XƏBƏR LENTİ

Şənbə, 31 Dekabr 2016 05:33

Tərtər: qazanılmış uğurlar yeni nailiyyətlərə yol açır

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə Tərtər şəhərinin mərkəzi meydanında ümumrayon tədbiri keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri əlamətdar bayram münasibətilə təbrik edib, ümummilli lider Heydər Əliyevin milli həmrəyliyin möhkəmləndirilməsi sahəsindəki əvəzsiz xidmətlərindən, 2016-cı ildə qazanılmış uğurlardan, insanların rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilmiş genişmiqyaslı işlərdən danışıb. Dekabr ayının əvvəllərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Tərtərə səfərini xatırladan rayon rəhbəri qeyd edib ki, bu tarixi səfərin uğurlu yekunu olaraq rayonda içməli su xəttinin, şahmat məktəbinin, YAP rayon təşkilatının inzibatı binasının, 100 yerlik uşaq bağçasının, Sarıcalı kəndində Tərtər çayı üzərində salınmış yeni körpünün, “N” saylı hərbi hissənin açılışı əlamətdar hadisə olaraq qədirbilən Tərtər əhalisinin hafizəsində əbədi yaşayacaq.

M.Məmmədov qeyd etdi ki, ötən il tərtərlilər üçün yaddaqalan olmuşdur. Rayonun makroiqtisadi göstəriciləri yüksəlmiş, kənd təsərrüfatı nəzərəçarpacaq dərəcədə inkişaf etmiş, sosial tərəqqiyə nail olunmuşdur. Cəbhəyanı kəndlərdə sosial problemlərin həlli istiqamətində işlər xeyli sürətləndirilmişdir. Tərtərin siması dəyişmiş, inkişaf etmiş, gözəlləşmişdir. Yollar genişləndirilmişdir, səkilər yenidən qurulmuş, divarlar müxtəlif bəzək daşları ilə üzlənmişdir. Türkiyədən gətirilmiş gecə lampaları şəhəri çıraqban etmiş, ona füsünkar gözəllik bəxş etmişdir. Bundan başqa cəbhə xəttinə yaxın 6 kənd gecə işıqlandırması ilə təmin olunmuş, Qapanlı kəndinə gedən yol asfaltlanmışdır. Yeni parklar, yolkənarı meşə zolaqları salınmış, minlərlə gül və bəzək kolları, dekorativ ağaclar əkilmiş, “Nümunəvi məhəllə”lər salınmışdır. İnsanların gündəlik sosial ehtiyacları -su, işıq, qaz problemləri həll olunmuşdur.

Tərtər şəhərinin E.Hüseynov, Nizami, Xətai küçələrində ümumi uzunluğu 15 kilometrə yaxın yeni bordürlar düzülmüş, işıqlanma sistemi qurulmuş, yaşıllıqlar salınmış, kommunikasiya xətləri qaydaya salınmışdır. Bəzi küçələri başdan-başa afaltlanmışdır.

Elektrik naqilləri SİP kabellə əvəz olunmuşdur. Azərbaycanın Milli Qəhrəmanı V.Orucovun və “Azərbaycan Bayrağı” ordenli M.Mahmudovun adına olan küçələrdə təmir-abadlıq işləri aparılmış, istinad divarları bəzək daşları ilə üzlənmiş, gecə işıqlanma sistemi quraşdırılmış, yola asfalt örtüyü çəkilmiş və küçənin girişində şəhidlərin barelyefi quraşdırılmışdır. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun, “Azərbaycan Bayrağı” ordenli şəhid İlqar Həsənovun adları verilmiş küçələrdə də abadlıq işləri aparılmış və həmin küçələrin giriş hissəsində də tezliklə barelyeflər qoyulacaqdır.

Bu gün Tərtər çayı sahilində 5 hektar ərazidə yeni park salınır.

2015-ci ilin iyun ayından etibarən Tərtər şəhərinin və ətraf 11 kəndin içməli su və kanalizasiya sisteminin qurulması layihəsinin icrasına başlanılmışdır. Bu işlər bu gün də uğurla davam etdirilir.

Yekunda rayon rəhbəri bütün Azərbaycan xalqını 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik etdi, hər bir azərbaycanlı ailəsinə  sülh və firavanlıq arzuladı.

Bayram tədbirində 2016-cı ildə rayonun ictimai-siyasi həyatında, sosial-iqtisadi inkişafında fərqlənənlərə Fəxri fərmanlar, 100 nəfərə ərzaq yardımı, daha 100 nəfərə isə qiymətli hədiyyələr verildi.

Rayonun musiqi kollektivləri rəngarəng konsert proqramı ilə iştirakçılarda xoş ovqat yaratdılar.

 

Maarif RZAYEV,

“Respublika”.

Read 44 times