XƏBƏR LENTİ

Çərşənbə axşamı, 20 Dekabr 2016 11:57

Samux: Kür qoynunda abadlaşan, gözəlləşən bölgə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindən biri iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və həmin sahəyə investisiya qoyuluşunun sürətləndirilməsidir. Bu siyasətə uyğun olaraq görülən işlərin nəticəsidir ki, son illərdə ümumdaxili məhsulun (ÜDM) artımı qeyri-neft sektoru hesabına təmin edilir, rəqabətə davamlı məhsul istehsalı durmadan artır.

Dünya iqtisadiyyatında böhranlı vəziyyətin yaşandığı bir zamanda ölkəmiz öz yolu ilə gedir, öz siyasətini aparır. Ona görə də bu gün Azərbaycanda inkişaf və sabitlik var. Sevindirici hal ondan ibarətdir ki, bunun qarşılığında sənaye potensialı 0,2 faiz artmış, qeyri-neft sektorunda artım 3,6 faiz təşkil etmişdir. Kənd təsərrüfatında isə bu göstərici 2,4 faiz olub. Respublikamızda pambıqçılığın, baramaçılığın, tütünçülüyün, çayçılığın və heyvandarlığın inkişafı ilə bağlı ciddi işlər aparılır və ölkəyə valyuta gətirəcək kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi, xüsusilə də turizmin inkişafı mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, meliorasiya tədbirlərinin gücləndirilməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi, ailə bizneslərinin inkişaf etdirilməsi əsas hədəflərdəndir. Respublikanın qərb zonasında yerləşən qabaqcıl aqrar rayonu olan Samuxda da bütün sahələrdə davamlı inkişaf diqqəti çəkir. Bu gün, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Samux rayonuna daim diqqət və qayğısı sayəsində, məqsədyönlü, ardıcıl və müvafiq tədbirlər görülür. Hər yerdə yenilik, muasirlik, səliqə-sahman, bir sözlə sakinlərin tam rahatlığı və firavanlığı burada əsas meyardır. Qarabağlar kəndində 40 ədəd və Lək kəndində 32 ədəd bulaq inşa edilmişdir. Rayonun Qarayeri qəsəbəsi və Qovlarsarı kəndində 7 yaşayış binasında təmir işlərinə başlanılmış və hər biri 1040 m2 olmaqla, ümumilikdə 7280 m2 dam örtüyü yenisi ilə əvəz olunmuşdur. Binaların fasad hissələri əsaslı təmir edilmiş, girişlərinə dəmir qapılar quraşdırılmış və ətraflarında abadlıq işləri həyata keçirilmişdir. Alabaşlı qəsəbə 1 saylı uşaq bağçasında yenidənqurma və bərpa işləri başa çatdırılaraq balaca fidanların istifadəsinə verilmişdir. Samux şəhər 4 saylı uşaq bağçası yenidən qurulmuşdur.
Kənd İnvestisiyası Layihəsi çərçivəsində Qarayeri qəsəbəsində 20,5 km, Alabaşlı qəsəbəsində 4 km, Sərkar kəndində 11 km, Ziyadlı kəndində 13 km, Seyidlər kəndində 7 km və sair qəsəbə yollarında təmir işləri başa çatdırılmışdır. Təmir prosesində su keçidləri yenilənmiş, arxlar qaydaya salınmışdır. Ziyadlı kəndində 1700 metr uzunluğunda içməli su xətti çəkilmişdir. Eyni zamanda layihə çərçivəsində Yuxarı Ağasıbəyli kəndinin küçələrinə içməli su xətləri çəkilərək, 50 ədəd bulaq quraşdırılmışdır. Bununla bərabər Zazalı, Tatlı, Qiyaslı, Lək, Çobanabdallı və Qarabağlar kəndlərində daxili küçə və yollarında hamarlama işləri aparılmışdır. Uzunluğu 7 km olan Qarayeri-Qaraarx avtomobil yolunun əsaslı təmiri başa çatdırılmış, həmin yola yeni asfalt örtüyü salınmışdır. Rayon mərkəzinin Şəhidlər küçəsi və Alıncalı küçəsinin qalan hissəsində əsaslı təmir işləri aparılmış, burada olan su keçidləri dəyişdirilmişdir. Həmin küçələrə 1160 metr uzunluğunda 6 metr enində yeni asfalt örtüyü çəkilmişdir. Respublika əhəmiyyətli Alıuşağı-İmamzadə yolunun yenidən qurulması ilə bağlı yolun keçdiyi ərazilərdə abadlıq işləri həyata keçirilmişdir. Gəncə-Samux, Qovlarsarı-Qaraarx, Gəncə-Qarayeri, Samux-Lək, Samux-İnstitut, Qırmızı Samux-Burunqovaq, Samux-Yenikənd-Poylu avtomobil yollarında təmir işləri aparılmışdır.
Torpaqların suvarılması üçün qabaqlayıcı tədbirlər görülərək, kanallarda 354 min m3 lildəntəmizləmə, 52 min m3 sahilbərkitmə işləri görülmüşdür.
Rayon əhalisini fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədilə 42 ədəd müxtəlif güclü transformator əsaslı, 64 ədədi isə cari təmir edilərək istismara verilmişdir. 1 ədəd 110 kV-luq və 1 ədəd 35 kV-lıq yarımstansiya, 22 ədəd yeni transformator məntəqəsi quraşdırılıb istifadəyə verilmiş, 20 ədəd yeni transformator məntəqəsinin quraşdırılması nəzərdə tutulmuşdur.
