XƏBƏR LENTİ

Bazar, 08 Yanvar 2017 08:18

Bölgə xəbərləri

Tərtər

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə və müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq Tərtər rayonu ərazisində yerləşən hərbi hissələrdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “Açıq qapı” günü keçirilib.

Bayram tədbirlərində rayon icra hakimiyyətinin nümayəndələri, əsgər valideynləri və doğmaları, müharibə veteranları, şəhid ailələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, məktəblilər və rayon ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.

Nümayəndələr əvvəlcə hərbi hissələrdə əsgərlərin yaşayışı, məişət şəraiti ilə tanış olublar, xidməti və inzibati binalara, əsgər yataqxanalarına, yeməkxanalara baş çəkiblər.

“Açıq qapı” günündə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hərbi hissələrin şəxsi heyətini və əsgər valideynlərini 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycanda ordu quruculuğu işi 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra başlayıb. Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin sərkərdəlik bacarığı sayəsində formalaşıb, döyüşkən bir orduya çevrilib. Hazırda Azərbaycan Ordusu regionun ən güclü, nizam-intizamlı və müasir silahlarla təchiz olunmuş, hərbi-texniki strukturlara, bacarıqlı hərbçi kadr potensialına malik ordusudur.

Hərbi hissə ilə tanışlıq zamanı valideynlər güclü ordusu olan Azərbaycanla fəxr etdiklərini söyləyib, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Hərbi hissələrdə rayonun musiqi kollektivləri maraqlı konsert proqramları ilə çıxış ediblər.

Maarif RZAYEV,

“Respublika”.

 

Lənkəran

Lənkəran Dövlət Universitetinin 1 saylı tədris korpusunda yeni il ərəfəsində 100 yerlik tələbə yeməkxanası istifadəyə verilmişdir. Yeni ilin atributları ilə bəzədilmiş yeməkxanada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilmidir.

Universitetin rektoru vəzifəsini icra edən, riyaziyyat elmləri doktoru, professor Natiq İbrahimov şənlik iştirakçılarını salamlamış, onlara bayram arzularını söyləmişdir.

Tədrisdə və universitetin ictimai həyatında fərqlənən müəllim və tələbələrin bir qrupuna fəxri fərmanlar təqdim olunmuşdur. Fakültələr arasında keçirilmiş idman yarışlarının qalibləri mükafatlandırılmışlar.

Sonra yüksək təhsil göstəriciləri qazanmış tələbə və magistrlərə universitet təqaüdünün verilməsi barədə rektorluğun əmri oxunmuşdur.

Tədbirdə universitetin bədii yaradıcılıq qruplarının çıxışları alqışlarla qarşılanmışdır. Tələbələrin ifasında Vətən, müstəqillik, Yeni il haqqında mahnılar səslənmiş, rəqslər ifa edilmişdir. Şaxta baba və Qar qız viktorina qaliblərinə hədiyyələr vermişdir.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.

 

 

 

Read 96 times