, sinifdənxaric, məktəbdənkənar tədbirlərin imkanlarından bacarıqla istifadə olunması bir vəzifə olaraq qarşıya qoyulmuşdur.
Məhz görülmüş işlərin, həyata keçirilmiş tədbirlərin nəticəsidir ki, indiyənədək məktəbdə “Nəsimi ili” ilə əlaqədar olaraq 20-dən çox bir-birindən rəngarəng və maraqlı tədbirlər həyata keçirilmişdir. Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü, İ.Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş “Nəsimini tanıyaq, tanıdaq” mövzusunda “dəyirmi masa”, Beynəlxalq Ana dili Gününə həsr olunmuş “Ana dilim şirindir” X və XI sinif şagirdləri arasında Azərbaycan dili fənni üzrə keçirilən bilik yarışı, ədəbiyyat gecəsi İmadəddin Nəsiminin “Məndə sığar iki cahan” qəzəlinin müzakirəsi, İ.Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə məktəb şagirdlərinin böyük diqqət və marağına səbəb olmuş, keçirilən tədbirlərdə şagirdlərimiz yüksək fəallıq nümayiş etdirmişlər. V-XI sinif şagirdləri arasında keçirilən bilik yarışmalarında, fənn gecələrində 300 nəfərdən çox şagird iştirak etmişdir.
Ədəbiyyat, riyaziyyat, biologiya, coğrafiya fənləri üzrə keçirilən fənn gecələri daha maraqlı və yaddaqalan olmuşdur. Fənn gecələrində hazırlanmış fotostendlər hazırda məktəbin foyesinin bəzəyinə çevrilmişdir. Yubiley ili ərzində idmançılarımızın da uğurları sevindirici olmuşdur. Azyaşlılar arasında keçirilən rayon və respublika birinciliyində 10 nəfərdən çox şagirdimiz şahmatda layiqli yer tutmuş, medallarla təltif olunmuşdur. 13 yaşlı qızlar arasında futzal yarışında isə qızlarımız bürünc medala layiq görülmüşdür.
Məktəbimizdə keçirilən “Nəsimi lirikasına aid illüstrasiyalar” sərgisi də yaddaqalan olmuşdur. XI a sinif şagirdi Bayramova Nərminin rəsmi xüsusilə fərqlənmişdir. Texnologiya fənn müəllimi Omarova Yeganə Nəsimi qəzəllərində “Mənəm mən adlı” insan maketini şagirdlərlə birgə hazırlamış və nümayiş etdirmişdir. Musiqi müəllimi Həsənova Güldanənin VII a sinif şagirdləri ilə birgə hazırladığı kompozisiya nümunəsi şagirdlərlə birgə dinlənildi, çox bəyənildi.
Mənəvi bütövlük və kamillik nümunəsi olan İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlər kütləviliyi ilə daha çox diqqət çəkir.
Dahi şairin yaradıcılığında insan və təbiət münasibəti motivləri xüsusi yer tutduğuna görə onun xatirəsinin anım ilində yaddaqalan tədbirlərlə əbədiləşdirilməsi, ölkəmizin yaşıl, çiçəklənən diyara çevrilməsi, ətraf mühitin sağlamlaşdırılması üçün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə respublikamızda ağacəkmə aksiyasının keçirilməsi təsadüfi deyildir. Kollektivimiz Mehriban xanım Əliyevanın bu təşəbbüsünü coşqu ilə qarşılamışdır. Dəstək olaraq biz də öz məktəbimizin coğrafiya müəllimlərinin və şagirdlərimizin köməyi ilə 50 ağac əkdik. Məktəb həyətinin yaşıllaşdırılmasında, şagirdlərin boş vaxtının səmərəli keçməsində bu tədbirin rolu olduqca böyük oldu. Bu nəcib təşəbbüsü geniş ictimaiyyət nümayəndələri kimi, biz də uğurla başa çatdıracağıq.

Söhbəti qələmə aldı:
İlham PƏNAHOV,
“Respublika”.

Read 66 times

Təqvim

« December 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

ZIYARƏTÇİLƏR

Ziyarətçilər498007

Currently are 97 guests and no members online