XƏBƏR LENTİ

Bazar, 20 Oktyabr 2019 09:03

Qax turistlərin çox sevdikləri ünvandır

Çünki burada onlar təbiətin ecazkar gözəlliyinin seyrinə çıxır, çox-çox qədimlərlə səsləşən tarixi abidələrlə tanış olurlar. Ölkəmizdən, eləcə də Rusiyadan, Almaniyadan, Böyük Britaniyadan, Bolqarıstandan, Polşadan, ərəb dövlətlərindən, İrandan, Türkiyədən, Gürcüstandan, Orta Asiyadan, bir sözlə, dünyanın ayrı-ayrı ünvanlarından on minlərlə turist bu gözəl məkana gəlir, şəhərin qaynar həyatından, basırığından müəyyən müddət ayrılıb istirahət edir. Qaxın hər küçəsi, hər döngəsi, məhəlləsi gözəllik çələngidir desək, yanılmarıq. Onun kəndlərində də bu keyfiyyətlərlə qarşılaşan xarici qonaqlar bu məkandan ayrılmaq bilmirlər. Qaxlı usta Məhəmmədlə olan söhbətimi bu məqamda xatırlatmaq yerinə düşər. Onunla iş üstündə görüşmüşdüm. Şəhərin Heydər Əliyev prospektində heyranlıq yaradan əl sənəti ilə bu ünvana yeni gözəllik verirdi. İşindən ləzzət aldığını söylədi və Qaxın həmişə qonaqlı-qaralı olmasından, turistlərin çox sevdikləri yerə çevrilməsindən söhbət düşəndə dedi:
—Valideynlərimin əsli Rusiya Federasiyası Dağıstan Respublikasının paytaxtı Mahaçqaladandır. Orada olan qohumlarımız Qaxa tez-tez gəlirlər. Hər dəfə gələndə də şəhərin girəcəyində maşından düşüb bu prospekti də, digər küçələri, parkları da ancaq piyada gəzib dolaşandan sonra evimizə gəlirlər. Niyə belə etdiklərini soruşanda da Qaxdakı təmizliyə, gözəlliyə heyran olduqlarını söyləyir, öz yaşayış yerlərinin də belə olmasını arzulayırlar. Mən onlara, deyirəm ki, İlisuya, Ləkitə, Quma, Ağ çaya, Zərnəyə, Qaşqaçaya eləcə də başqa hansı kəndə getsəniz, bax, belə təmizliyin, yar-yaraşığın, hələ üstəgəl mehribanlığın, qonaqpərvərliyin şahidi olarsınız.
Rayon mərkəzindən o qədər də aralıda olmayan Ulu və Kötüklü dağlarının arasından həzin nəğmələrlə keçən çayın sahilində ünvan tapan İlisu ecazkar təbiəti ilə yanaşı, həm də müalicəvi istisuyu ilə də dünyada məşhurdur. İlisunun ərazisində bu gün müasir dünya standartlarından heç də geridə qalmayan turizm və istirahət mərkəzləri fəaliyyətdədir. Burada hər il orta hesabla 8-10 yeni fərdi yaşayış evi tikilir, 15-20 evdə yenidən təmir, bərpa işləri aparılır. Bu işlərin, demək olar hamısı bu kəndin ustalarının əlləri ilə görülür. İlisu başdan-başa qazlaşdırılıb, elektrik xətlərində kabelləşmə sistemi başa çatdırılıb. Yeni tikilən uşaq bağçası milli memarlıq üslubuna görə hamının xoşuna gəlir. Məktəb binası tam əsaslı təmir edilib, istilik sistemi ilə təmin olunub. İndi İlisu əhalisi də, bura dincəlməyə, gəzməyə, müalicəyə gələn qonaq və turistlər də artıq istifadədə olan