XƏBƏR LENTİ

Çərşənbə axşamı, 13 Dekabr 2016 11:18

ÜMUMMİLLİ LİDERİN XATİRƏSİ SONSUZ MƏHƏBBƏT VƏ EHTİRAMLA YAD EDİLMİŞDİR

Naxçıvan

Dekabrın 12-də Naxçıvan şəhərində ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib. Minlərlə insan Naxçıvan şəhərinin Heydər Əliyev prospektində Ulu Öndərimizin əzəmətlə ucalan abidəsini ziyarət edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə tər gül dəstəsi qoyub, xalqımızın böyük oğlunun xatirəsini ehtiramla yad edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, şirkət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin kollektivləri, hərbi hissələrin, ictimaiyyətin nümayəndələri Ulu Öndərin abidəsini ziyarət edərək dahi şəxsiyyətin əziz xatirəsinə sonsuz məhəbbətlərini bildiriblər.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyətinin hər iki dövrü xalqa xidmət nümunəsidir. O, Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatıb. Ümummilli Lider Azərbaycanı istər Sovet imperiyasının məngənəsindən, istərsə də müstəqilliyin ilk illərindəki xaos və anarxiyadan çıxararaq yeni inkişaf mərhələsinə yüksəldib. Məhz bu səbəbdən Ulu Öndər Azərbaycan xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran bir rəhbər kimi hələ sağlığında xalqımızın qəlbində əbədi yaşamaq hüququ qazanıb. Həyatını xalqına və ölkəsinə həsr etdiyini bəyan edən dahi rəhbər deyirdi: “Mən ya müstəqil Azərbaycan dövlətini quracağam, ya da bu yolda şəhid olacağam”.
Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yol, əslində, 1969-cu ildən - ümummilli lider Heydər Əliyevin ölkəmizdə birinci dəfə hakimiyyətə gəlişi ilə qoyulub. 1969-1982-ci illərdə Ulu Öndər Azərbaycanı böyük bir imperiyanın tərkibində milli varlığını itirməkdən qorudu, iqtisadiyyatı dirçəltdi. Ölkəmizdə böyük istehsal müəssisələri, zavodlar, fabriklər tikildi, təhsil, səhiyyə, mədəniyyət ocaqları fəaliyyətə başladı, dərin köklərə və qədim mədəniyyətə malik olan xalqın tarixi yaddaşı bərpa edildi və bütün bunların məntiqi nəticəsi olaraq gələcək müstəqilliyin əsasları yaradıldı.
Alman filosofu Hegel yazırdı ki, “sürətlə iflasa yaxınlaşan xalqların taleyi yalnız dahilər tərəfindən xilas oluna bilər”. Vətənin ağır bəlalardan xilasını özünün tarixi missiyası kimi qəbul edən ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan naminə fəaliyyətinin 1990-cı ildən sonrakı mərhələsi şərəfli xilaskarlıq və quruculuq missiyasıdır. Bu missiyanın öz başlanğıcını götürdüyü yer isə Azərbaycanın Naxçıvan Muxtar Respublikasıdır.
Ulu Öndər Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illərdə Azərbaycan xalqının azadlıq və müstəqilliyi üçün çalışıb, müstəqil dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində tarixi addımlar atıb. Dahi şəxsiyyətin uzaqgörən siyasəti sayəsində muxtar respublikanın adından “sovet, sosialist” sözləri çıxarılıb, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edilib, qədim Naxçıvan torpağı erməni təcavüzündən qorunub. Bir sözlə, dahi rəhbərin o çətin dövrdə Naxçıvanda həyata keçirdiyi tədbirlər müstəqil dövlətçiliyimizin bünövrəsini qoyub.
Şəxsiyyətlərin ucalığını təsdiqləyən əsas amillərdən biri də onların xalqı və dövləti naminə zamanın hökmünə qarşı qərar qəbul etmələridir. Ulu Öndər ölkəmizə rəhbərliyinin birinci dövründə xalqın milli varlığını bərpa etməklə, gələcək müstəqillik üçün iqtisadi əsaslar yaratmaqla, 1990-cı ildə imperiyanın mərkəzində kəskin bəyanatla çıxış edərək Bakıda baş vermiş faciəni törədənlərin məsuliyyətə cəlb olunmasını tələb etməklə və Naxçıvanda müstəqil dövlətçiliyimizin əsaslarını yaratmaqla bütün varlığı ilə doğma Azərbaycana və xalqına bağlı olduğunu bir daha təsdiqləyib.
