XƏBƏR LENTİ

Çərşənbə, 23 Yanvar 2019 08:58

20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ BÖYÜK EHTİRAMLA ANILIB

GƏNCƏ
20 Yanvar Azərbaycan vətəndaşının yaddaşına müstəqilliyin qazanılması uğrunda mübarizənin zirvəsi kimi əbədi həkk olunmuş ən müqəddəs bir tarixdir. Məhz bu tarixdə, 1988-ci ildən başlamış xalq hərəkatı özünün kulminasiya nöqtəsinə çatdı və Azərbaycanın yüzlərlə qəhrəman oğulları bu yolda, azadlıq və müstəqillik uğrunda şəhid olaraq gələcək nəsillərə istiqlaliyyət və azadlıq bəxş etdilər. Şeyx Nizami yurdu olan Gəncənin Şəhidlər Xiyabanında ucaldılmış möhtəşəm kompleksin önündə böyük izdiham var idi.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tərəfindən Şəhidlər Memorial Kompleksi Abidəsi önünə əklil qoyuldu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Din xadimi tərəfindən şəhidlərin ruhuna dualar oxundu. Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ictimaiyyət nümayəndələri ilə birlikdə şəhid məzarlarını ziyarət edərək onların üzərinə qərənfillər düzüb, şəhid ailələri ilə hal-əhval tutdu.
Şəhər Ağsaqqallar Şurasının sədri, professor Xalid Qurbanov söhbət zamanı bildirdi ki, 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, bu hərbi təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qürurunu sındıra bilmədi.

 

ŞƏKİ
Hər il yanvarın 20-də on minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edir. Bu gün Azərbaycan ordusunun, gənclərimizin döyüş ruhu yüksəkdir. Düşməndən amansız qisas alınacaq, şəhidlərin qanı yerdə qalmayacaq, onların əziz xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.
Bu fikirlər Qanlı Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar yanvarın 20-də Şəki şəhərində keçirilən ümumşəhər toplantısında səsləndirilib.
Ümumşəhər toplantısında Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək 20 Yanvar hadisələrinin xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz olduğunu bildirib. O vurğulayıb ki, Azərbaycan xalqı bu qanlı hadisələr zamanı öz qürurunu itirməyib, onun iradəsi qırılmayıb. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar, eyni zamanda, xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. 20 Yanvarı hüzn günü kimi qeyd etsək də, o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq.
Toplantıda çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki şəhər şöbəsinin rəisi Yalçın Sadıqlı, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Məmmədnuru Əzizov faciənin günahkarlarının üzə çıxarılmasında, 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndiriblər.

 

LƏNKƏRAN
Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsindən 29 il keçir. Xalqımız o müdhiş gecəni daim ehtiramla xatırlayır.
1990-cı ilin Qanlı Yanvarı Lənkərandan da yan ötməyib. O müdhiş şənbə gecəsində 5 nəfər lənkəranlı Bakıda, 5 nəfər rayonun Haftoni qəsəbəsində sovet ordusunun cəza dəstəsi ilə qeyri-bərabər döyüşdə qətlə yetirilib. 23 yaşlı Tariyel Abdullayevi vertolyotla Bakıya apararkən boynuna məftil bağlamaqla amansızcasına boğub öldürüblər.
Lənkəran şəhərinin mərkəzində salınmış Şəhidlər Xiyabanında ümumrayon tədbiri keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, əmək kollektivlərinin, rayon ictimaiyyətinin nümayəndələri, gənclər kompleksin önünə gül dəstələri düzüblər. Minlərlə rayon sakini abidə kompleksini ziyarət edərək şəhidlərin xatirəsinə dərin ehtiramlarını ifadə edib.
Lənkəran Şəhər İcra Hakimiyyətində Yanvar şəhidlərinin ailə üzvləri və əlillərlə görüş keçirilib. Ölkəmizin dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

MASALLI
Masallı şəhərinin “Qəhrəmanlar parkı”na böyük axın var idi. Burada 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş mərasim keçirilirdi.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, icra hakimiyyətinin rəsmiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların əmək kollektivləri, müharibə və əmək veteranları, ictimaiyyətin nümayəndələri, ziyalılar abidənin önünə gül dəstələri düzərək şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.
Anım mərasimində rayon xalq teatrının aktyorlarının və Masallı Dövlət Regional Kollecinin tələbələrinin ifasında şəhidlərə həsr edilmiş şeirlər səslənib, ədəbi-bədii kompozisiya nümayiş olunub.

