XƏBƏR LENTİ

Şənbə, 24 Dekabr 2016 12:18

NAFTALANDA YENİ TİKİLMİŞ SUKANAL İDARƏSİ İSTİFADƏYƏ VERİLDİ

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətindən aldığımız məlumata görə, respublikamızın mühüm turizm bölgələrindən sayılan, dünya əhəmiyyətli, unikal müalicəvi kurort və sanatoriyaların yerləşdiyi Naftalan şəhərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası başa çatmışdır. Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində şəhərin su-kanalizasiya infrastrukturu tamamilə yenidən qurulmuş, Naftalan Sukanal İdarəsi üçün yeni tikilmiş müasir tipli inzibati bina istifadəyə verilmişdir.

Dekabrın 21-də Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin, Yaponiyanın Azərbaycandakı səfirliyinin, “Azərsu” ASC-nin və Naftalan Şəhər İcra Hakimiyyəti rəhbərliyinin, həmçinin şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Naftalan Sukanal İdarəsinin yeni inzibati binasının açılışı olmuşdur.

Açılış mərasimində Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov son illər şəhərdə aparılan abadlıq-quruculuq işlərindən danışmış, içməli su və kanalizasiya infrastrukturunun yenidən qurulmasının şəhərin sosial-iqtisadi inkişafı, turizm potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.

Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi qeyd etmişdir ki, kurort şəhəri sayılan Naftalanda içməli su və kanalizasiya sistemlərinin tamamilə yenidən qurulması sevindirici haldır və Yaponiya hökuməti bundan sonra da Azərbaycanda su və kanalizasiya layihələrinin icrasına dəstək verəcəkdir.

“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində bölgələrdə genişmiqyaslı içməli su və kanalizasiya layihələrinin icra edildiyini bildirmişdir: “Bu layihələr sırasında kurort şəhəri sayılan Naftalanda su və kanalizasiya infrastrukturunun müasir standartlar səviyyəsində yenidən qurulması mühüm əhəmiyyət daşıyır. 2030-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla hazırlanmış layihədən Naftalan şəhərində 9800 nəfər, Qasımbəyli və Qaşaltı Qaraqoyunlu kəndlərinə 3200 nəfər olmaqla, ümumilikdə 13 min sakinin faydalanması nəzərdə tutulmuşdur. Artıq Naftalan şəhəri və Qasımbəyli kəndinin sakinləri yeni mənbənin keyfiyyətli suyundan istifadə edir. Dayanıqlı su təchizatının aparılması üçün Goranboy şəhərini içməli su ilə təmin edən Ballıqaya-Goranboy magistral su kəmərindən Naftalan şəhərinə 6,4 km uzunluğunda magistral su xətti çəkilmiş, hər birinin həcmi 3000 kubmetr olan 2 ədəd anbar tikilmişdir. 2013-cü il sentyabrın 10-da möhtərəm Prezident İlham Əliyevin iştirakı ilə Naftalan şəhərinə içməli suyun verilməsi mərasimi keçirilmişdir. Hazırda şəhərə saniyədə 54 litr su verilir ki, bu da istehlakçıların tələbatını tam ödəyir”.

Qeyd olunmuşdur ki, layihə çərçivəsində Naftalan şəhərində 36,8 km içməli su şəbəkəsi yaradılmış, ev birləşmələri verilmiş, abonentlər sayğacla təmin olunmuş, şəhərdə 120-dən artıq yanğın hidrantı quraşdırılmışdır. Bununla paralel olaraq Naftalan şəhərində 39,4 km kanalizasiya şəbəkəsi yaradılmış, 867 kanalizasiya quyusu, 1750 m uzunluğunda kanalizasiya kollektoru inşa edilmişdir. Abonentlərin yeni yaradılmış kanalizasiya şəbəkəsinə qoşulması təmin edilmişdir.

Layihənin sonuncu mərhələsində Naftalan şəhərində yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 6 min kubmetr layihələndirilən tullantı sutəmizləyici qurğunun inşası nəzərdə tutulmuşdur. Tullantı sutəmizləyici qurğunun tikintisi üzrə tender elan edilmişdir.

Şəhər ictimaiyyəti adından Hatəm Qocayev çıxış edərək şəhərin içməli su və kanalizasiya infrastrukturunun yaxşılaşdırılmasına göstərilən dəstəyə görə ölkə rəhbərliyinə və Yaponiya hökumətinə minnətdarlığını bildirmişdir.

Tədbir iştirakçıları inzibati binaya baxış keçirmiş, burada yaradılmış şəraitlə tanış olmuşlar. Qonaqlara məlumat verilmişdir ki, Naftalan Sukanal İdarəsi üçün 1600 kvadratmetr ərazidə tikilmiş yeni inzibati binanın ümumi sahəsi 484 kvadratmetrdir. İkimərtəbəli binada ulu öndər Heydər Əliyevin büstü qoyulmuş, müasir tələbələrə cavab verən iş otaqları, laboratoriya, zəng mərkəzi, iclas zalı, digər xidməti və yardımçı otaqlar yerləşir. İdarəyə müraciət edən vətəndaşların qəbulu üçün lazımi şərait yaradılmışdır.

Tədbirdən sonra Yaponiyanın ölkəmizdəki səfiri və qonaqlar Naftalan şəhərindəki müalicəvi kurort müəssisələri ilə tanış olmuşlar.

Qeyd edək ki, Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində Naftalan şəhəri ilə yanaşı, Xaçmaz, Qusar, Xızı və Qobustan şəhərlərinin də su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur. Artıq Qusar və Naftalan şəhərlərində su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatmış, digər rayonlarda isə layihələrin icrası davam etdirilir.

Nurəngiz Adilqızı,

“Respublika”.

 

 

 

Read 25 times