XƏBƏR LENTİ

Çərşənbə, 28 Dekabr 2016 16:23

Ağstafada sosial-iqtisadi tərəqqi: nəticələr və görülən işlər

Ağstafa 1990-cı ildə müstəqil inzibati rayon olmuşdur. Gənc olmasına rəğmən, rayon özünün intibah dövrünü yaşayır. Respublika Prezidenti cənab İlham Əliyevin ölkə iqtisadiyyatının neftdən asılılığını aradan qaldırması, sənaye və aqrar sahənin inkişaf etdirilməsi, irimiqyaslı infrastruktur layihələrin həyata keçirilməsi istiqamətində tapşırıq və tövsiyələri ölkənin hər yerində olduğu kimi, Ağstafada da rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə uğurla icra edilir. Rayonda yeni iş yerlərinin açılması və vətəndaşların işlə təminatı prioritet məsələ kimi qarşıya qoyulmuşdur. 2016-cı ildə Ağstafa rayonu üzrə ümumi məhsul buraxılışının həcmi 16.3 faiz artmışdır. Keçən ilin eyni dövrü ilə müqayisədə sənaye məhsulunun ümumi həcmi 9.9 faiz, kənd təsərrüfatı məhsullarının həcmi 4.3 faiz artmış, tikintidə 55.3 faiz, nəqliyyat xidmətində 4.1 faiz, ticarət sahəsində 16.6 faiz artım olmuşdur. Rayon üzrə orta aylıq nominal əməkhaqqı 242 manata çatdırılmışdır. Rayonun bu və digər iqtisadi göstəricilərindəki artımında dövlət sektoru ilə yanaşı özəl sektor da əhəmiyyətli paya malikdir. Son illər Ağstafa rayonunda həyata keçirilmiş və hazırda gerçəkləşən layihələr rayonda qeyri-neft, özəl sektorun inkişafına hesablanmışdır. Belə irimiqyaslı layihələrə “Karvan-L Eko” sənaye parkını, “Saloğlu” mebel istehsalı müəssisəsinin “Modern” mebel fabrikini, “Ağstafasüd MMC”-ni, “Ağstafa Aqroservis” MMC, “Akkord” tikiş fabrikini və başqa iri istehsal, xidmət və kənd təsərrüfatı müəssisələrini misal göstərmək olar ki, onlar da təkcə Ağstafa rayonunun deyil, bütövlükdə regionun iqtisadi inkişafında mühüm rol oynayır.

