XƏBƏR LENTİ

Cümə, 16 Dekabr 2016 09:46

Saatlı: Qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilir

Saatlı respublikamızın ən iri kənd təsərrüfatı rayonlarındandır. Burada maldarlıq, əkinçilik sahəsində uzun illər boyu gözəl ənənələr yaranmış, rayon camaatı öz halal ruzusunu torpaqdan çıxarmışdır. Pambıqçılıq saatlıların dədə-baba peşəsi hesab olunur. Muğan torpağının mərkəzində yerləşən Saatlı rayonunun bərəkətli torpaqları bu qiymətli bitkinin məhsuldarlığına müsbət təsir göstərir. Saatlı fermerləri cari ildə unudulmaqda olan ənənələrə yeni həyat vəsiqəsi vermişlər. Bu il respublikada ən çox - 8.100 hektarda pambıq əkilmiş, gələn il üçün 17 min hektarda “ağ qızıl” becərilməsi nəzərdə tutulmuşdur. Lakin rayon iqtisadiyyatı təkcə pambıqçılıqla məhdudlaşmır. Bölgədə kənd təsərrüfatı ilə yanaşı, digər istehsal sahələri də inkişaf etdirilir, istər şəhərdə, istər kəndlərdə abadlıq-quruculuq işləri daima diqqət mərkəzində saxlanılır. Cari il rayonda ən çox ölkə Prezidenti cənab İlham Əliyevin göstərişi ilə pambıqçılığın inkişafına yeni stimul verilməsi ilə yadda qalır.

 

Azərbaycan Prezidenti İlham Əliyev kənd təsərrüfatının mühüm sahələrindən olan pambıqçılıq, taxılçılıq, baramaçılıq, üzümçülük, tütünçülük, şəkər çuğunduru istehsalı, çayçılıq, fındıqçılıq, badam və zeytun bağlarının salınması məsələləri barədə öz fikirlərini açıqlayaraq aqrar bölmənin inkişafına dair çox aydın təhlillər aparmış və tapşırıqlar vermişdir. Ölkənin 24 rayonunda hazırda pambıqçılıq və baramaçılıq sahəsində ciddi işlərin getdiyini, yenə də taxılçılığın ərzaq məsələsinin həllində vacib rol oynadığını bildirmişdir. Cənab İlham Əliyev qeyd etmişdir ki, bu il 100 min ton, gələn il 250-300 min ton pambıq tədarük olunmalıdır. Bu il 70 minə yaxın, gələn il isə 150 min insan pambıqçılıq sahəsində işə cəlb ediləcəkdir. Bu məsələ davamlı olaraq diqqətdə saxlanılacaqdır. Ölkə başçısı kənd təsərrüfatının bütün sahələrinə diqqət yetirildiyini, dövlət tərəfindən maliyyə və texniki dəstək göstərildiyini bildirərək qeyd etmişdir ki, subsidiyalarla bağlı islahatlar və mühüm təkliflər müzakirə olunmaqdadır. Pambığın alış qiyməti 40 qəpikdən 50 qəpiyə qaldırılmışdır. Bu maliyyə dəstəyi kənd təsərrüfatının bütün sahələrinə göstərilir və göstəriləcəkdir. Heyvandarlıqla bağlı aparılan işləri təqdirəlayiq hesab edən dövlət başçısı Yalama Aqroparkının açılışında iştirak etdiyini və orada 3 min baş iribuynuzlu mal-qaranın saxlanılmasının nəzərdə tutulduğunu mühüm tədbir kimi qiymətləndirmişdir. Heyvandarlığın inkişafına önəm verən cənab İlham Əliyev cins mal-qaranın saxlanılmasının vacibliyini bildirmişdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev meliorasiya, suvarma məsələlərinə, istifadəsiz örüş torpaqlarında düşünülmüş şəkildə əkin işləri aparılmasına və ümumiyyətlə, torpaqların planlı şəkildə suvarılmasının təmin olunmasına xüsusi diqqət çəkmişdir. Bu sahədə görülən işə münasibətini bildirən ölkə başçısı zəbt edilmiş torpaqların dövlət fonduna geri qaytarılmasını vacib tədbir kimi qeyd edərək bu məsələdə öz tapşırıqlarını vermişdir.