telefon internet xidmətindən yetərincə bəhrələnirlər. İlisunun gecəsi də gündüzü kimi işıqlıdır. Çünki kəndin bütün küçələri elektrik lampaları ilə işıqlandırılır. Rayon mərkəzindən kəndin baş hissəsinə qədər olan avtomobil yolu əsaslı təmir olunub, tam asfaltlanıb. Səkilərdə piyadaların gediş-gəlişi üçün lazımi şərait yaradılıb. Kəndin ara küçələri də unudulmayıb. Onlara birlikdə 2600 kvadratmetrdə milli memarlıq üslubunda daş-salbənd döşənib. İçməli su kəmərinin köhnəlməsi müəyyən problemlər yaradırdı. Artıq bu məsələ də öz həllini tapıb. Keçmişin içməli su kəməri başdan-başa yenilənmiş, bütün evlərə su xətti çəkilmişdir. Kənddəki Harmançayın, Kürmükçayın sel daşqınlarından mühafizəsi üçün dəmir beton bəndlər tikilmişdir. Bu iş indi də davam etdirilir. Harmançay üzərində tikilən və kəndi Tovlatala məhəlləsi və Sarıbaş kəndi ilə birləşdirən bir aşırımlı körpü də son illərin məhsuludur. Dünya şöhrətli bu kəndin adamları təsərrüfatla məşğul olmağı da unutmurlar. Kəndin coğrafiyasına uyğun olaraq heyvandarlığa daha çox meyil göstərilir. Ərazidə ümumilikdə təsərrüfatlarda 21 min 971 baş xırdabuynuzlu, 1147 baş iribuynuzlu heyvan var. Bu faktları bizə xatırladan kəndin ərazi icra nümayəndəsi Həşim Həsənov onu da dedi ki, İlisuda fəaliyyətdə olan turizm obyektlərinin özlərinin də yardımçı təsərrüfatları var. Həmin təsərrüfatlarda 3 min başa kimi xırdabuynuzlu heyvan saxlanılır. Kənd ağsaqqalının söhbətindən onu da öyrəndik ki, burada ayrı-ayrı məhəllələrdə birlikdə 175 baş iribuynuzlu heyvan saxlanılır və bu İlisuda dincələn, müalicə olunan turistlərin heyvandarlıq məhsullarına olan tələbatının ödənilməsinə böyük dəstəkdir. Həmsöhbətim İlisuya turist axınından danışanda bir məsələni xüsusi vurğuladı.
—Bilirsiz, öz müalicəvi suyu, heyranedici mənzərəsi, qədim tarixi abidələri, bir də mehribanlığı, qonaqpərvərliyi ilə seçilən İlisunun uzaq və yaxın keçmişini, dünənini də yaxşı öyrənmişəm bu günü də göz qabağındadır. Rayonumuz da, elə yaşadığım İlisu da həmişə zəngin sərvətli, möhkəm iqtisadi potensiallı olub. Amma onların üzə çıxarılması bizlərin, sizlərin istifadəsinə verilməsi, bütövlükdə dünyaya çıxarılması Azərbaycanımız ikinci dəfə müstəqilliyinə sahib olandan ulu öndər Heydər Əliyevin uzaqgörən strategiyası həyata keçiriləndən sonra mümkün olub. İndi görürsüz, təkcə kəndimizə dünyanın hər yerindən nə qədər axın var. Aldığımız məlumatlardan öyrəndik ki, İlisunun turizm obyektlərində il ərzində 25 min nəfərə yaxın turist istirahət edir. Onların da 3200 nəfərə yaxını xarici turistlərdir. İstirahət mərkəzlərinin bir günlük tutumu 450 nəfərə yaxındır.