 

ASTARA
1990-cı ilin qanlı şənbə gecəsində imperiya ordusunun vəhşiliyi nəticəsində terrorun qurbanı olan 134 nəfər günahsız insan arasında iki astaralı-Əliyev Çingiz Mirzəhüseyn oğlu və Əsgərov Novruz Faiq oğlu da olmuşdur.
Rayonda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi hər il böyük ehtiramla yad edilir. Faciənin ildönümü ilə əlaqədar Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Milli Məclisin deputatı Rəşad Mahmudov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, şəhid ailələrinin üzvləri, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri Vətənin azadlığı, müstəqilliyi uğrunda şəhid olan igidlərin xatirəsinə ucaldılmış kompleksi ziyarət edərək abidənin önünə gül dəstələri düzüblər. Anım mərasiminin iştirakçıları tərəfindən şəhidlərin xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.

 

ŞİRVAN
Qanlı Yanvar faciəsi respublikamızın hər yerində olduğu kimi, Şirvan sakinlərinin də yaddaşına hüzn-matəm günü kimi həkk olunmuşdur. Şirvanlılar rus-erməni hərbi birləşmələrinin 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə xaincəsinə Bakıda törətdikləri vəhşilikləri zaman keçsə də, unutmurlar. Bu il də ictimaiyyət nümayəndələri əllərindəki tər qərənfillərlə 20 Yanvar şəhidlərinin xatirəsini yad etdilər. İlk öncə Şəhidlər Xiyabanına yollanıb Vətən uğrunda cavan ömrünü qurban verən həmyerlilərinin müqəddəs ruhuna dualar oxundu. Tədbir “20 Yanvar” abidə-kompleksinin önündə davam etdirildi. Ziyalılar, müharibə və əmək veteranları Azərbaycanda yaranmış xaotik vəziyyətdən istifadə edib Bakıda, respublikanın ayrı-ayrı bölgələrində günahsız insanları qanına qəltan edən rus-erməni hərbi birləşmələrinin ünvanına lənətlər yağdırdılar.
“Qanlı Yanvar” abidə-kompleksinin önünə gül dəstələri düzüldü.

 

QAZAX
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun 19 dekabr 2018-ci il tarixdə imzaladığı Sərəncama əsasən hazırlanmış tədbirlər planına uyğun rayonun bütün idarə, müəssisə, təşkilatlarında, ümumtəhsil müəssisələrində Qanlı Yanvar faciəsinin ildönümü geniş şəkildə qeyd olunub.
Tədbirlər planının davamı olaraq şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanında ucaldılmış memorial abidə-kompleksinin önündə 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar izdihamlı anım mərasimi keçirilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, hərbi hissələrin, ictimai təşkilatların və yaradıcılıq birliklərinin, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin kollektivləri, şəhər sakinləri, kütləvi informasiya vasitələrinin nümayəndələri anım mərasimində iştirak ediblər.
Şəhidlərin ruhuna dua oxunduqdan sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatının məsul işçiləri və hüquq-mühafizə orqanlarının rəhbərləri memorial önünə gül dəstələri qoyub, Vətənin azadlığı uğrunda canından keçmiş oğul və qızlarımızın əziz xatirəsini dərin ehtiramla yad ediblər.

