XƏBƏR LENTİ

Cümə axşamı, 11 May 2017 09:21

Cocuq Mərcanlıdan Şuşayadək

Azərbaycanın Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümü ilə bağlı Şuşa rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər.

Şuşa Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi yad edildikdən sonra rayon ictimaiyyətinin nümayəndələri Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə yola düşüblər.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri  Bayram Səfərov, Milli Məclisin deputatı Flora Qasımova, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavinləri Vüsalə Fətəliyeva, Əkbər Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli və ardıcıl siyasətinin hər birimizdə işğal olunmuş torpaqlarımızın son qarışına kimi düşmən tapdağından azad edilməsinə əminlik yaratmasından danışıb, əmin olduqlarını bildiriblər ki, tezliklə Azərbaycan bayrağı doğma Şuşamızda dalğalanacaq.

Şuşa rayonunun axundu Hacı Mirabdullah Həsənli Cocuq Mərcanlıda Şuşa məscidinin memarlıq üslubunda tikilən məsciddə dini adətləri yerinə yetirib, azan oxuyub.

Şuşa rayon ictimaiyyətinin nümayəndələri Cocuq Mərcanlıda yeni tikilən evlərə, məktəb binasına baxıb, uzun müddətdir bu kənddə yaşayan yeganə ailənin qonağı olublar.

Görüşdə bildirilib ki, Cocuq Mərcanlı kəndinin bərpası tezliklə başa çatacaq, illərdir torpaq həsrətində olan soydaşlarımız öz doğma yurdlarına qayıdacaqlar.

Vurğulanıb ki, Cocuq Mərcanlı böyük qayıdışın başlanğıcıdır. Bu qayıdış yolu Cocuq Mərcanlıdan Şuşayadək uzanacaq. Allah o günü tezliklə hər birimizə qismət etsin!

 

 

AZƏRTAC

Read 18 times