Burada hazırda 16 ictimai iaşə obyekti fəaliyyətdədir və mövsüm dövründə onlarda 130-140 nəfər adam çalışır. 55-66 nəfər isə daimi fəaliyyətdə olan mehmanxana və restoranlarda işləyir. Qax rayonunun hər yerində, o cümlədən İlisuda milli adət ənənələrin, qədim sənətkarlığın qorunub saxlanması və bu gün də onlardan yaradıcılıqla istifadə olunması ən önəmli məsələdir. Kənddə belə sənətkarlardan söhbət düşəndə dülgər Mahmud Mahmudovun, dəyirmançı Rəşad Bəkirovun, dəmirçi Əfsələddin Həsənovun, Bədrəddin Məhəmmədovun, nalbəndlər Fərhad İsmayılovun, Cəmil Mehdiyevin, bənnalar Elxan Abdullayevin, Vidadi İbrahimovun, Mahir Xəlilovun, Eyvaz Seyid Əliyevin, heykəltəraşlar Zabit Kərimovun, Rasim Əfəndiyevin, Bədrəddin Kamalovun, Əfqan Kərimovun və başqalarının adları hörmətlə çəkilir. İlisunun qonağı olanlar, bura gələn yerli və xarici turistlər adları çəkilən sənətkarların işlərindən zövq aldıqlarını, çox şey öyrəndiklərini və onun öz yerlərində tətbiqinə nail olacaqlarını söyləyirlər. Məsələn, “İlisu” müalicə pansionatında rastlaşdığımız almaniyalı turistlərdən biri dəmirçilər Əfsələddin və Bədrəddinin bənnalığına, “Səngər qala”da istirahət edən bir xarici qonaq isə Mahmud kişinin dülgərlik işinə heyran qaldığını bildirdilər.
Keçmişin adamları, ağsaqqal və ağbirçəklər ev tikdirəndə otaqlardan birinin qonaq üçün ayrıldığını, hətta otağın yorğan-döşəyinin, xal-xalçasının, qab-qacağının da ayrıca olduğunu yəqin ki, yaxşı bilirlər. İndi Azərbaycanımızın hər yerində olduğu kimi, Qaxda da bu ənənə qorunur və davam etdirilir. Turistlər üçün hər cür təminat təchizatlı xüsusi qonaq evlərinin hazırlanmasına xüsusi önəm verilir. Bu gün rayonda hər cür şəraitli otel və mehmanxanalar, istirahət mərkəzləri olsa da kənd yaşıl turizminə, başqa sözlə, aqroturizmə yenə üstünlük verilir. Rayon rəhbərliyi sözügedən bu məsələnin uğurlu həllinin həm Qaxın gündən-günə yeniləşən kənd həyatını ölkəyə, dünyaya tanıtmaqda, həm də kəndlinin ailə büdcəsinin möhkəmləndirilməsində böyük rolu olduğunu vurğuladı və bildirdi ki, indi çoxlu sayda qonaq evləri turistlərin xidmətindədir. Bəzi faktlara nəzər salsaq, bunu aydın görərik. Məsələn, yazımızın önündə söhbət açdığımız İlisu kəndində 360 ailədə turistlər istirahət edir. Təxminən 45-50 gün turizm mövsümünün davam etdiyini, kirayə verilən qonaq evlərinin 2 və daha çox otaqdan ibarət olduğunu nəzərə alsaq, hər bir ailə mövsüm ərzində ailəsinin büdcəsinə təxminən 2400-2500 manat gəlir gətirir. Həmin kənddə kirayə ev verən 25-30 nəfər artıq öz həyətində turistlər üçün hər cür təminat, təchizatlı kotteclər tikmişlər. Onlardan biri ilə həmsöhbət olduq. Pensiyaçı Əhməd Əlimovun dediklərindən:
—Yetmiş iki yaşım var. Rayonumuzun, o cümlədən kəndimizin son on-on beş ildəki inkişafını yaxşı görürəm. Hər gün ucalırıq. Kəndimizi tanımaq olmur. Mərkəzi küçə başdan-başa asfalt, kənddaxili ara yollar və döngələr tam qaydasındadır. Mənim özüm gördüyünüz o otaqları turistlər, kəndə istirahətə gələnlər üçün ayırmışam. Bakıdan Emin, Elnur, Eldar, Bərdədən Araz və adları yadıma düşməyən qonaqlarım çox olur. Dövlətdən aldığım pensiya və üstəgəl turizm mövsümündə buradan əldə etdiyim gəlir ailəmin normal həyat şəraitinə çox böyük təkan olur.