Böyük şəxsiyyətlər heç bir zamana və məkana sığmırlar. Tarix böyük şəxsiyyətlərin mənalı ömür yoludur. Bu mənada ulu öndər Heydər Əliyevin ömür yolu Azərbaycan xalqının şanlı tarixidir. Çünki dahi rəhbər Azərbaycanı qorumaq üçün yaşadı, Azərbaycanı yaşatmaq üçün qurub yaratdı. Xalqın ulu öndər Heydər Əliyevə olan böyük inamı və təkidli tələbi ilə 1993-cü il iyunun 15-də dahi rəhbər ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdı. Bu qayıdış Azərbaycan xalqının və dövlətçiliyinin Milli Qurtuluş Günü kimi tarixə düşdü. Ulu Öndərin 1993-2003-cü illərdə ölkəmizə rəhbərlik etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsidir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş dövrüdür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov deyib: “Dahi Heydər Əliyev ona görə Ümummilli Liderdir ki, xalqının ağır günündə onun səsini eşitdi, Azərbaycanın xilası naminə, xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdı. Bu qayıdış Azərbaycanın yeni tarixinin yaradıcısı kimi Heydər Əliyevin adını xalqımızın xilaskarı simvoluna çevirdi. Xalq - Heydər Əliyev, Heydər Əliyev - xalq birliyinin sarsılmazlığı dövlətimizin müstəqilliyinə əbədi təminat verdi. Hələ sağlığında möhtərəm Heydər Əliyevin xalqın Ümummilli Lideri adını qazanmasının kökündə də məhz bu amil - xalqın öz liderinə dərin inamı və məhəbbəti, liderin isə mənsub olduğu xalqın yolunda hər cür fədakarlığa hazır olması və xalqa olan sonsuz məhəbbəti dayanırdı. Ümummilli Liderimizin bu fədakarlığı sayəsində 1993-cü ildə Azərbaycanın əldən getməkdə olan dövlət müstəqilliyi qorunub saxlandı”.
Bu gün hər bir azərbaycanlı fəxrlə deyir ki, ümummilli lider Heydər Əliyevin şah əsəri olan, sürətli sosial-iqtisadi inkişaf dinamikasına malik və ən əsası Ulu Öndərin siyasi xəttini yeni dövrün tələblərinə uyğun davam etdirən ölkə Prezidenti İlham Əliyev kimi qüdrətli lideri olan müstəqil Azərbaycanda yaşayır. Bu gün ölkəmizdə həyata keçirilən siyasi xətt - Heydər Əliyev yolu Azərbaycanı daha böyük zəfərlərə qovuşdurur, ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında bu yolla inamla irəliləyir.
Bu gün Naxçıvan Muxtar Respublikası da əsl inkişaf və tərəqqi dövrünü yaşayır. Bu tərəqqiyə Ümummilli Liderimizin müəllifi olduğu inkişaf strategiyasının uğurla davam etdirilməsi və Heydər Əliyev siyasi xəttinə sədaqət nəticəsində nail olunub. Son illər muxtar respublikada quruculuq işləri geniş vüsət alıb, dinamik iqtisadi inkişaf əldə olunub, infrastruktur yenilənib, sosial proqramlar qəbul edilərək icra olunub, enerji və ərzaq təhlükəsizliyi təmin olunub, etibarlı müdafiə sistemi yaradılıb.
Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqı durduqca onunla yaşayacaqdır. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi: “Nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaqdır. Biz - Ulu Öndərin davamçıları onun yolu ilə gedəcəyik, Azərbaycanı gücləndirəcəyik, müstəqilliyimizi qoruyacağıq”.
Həmin gün muxtar respublikanın bütün rayon mərkəzlərində də Ümummilli Liderimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