“Karvan-L Eko” sənaye parkının tikintisinə 2016-cı ilin iyun ayında başlanmışdır. Layihənin ümumi dəyəri 12,5 milyon manatdır və özəl investisiya hesabına maliyyələşir. Layihə üzrə bütün istehsal sahələri tam qurulmasa da artıq burada məhsul istehsal olunur. Sənaye parkının istehsal sahəsi 11 müəssisə və 1 istixana kompleksindən ibarətdir. Hazırda 9 müəssisənin və istixana kompleksinin inşası başa çatdırılıb. Sənaye parkında kənd təsərrüfatı məhsulları tullantılarının emalı və üzvi-kimyəvi məhsulların istehsalı müəssisəsi, beşinci nəsil texnoloji idarəetməyə əsaslanan istixana kompleksi, inşaat materialları (metal dam örtükləri, plastik və şüşə materialları) istehsalı müəssisəsi, plastik tullantıların təkrar emalı müəssisəsi, üzüm, ərik, xurma və digər meyvə bağlarının salınması nəzərdə tutulmuşdur. “Karvan-L Eko” sənaye kompleksində layihənin birinci mərhələsi başa çatmışdır. Hazırda kirəmit zavodunun tikintisi üçün hazırlıq işləri başa çatmışdır. Sənaye parkı məhsullarının ixracı ölkəyə valyuta axınına təkan verəcək.
Rayonda “Ağstafa Aqroservis” MMC-nin taxıl və un məmulatları kombinatının tikintisi sürətlə davam etdirilir. Layihənin cari ilin may ayında başlanmış tikintisi 3,5 hektar ərazidə aparılır, ümumi dəyəri 31,1 milyon manat təşkil edir və tamamilə xarici investisiyadır. Tikintidə hazırda 300 nəfər çalışır. Bu layihədə 6 min ha torpaq sahəsini əhatə edən taxılçılıq təsərrüfatı, 30 min ton saxlama gücü olan taxıl anbarı, ümumi sahəsi 4048 kvadratmetr olan toxum emalı müəssisəsi, istehsal gücü saatda 5 ton olan taxıl emalı və un zavodu, istehsal gücü saatda 5 ton olan çörək və çörək məmulatları zavodu, marketinq, satış və eyni zamanda 200 nəfərə xidmət edən “Fast food” iaşə xidməti sistemi, 300 oturacaq yerli konfrans zalı, 140 yerlik yeraltı avtomobil dayanacağı planlaşdırılır. Layihə çərçivəsində 105 nəfər daimi işlə təmin olunacaqdır. Toxum emalı müəssisəsinin tikinti işləri başa çatmaq üzrədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 oktyabr 2016-cı il tarixində Ağstafa rayonuna səfəri zamanı açılışı olan “Modern” mebel fabrikində işlər sürətlə davam edir. “Saloğlu” şirkətinin “Modern” mebel istehsalı fabrikinin tikinti işlərinə 2015-ci ilin dekabr ayında başlanmışdır. Ümumi dəyəri 9,6 milyon manat olan fabrik 2 ha ərazini əhatə edir və 7 istehsal sahəsindən ibarətdir ki, bunlardan da 5-də hazırda məhsul istehsal edilir. Fabrikdə 200 nəfər daimi işlə təmin edilib. Fabrik Almaniya və İtaliyanın aparıcı şirkətlərinin avadanlıqları ilə təchiz olunub. Fabrikdə yumşaq mebellərin taxta-karkas hissələrinin, metal və yay hissələrinin, süngər kəsilməsi və qəlibə salınması sahəsində və yumşaq mebellərin üzlüklərinin tikişi sahəsində, divan və kresloların yığılması sahəsində ən müsir avadanlıqlar qurşadırılmışdır. Yumşaq mebellər 3 konveyer xətti üzrə yığılır ki, bu da eyni zamanda bir neçə modelin istehsalına imkan verir. Fabrikdə gündəlik 60 dəst yumşaq mebel və 120 ədəd oturacaq stul hazırlanır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Ağstafa rayonunda ənənəvi istehsal və emal sahələrinin bərpası istiqamətində ardıcıl işlər görülür. Rayonda xalçaçılığın qədim tarixinin olmasını nəzərə alaraq yeni xalça istehsalı müəssisəsinin tikintisi nəzərdə tutulmuşdur. Dövlət başçısının tapşırığına əsasən “Azərxalça” ASC-nin Ağstafa xalça toxuculuğu müəssisəsinin tikintisinə başlanılmışdır. Həmin müəssisənin tikintisi üçün rayon icra hakimiyyəti tərəfindən 0.50 ha torpaq sahəsi ayrılmışdır. Müəssisədə ixtisaslı işçilərin çalışması üçün Heydər Əliyev Mərkəzində xalçaçılıq dərnəyi açılmışdır. Müəssisə işə salındıqdan sonra burada 120 nəfər daimi işlə təmin olunacaqdır. Tikinti işləri sürətlə davam edir.