Ləkit və Qum kəndlərində də kənd turizminə münasibətin vəziyyətilə maraqlandıq. Hər iki kəndə Qax-Zaqatala magistralından üzü dağlara sarı uzanan asfalt yolla gedirsən. Ləkitli Təhminə xanımın evində olduq. Həyətdəki səliqə-sahman, yaşıllığın yaratdığı ecazkar mənzərə, qaxlılara məxsus qonaqpərvərlik ilk baxışda diqqəti cəlb edirdi. Burada turistlərin yolunu gözləyən hər cür kommunal şəraiti olan otaqlar, istifadə üçün tam təminatlı mətbəx, hətta dincəlmək, mənalı istirahət üçün yaradılan şərait ailənin kənd yaşıl turizmi sahəsində yaxşı təcrübəsi olduğundan xəbər verirdi. Artıq neçə illərdir ki, bu cür qonaqlı-qaralı olurlar. Burada Lətif Aydınov, Mina Hüseynova, Rahilə Süleymanova, Kəmalə Məhərrəmova kimi nümunəvi qonaq evi olanların da adlarını söylədilər. Ləkitin sakinləri maraqlı bir əhvalat da danışdılar. Söylədilər ki, mövsüm dövründə hər gün 500-600 qonaq olur bu kənddə. Onlardan birinə yaxın vaxtlarda kənddaxili yolların da asfaltlanacağını bildirəndə - onda gəlməyəcəyik, bizə bu daşlı-kəsəkli yollar daha maraqlıdır.-dedilər.
Qumda kənd turizmi ilə məşğul 25-26 ev olduğunu bildirdilər. Hər mövsümdə 300-500 adam qəbul edirlər. Amma bəzi mövsümlərdə onların sayı çox olur. Bura gələn turistlər əsasən qədim tarixi abidələrlə maraqlanır, kəndin ekologiyasının sağlamlıq üçün əlverişli olduğundan danışırlar. Onların gəzintilərini təşkil etmək üçün kənddə meşələrə, dağlara, ümumiyyətlə, təbiətə daha yaxından bələd olan bələdçilər var.
İlqar Yusifov, Eyvaz Seyidov, Fərid Həşimov kimi bələdçilər kəndin qonaq evlərinin sakinləri olan turistləri bütün ərazidə qarış-qarış gəzdirir. Bələdiyyə sədri Fərid Həşimov bildirdi ki, kənddə turistlərin lazım olan bütün xidmətlərdən istifadə etmələrinə köməkliklərini əsirgəmirlər. O, kənd turizminin həm maraqlı, həm də kəndin sosial abadlığında, ən başlıcası da adamların maddi rifahı halının daha da yaxşılaşdırılmasında böyük rolu olduğunu da söylədi.
Qax xalqımızın tarixinin müxtəlif mərhələlərini özündə yaşadan zəngin abidələr diyarıdır və o bir çox tarixi məkanları ilə də seçilir. İkisi dünya, on səkkizi ölkə və qırx səkkizi yerli əhəmiyyətli olan bu abidələr dövlət qeydiyyatındadır və ciddi şəkildə qorunur. Qax tarixi məkan olduğundan burada xalq sənətkarlığı növlərindən dəmirçilik, ağac və daş üzərində oyma, xalçaçılıq, bədii tikmə və sair sənətlər indi də yaşayır. Qaxın özünəməxsus mətbəxi də turistlərə bu diyarı sevdirən amillərdəndir. Ətin qaxac edilməsi (qurudulması) və ondan “Sürhüllünün” bişirilməsi, toyuqlu xəngəl, lobyalı, qozlu aş turistlərin ən çox sevdikləri yeməklərdir. Bir sözlə, Qax, ilahinin bəxş etdiyi hər cür nemətə, sərvətə malik yer, yaşamalı, dolanmalı, istirahət etməli, sağlamlığını qorumalı bir məkandır.

Rasim AMANOV,
“Respublika”.

Read 54 times