Azərbaycanın hər bir bölgəsi kimi, Saatlı rayonunun da inkişafına daima diqqət və qayğı göstərən, dəyərli tapşırıq və tövsiyələrini verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ötən illər ərzində regionlara etdiyi səfərlər çərçivəsində bir neçə dəfə Saatlıda olmuş, görülən işlərlə maraqlanmış, əhali ilə görüşlər keçirərək qaldırılan məsələlərin həlli ilə bağlı öz tapşırıqlarını vermiş, mühüm sosial-infrastruktur layihələrin icrası istiqamətində sərəncamlar imzalamışdır. Sözsüz ki, bütün bunlar rayon sakinlərinin böyük ruh yüksəkliyinə və əmək coşqunluğuna stimul vermiş, insanlar iqtisadiyyatda, sosial-mədəni həyatda daha mühüm nailiyyətlər qazanmağa ruhlandırmışdır.
Yuxarıda qeyd etdiyimiz kimi, rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Muğan bölgəsinin mərkəzində yerləşən Saatlı rayonunda əlverişli təbii amillər, yerli resurslar olduğuna görə burada bütövlükdə kənd təsərrüfatının inkişafı, o cümlədən əkinçiliyin inkişafı başlıca vəzifə kimi daim diqqətdə saxlanılmışdır. Cins heyvandarlıq, quşçuluq və kənd təsərrüfatının digər sahələri ilə yanaşı, bitkiçilikdə ənənəvi sahələr olan taxılçılıq və pambıqçılığın inkişafına xüsusi önəm verilməsi daha vacibdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə sentyabr ayının 17-də Sabirabadda pambıqçılığın inkişafına dair geniş respublika müşavirəsi keçirilmişdir. Ölkə başçısı müşavirədəki nitqlərində dövlət tərəfindən pambıqçılığın inkişafına hər cür köməklik göstəriləcəyini vurğulamış və aidiyyəti dövlət qurumlarına bununla bağlı müvafiq tapşırıqlar vermişdir. Rayonlar üzrə bu il ən çox pambıq əkən (8 min 100 ha) və gələn il də yenə də birinci yeri özündə saxlamaqla, 17 min hektar pambıq əkilməsini planlaşdıran Saatlı rayonu haqqında cənab İlham Əliyev tərəfindən deyilən xoş sözlər bütün rayon ictimaiyyəti tərəfindən xüsusi minnətdarlıqla qarşılanmışdır.
Azərbaycan Prezidenti cənab İlham Əliyev pambıqçılığın inkişafı ilə bağlı cari vəzifələri, eləcə də növbəti illərdə qarşıda duran perspektiv vəzifələri çox aydın şəkildə statistik rəqəmlərlə, əvvəlki illərlə müqayisəli şəkildə diqqətə çatdırmış, kənd təsərrüfatının bu sahəsinin prioritet olacağını bildirmişdir. Müşavirədəki yekun nitqində cənab İlham Əliyev demişdir ki, indiki dövr üçün vəzifələr nədən ibarətdir? İlk növbədə pambığın yığımı vaxtında və itkisiz təmin edilməlidir. Yerli icra orqanları, mərkəzi icra orqanları, sahibkarlar bu vəzifələri icra etməlidir. Artıq burada səsləndi, bu il 100 min tondan çox məhsul gözlənilir. Bu ən sürətli dinamikadır. Müşavirədə 6 rayonun icra hakimiyyətlərinin başçısı pambıqçılıqla bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə çıxış etmişdir ki, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov bu sahədə rayonda həyata keçirilən tədbirlər barədə ölkə başçısı qarşısında məlumatları təqdim etmişdir. Rayonda cari ilin əvvəlindən kənd təsərrüfatının inkişafına xüsusi diqqət ayrılmışdır.