AZƏRTAC

 

Gəncə
Unudulmaz dahi şəxsiyyət, Türk dünyasının fenomeni, əvəzsiz insan, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, əbədiyaşar Heydər Əliyevin əziz xatirəsi bütün Azərbaycanlılar üçün daim əzizdir, onun göstərdiyi diqqət və qayğı heç vaxt unudulmur, həmişə ürəklərdə yaşayır. Bəli, ümummilli lider Heydər Əliyev fenomeni hər bir azərbaycanlı üçün örnəkdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin anım günü ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin imzaladığı geniş və əhatəli tədbirlər planına əsasən dekabr ayının əvvəlindən başlayaraq, şəhərin idarə və müəssisələrində, təhsil, səhiyyə, elm və mədəniyyət ocaqlarında keçirilən silsilə tədbirlər möhtəşəmliyi, məzmun və mahiyyət dolğunluğu ilə diqqət çəkmişdir. Bu gün qədirbilən gəncəlilər də dahi şəxsiyyət, görkəmli siyasi xadım müdrik rəhbərin Gəncədə görüşləri, onlar haqqında dediyi qiymətli və xoş kəlamları yada salır, qürur və minnətdarlıq hissi ilə xatırlayırlar. Gəncə şəhərinin möhtəşəm Heydər Əliyev meydanındakı bu böyük izdihamda, on minlərlə sakinlər əllərində gül çiçək, ümummilli liderin əzəmətli abidəsi önünə ziyarətə gəlmişdilər. Öncə Gəncə şəhər İcra Hakimiyyətinn başçısı Elmar Vəliyev, rəsmi şəxslər ulu öndərin əzəmətli abidəsi önündə ehtiramla baş əyərək, ürəklərində sevgi və rəğbət duyğuları ilə dahi şəxsiyyətin əziz xatirəsini yad etdilər. Sonra izdiham hərəkətə gələrək, sıra ilə ulu öndərin abidəsi önündən keçərək, həzin matəm musiqi sədaları altında, ulu öndər Heydər Əliyevin əzəmətli abidəsi önünə tər çiçəklər düzərək və baş əyərək sonsuz hörmət və ehtiramlarını bir daha nümayiş etdirdilər. Dünyanın Ən Böyük Azərbaycanlısı dahi Heydər Əliyevə dərin məhəbbət bəsləyən gəncəlilər onun müdrik ideyalarını əməllərində və əqidələrndə yaşadır, ölkəmizin, doğma şəhərimizin inkişafına layiqli töhfələr verməklə əziz xatirəsini əbədiləşdirdiklərini, uca tutduqlarını təravətli gül-çiçək dəstələri ilə ifadə etdilər. Şəhərin Baş meydanında quraşdırılan böyük monitorda dünya şöhrətli siyasətçinin zəngin və şərəfli həyatından bəhs edən film nümayiş etdirildi. Şəhər rəhbəri vurğuladı ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə olan sonsuz məhəbbət və ehtiramın nəticəsidir ki, 13 ildir ki, xalqımız unudulmaz şəxsiyyəti dərin kədər və hüznlə yad edir. Çünki, Azərbaycan xalqının ictimai-siyasi həyatında, dövlətçilik tarixində mühüm rol oynayan ümummilli lider adını qızıl həriflərlə Azərbaycan tarixinə yazmışdır. Odur ki, canlı əfsanəyə çevrilən Heydər Əliyevə ümumxalq sevgisi, Heydər Əliyev fenomeninə maraq illər ötdükcə daha da artır. Ümummilli lider bu gün cismən aramızda olmasa da onun parlaq ideyaları, müdrik əməlləri, müəyyənləşdirdiyi müqəddəs yol daim müdrik xalqımızın yeganə ümid və istinadgah mənbəyi olaraq qalacaqdır. Qürur hissi keçiririk ki, Azərbaycana ulu öndərin layiqli siyasi davamçısı - Prezident İlham Əliyev kimi vətənpərvər, qətiyyətli, peşakar, yeni dünya siyasətinin incəliklərinə dərindən bələd olan, islahatçı və müasir lider rəhbərlik edir. Milyonların qəlbində yaşayan, ümummilli lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolu hər bir Azərbaycanlı üçün layiqli örnəkdir.

