XƏBƏR LENTİ

Cümə axşamı, 22 Dekabr 2016 10:11

Ağdaş: bu günü dünənindən gözəl diyar

Ulu öndər Heydər Əliyevin bütün uğurlarının fövqündə duran məslək, milli ideya və qüdrətli məfkurə, azərbaycançılıq ideologiyası, milli-mənəvi dəyərlərin qorunması və təbliğ edilməsi sahəsində Azərbaycan ümummilli liderin layiqli siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Bu strategiyanın yeni dövrün tələblərinə uyğun əhəmiyyətli dərəcədə zənginləşdirilməsi milli iqtisadiyyatın regional və qlobal sınaqlara dayanıqlılığını artırmış, sosial-iqtisadi islahatlarla müəyyən edilmiş məqsədlərə nail olunmasını, o cümlədən həmin siyasətin əsasını təşkil edən əhalinin sosial vəziyyətinin yaxşılaşmasını təmin etmişdir. Əldə edilmiş mühüm siyasi və iqtisadi uğurlar cəmiyyət həyatının bütün sahələrində güclü inkişafı şərtləndirir. Azərbaycanda reallaşdırılan hər bir Dövlət Proqramının mərkəzində insan faktoru, onun rifahı dayanır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Həmin iclasda ölkənin mövcud potensial vəziyyəti, gələcək inkişafı və həlli vacib problemlərdən danışan dövlətimizin başçısı bildirmişdir ki, - “dünya iqtisadiyyatında böhranlı vəziyyətin yaşandığı bir zamanda ölkəmiz öz yolu ilə gedir, öz siyasətini aparır, heç kimin sözü ilə oturub-durmur. Ona görə də bu gün Azərbaycanda inkişaf və sabitlik var”.
Dövlət başçısı nitqində əhalinin həyat tərzinin yaxşılaşdırılması istiqamətində reallaşdırılan tədbirlərə də toxunub və qeyd edib ki, ölkədə 485 məktəbdə təmir işləri aparılıb, 33 səhiyyə obyekti inşa olunub. Böyük yol layihələri, kənd yolları layihələri icra edilib. Bir neçə şəhərimizdə içməli su layihələri başa çatıb. İnfrastruktur layihələri icra edilir, 154 min iş yeri yaradılıbdır, onlardan 121 mini daimi iş yeridir. Möhtərəm Prezidentimiz nitqində digər taleyüklü məsələlərdən də bəhs edib. Dövlət başçısı bu ilin sonuna kimi qarşıda duran vəzifələrin, xüsusilə bəzi infrastruktur layihələrin həyata keçirilməsinin zəruriliyini, ixracın artırılması istiqamətində tədbirlərin reallaşdırılmasının mühüm önəm daşıdığını, 2017-ci il dövlət büdcəsinin sosialyönümlü olmasına diqqət yetirilməsini iclas iştirakçılarının nəzərinə çatdırmışdır.
Cənab Prezident iclasda bu ilin ötən aylarında bir sıra işlərin aparıldığını və onların artıq müsbət nəticə verdiyini, bu islahatların beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb, Davos İqtisadi Forumunun reytinqində Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyinə görə 37-ci yerdə qərarlaşdığını xatırladıb.
Dövlət başçısı vurğulayıb ki, - alternativ siyasət fəlakət ola bilər, Azərbaycanı yenə uçuruma apara bilər, yenə Azərbaycanı qırğın meydanına çevirə bilər. Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləyərək referendumda “Hə” dedi. Azərbaycan xalqına göstərdiyi böyük etimada və dəstəyə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da bu yolla gedəcəyəm, Azərbaycanın inkişafını təmin edəcəyəm və heç bir kənar qüvvə bizi bu yoldan çəkindirə bilməz”.