2016-cı il yanvar ayının 26-da Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilən “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr edilmiş konfransda pambıqçılığın inkişaf etdirilməsi ilə əlaqədar verilən tapşırıqlara uyğun Saatlı rayonunda konfransdan 3 gün sonra, tərkibinə təcrübəli mütəxəssislər, aidiyyəti müəssisə rəhbərləri, müvafiq dövlət qurumlarının səlahiyyətli nümayəndələri, fermerlər, pambıq zavodlarının rəhbərləri daxil olmaqla pambıqçılığın inkişafı ilə bağlı Qərargah yaradılmış, pambıq əkini sahələrinin həcmini artırmaq, səmərəsiz istifadə olunan torpaqları əkin dövriyyəsinə cəlb etməklə bu torpaqlarda pambıq əkininə yer vermək və ümumiyyətlə pambıqçılığın bütövlükdə iqtisadiyyatda öz yerini bərpa etmək məqsədilə tədbirlər planı hazırlanaraq həyata keçirilməsinə başlanılmışdır. Bundan əlavə, ölkə başçısının tapşırıq və tövsiyələri rəhbər tutularaq kənd təsərrüfatı məhsullarının istehsalının artırılması ilə əlaqədar yaradılmış respublika işçi qrupunun tövsiyələri əsasında yerlərdə vəziyyəti hərtərəfli öyrənərək əlaqəli fəaliyyət görmək, istehsalçılarda pambıq əkininə maddi maraq yaratmaq və onlara lazımi dəstək göstərmək məqsədilə səmərəli işlər görülmüşdür.
Eyni zamanda pambıqçılığın insanlarımızın sosial həyatında və gəlirlərinin artmasında xüsusi əhəmiyyəti olduğu nəzərə alınaraq istehsalçılar arasında maarifləndirmə işləri aparılmış, pambıq əkininə də 90 manat subsidiya tətbiq olunması, alış qiymətinin artırılması və mineral gübrələrlə, texnika ilə, keyfiyyətli toxum sortları ilə, təminatla bağlı qaldırılan məsələlərin dərhal öz həllini tapacağı ilə əlaqədar istehsalçılara məlumatlar verilmişdir. Bir sözlə, bütün işlər çevik şəkildə yerinə yetirilərək nəticədə istehsalçılar pambıq tədarükü və emalı müəssisələri - “MKT İstehsalat Kommersiya “MMC-nin Saatlı Pambıq ASC, “Şamo” MMC və “CTS-Aqro” MMC ilə müqavilələr bağlamışlar. Cari ildə 8109 hektar sahədə, yəni ötən ildəkindən 2 dəfə çox pambıq əkilərək aqrotexniki qaydada becərilmişdir.
Cari ilin mühüm hadisələrindən biri də kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi, bu sahədə işin daha səmərəli təşkili məqsədilə dövlət vəsaiti hesabına Saatlı rayon Kənd Təsərrüfatı İdarəsinin inzibatı binasının tikilərək istifadəyə verilməsidir.
Azərbaycan Prezidentinin müşavirədə qarşıya qoyduğu ən mühüm vəzifələrdən biri də pambığın vaxtında, itkisiz yığılması, daşınması, təhvil verilməsi və bununla əlaqədar müəyyən təşkilati, texniki işlərin icrası məsələsidir. Rayonda bu sahədə müəyyən çətinliklər, o cümlədən hava şəraitinin əlverişsiz keçməsi müəyyən problemlər yaratsa da Qərargah operativ tədbirlər sayəsində pambıq yığımında bütün imkanlardan maksimum istifadə etmişdir.