 

Sumqayıt
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Sumqayıt şəhərində də çoxsaylı tədbirlər keçirilib. Dekabrın 9-dan başlayaraq şəhərin müəssisə və təşkilatlarında bu böyük siyasi və dövlət xadiminin vəfatının 13-cü ildönümü ilə bağlı xatirə yığıncaqları təşkil edilib. Burada dahi rəhbərin ideyalarını davam etdirən və praktiki olaraq reallaşdıran insanlar toplaşaraq bir daha ulu öndəri böyük məhəbbətlə yad etmiş, onun xalqımız üçün gördüyü əvəzsiz işlərdən söhbət açmışlar.
Azərbaycan tarixinin son 35 ilə yaxın bir dövrü ərzində ölkəmizin ictimai-siyasi, iqtisadi, elmi və mədəni həyatının elə bir sahəsi yoxdur ki, orada xalqımızın müdrik oğlu Heydər Əliyevin möhtəşəm quruculuq amallarının yadigarları olmasın. Sumqayıtda sənayenin, elmin və təhsilin, sosial həyatın inkişafı məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Sumqayıt ümummilli liderimizin Azərbaycana rəhbərlik etdiyi illərdə sürətli inkişaf yolu keçərək ölkəmizin aparıcı sənaye mərkəzlərindən birinə çevrilmişdir. Burada keçmiş İttifaqda metallurgiya, kimya, energetika, tikinti materialları sənayesinin aparıcı müəssisələri yaradılmış, yeni mikrorayonlar, yaşayış məhəllələri salınmışdır. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gənclik və sənaye şəhəri sayılan Sumqayıtda dəfələrlə olmuşdur. O, burada sənaye müəsissələrinin açılışında iştirak etmiş, sakinlərlə görüşlər keçirmişdir. Sumqayıtlılar 2003-cü il aprelin 3-də ulu öndərimizin Sumqayıta gəlişini, burada keçirilmiş geniş müşavirədə söylədiyi proqram xarakterli nitqini heç zaman unutmayacaqlar. Məhz həmin tarixi görüşdən sonra Sumqayıtın həyatında inkişafın yeni mərhələsi başlanmış və bu iş indi də uğurla davam etdirilir.
Dekabrın 12-si isə anım mərasimi səhər tezdən başlamışdır. Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, ictimaiyyət, hüquq-mühafizə orqanlarının nümayəndələri, millət vəkilləri, şəhərin təhsil, səhiyyə, mədəniyyət işçiləri, ziyalılar, məktəblilər, müxtəlif müəssisə və təşkilatlarda çalışan insanlar, veteranlar ulu öndərin adını daşıyan Parkda ucaldılan Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsinə ehtiramlarını bildiriblər.
Heykəl önünə insan axını bütün günü davam etdi. Axşam saat yeddidə isə şəhərdə bir dəqiqəlik sükut elan edildi.

 

Lənkəran
Xalqımızın ümummilli lideri, zəmanəmizin görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin vəfatından 13 il keçir. İllər bu əzəmətli şəxsiyyəti zaman baxımından uzaqlaşdırsa da, o, həmişə bizimlədir.
Heydər Əliyev xalqın, millətin, müstəqil Azərbaycanın taleyində əvəzsiz rol oynayıb. Ölkənin ən ağır, taleyüklü məqamlarında xalqın səsinə səs verərək onu bəlalardan, faciələrdən xilas edib. Müstəqilliyimizi, dövlətçiliyimizi möhkəmləndirərək əbədi edib. Bütün sahələrdə ölkəmizin sürətli inkişafına, xalqın həyat səviyyəsinin yüksəldilməsinə, Azərbaycanın bir dövlət kimi beynəlxalq aləmdə tanınmasına, nüfuzunun artmasına nail olub.
Ürəyi daim xalq və Vətən üçün döyünən dahi rəhbərin irsi, parlaq ideyaları bu gün də yaşayır, sabaha və xoşbəxt gələcəyə gedən yolumuzu işıqlandırır. Təsadüfi deyil ki, respublikamızın hər yerində olduğu kimi Lənkəranda da ümummilli liderin anım mərasimi ümumxalq məhəbbətinin parlaq təzahürünə çevrildi.
Anım günü Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Heydər Əliyev xatirə parkında ulu öndərin əzəmətli abidəsini ziyarət etdi və abidənin önünə gül dəstəsi düzdü.
Sonra icra aparatının rəsmiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əmək kollektivləri, qeyri-hökumət təşkilatlarının, ictimaiyyətin nümayəndələri, ziyalılar, gənclər abidənin önünə gül dəstələri düzərək ümummilli liderin əziz xatirəsini böyük ehtiramla yad etdilər.