Ölkəmizin hər yerində olduğu kimi, son illərdə Ağdaş rayonunda da sosial-iqtisadi inkişafa nail olunması sahəsində mühüm tədbirlər görülmüşdür. Bu dövr ərzində rayonda bütün sahələr üzrə, əsasən də kənd təsərrüfatı məhsullarının istehsalının artırılması sahəsində ardıcıl işlər həyata keçirilmişdir.
Belə ki, 2016-cı ilin məhsulu üçün əkilmiş 12501 hektar sahədən 36 min 728 ton payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilər, 452 hektar sahədən 2172 ton dən üçün qarğıdalı, 768 hektar sahədən 15 min 869 ton tərəvəz, 253 hektar sahədən 3 min 896 ton bostan məhsulları toplanmışdır. Hesabat dövründə meyvə bağlarından 15 min 519 ton meyvə yığılmışdır.
Təmiz herik şumunu da daxil etməklə cari ilin payızlıq əkinləri üçün 01 oktyabr 2016-cı il tarixə rayon ərazisində 3100 hektar sahə şumlanmışdır.
Rayonda mal-qara arasında süni mayalandırma işinin təşkili və onun genişləndirilməsi sahəsində tədbirlər görülmüşdür. Hesabat dövrü ərzində 1975 baş heyvan süni yolla mayalanmış və süni yolla mayalanmış heyvanlardan 1336 baş bala alınmışdır. Bu dövrdə iribuynuzlu mal-qaranın sayı artaraq 79 min 535 baş, xırda buynuzlu mal-qaranın sayı 98 min 653 baş olmuşdur.
Bakı şəhərində təşkil edilmiş kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarına 153 tondan çox müxtəlif kənd təsərrüfatı məhsulları göndərilmişdir.
Möhtərəm Prezident cənab İlham Əliyev ölkəmizdə kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, pambıq istehsalına əhalinin marağının artırılması və sosial rifahın yaxşılaşdırılması məqsədi ilə çoxsaylı Fərman və sərəncamlar imzalamaqdadır. Ölkə başçısının pambıqçılığın inkişafı ilə qarşımıza qoyduğu vəzifələrin icrasını təmin etmək məqsədi ilə Ağdaş rayonu ərazisində 2016-cı ilin məhsulu üçün 1134 hektar sahədə çiyid səpini aparılmışdır.
2017-ci il üçün isə 3 min hektardan çox sahədə pambıq əkilməsi nəzərdə tutulub və hazırda bu məqsədlə tədbirlərə başlanmışdır.
Ötən 9 ay ərzində həyata keçirilmiş tədbirlər nəticəsində rayonda 161 milyon manatlıq ümumi məhsul istehsal edilmişdir. Bu dövrdə 78 milyon manatlıq kənd təsərrüfatı məhsulu, 5.4 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş, 21,5 milyon manatlıq tikinti-quraşdırma işləri görülmüş, 56 milyon manatlıq ticarət, nəqliyyat, rabitə və digər xidmətlər göstərilmişdir.
Görülmüş tədbirlər nəticəsində rayonda ilin əvvəlindən 660-ı daimi olmaqla cəmi 4 min 546 iş yeri yaradılmışdır. Hesabat dövrü ərzində Ağdaş rayon Məşğulluq Mərkəzinə 1115 nəfər işaxtaran vətəndaş müraciət etmişdir. İşsiz kimi müraciət edən vətəndaşların arzusuna əsasən 582 nəfər müxtəlif peşələrə və ixtisas yerlərinə işə düzəlmişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında qeyd olunduğu kimi, son illərdə ölkədə, eləcə də Ağdaş rayonunda da təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmışdır.
Həyata keçirilən tədbirlər nəticəsində cari ilin 9 ayı ərzində Qarağanşıxlar, Qülbəndə, Ərəbşəki, Tofiqi kəndlərində ümumi şagird yeri 660 nəfəri təşkil edən 1 tam orta, 3 ümumi orta məktəbin tikintisi başa çatdırılaraq istifadəyə verilmiş, yeni dərs ilinə hazırlıqla əlaqədar Xosrov kənd tam orta məktəbin dam örtüyü əsaslı təmir edilmiş, Bəkir Nəbiyev adına 3 nömrəli, Tofiq İsmayılov adına 8 nömrəli şəhər tam orta, Hapıtlı kənd ümumi orta, Binələr kənd ibtidai məktəblərində cari təmir işləri həyata keçirilmişdir.