2017-ci ildə və növbəti illərdə Saatlı rayonunda pambıq əkinini genişləndirmək üçün indidən ciddi hazırlıq işləri gedir. İstər səmərəsiz istifadə olunan torpaqların, istərsə də qış otlaqları və ya örüş yerlərinin əkin dövriyyəsinə daxil edilərək pambıq sahələrinin artırılması mühüm vəzifə kimi qarşıda durur. Ölkə üzrə növbəti ildə 120 min hektardan çox sahədə pambıq əkilməsi, məhsuldarlığın ən azı 25 sentner olması və minimum 250-300 min ton pambıq yığılması nəzərdə tutulmuşdursa, demək, Saatlı rayonu da bu hədəflərə çatmaqda ölkəyə öz töhfəsini verməlidir. Bütün imkanlar səfərbər edilməklə, suvarılan mövcud torpaqlardan istifadə olunmaqla cari ilə nisbətən gələn il 2 dəfə artıq, yəni 17 min hektardan çox sahədə pambıq əkini aparmaq nəzərdə tutulur.
Hazırda rayon üzrə qalan 40169 hektar qış otlağı sahələrinin 25 min hektarında irriqasiya və meliorasiya tədbirləri görülməklə heyvandarlığın inkişafına xələl gətirmədən taxıl, pambıq və digər əkinlər aparıla bilər. Növbəti illərdə ilkin olaraq həmin sahənin 11186 hektarında taxıl və pambıq əkilməsi mümkündür. Bunun üçün ərazinin suvarma suyu ilə təminatına ehtiyac var. Bu sahələrə suyun verilməsi məqsədilə mənbəyini Bəhrəmtəpə hidroqovşağından götürən Qızılarx kanalının su tutumunu genişləndirməyə, 1910-1915-ci illərdə çəkilmiş Orta Muğan kanalında yenidənqurma işləri aparılmasına, 14 kilometr isə yeni kanal çəkilməsinə ehtiyac vardır.
Kənd təsərrüfatının heyvandarlıq bölməsində cari ilin ilk aylarından 22 kəndli-fermer təsərrüfatı, 1 dövlət müəssisəsi fəaliyyət göstərmiş, rayon Baytarlıq idarəsi heyvanlar arasında baş verə biləcək xəstəliklərin qarşısının alınması üçün müalicə və profilaktiki tədbirləri genişləndirmişdir. İribuynuzlu mal-qaranın süni yolla mayalanması üçün yerlərdə təlim keçmiş 10 texnik rayon Baytarlıq laboratoriyası ilə birgə fəaliyyət göstərməklə mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına və yüksək məhsuldarlıq əldə olunmasına səy göstərmişlər.
Həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2016-ci ilin doqquz ayı ərzində 5913 ton ət diri çəkidə, 33200 ton süd və 6770 min ədəd yumurta istehsal edilmişdir. Hazırda rayonda bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu mal-qara 67401 baş, o cümlədən ana inək və camışların sayı 32055 baş, qoyun və keçilərin sayı 113036 baş olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qara 36 baş, qoyun və keçilərin baş sayı 1180 baş artmışdır.
2016-cı ilin məhsulu üçün 2015-ci ilin payızında 16506 hektar sahədə buğda, 4582 hektar sahədə isə arpa əkilmişdir. 16506 hektar buğda əkin sahəsindən 71809 ton buğda məhsulu yığılmışdır ki, bu da hər hektardan 43.4 sentner, 4582 hektar arpa sahəsinin hər hektarından 35.2 sentner olmaqla 16145.2 ton arpa məhsulu istehsal edilmişdir. 2016-cı ilin doqquz ayı ərzində rayon üzrə 445 ha sahədə kartof, 2778 hektar sahədə bostan, 939 hektar sahədə tərəvəz əkilmişdir.
Dövlət Proqramının qəbul edilməsindən ötən müddət ərzində sahibkarlığın inkişafı dəstəklənməklə yeni iş yerlərinin açılmasına xüsusi fikir verilmiş, yerli ehtiyatlar nəzərə alınmaqla iş adamları və sahibkarların cəlb olunması ilə qeyri-dövlət sektoruna hərtərəfli şərait yaradılmışdır. Cari ilin ilk günlərindən etibarən ölkəmizdə sahibkarlığı inkişaf etdirmək, yeni iş yerləri yaratmaq, hər bir bölgəyə daxili və xarici sərmayələri cəlb etmək üçün qarşıya böyük vəzifələr qoyulmuşdur. Sahibkarlığın dəstəklənməsi, iri fermer təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsi, güzəştli kreditlərin verilməsində maarifləndirmə işlərinin aparılması, investisiya layihələrinin maliyyələşdirilməsi və digər vacib məsələlərlə bağlı Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayevin iştirakı ilə rayon Gənclər Mərkəzində 70 nəfər sahibkar və fermer dəvət olunmaqla 3 iyun 2016-cı il tarixdə işgüzar forum keçirilmişdir.