 

Şəmkir
Dekabrın 12-də respublikamızın hər yerində olduğu kimi, Şəmkirdə də ümummilli lider Heydər Əliyevin anım günü ümumxalq məhəbbətinin təzahürünə çevrildi.
Şəmkir şəhərinin mərkəzində ucaldılmış ulu öndərin abidəsi önünə üz tutan insan seli xalqımızı taleyüklü problemlərdən və ağır sınaqlardan alnıaçıq çıxarmış, onu işıqlı sabaha və xoşbəxt gələcəyə aparan əbədiyaşar liderini ehtiramla yad etməyə tələsirdi.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, şəhər ictimaiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, təhsil və səhiyyə işçiləri, veteranlar, çoxsaylı sahibkarlar ordusunun təmsilçiləri, idarə və müəssisələrin kollektivləri Ümummilli Liderin möhtəşəm abidəsini ziyarət etdərək, önünə gül dəstələri düzdülər.
Həmsöhbətim Şəmkir sakini, şəhər ağsaqqalı, veteran Knyaz Quliyev qeyd etdi ki, “ Müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin əbədiyyətə qovuşmasından 13 il ötməsinə baxmayaraq, xalqımız öz xilaskarini bir an belə unutmamış, hər zaman onu ehtiramla, qürur hissi ilə yad etmişdir. Çünki Heydər Əliyev xalqımızın taleyində əvəzsiz rol oynamışdır. Respublikamız öz suverenliyinə və dövlət müstəqilliyinə görə məhz Ümummilli Liderimizə borcludur. O, Azərbaycanın bütün sahələrdə sürətli inkişafına, xalqın sosial həyat səviyyəsinin yüksəldilməsinə, ölkəmizin bir dövlət kimi beynəlxalq aləmdə tanınmasına və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına nail oldu, Odlar Yurdunun dünyada böyük nüfuz qazanması istiqamətində qlobal işlər gördü.ürəyi daim xalq üçün, Vətən üçün döyünən Heydər Əliyevin parlaq ideyaları bu gün də hər bir azərbaycanlının qəlbində yaşayır və daim yaşayacaqdır”.

 