 

AĞSTAFA
20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı rayonunun Şəhidlər Xiyabanında anım mərasimi keçirilib. Ümumxalq Hüzn Günündə rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatlarının kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Anım tədbirində şəhidlərin xatirəsinə ucaldılmış abidə-kompleksinin önünə rayon icra hakimiyyətinin başçısı və rayon ictimaiyyətinin nümayəndələri əklil və gül dəstələri qoydular. Vətənin azadlığı, suverenliyi və birliyi uğrunda canlarından keçmiş, günahsız qətlə yetirilən Azərbaycan oğullarının və qızlarının əziz xatirəsi böyük ehtiramla yad edildi. Mərasim həzin musiqi sədalarının müşayiəti ilə keçirildi. Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev şəhid ailələrinin üzvləri ilə görüşərək onlara dərin hüznlə başsağlığı verdi. Şəhid ailələrinin məişət qayğıları ilə maraqlanan icra başçısı bildirdi ki, “Şəhid ailələrinə və əlillərə dövlət tərəfindən həm maddi, həm də mənəvi dəstək göstərilir. Qeyd edildi ki, şəhid ailələri birdəfəlik müavinət və təqaüd alır, o cümlədən, dövlət büdcəsi hesabına mənzil və avtomobillərlə təmin edilirlər.
Həmçinin, bu gün Ağstafa rayonunun Vurğun qəsəbəsində 20 Yanvar şəhidi Əzizov Habil Kommunar oğlunun qəbiri, Ağstafa şəhərində, Xətai, Göycəli və Dağ Kəsəmən kəndlərində Azərbaycanın Milli Qəhrəmanları Rafiq Alıcanovun, İlham Həsənovun, Novruz Qurbanovun və Arif Qədiməliyevin büstləri ziyarət edilib.

 

BƏRDƏ
Rayon icra hakimiyyəti və YAP Bərdə rayon təşkilatı tərəfindən Bərdədə 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr edilmiş ümumrayon tədbiri keçirilmişdir.
Tədbirdən öncə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev başda olmaqla rayonun hüquq-mühafizə orqanlarının, YAP rayon təşkilatının, idarə, müəssisə, təşkilatların rəhbərləri, ziyalılar, ağsaqqallar, Qarabağ müharibəsi veteranları, ictimaiyyət nümayəndələri 5 min nəfərə yaxın Bərdə sakini şəhərin “Qəhrəmanlar Parkı”nda əbədi məşəl önünə tər qərənfillər düzərək ehtiramlarını bildirmişlər.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev nitq söyləmiş, dövlət müstəqilliyimizin əldə edilməsində 20 Yanvar şəhidlərinin yeri və rolundan, ulu öndər Heydər Əliyevin 20 Yanvar faciəsinin və bu faciəni törədən cinayətkarların dünyada tanıdılması ilə bağlı atdığı addımlardan, ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən, şəhid ailələrinə göstərilən dövlət qayğısından danışmışdır. Natiq bu faciənin həm də xalqın şərəf tarixi olduğunu bildirmişdir.

 

TƏRTƏR
Tərtər rayonunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir şəhidlərin xatirəsinə ucaldılmış abidənin önündən başlandı. Tədbir iştirakçıları 20 Yanvar faciəsinə həsr olunmuş məktəblilərin əl işlərindən ibarət sərgiyə baxdılar. Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirildi.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov məruzə ilə çıxış etdi. Rayon rəhbəri bildirdi ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 29 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.
Rayon rəhbəri qeyd etdi ki, Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanıdır. Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edir.
Tədbirdə Qaraağacı kənd İƏD üzrə nümayəndə Lətif Həmidov, Umudlu kənd tam orta məktəbin hərbi rəhbəri Rəhman Paşayev, Qaraağacı kənd tam orta məktəbin tarix müəllimi İlahə Mənaflı, Borsunlu kənd tam orta məktəbin XI sinif şagirdi, 20 Yanvar faciəsinə həsr olunmuş inşa yazı müsabiqəsinin qalibi Raya Məmmədli çıxış etdilər.
20 Yanvar şəhidlərinə həsr olunmuş inşa yazı müsabiqəsinin qaliblərinə rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim edildi.