Rayonun Əhmədbəyli kəndində diametri 159 mm-lik 1200 p/m uzunluğunda daşıyıcı qaz xətti dayaqlarla bərkidilərək nizama salınmışdır. Ziyadlı kəndində 159 mm-lik 2906 metr uzunluğunda qaz xətti yenisi ilə əvəz edilmişdir. Ümumilikdə 2240 qaz sayğacı yenisi ilə əvəz olunmuşdur ki, bunlardan 740 ədədini smart tipli qaz sayğacları təşkil edir.
Əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 16 ədəd subartezian quyusundan 12 ədədi saz vəziyyətə gətirilərək abonentlərin istifadəsinə verilmişdir. Əhalini fasiləsiz içməli su ilə təmin etmək məqsədilə su sayğaclarının tətbiq edilməsinə başlanılmışdır. Samux şəhərində yerləşən 36 mənzilli çoxmərtəbəli yaşayış binasını məişət suyu ilə təmin etmək üçün 200 m3 su anbarında nasoslar vasitəsilə mənzillərə 24 saat məişət suyu verilir. Hazırda internet istifadəçilərinin sayı 3188 abunəçi təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 372 abunəçinin artmasını göstərir. Artıq ən ucqar kənd olan Burunqovaq kəndində də internet xidmətindən istifadə etmək mümkündür.
Fevral ayının 15-dən may ayının 15-dək ölkə əhalisi tibbi müayinədən keçirilmişdir. Operativ olaraq, Samux Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə komissiya yaradılmış və müvafiq göstərişlər və tövsiyələr verilmişdir. Bununla bağlı Samux Mərkəzi Rayon Xəstəxanasında geniş tədbirlər planı hazırlanmış, xüsusi komissiya yaradılmışdır. Bəli, aparılan sağlamlıq aksiyası bir daha ölkə Prezidentinin əhaliyə diqqət və qayğısının bariz nümunəsidir.
Müasir dövrdə hər bir ölkənin inkişaf səviyyəsi həmin ölkədə təhsilin səviyyəsi ilə müəyyən olunur. İnkişaf etmiş ölkələrin hamısında davamlı iqtisadi inkişaf insan kapitalının məqsədyönlü inkişafı hesabına əldə edilmişdir. Bütün dövrlərdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından və ona verilən önəmin əhəmiyyətindən asılı olmuşdur.
Samux RTŞ, eləcə də ümumtəhsil məktəblərinin pedaqoji kollektivləri Azərbaycan Respublikasında təhsil sahəsində İslahat Proqramlarının, “Təhsil haqqında Azərbaycan Respublikası Qanunu”nun qarşıya qoyduğu mühüm vəzifələrin yerinə yetirilməsinə səy göstərir.
Rayon gənclərinin, xüsusən məktəblilər arasında istedadlı şagirdlərin üzə çıxarılmasında mütəmadi olaraq məqsədyönlü işlər aparılır. Məktəblilərin istirahət günlərini, boş vaxtlarını səmərəli keçirilməsi məqsədi ilə rayon üzrə futbol, voleybol və s. komandalar yaradılmış, hər ay yarışlar keçirilir. Bundan əlavə rayonlararası keçirilən hərbi-idman oyunlarına ciddi önəm verilir. Yarışların yüksək səviyyədə keçirilməsi üçün ixtisaslı müəllimlərin təcrübəsindən geniş istifadə olunur. Rayon Təhsil Şöbəsi tərəfindən idmanın kütləviliyinin artırılması ön plana çəkilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı tərəfidən rayonun hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri ilə birgə həftədə bir dəfə olmaqla rayonun bütün yaşayış məntəqələrində 34 səyyar qəbul-görüş keçirilmişdir. Bu görüşlərdə 106 müraciət edilmişdir. Müraciətlər əsasən yolların təmiri, yeni yaşayış massivlərinin elektrik enerjisi və təbii qazla təminatı, torpaq, suvarma suyu ilə təminat, bağça tikintisi, tibb müəssisələrinin təmiri ilə bağlı olmuşdur.
Qarşıda mühüm işlər vardır, belə ki, Samux şəhər - Füzuli - Lək - Əlibayramlı - Qarabağlar - Çobanabdallı - Samux şəhər avtomobil yolunun və Gəncə çayı üzərində körpünün tikintisinin müvəffəqiyyətlə başa çatdırılması əsas vəzifələrdəndir. Rayonun Sərkar kənd orta məktəbi üçün 650 şagird yerlik, İnstitut qəsəbə tam orta məktəbi üçün 650 şagird yerlik yeni məktəb binalarının, Qarayeri qəsəbə 2 saylı tam orta məktəbi üçün 200 şagird yerlik, Alıuşağı kənd tam orta məktəbi üçün isə 120 şagird yerlik əlavə korpusların tikintisinin müvəffəqiyyətlə həyata keçirilməsi gündəmdədir. Rayonun şəhər, qəsəbə və kəndlərində yeni uşaq bağçalarının yaradılması, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi evlərin tikilməsi, səhiyyə və mədəniyyət ocaqlarının tikintisi və əsaslı təmiri, şəhərin küçələrinin yenidən qurulması və kəndlərarası yolların əsaslı təmiri məsələləri əsas hədəflərdəndir. Göründüyü kimi Samux rayonu dinamik inkişaf edir, müasirləşir. Əhalinin maddi rifah halı günü-gündən yüksəlir. Zəngin ənənələrə malik samuxlular bundan sonra da dövlətə, dövlətçiliyə sadiqliyini bir daha nümayiş etdirəcək, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək, qarşıda duran mühüm vəzifələrin uğurla həllinə nail olacaqlar.

Zabit XƏlilov,
“Respublika”.

 

 

 

Read 30 times