Tərtər
Bu gün Azərbaycan xalqı müstəqil dövlətimizin qurucusu və memarı,dünya şöhrətli siyasətçi Heydər Əliyevin anım gününü qeyd edir.
Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən dəyərli mənəvi-ideoloji sərvətlərindən biridir.Çox mürəkkəb bir şəraitdə hakimiyyət sükanı arxasına əyləşərək ölkədə durmadan dərinləşən böhranın qarşısının alınması,qanunsuz silahlı qüvvələrin zərərsizləşdirilməsi,anarxiya və özbaşınalığın aradan qaldırılması,qısa müddət ərzində ictimai-siyasi sabitliyə nail olunması, qanunçuluğun bərpası və təminatı istiqamətində mühüm addımlar atan ulu öndər cəmiyyətimizin bütövləşməsi və hərtərəfli inkişafı üçün misilsiz işlər görmüşdür.
Tərtər əhalisi öz xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirmiş dahi Heydər Əliyevin anım günündə millətimizi bir bayraq və eyni amal ətrafında birləşdirmiş ümummilli liderin əziz xatirəsini yad etmək üçün şəhərin mərkəzi meydanına toplaşmışdı. Minlərlə rayon sakini Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində əvvəlcə dahi şəxsiyyətin büstü önünə gələrək gül dəstələri düzdülər, onun həyat və fəaliyyətini əks etdirən fotostendlərlə tanış oldular. “Dəyirmi masa” arxasında davam etdirilən tədbirdə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sukutla yad edildi. Azərbaycanda müstəqil dövlətçilik ənənələrini formalaşdıran Heydər Əliyevin xalqımız qarşısındakı böyük xidmətlərindən danışıldı.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Umummilli liderin həyat və fəaliyyəti ilə bağlı məruzə etdi. Bildirdi ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, görkəmli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından on üç il keçir. Rayon rəhbəri qeyd etdi ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildən başlayaraq 34 illik bir dövrü əhatə edən Azərbaycanın ən yeni tarixi, ölkəmizin həyatının bütün sahələrində əldə edilmiş möhtəşəm nailiyyətlər dahi şəxsiyyət Heydər Əliyevin müdrik dövlətçilik siyasəti ilə bağlıdır. “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” kimi qiymətləndirilən bu dövr ulu öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsidir.
Bu gün xalqımız demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə etmiş, xoşbəxt gələcəyi üçün bütün təminatlara sahib olaraq , siyasi və iqtisadi müstəqilliyə nail olmuşdur.
Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, ölkəmizdə sabitliyin və inkişafın qarantıdır.
Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirildi.

 

İsmayıllı
Rayonun sosial iqtisadi inkişaf sahəsində qazandığı bütün uğurları dünya şöhrətli siyasi xadim kimi tarixdə xüsusi yer tutan, müstəqil Azərbaycanın memarı və qurucusu olan Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsi kimi dəyərləndirən ismayıllılar dekabrın 12-də Ulu Öndərin abidəsini ziyarət etdilər, onun dahiliyinə öz hörmət və ehtiramlarını bir daha nümayiş etdirdilər. Heydər Əliyev mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunan fitnə tamaşa edənlərin hamısında böyük şəxsiyyətin böyük və uzunömürlü ideyalarına söykənən sosial iqtisadi inkişaf proqramlarının Azərbaycanı daha firavan sabaha apardığına bir daha əminlik yaratdı.
Elə həmin gün bir qrup ismayıllılı gənc Bakı şəhərinə fəxri xiyabana Ulu Öndərin abidəsini ziyarətə yollandı.

 

Qax
Ulu Öndərin anım günü ərəfəsində rayonda keçirilən silsilə tədbirlərdə onun həyat və fəaliyyəti hərtərəfli şəkildə geniş təhlil olunmuş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin firavan sabaha inamlı addımlarla getdiyindən ətraflı danışılmışdır. Məktəblərdə, ayrı-ayrı idman təşkilatlarında keçirilən müsabiqələr, idman yarışları da bir-birindən maraqlı və yaddaqalan olmuşdur.
Dekabrın 12-də isə qaxlılar ulu öndərin abidəsini ziyarət edib, önünə əklil və tər çiçəklər qoymuş, ona olan sonsuz məhəbbət və ehtiramlarını göstərmişləır.

 

Ucar
Son illər Ucar sosial iqtisadi inkişaf baxımından xeyli inkişaf etmiş, respublikanın abad firavan regionuna çevrilmişdir. Bu gün də rayonda qaynarlıq, sabaha nikbin baxışla böyük əmək cöşqunluğu, yüksək işgüzarlıq, qayğıkeşlik, səviyyəli idarəetmə əhval ruhiyyəsi hökm sürür. Heydər Əliyevin anım günü ərəfəsində idarə və müəssisələrdə, məktəblərdə, idman təşkilatlarında keçirilən silsilə tədbirlərdə ucarlılar qazanılan bütün uğurları Ulu Öndərin uzaqgörən siyasətinin və bu yolu indi müvəffəqiyyətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü idarəetməsinin nəticəsi kimi dəyərləndirilmişlər. Ucarlılar dekabrın 12-də Ulu Öndərin abidəsini ziyarət etməklə, ora əklil və tər çiçəklər qoymaqla Heydər Əliyevin böyük dahiliyinə sonsuz ehtiramlarını, məhəbbətlərini nümayiş etdirmişlər.