 

AĞDAM
Ümumxalq Hüzn Günü münasibətilə rayon ictimaiyyətinin nümayəndələri şəhidlərin əziz xatirəsinə ucaldılmış abidənin önünə əklillər və gül-çiçək dəstələri düzərək onların əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Rayon icra hakimiyyətinin başcısı Vaqif Həsənov mərasimdə çıxış edərək bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə əlləri dirsəyə qədər xalqımızın qanına batmış M.Qorbaçovun göstərişi ilə xüsusi hərbi birləşmələr və zirehli texnika Bakı şəhərində və eləcə də digər yaşayış məntəqələrində dinc insanları məhv etmək üçün onların üstünə yeridilib. Dinc əhaliyə, uşaqlara, qocalara xüsusi qəddarlıq və misli görünməyən vəhşiliklə divan tutulub. İmperiyanın qaniçən ordusu qocalara, uşaqlara, qadınlara və xəstələrə belə aman verməyərək onları qətlə yetirib, Bakı şəhərini qan gölünə çevirib. Qanlı Yanvar gecəsi həlak olan insanlar arasında Ağdamdan bir nəfər olub. Həmin qanlı faciə xalqımızın azadlığı uğrunda mübarizəsini daha da möhkəmləndirib. Misli görünməmiş bu qanlı faciəyə siyasi-hüquqi qiyməti ilk dəfə xalqımızın ümummilli lideri Heydər Əliyev verib və bəyan edib ki, Azərbaycan xalqının müstəqillik mübarizəsinə divan tutmaq üçün bu faciə törədilib.
Dərin inam hissi ilə ifadə olundu ki, şəhidlərin ölməz ruhu həmişə qəlbimizdə yaşayacaq və gələcək nəsillər igid övladlarımızın fədakarlığından həmişə qürur duyacaqlar.

 

AĞCABƏDİ
Ümumxalq Hüzn Günündə Şəhidlər Xiyabanındakı abidənin önünə gələn ağcabədililər azadlıq səməndərlərinin ruhu qarşısında baş əyərək bu müqəddəs guşəyə əklillər və gül dəstələri düzüblər. Şəhidlərin əbədiyaşar ruhuna dualar oxunmuş, onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Anım mərasimində qeyd olunub ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri yeridilib, dinc əhaliyə divan tutulub. Yüzlərlə insan qətlə yetirilib, yaralanıb və itkin düşüb. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilib.
Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda-yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib. Beləliklə, Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilib. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.

 

LAÇIN
20 Yanvar faciəsinin 29-cu ildönümü bütün yaşayış məntəqələrində və obalarda, o cümlədən bu yaxınlarda istifadəyə verilmiş yeni qəsəbədə geniş qeyd olunub. Taxtakörpü qəsəbəsində torpaqlarmızın müdafiəsi və dövlətçilik uğrunda həlak olmuş şəhidlərin xatirəsinə ucaldılmış abidə-kompleks laçınlıların ziyarətgahına çevrilib. Yanvarın 20-də abidə-kompleksin önündə rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə anım mərasimi keçirilib.
Mərasimdə ayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərov xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin bu gün böyük ehtiramla yad olunduğunu, tariximizin səhifələrinə qızıl hərflərlə yazıldığını qeyd edərək bildirib ki, keçmiş sovet imperiyası tərəfindən törədilmiş qanlı 20 Yanvar faciəsinə ilk hüquqi siyasi qiyməti ümummilli liderimiz Heydər Əliyev vermiş və bu faciənin beynəlxalq ictimaiyyət tərəfindən tanınmasına var qüvvəsini sərf edib. Mərasimdə qeyd olunub ki, şəhidlərin xatirəsinə ucaldılmış abidənin yerləşdiyi ərazi tamamilə yenidən qurulmuş, burada çoxlu ağac və gül kolları əkilmişdir.

 

XOCAVƏND
Azərbaycan xalqının tarixinə qanlı səhifə kimi daxil olmuş 20 Yanvar faciəsinin 29-cu ildönümü xocavəndli məcburi köçkünlər tərəfindən silsilə tədbirlərlə qeyd edilib.
Rayonun idarə, müəssisə və təşkilatlarında, ümumtəhsil müəssisələrində konfrans və yığıncaqlar təşkil edilib. Rayonun ümumtəhsil məktəblərində Qanlı Yanvar faciəsinə həsr edilmiş xüsusi dərslər, inşa, rəsm müsabiqələri, şahmat yarışı keçirilib. Faciəni əks etdirən guşələr və şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil edilib. Tədbirlərdə vətənpərvərlik şeirləri səsləndirilib, şagirdlərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş ümumrayon tədbiri isə Yeni Xocavənd qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış “Xatirə Abidə-Kompleksi” önündə keçirilib. Rayon rəhbərliyi, ağsaqqallar, gənclər, ziyalılar, müharibə veteranları, əmək kollektivlərinin nümayəndələri, məktəblilər, N saylı hərbi hissənin əsgərləri həzin musiqi sədaları altında abidə-kompleksini ziyarət edib, önünə əklil və al qərənfillər qoyublar.

