XƏBƏR LENTİ

Cümə, 15 Noyabr 2019 08:56

Göyçay narı minlərlə insanı bir araya topladı

Noyabrın 9-da əlamətdar Dövlət Bayrağı Günündə Göyçayda möhtəşəm bayram təntənəsi yaşanıb. 30 mindən çox xarici və yerli qonağın qatıldığı tədbirdə Dövlət Bayrağı Günü və XIV Nar festivalı sözün əsl mənasında el şənliyinə çevrilib.

Dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin, beynəlxalq təşkilatların və diaspor təşkilatlarının nümayəndələri, yerli və əcnəbi iş adamları, Azərbaycanın şəhər və rayonlarından gəlmiş çoxsaylı qonaqlar bu şənliyi böyük maraqla izləyiblər. Səhər saatlarında rayon rəhbərliyi və qonaqlar bayramsayağı bəzədilmiş Heydər Əliyev parkına gələrək ümummilli liderin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər.

Sonra festival iştirakçıları parkdakı bayraq meydanına doğru hərəkət edərək, yerli musiqi kollektivlərinin, milli geyimli rəqqasların çıxışlarına tamaşa ediblər. Gurultulu alqışlar altında eni 9, uzunluğu 18 metr olan üçrəngli bayrağımız 66 metr hündürlüyə ucaldılaraq dalğalandırılıb. Qonaqlar bayraq muzeyinə gələrək, Azərbaycanın müasir, orta əsrlər və qədim dövrlərinə dair bayraqları, milli döyüş geyimləri və digər eksponantlar barədə ətraflı məlumat əldə ediblər.

Heydər Əliyev prospektinin başlanğıcında “Çinar” otelinin qarşısında Nar festivalının açılışı olub.

Milli geyimli qızlar qonaqlara nar şirəsi və döş nişanları təqdim ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə qonaqları və bütün göyçaylıları salamlayaraq Göyçayda bayramın bayrama qarışdığını, Dövlət Bayrağı Gününün qeyd olunduğunu və gözəllik, məhəbbət, ruzi-bərəkət nişanəsi olan, artıq ənənəyə çevrilmiş Nar festivalının keçirildiyini söyləyərək, əlamətdar günlər münasibətilə hər kəsi təbrik edib. Vurğulayıb ki, bu gün Göyçay üçün ənənəvi sayılan və iqtisadi baxımdan faydalı olan narçılığın inkişafı uğurla davam edir. Sonra qonaqlar rayonun ayrı-ayrı icra nümayəndəliklərinin sakinləri tərəfindən təşkil edilən nar və nar məhsullarının sərgisi ilə tanış olublar. Sərgi masalarında onlara nardan hazırlanan müxtəlif məhsullar, o cümlədən nardança, nar şərabı, nar şirəsi, nar mürəbbəsi, habelə milli mətbəximizin bənzərsiz nümunələri olan döşəməli plov, təndir çörəyi, yuxa, kətə və müxtəlif şirniyyatlar təqdim olunub.

Barlı-bərəkətli Göyçay torpağının sayılıb-seçilən qonaqlarından olan ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayzə ilə söhbətimizin əsas mövzusu da milyonların sevdiyi, məşhur Göyçay narı oldu. Cənab M.Brayzənin dedikləri: “Mən 5-ci dəfədir ki, bu festivala qatılıram. Çox gözəldir, çox möhtəşəmdir. Təbii ki, bizləri buraya toplayan Azərbaycanın Göyçay bölgəsinin narının dadı isə təkrarsızdır. Hər birinizi təbrik edirəm. Bayramınız mübarək!”

Tədbirdə milli folklor qruplarının çıxışları, ayrı-ayrı şirkətlərin məhsullarının sərgisi, müsabiqələr, müasir və dəbli modalar nümayişi, digər təqdimatlar bayrama xüsusi rəng qatırdı.

Qonaqların iştirakı ilə “Şah” şadlıq sarayının qarşısında Qızılağac kəndindən olan iki gəncin - Nahid və Gültən Qasımovların nikah mərasimi də alqışlarla qarşılandı.

Qeyd edək ki, Göyçayda nar bayramı artıq 14-cü dəfədir təşkil edilir və bu  bayram bölgədə meyvəçiliyin və turizmin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. İstər yerli əhalinin, istərsə də ölkəmizə gələn qonaqların diqqətində olan nar bayramı həm də xalqımızın milli adət-ənənələrinə dərin bağlılığını göstərir.

Hazırda rayonda 3627 hektar nar bağı vardır ki, onun da 3327 hektarı bar verəndir.

Göyçayda hər il orta hesabla 35-40 min ton nar istehsal olunur. Bağlarda əsasən “Gülövşə”, “Vələs”, “Şəndi”, “Şirin”, “Bala Mürsəl” sortları yetişdirilir. İstehsal olunan narın yarıdan çoxu xarici bazarlara, əsasən Rusiya, Ukrayna və Gürcüstana ixraca çıxarılır.

Günün ikinci yarısında şəhər stadionunda təşkil edilən bayram konserti də yaddaqalan oldu.

Maarif RZAYEV,

“Respublika”.

Read 68 times

Təqvim

« December 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

ZIYARƏTÇİLƏR

Ziyarətçilər498044

Currently are 101 guests and no members online