Hesabat dövrü ərzində rayonda icbari ümumi orta təhsilin həyata keçirilməsi sahəsində tədbirlərə uyğun ümumtəhsil məktəblərin birinci siniflərinə 1642 nəfər şagird qəbul edilmiş, onlardan 92 nəfəri xüsusi istedada malik olmaqla vaxtından əvvəl birinci sinfə qəbul olunmuşdur.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən hesabat dövrü ərzində müvafiq tədbirlər görülməklə, rayonun 33 məktəbində 809 nəfər 5 yaşlı məktəbəhazırlıq qruplarına cəlb edilmişdir.
Son illər respublikamızda məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsi və əhatəliliyinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi intensiv xarakter almışdır.
2015/2016-cı dərs ilinin yekunlarına görə ümumtəhsil məktəblərinin ümumi orta təhsil pilləsini bitirmiş 1207 nəfər məzuna şəhadətnamə, tam orta təhsil pilləsini bitirmiş 907 nəfər məzuna isə attestat verilmişdir.
Ümumtəhsil məktəblərin tam orta təhsil pilləsini müvəffəqiyyətlə başa vurmuş məzunlardan 4 nəfər məzun qızıl medal, 1 nəfər gümüş medalla təltif edilmiş, ümumi orta təhsil pilləsini başa vurmuş şagirdlərin 23 nəfərinə isə “Fərqlənmə şəhadətnaməsi” verilmişdir.
Hesabat dövrü ərzində rayonun tam orta məktəblərinin XI siniflərini bitirmiş məzunlardan 268 nəfər tələbə adına layiq görülmüş, ali məktəblərə keçirilən qəbul imtahanlarında ixtisas qrupları üzrə 36 nəfər 500-dən, 9 nəfər isə 600-dən artıq bal toplamışdır.
2016/2017-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticə göstərdiyinə görə Bakı Ali Neft Məktəbinə daxil olmuş, M.Şeyxzadə adına Texniki, Təbiət və Humanitar fənlər təmayüllü gimnaziyanın məzunu Qədimli Röya Xəlil qızı Prezident təqaüdünə layiq görülmüşdür.
Azərbaycan dövlətinin sosialyönümlü siyasətinə uyğun ölkədə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması üzrə görülən işlərin əsas məqsədi əhaliyə zəmanətli tibbi xidmət göstərilməsi və xəstəliklərin profilaktikası yolu ilə əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərman və sərəncamlarına, onun ölkə səhiyyəsində islahatlar aparılmasının zəruriliyi barədə göstərişlərinə və müəyyənləşdirdiyi prioritetlərə uyğun 2016-cı ilin 9 ayı ərzində rayonun tibb müəssisələrində səhiyyə xidmətinin təşkili bir sıra əhatəli tədbirlərlə əlamətdar olmuşdur. 29 sentyabr 2016-cı il tarixdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasında Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı əməkdaşlarının iştirakı ilə qan xəstəliklərindən əziyyət çəkən insanlara yardım göstərilməsi məqsədilə ənənəvi qanvermə aksiyası keçirilmiş, bu humanitar aksiyada 800 nəfərdən artıq donor iştirak etmiş, 240 nəfərdən 48 kq qan tədarük edilərək Mərkəzi Qan Bankına təhvil verilmişdir.
Sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) Ağdaş rayonunda da yüksək səviyyədə keçirilmişdir. Dövlət başçısının apardığı uğurlu daxili və xarici siyasət xəttinə sadiq olan ağdaşlılar öz seçimlərini etmək üçün səhər saatlarından məntəqələrə üz tutmuş, səsvermədə fəal iştirak etmişlər. Rayonda fəaliyyət göstərən məntəqələrin hər birində vətəndaşlara öz iradələrini sərbəst ifadə etmələri üçün hər cür şərait yaradılıb. Beləliklə, referendumun rayonda demokratik, ədalətli və şəffaf keçirilməsi təmin olunmuşdur. Rayon üzrə seçici fəallığı 70 faizdən çox olmuşdur.