 

FÜZULİ
Füzuli Dövlət Dram Teatrında 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə bağlı “Müstəqilliyə aparan yol” adlı tamaşa hazırlanıb.
Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin ssenarisi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur. Tamaşada əsas rollarda Elşən Gözəlov, Ayşən Gülmalıyeva, Qaçaq Qarayev, Sevinc Məmmədova, Sehran Xanlarov çıxış ediblər.
Tamaşa rayonun işğaldan azad edilmiş kəndlərində, məcburi köçkünlər üçün salınmış qəsəbələrdə, N saylı hərbi hissələrdə təqdim olunub.
***
Rayonda müstəqilliyimizin, azadlığımızın başlanğıcı olan 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə silsilə tədbirlər keçirilib. Füzuli Dövlət Dram Teatrında rayon icra hakimiyyətinin səhiyyə işçiləri ilə birgə keçirdiyi növbəti tədbir “Keçmişimizi unutmuruq, sabahımıza inamla irəliləyirik” adı altında keçirilib. Əvvəlcə Azərbaycanın azadlığı və bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon icra hakimiyyəti başçısının müavini Gülbahar Eyvazova çıxış edərək, xalqımızın azadlıq mübarizəsindən, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən Bakı şəhərində törədilən faciədən, dinc əhaliyə qarşı həyata keçirilən vəhşilikdən, hadisəyə siyasi-hüquqi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərindən danışıb.

 

ŞƏMKİR
Şəmkir rayonunda 20 Yanvar faciəsi qurbanlarının ildönümü ehtiramla yad edilib.
İlk öncə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri Şəmkir şəhərində yerləşən 20 Yanvar qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə gül dəstəsi qoydular.
Mərasimdə məktəblilərin ifasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş kompozisiya dinlənildi.
Daha sonra tədbir iştirakçıları Şəhidlər Xiyabanına yürüş keçirdilər. Sonra rayon rəhbərliyi və tədbir iştirakçıları rayon şəhidlərinin məzarlarını ziyarət edərək onların məzarlarının üzərinə tər-çiçəklər qoydular.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov şəhid ailələrinə başsağlığı verərək şəhidlərimizin vətən, xalq qarşısında əvəzsiz xidmətlərini qeyd etdi. Bildirdi ki, Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş 20 Yanvar faciəsindən 29 il keçməsinə baxmayaraq, həmin hadisənin təkcə Ümumxalq Hüzn Günü kimi deyil, eyni zamanda, öz azadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizliyini, məğrurluğunu nümayiş etdirən qəhrəmanlıq tarixi kimi qeyd olunur.
Şəmkir sakinləri də əllərində tər qərənfillər Şəhidlər xiyabanını ziyarət ediblər. Sonra ziyarətçilər məzarlara qərənfillər düzüb, vətənimiz, dövlətçiliyimiz, müstəqilliyimiz uğrunda bütün dövrlərdə şəhid olanlara Allahdan rəhmət diləyiblər.

 

ZƏRDAB
20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı Zərdabda ümumrayon tədbiri keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev anım mərasimində çıxış edərək bildirmişdir ki, 20 Yanvar hadisələri Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuş, xalqın milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilmişdir. Xalqının azadlığı, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin gündə canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar.
Qeyd edilmişdir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Zərdab rayonu 120 nəfər şəhid vermiş, 114 nəfər isə əlil olmuşdur. Rayonda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində müxtəlif tədbirlər görülmüş, şəhidlərin adları şəhər və kəndlərdəki küçələrə verilmiş, rayon mərkəzində şəhidlərin xatirə parkı yaradılmış, təhsil müəssisələrində şəhidlərə xatirə abidəsi ucaldılmışdır. Hazırda rayonun 7 orta məktəbi şəhidlərin adını daşıyır.

“Respublika”.

Read 6422 times