Ağstafa rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən aqrar sahədə gəlirli sahələr sayılan baramaçılıq, üzümçülük, taxılçılıq və bağçılığın inkişafı istiqamətində mühüm işlər görülmüşdür. Cari ildə rayonda 1800 kiloqram barama istehsal olunmuşdur, 476 ha üzüm bağı, 1172 ha meyvə bağı mövcuddur. Əkinəyararlı torpaqların istifadəyə qaytarılması istiqamətində Ceyrançöl massivində 13 min ha ərazi əkin üçün nəzərdə tutulmuşdur. Cari il ərzində rayon üzrə kənd təsərrüfatı məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 7.5 faiz artmışdır. Bu, dövlət tərəfindən fermerlərə verilən dəstək, subsidiya, texnika təminatı nəticəsində əldə olunmuşdur. Rayonda 10519 ha sahədə taxıl biçini aparılmış, 31603 ton məhsul istehsal olunmuş və hər hektardan 30.0 sentner məhsul götürülmüşdür. Orta məhsuldarlıq ötən illə müqayisədə artıq olmuşdur.
Rayonda sosial-mədəni sahələrin inkişafına böyük önəm verilir. Təhsilin, səhiyyənin, inzibati idarəetmənin, mədəniyyətin, turizmin, poçt xidmətinin, kommunal xidmətlərin səviyyəsi günbəgün müasir tələblər səviyyəsinə çatdırılır. Son 5 ildə Ağstafa rayonunda 7 tam orta məktəb binası tikilmiş, inventar və avadanlıqlarla tam təmin olunmuşdur. Hazırda sərhəddə yerləşən Köhnəqışlaq kənd orta məktəbinin tikintisi davam etdirilir. Yeni məktəb binasının tikintisi şagirdlərin məktəbə təhlükəsiz gediş-gəlişini asanlaşdıracaq, tədrisin keyfiyyətini yüksəldəcəkdir. Rayonun Muğanlı, Poylu, Qaçaq Kərəm, Köçəsgər kənd 2 saylı, Həsənsu, Pirili kənd tam orta məktəblərində və Uşaq Gənclər İdman məktəbində təmir işləri aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına rayon üzrə 521 nəfər 5 yaşlı uşaqlar 35 qrup təşkil olunmaqla təhsil alırlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 oktyabr 2016-cı il tarixli “Ağstafa şəhərində 3 saylı tam orta ümumtəhsil məktəbi binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncamına uyğun rayon İcra hakimiyyəti tərəfindən zəruri tədbirlər görülür. Belə ki, Ağstafa şəhər 1320 şagird yerlik 3 saylı tam orta ümumtəhsil məktəbi binasının əsaslı təmiri işlərinin həyat keçirilməsi üçün layihə-smeta sənədləri hazırlanmış, ekspertizadan keçirilmiş və tikinti işlərinə başlanılması üçün rəy alınaraq maliyyələşmənin açılması məqsədi ilə sənədlər üçün müvafiq dövlət qurumlarına təqdim edilmişdir. Rayonun ümumtəhsil müəssisələrində əlverişli təlim-tərbiyə şəraitinin yaradılmasına xidmət edən maddi-texniki bazanın yenidən qurulması, müasir tədris avadanlığı və informasiya-kommunikasiya texnologiyaları ilə təminat sahəsində genişmiqyaslı işlərin görülməsi davam edir. Körpələr evi-uşaq bağçalarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində iş aparılmışdır. Aşağı Kəsəmən kənd körpələr evi-uşaq bağçasının tikintisi başa çatdırılmış, Dağ Kəsəmən kənd 2 saylı körpələr evi-uşaq bağçasında təmir işləri aparılmış və inventar avadanlıqlarla təchiz olunmuşdur. Hazırda şəhər 5 saylı, Dağ Kəsəmən kənd 1 saylı körpələr evi-uşaq bağçalarının yeni binasının tikintisi davam etdirilir. Rayonda ud çalğı aləti formasında yüksək zövqlə tikilmiş, müasir standartlara cavab verən, hər cür avadanlıqla təchiz edilmiş 300 şagird yerlik möhtəşəm Uşaq Musiqi Mərkəzi tikilərək istifadəyə verilmişdir. 250 oturacaq yerlik rayon mədəniyyət evi əsaslı təmir olunaraq yeni avadanlıqlarla təchiz olunmuşdur.
Hər iki binanın açılışını cari ilin oktyabr ayının 19-da rayona səfəri zamanı ölkə Prezidenti cənab İlham Əliyev etmişdir. Bundan başqa, “Heydər Əliyev Mərkəzi” də əsaslı təmir edilmişdir. Qeyd etmək lazımdır ki, rayon mədəniyyət evinin yerləşdiyi Eyvaz Qələmçəli küçəsi tamam yenidən qurulmuşdur, belə ki, küçədə səki daşları yenisi ilə əvəz olunmuş, evlərin fasadları təmir olunmuşdur. Küçədə bəzəkli gecə lampaları quraşdırılmışdır ki, bu da gecələr şəhərə xüsusi gözəllik verir. Yeri gəlmişkən Ağstafa şəhərinin abadlaşdırılması küçə və meydanların yenidən qurulması çoxmənzilli yaşayış bunalarının təmiri işləri ön plana çəkilmişdir. Nüsrət Kəsəmənli, Həmid Abbas və Səməd Vurğun küçələrində abadlıq-yenidənqurma işləri başa çatdırılmış, fərdi yaşayış evlərinin və mənzillərin dam örtükləri və fasadlarında əsaslı təmir işləri aparılmışdır.
