XƏBƏR LENTİ

Şənbə, 31 Dekabr 2016 05:35

MASALLI XƏBƏRLƏRİ

Yeni səhiyyə ocağı

Rayonda əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti ildən-ilə yaxşılaşır. Son vaxtlar qəsəbə və kəndlərdə səhiyyə müəssisələri cari və əsaslı təmir olunur, yeni müalicə ocaqları tikilir. Dünya Bankının maliyyələşdirdiyi ikinci Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində Babaser kəndində yeni tibb məntəqəsi tikilib.

Kəndin mərkəzində yerləşən səhiyyə ocağının açılış mərasimində rayon icra hakimiyyətinin rəsmiləri, idarə və müəssisə rəhbərləri, ziyalılar, kənd sakinləri, tibb işçiləri iştirak edirdilər.

Tədbiri Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Ələkbər Cəfərov açaraq bildirdi ki, Babaser kəndinin rahat yolu, müasir tipli məktəbi, işığı, təbii qazı vardır. Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynovun ötən il kənd sakinlərilə görüşündə tibb məntəqəsinə ehtiyacın olması barədə fikirlər səsləndi. İcra başçısı lazımi kömək göstərəcəyini bildirdi. Qısa vaxtda yaraşıqlı, müasir tibbi avadanlıqlarla təchiz edilmiş təzə məntəqə inşa olundu.

Kənd ağsaqqalı Məhəmməd Abbasov, müəllim Pərvanə Tağıyeva sakinlərin sevinclərini ifadə etdilər, ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.

Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov səhiyyənin inkişafına göstərilən dövlət qayğısından, rayonda yeni açılan tibb ocaqlarından, xidmət mədəniyyətinin yüksəldilməsi sahəsində həyata keçirilən tədbirlərdən danışdı.

Millət vəkili Elmira Axundova əlamətdar hadisə münasibətilə sakinləri təbrik edərək kəndin daha bir probleminin öz həllini tapdığını söylədi.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxışında bildirdi ki, son illər rayonda 14-dən artıq səhiyyə ocağı yenidən tikilib. Əvvəllər tibb məntəqələrinin bir neçəsi şəxsi evlərdə yerləşirdi.

Tibb məntəqəsinin rəmzi lenti kəsildikdən sonra qonaqlar səhiyyə ocağında yaradılmış şəraitlə yaxından tanış oldular.

Ağsaqqallar

ön sıradadırlar

Bu günlərdə Masallı rayon ağsaqqallar şurasının növbəti konfransında ağsaqqalların cəmiyyətdə rolundan, onların rayonun ictimai-siyasi həyatında fəal iştirakından ətraflı danışılıb.

Tədbiri Masallı ziyalıları İctimai Birliyinin sədri Qardaş Fətullayev açıb. Sonra rayon ağsaqqallar şurasının sədr müavini Ələşrəf Niftiyevin hesabatı dinlənilib.

Ərkivan qəsəbə, Qarğalıq, Türkoba, Banbaşı, Güllütəpə kənd ərazi ağsaqqallar şurasının sədrləri Şərafət Əzimov, Rəbbi Kərimov, Səyyad Quliyev, Əli Əhmədov, Məmmədəli Əlinağıyev ağsaqqalların qəsəbə və kəndlərin ictimai həyatında rolundan, hərbi-vətənpərvərlik sahəsində gənclərlə apardıqları işlərdən danışdılar.

Respublika ağsaqqallar şurasının nümayəndəsi, AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor Sudeyif İmamverdiyev Masallının sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində uğurlu layihələrin həyata keçirildiyini, rayonun şəhər, qəsəbə və kəndlərinin simasının xeyli yeniləşdiyini, müasirləşdiyini bildirdi və rayon ağsaqqallar şurasının qarşısında duran vəzifələrdən danışdı.

Konfransda təşkilati məsələyə baxıldı. Uzun illər rayonda rəhbər vəzifələrdə çalışmış, dövlət qulluğunda səmərəli fəaliyyətinə görə ordenlə təltif olunmuş, yaradıcı və nüfuzlu ziyalı Ələşrəf Niftiyev Masallı rayon ağsaqqallar şurasının sədri, Mirqabil Hüseynov və Lətifə Mövsümova sədr müavinləri seçildilər.

 

Əlisəfa HƏSƏNOV,

“Respublika”.

 

 

 

Read 52 times