2016-cı il 1 oktyabr tarixə rayonda 651 hüquqi, 6380 fiziki şəxs qeydiyyatda olmuşdur. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına Saatlı rayonunda kənd təsərrüfatı məhsullarının emalına dair və yeyinti sahəsi üzrə 418 yeni iş yerinin yaradılması üçün 68 layihə üzrə rayon sahibkarlarına 1561,6 min manat güzəştli kreditlər verilmiş və yeni investisiya layihələri təqdim edilmişdir. Sahibkarlara dəstək durmaq, onların fəaliyyəti ilə bağlı müraciətlərini araşdırıb doğru-düzgün qərarlar qəbul etmək üçün artıq işlərə start verilmişdir.
Son illər rayonda aparılan abadlıq və quruculuq işləri, sosial infrastruktur sahəsində həyata keçirilən tikintilər dövlət başçısının sərəncam və göstərişləri ilə ayrılmış vəsaitlər hesabına yerinə yetirilmiş, eyni zamanda daxili imkanlardan, yerli resurslardan maksimum istifadə edilməsinə diqqət artırılmışdır.
Rayonun iqtisadiyyatının davamlı inkişafı istiqamətində görülən işlər öz nəticəsini vermiş, makroiqtisadi sabitlik təmin olunmuşdur.
Cari ildə dövlət vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunması, büdcədən maliyyələşən təşkilatlarda maliyyə intizamının gücləndirilməsi və xərclərin səmərəli istifadəsi ilə əlaqədar təşkilat rəhbərlərinə, aidiyyəti məsul vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilmiş, mövcud maliyyə resurslarından qənaətlə istifadə edilməsinə diqqət artırılmışdır. Dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarla yanaşı, özəl sektorda da maliyyə-vergi sisteminin düzgün tətbiqinə, sığorta haqlarının yığımına ciddi nəzarət olunmaqla işçilərin əmək haqlarının düzgün hesablanaraq vaxtında verilməsinə əməl olunmuşdur.
Əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi, pensiyaların və müavinətlərin vaxtında və şəffaf şəkildə vətəndaşlara ödənilməsi nəzarətdə saxlanılmışdır. 2016-cı ilin doqquz ayı ərzində 289 nəfər Prezident təqaüdü almışdır ki, onlardan da şəhid ailəsi üzvü, Qarabağ Müharibəsi iştirakçısı, “Əməkdar” fəxri adına layiq görülmüş vətəndaşlar kimi təqaüdlə təmin olunmuşlar.
Ölkədə həyata keçirilən əsaslı sosial müdafiə tədbirlərinə uyğun olaraq DSMF Saatlı rayon şöbəsi də “Azərbaycan Respublikasının sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələrlə bağlı müvafiq tədbirləri davam etdirmişdir.
Əhalinin imtiyazlı təbəqələri ilə bağlı həyata keçirilən mühüm tədbirlərdən biri də 31 mart 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əflatun Amaşovla aidiyyəti xidmət təşkilatlarının rəhbərlərinin, İcra Hakimiyyətinin şöbə və struktur bölmələrinin məsul əməkdaşlarının iştirakı ilə rayon Gənclər Mərkəzində şəhid ailələri və Qarabağ Müharibəsi əlilləri ilə keçirilən görüşü qeyd etmək olar.