İqtisadiyyatın şaxəli inkişafının hərtərəfli təminatı üçün müasir infrastruktur əsas şərtlərdəndir. Rayonun beynəlxalq əhəmiyyətli dəmiryolu və avtomobil yolunun üzərində yerləşməsi onun iqtisadi əhəmiyyətini daha da artırmışdır. Hazırda yol təsərrüfatının daha da müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Ağstafa Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Azəravtoyol” ASC tərəfindən Ağstafa rayonu ərzisində inşasına başlanılmış 4 avtomobil körpüsünün tikinti işləri sürətlə davam edir. Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhədi və Poylu-Düzqışlaq-Qazax avtomobil yollarının üzərində inşası planlaşdırılan yeni avtomobil körpüləri Ağstafaçay, Acıdərəçay və Kür çayları, həmçinin dəmir yolu üzərində inşa edilir. Kür çayı üzərində inşa edilən körpünün uzunluğu 194 metr, Ağstafaçay üzərində inşası aparılan körpünün uzunluğu 84 metr, Acıdərəçay üzərindəki körpünün uzunluğu 66 metr, dəmir yolu üzərindəki tikilən yeni körpünün isə uzunluğu 34 metr olacaqdır. Hər bir körpünün hərəkət hissəsinin eni 11,5 metr, iki istiqamət üzrə piyada səkilərinin eni 1,5 metr olmaqla, ümumi eni 14,5 metr olacaq. Hazırda körpülərdə monolit beton borular və dayaqların inşası, dəmir-beton tirlərin quraşdırılması və körpü yanlarının qruntla kipləşdirilərək doldurulması işləri aparılır. Körpülərin tezliklə istifadəyə verilməsi nəzərdə tutulur. Cari ildə rayonda nəqliyyat xidmətinin 4,1 faiz artımı nəzərə çarpır.
2016-cı ildə rabitə sisteminin yaxşılaşdırılması sahəsində də bir sıra addımlar atılmış, internet istifadəçilərinin sayı artırılmış, 360 abonentə internet verilmiş və 151 abonentə telefon çəkilmişdir. Rayon mərkəzində 100 nömrə sayı artırılmış və yeni salınmış məhəllələrə telefon və internet verilməsi işləri aparılır. Rayonda yerləşən istehsal, xidmət və kənd təsərrüfatı müəssisələri də stasionar telefon xətləri və internetlə təmin edilmişdir. Rayonda kənd təsərrüfatı məhsuldarlığını təmin etmək üçün görülən əsas tədbirlərə nümayəndəliklər tərəfindən 12,7 km suvarma arxları təmizlənməsini və 27 su keçidi salınmasını misal göstərmək olar. Ağstafa şəhərinin içməli su təminatının yaxşılaşdırılması və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin həyata keçirilməsinə 2010-cu ildən başlanılmışdır. Vacib problemlərdən olan çoxmənzilli və çoxmərtəbəli yaşayış binalarının içməli su təminatı həllini tapmışdır. Xlorator binasında xlor balonları quraşdırılması təmin edilmişdir. Kənd və qəsəbələrdə əhali içməli su məqsədi ilə suvarma üçün qazılmış subartezian quyularından istifadə edir. Muğanlı, Qarayazı, Sadıqlı, Ağgöl və Böyük Kəsik yaşayış məntəqələrinin qazlaşdırılması işi davam etdirilir. Köçəsgər və Eynallı kəndlərində qaz xətt və qurğularının əsaslı təmiri başa çatdırılmışdır. Rayonun Ermənistanla təmas xəttində yerləşən Köhnəqışlaq kəndində rekonstruklsiya işləri aparılmışdır. Vurğun qəsəbəsində 2 ədəd qaz tənzimləyici yenisi ilə əvəz edilmişdir. Rayon ərazisində 2494 metr dövrələmə qaz xətti çəkilmiş və 1535 metr müxtəlif diametrli korroziyaya uğramış qaz xətti yenisi ilə əvəz edilmişdir. Əhalinin və qeyri-əhalinin elektrik enerjisi ilə təminatında cari ildə də bir sıra işlər görülmüş, sıradan çıxmış transformatorlar bərpa edilmiş 10, 6 və 04 kv elektrik xətlərində cari təmir işləri aparılmış, çürük dayaqlar yenisi ilə əvəz edilmişdir. “Azərişıq” ASC tərəfindən rayon ərazisində quraşdırılmış 22 ədəd yeni transformator məntəqələrindən 0,4 kv elektrik xətlərinin çəkilişi davam etdirilir.
Ölkə başçısının tapşırıqlarına əsasən rayonda sahibkarlığın təbliğ edilməsinin və iqtisadiyyatın hərtərəfli, dinamik inkişaf etdirilməsinin prioritet məsələ kimi daim diqqət mərkəzində saxlanılması nəticəsində əldə olunmuş uğurlar və görülən işlər onu deməyə əsas verir ki, Ağstafa özünün tərəqqi və inkişaf dövrünü yaşayır.
Vəli VƏLİYEV,
“Respublika”.

 

 

 

Read 31 times