XƏBƏR LENTİ

Şənbə, 24 Dekabr 2016 12:20

“Gəncə Avropa Gənclər Paytaxtı-2016” layihəsinin bağlanış mərasimi

Dövlət Himninin səslənməsi ilə başlanan mərasimdə Azərbaycanın, o cümlədən Gəncənin mədəniyyəti, qədimliyi, tolerantlığı, multikulturalizmi, əhalisi ilə yanaşı, “Gəncə Avropa Gənclər Paytaxtı-2016” çərçivəsində həyata keçirilən layihələri özündə əks etdirən videoçarx nümayiş olundu. Mərasimi giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq, əziz qonaqları Avropanın Gənclər Paytaxtında – Azərbaycanın qədim və zəngin mədəniyyətə malik ən gözəl şəhərlərindən biri, dahi Azərbaycan şairi Nizami Gəncəvinin yurdu olan Gəncədə görməkdən məmnun olduğunu bildirdi. Təməli əbədiyaşar Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini xüsusi vurğulayan Elmar Vəliyev öz nitqini ümummilli lider Heydər Əliyevin “Azərbaycanın gələcəyi, Azərbaycanın gəncləridir” deyimi ilə bitirdi.

Mərasimdə Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxış edərək bildirdi ki, Gəncənin Avropa Gənclər paytaxtı seçilməsi ilə əlaqədar ölkə Prezidentinin Sərəncamına əsasən geniş tədbirlər planı hazırlanmış və müvəffəqiyyətlə həyata keçirilmişdir.

Mərasimdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev ölkədə gənclərə yaradılan münbit şəraitdən geniş söhbət açaraq bildirdi ki, çox uğurla həyata keçirilən gənclər siyasətində gənclər təşkilatlarının rolu danılmazdır.

Varna şəhərinin meri İvan Portnix iştirakçıları salamlayaraq qonaqpərvərliyə görə öz dərin minnətdarlığını bildirdi.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxışında qeyd etdi ki, ölkəmizdə həyata keçirilən gənclər siyasəti dünya üçün bir örnəkdir. Dövlətimizin gənclərə diqqəti və qayğısının hər bir sahədə özünü göstərdiyini qeyd edən natiq, Azərbaycanın gənclər siyasətinin çox uğurlu bir model olduğunu və bu gün bu modelin öz bəhrəsini layiqincə verdiyini diqqətə çatdırdı.

Mərasimdə birmənalı vurğulandı ki, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Gəncə Avropa Gənclər Paytaxtı-2016” çərçivəsində həyata keçirilən layihələrə 9 nazirlik və 2 komitə dəstək olmuşdur. Məhz Gəncədə aparılan geniş layihələr çərçivəsində Gənclər Evi, Avropa Gənclər Paytaxtı İctimai Birliyinin ofisi, Kitab Evi, Gəncə Avropa Gənclər Paytaxtı Parkı və başqa müasir tikililərin açılması ölkə rəhbərinin Nizami yurduna olan diqqət və qayğısının bariz nümunəsidir. Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev gurultulu alqış sədası altında, Avropa Gənclər Paytaxtı titulunun rəmzi açarını Varna şəhərinin meri İvan Protnixə təqdim etdi.

Mərasimin sonunda, bu il “Gəncə Avropa Gənclər Paytaxtı-2016” layihəsinin həyata keçirilməsində fərqlənənlərə “Fəxri Fərman”lar təqdim olundu.

 

Zabit XƏlilov,

“Respublika”. 

 

 

 

Read 42 times