Bununla belə, etiraf etməliyik ki, rayonda işsizlər də vardır. Dövlət başçısının bu məsələyə münasibəti belədir: “İstəyirəm ki, Azərbaycanda işsiz adam olmasın”. Bu isə yenə də yalnız yeni iş yerlərinin yaradılması, rayonun mövcud potensialından, yerli resurslarından maksimum istifadə edilməsi yolu ilə öz həllini tapa bilər. Bu məsələ mühüm vəzifə kimi daima öndə tutulmalı, insanları ən azı müvəqqəti ictimai işlərə cəlb etməli, onlara da maaş verilməlidir.
Əhaliyə ticarət, nəqliyyat, rabitə və məişət xidmətlərinin göstərilməsi sahəsində yenə də xidmətin müasir təlabata uyğun qurulmasına və qiymətlərin real olmasına diqqət artırılmışdır. İlkin statistik hesablamalara əsasən rayon üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,0 faiz artaraq 128943,0 min manat olmuşdur. Eyni zamanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi də əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,0 faiz artaraq 20149,0 min manat olmuşdur. Ümumi məhsul istehsalının həcmində nəqliyyat üzrə 2,0 faiz, ticarət üzrə 14,5 faiz və rabitə üzrə isə 4,8 faiz artım qeydə alınmışdır.
Rayon icra hakimiyyətinin gündəlik diqqət ayırdığı sahələrdən biri əhalinin elektrik enerjisi, qaz və içməli su təminatının yaxşılaşdırılması, mövcud olan problemlərin müəyyən edilərək aradan qaldırılması, bu sahələrdə neqativ halların baş verməməsi, istehlak olunan elektrik enerjisi, qaz və suyun dəyərinin bütünlüklə toplanılmasına nəzarətin artırılması olmuşdur. Bu sahələrdə olan vəziyyət müntəzəm olaraq təhlil edilmiş, ilk növbədə maddi-texniki təchizatın yaxşılaşdırılması, əhalinin elektrik enerjisi, qaz və içməli su ilə daha keyfiyyətli və dayanıqlı təmin edilməsi üçün işin daha şəffaf şəkildə qurulması istiqamətində tədbirlər həyata keçirilmişdir.
Rayonda mühüm sosial sahələrin inkişafı diqqət mərkəzində saxlanılaraq təhsil, səhiyyə, mədəniyyət, idman-sağlamlıq, hərbi, dövlət quruculuğu işləri, əhalinin təhlükəsizliyi və ictimai qaydanın qorunması, qanunçuluğun möhkəmləndirilməsi və s. kimi məsələlər öndə tutulmuşdur. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının” təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli Sərəncamı rəhbər tutularaq bu sahədə müvafiq tədbirlərin görülməsi nəzarətə götürülmüşdür. Ümumiyyətlə, ötən illər ərzində də vacib sosial layihələrin həyata keçirilməsinə aidiyyəti dövlət qurumları ilə birgə lazımı səylər göstərilmiş və maarifləndirmə tədbirləri təşkil olunmuşdur.
Cari ildə Azərbaycan Kənd İnvestisiya Layihəsinin rayonda həyata keçirdiyi sosial layihələr daxilində rayonun Azadkənd, Qıraqlı, Şirinbəyli və Qara Nuru kəndlərində yeni həkim məntəqələri tikilmiş, müasir avadanlıqlarla təchiz edilərək əhalinin istifadəsinə verilmişdir.