 

Sabirabad
Dahi şəxsiyyət Heydər Əliyevin anım günü ölkəmizin hər yerində olduğu kimi, Sabirabadda da dərin hörmət və ehtiramla yad olundu. Səhər tezdən minlərlə rayon sakini şəhərin mərkəzində ucaldılmış Ulu Öndərin heykəli önünə axışırdılar. Rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov anım mərasimini giriş sözü ilə açaraq ümummilli liderin istər sovet dönəmində, istərsə də Azərbaycanda hakimiyyətə ikinci qayıdışından sonra sabirabadlılara gösərdiyi qayğıdan danışdı. Natiq daha sonra göstərdi ki, Ulu Öndər müxtəlif vaxtlarda 14 dəfə Sabirabad rayonuna səfər etmiş, hər gəlişində rayon sakinlərinin əmək fəaliyyəti, gün-güzəranları ilə maraqlanmış, rayonda sənaye müəssisələrinin, emal zavodlarının, mədəniyyət, məişət, səhiyyə, təhsil ocaqlarının tikintisi barədə göstərişlər vermişdir. Bu gün rayonda ucaldılan Mədəniyyət sarayı, təhsil ocaqları, emal müəssisələri dahi şəxsiyyətdən sabirabadlılara qiymətli yadigarlardır.
Çıxışlardan sonra Ulu Öndərin heykəli önünə tər qərənfillər düzüldü.

 

Bərdə
Azərbaycanın ən yeni tarixi Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın ümummilli lideri Heydər Əliyev, əslində, sosial-iqtisadi böhran keçirən Azərbaycanı hələ 1970-1980-ci illərdə keçmiş İttifaqın ən qabaqcıl respublikalarından biri səviyyəsinə yüksəltmişdir.
Müasir Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi məhz həmin illərdə qazanılmış və təməli qoyulmuş potensiala əsaslanır.
1993-cü ilin iyun ayında müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan xalqı özünün və ölkənin gələcəyini Heydər Əliyevə etibar etdi. Ulu Öndər özünün müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti, yenilməz iradəsi sayəsində ölkəni, xalqı, gənc, müstəqil Azərbaycan dövlətini labüd fəlakətdən qurtardı, onun qorunması, inkişafı və möhkəmləndirilməsini təmin etdi. Qədirbilən Azərbaycan xalqı dahi oğlunun bu əvəzsiz xidmətlərini heç vaxt unutmur.
Dekabrın 12-də Azərbaycanın dahi oğlu Heydər Əliyevin vəfatının ildönümü münasibəti ilə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, YAP rayon təşkilatının nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimai təşkilatların və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, rayon sakinləri, ağsaqqallar, rayonda müvəqqəti məskunlaşmış məcburi köçkünlər, vaxtilə ümummilli lider Heydər Əliyevlə görüşmüş yaşlı nəslin nümayəndələri Bərdənin mərkəzi meydanında ucaldılmış Heydər Əliyevin abidəsi önünə gələrək ,dahi şəxsiyyətin xatirəsini ehtiramla yad etdilər,abidə önünə tər gül-çiçək dəstələri düzüldü.
Anım mərasimindən sonra rayon rəhbərliyi Heydər Əliyev Mərkəzində ümummilli liderin həyatını və zəngin ictimai-siyasi fəaliyyətini əks etdirən fotosdentlərlə tanış oldu.
Dünya şöhrətli siyasətçi Heydər Əliyevin anım günü ilə əlaqədar rayon icra hakimiyyəti başçısı aparatının akt zalında tədbir keçirildi.
Tədbirdə ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev ulu öndər Heydər Əliyevin işıqlı həyat yoluna həsr edilmiş məruzə ilə çıxış etdi .
Rayon sakinlərindən ulu öndər Heydər Əliyevlə görüşmüş əmək adamları - İradə Məmmədova, Rahim Məmmədov çıxış edərək unudulmaz xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər.

“Respublika”.

 

 

 

Read 23 times