Hesabat dövründə ərazi icra nümayəndəlikləri və yerli bələdiyyələr tərəfindən aparılan çoxşaxəli işlər davam etdirilmiş, inzibati ərazi dairələrinin sosial-iqtisadi inkişafının təmin edilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirilmişdir. Ərazilərdə dövlət bayramları və əlamətdar tarixi günlər münasibətilə müxtəlif səpkili tədbirlər təşkil olunub keçirilmiş, ictimai-siyasi vəziyyətin və dini durumun sabitliyi təmin olunmuşdur. 2016-cı ildə icra nümayəndələrinin və bələdiyyə sədrlərinin müxtəlif məsələlərlə bağlı 50-dən artıq birgə iclası keçirilmiş, ərazilərdə mövcud problemlərin həlli istiqamətində aparılan işlər müzakirə edilərək, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
2016-cı il üçün rayon büdcəsi 19 milyon 832 min manat məbləğində təsdiq edilmişdir. Respublika büdcəsindən qarşılıqlı hesablaşma yolu ilə daxil olan vəsaitlər də nəzərə alınmaqla 2016-cı ilin 9 ayında büdcənin mədaxil hissəsi 14 milyon 686 min manata qarşı 14 milyon 688 min manat icra olunmaqla 100.0 faiz yerinə yetirilmişdir. Yerli gəlirlər üzrə plan 3 milyon 569 min manata qarşı 3 milyon 628 min manat, yaxud 101.7 faiz yerinə yetirilmişdir.
2016-cı ilin 9 ayında rayon büdcəsinin xərclərinin 11 milyon 873 min manatını və ya 78.2 faizini əməkhaqqı və ona üstəlik xərclər, 288 min manatını və ya 1.9 faizini ərzaq xərcləri, 255 min manatını və ya 1.7 faizini kommunal xərcləri təşkil etmişdir.
2016-cı ilin 9 ayında rayonda Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən rayonda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ əlilləri və şəhid ailələri üçün 32 fərdi yaşayış evinin tikintisi davam etmişdir.
Rayonda 13 min 183 nəfər pensiyaçıya xidmət göstərilmiş və onların pensiyaların ödənilməsinə 18 milyon 677 min manat vəsait yönəldilmişdir.
2016-cı ilin əvvəlindən rayonda əhalinin elektrik enerjisi və təbii qaz yanacağı ilə təminatını yaxşılaşdırmaq məqsədilə təmir və yenidənqurma işləri davam etdirilmişdir. Rayonun təbii qazla təmin olunmamış kənd yaşayış məntəqələrində qazlaşma işləri davam etmişdir. Hesabat dövründə rayonun Pirkəkə, Ərəbocağı və Hapıtlı kəndlərinə yeni qaz xətləri çəkilərək, təbii qaz yanacağı verilmiş, Aşağı Ləki kəndinə qaz yanacağı verilməsi üçün son tikinti-quraşdırma işləri görülür. Qazla təmin olunan yaşayış məntəqələrində 4088 metr uzunluqda təmir-bərpa işləri görülmüşdür.
Ötən dövr ərzində rayonun yaşayış məntəqələrində 37 km uzunluğunda müxtəlif gərginlikli elektrik xətləri əsaslı və cari, 30 ədəd 10 kv-luq transformator yarımstansiyaları əsaslı təmir edilmişdir. Rayon ərazisində 10 ədəd yeni transformator məntəqəsi yaradılmış, hazırda quraşdırma işləri davam etdirilir.
Bir sözlə, qədim Ərəş mahalı olan Ağdaş günbəgün inkişaf edir və abadlaşır. Söz yox ki, həyata keçirilən genişmiqyaslı tədbirlər bu günü dünənindən daha firavan olan Ağdaşı daha da gözəlləşdirəcəkdir.
Səhifəni hazırladı:
İlham PƏNAHOV,
“Respublika”.

 

 

 

Read 26 times