2016-cı ilin ötən dövrü ərzində ideoloji işin təşkili məqsədilə həyata keçirilən tədbirlər sırasında Heydər Əliyev Mərkəzinin işinin təkmilləşdirilməsi ilə əlaqədar yaradılmış tədqiqat qrupları tərəfindən aparılan məqsədyönlü işləri qeyd etmək lazımdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi irsinin təbliği ilə bağlı ictimai-siyasi və mədəni-kütləvi tədbirlər yüksək mütəşəkkilliklə təşkil olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müvafiq tapşırığı və təsdiq olunmuş tədbirlər planı rəhbər tutularaq 20 Yanvar faciəsi, Xocalı faciəsi, 31 Mart-Azərbaycanlıların soyqırımı günü ilə bağlı anım tədbirləri rayon ictimaiyyətinin bütün təbəqələrindən olan nümayəndələrin, əmək kollektivlərinin, şagird və tələbələrin iştirakı ilə qeyd olunmuşdur. Bundan əlavə, ulu öndərin doğum günü ərəfəsində, may ayının birinci ongünlüyündə silsilə tədbirlər keçirilmiş, müxtəlif idman yarışları, intellektual oyunlar, əmək kollektivlərində dəyirmi masalar, elmi-praktik konfranslar təşkil olunmuşdur. Novruz bayramı əsl xalq şənliyi kimi qeyd olunmuş, digər dövlət bayramları, tarixi günlər, peşə bayramları ilə əlaqədar tədbirlər keçirilmişdir. İdeya-siyasi işlə bağlı rayonda təşkil olunan, həmçinin Heydər Əliyev Mərkəzində, Gənclər Mərkəzində qeyd olunan bütün tədbirlər yerli “Dönüş” qəzetində və respublikanın müxtəlif kütləvi informasiya vasitələrində vaxtlı-vaxtında işıqlandırılır, eyni zamanda rayon ictimaiyyəti məlumatlandırılır.
Ordu sıralarına çağırış və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı məsələlərin icrası nəzarətdə saxlanılmış, vətəndaşların həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarının icrasını təmin etmək məqsədilə təşkilati, ideya-siyasi işlər tələb olunan səviyyədə qurulmuşdur. Gənclər arasında “Cəsurlar”, “Şahin” hərbi idman oyunları, “VMH” çoxnövçülük yarışları keçirilmiş, həqiqi hərbi xidmətə gedən çağırışçılar aprel ayının ilk günlərində cəbhə bölgəsindəki qələbələrin böyük coşqunluğu və ruh yüksəkliyi ilə təntənəli şəkildə yola salınmışlar. Rayon icra hakimiyyətinin ötən müddətdə xüsusi diqqət ayırdığı sahələrdən biri də cinayətkarlıqla mübarizənin gücləndirilməsi, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi, mövcud kriminogen duruma nəzarət olunması, insan hüquq və azadlıqlarının həyata keçirilməsində vətəndaşlara öz Konstitusiya hüquqlarından istifadə etmələrinə hərtərəfli şəraitin yaradılması olmuşdur. Vətəndaşların əsassız olaraq tutulması, həbs edilməsi, təqsirləndirilən şəxs qismində dindirilməsi halları olmamış, cəzaçəkmə müəssisələrindən məhkumluqdan azad edilmiş vətəndaşlar yaşayış yerləri üzrə qeydiyyata alınaraq onlarla profilaktik iş aparılmış, bu vətəndaşların işlə, tibbi və sosial xidmətlərlə təmin edilməsi, sosial mühitə adaptasiyası tədbirləri diqqətdə saxlanılmışdır.
Ölkə başçısının göstərişlərinə əməl olunaraq bütün neqativ hallara, o cümlədən, korrupsiya, rüşvətxorluq, süni qiymət artımı, vergidən yayınma, məmur özbaşınalığı, bir sözlə ölkədə həyata keçirilən quruculuq işlərinə kölgə salan bütün xoşagəlməz hallara qarşı məqsədyönlü tədbirlər davam etdirilmiş, mülkiyyət formasından asılı olmayaraq bütün növ əmlakların qorunması sahəsində işlər gücləndirilməklə, hüquqpozma hallarının baş verməməsi üçün profilaktiki tədbirlər yerinə yetirilmişdir. Rayon icra hakimiyyəti öz fəaliyyətində əhali ilə hər həftə keçirilən səyyar qəbullara, görüşlərə xüsusi fikir vermişdir.
Vətəndaş müraciətləri ilə bağlı məsələlər vaxtaşırı Şura və aparatın iclaslarında müzakirə edilərək müvafiq tədbirlər görülmüşdür.
Bir sözlə, Saatlı rayonunda “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üzrə nəzərdə tutulan bütün lahiyələr uğurla həyata keçirilir.

Tofiq HÜSEYN,
“Respublika”.

 

 

 

Read 16 times