XƏBƏR LENTİ

Şənbə, 24 Dekabr 2016 12:32

Vergilər naziri Ucarda vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı problemlərin həllinə köməklik göstərirlər.

Vergilər Nazirliyi Analitik-informasiya şöbəsinin məlumatında bildirilir ki, növbəti belə qəbul dünən vergilər naziri Fazil Məmmədov tərəfindən Ucar rayonunda Ucar, Zərdab, Ağdaş, Göyçay və Kürdəmir rayonlarından olan vətəndaşlar üçün keçirilib. Qəbulda Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər, vergilərin hesablanması, ödənilməsi, əmək müqavilələrinin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əməkhaqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.

Qəbul zamanı qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razı qaldıqlarını bildiriblər.

Ülvi QARAYEV,

“Respublika”.

 

 

 

Read 28 times