XƏBƏR LENTİ

Çərşənbə axşamı, 13 Dekabr 2016 11:14

Mingəçevirin su kanalizasiya şəbəkələri payız-qış mövsümünə hazırdır

Ölkəmizin böyük sənaye şəhərlərindən olan Mingəçevir son illərdə sosial-iqtisadi baxımdan xeyli inkişaf etmiş, əhalinin rahatlığının təmin edilməsi yönümündə burada nəzərəçarpacaq irəliləyişlərə nail olunmuşdur. Şəhərin əhalisinin son iyirmi ildə xeyli artması yeni yaşayış massivlərinin meydana gəlməsinə səbəb olmuşdur. Söz yox ki, bütün bunlar yeni infrastruktur layihələrinin yaradılmasını qaçılmaz etmişdir. Şəhərdə həyati əhəmiyyət daşıyan sahələrdən biri də su kanalizasiya şəbəkələridir. Mingəçevirin normal həyatının təmin edilməsini bu mühüm sahələrsiz təsəvvür etmək qeyri-mümkündür. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir Sukanal İdarəsinə təcrübəli mühəndis Mustafa Kərimov rəhbərlik edir. Onu da qeyd edək ki, xeyli müddət burada baş mühəndis vəzifəsində çalışmış Mustafa müəllim şəhərin su şəbəkələrinə yaxşı bələddir. Onunla söhbətimiz şəhərin qış mövsümünə hazırlığı ərəfəsində baş tutdu. Görülmüş işlərə aydınlıq gətirən M.Kərimov dedi:

–Mingəçevir Şəhər Sukanal İdarəsi 2016-cı ilin ötən dövrü ərzində 31946 abonentə su və kanalizasiya xidməti göstərmişdir. Hesabat dövründə tərəfimizdən şəhərin su şəbəkələrində baş verən 3800, kanalizasiya şəbəkəsində 3850 qəza və tutulmalar aradan qaldırılmış, 87 çoxmərtəbəli yaşayış binasının zirzəmisində cari təmir işləri aparılmış, 60-a yaxın binanın zirzəmisinə yığılan axıntılar nasos vasitəsi ilə çəkilərək qurudulmuş, su kanalizasiya qurğularında 7 ədəd nasos, 4 ədəd elektrik mühərriki əsaslı təmir olunaraq işlək vəziyyətə gətirilmişdir. Bundan başqa, payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər planına müvafiq olaraq su şəbəkələri üzərində olan siyirtmələr mövsümə uyğun tənzimlənmiş, 2 dəst 132 kilovat-saat gücə malik olan nasos avadanlığı, maşın və mexanizmlər üçün şin alınmış, nasosxanaların dam örtüklərində cari təmir işləri aparılmış, 2 ədəd 600 amperlik yeni kontaktor quraşdırılmış, 160 poqonmetr müxtəlif ölçülü kabel xətləri yenisi ilə əvəz olunmuşdur. Qaçqın və məcburi köçkünlərin su ilə təmin edən 4 ədəd 500 kubmetr tutumu olan su anbarı təmizlənərək dezinfeksiya işləri aparılmışdır. Şəhərin su şəbəkələrində müxtəlif diametrli 854 metr xətt yenisi ilə əvəz olunmuş, 10476 metr su xəttində cari təmir və qaynaq işləri aparılmış, 13 ədəd yeni siyirtmə quraşdırılmış, 42 ədəd müxtəlif diametrli siyirtmə təmir edilmiş, 197 ədəd SMART-kart tipli sayğac quraşdırılmışdır.

2015-ci ilin 9 ayı ərzində istehlakçılara 3342000 kubmetr su verilmiş, kanalizasiya şəbəkəsinə 3769 min kubmetr çirkab su qəbul edilmiş, göstərilən xidmətlərin dəyəri 2358000 manat olmuşdur. Göstərilən xidmətlərin dəyərinin ödənişi 2255,5 manat olmaqla, 95,7 faiz təşkil etmişdir ki, bu da 2015-ci ilin müvafiq dövründən 8,2 faiz çoxdur.

İlin ötən dövrü ərzində idarəmizə 755 məktub və müraciətlər daxil olmuşdur. Bunlardan 365-i “Azərsu” ASC-dən və digər təşkilatlardan, 390-nı isə vətəndaşlardan daxil olan məktublardır. Daxil olan korrespondensiyaların hamısı icra olunmuşdur. Şəhərin su kanalizasiya sistemləri ötən əsrin 50-60-cı illərində qurulmuş, fiziki cəhətdən tam köhnəlmişdir. Şəbəkə və qurğular müasir tələblərə cavab vermir. Baş verən qəzaların sayı artır, bu da şəhərin müxtəlif yerlərinin qazılmasına, antisanitar vəziyyətin yaranmasına və bəzən də su təchizatında fasilələrin yaranmasına səbəb olur. Eyni zamanda şəhərimiz durmadan böyüyür, yeni sənaye, ticarət, iaşə müəssisələri tikilir, yaşayış massivləri salınır. Odur ki, şəhərin su-kanalizasiya şəbəkələrinin yenidən qurulması zərurəti yaranmışdır. Regionların Sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına müvafiq olaraq şəhərin su-kanalizasiya şəbəkələrinin yenidən qurulması işlərinə 2011-ci ilin oktyabr ayından etibarən start verilmiş və bu gün də davam etdirilir. Ötən müddətdə podratçı təşkilatlar tərəfindən 266341 poqonmetr diametri 110-1000 millimetr olansu xətti çəkilmiş, su şəbəkələri üzərində 100-1000 millimetr 1853 ədəd siyirtmə qoyulmuşdur. Müxtəlif dövrlərdə şəhərdə inşa edilən yaşayış binalarının məişət tullantı suları birbaşa Kür çayına axıdılmışdır. Kür çayına sol sahildə 13, sağ sahildə 8 nöqtədən axıdılan suların istiqamətinin dəyişdirilməsi məqsədi ilə “Azərsu” ASC-nin tərəfindən hazırlanmış yeni layihə əsasında qısa müddətdə biri sağ sahildə və ikisi sol sahildə olmaqla 3 ədəd ötürücü nasos stansiyası tikilmiş, 22 km müxtəlif diametrli daşıyıcı xətlər çəkilərək istifadəyə verilmişdir. Bu məqsədlə podratçı təşkilat tərəfindən 39017 poqonmetr su xətti 14418 poqonmetr kanalizasiya xətti çəkilmiş, 25 ədəd su hidrantı diametri 100 millimetr 22 ədəd siyirtmə quraşdırılmış, 528 ədəd nəzarət baxış quyusu tikilmiş, 13421 ədəd smart-kart tipli sayğac quraşdırılmışdır.

Hazırda layihə üzrə ən müasir standartlara uyğun su təmizləyici qurğunun və su anbarının tikintisi başa çatmaq üzrədir, hər iki qurğuda son tamamlama işləri aparılır. Eyni zamanda şəhərin Günəşli, Şəfa yaşayış massivlərində su-kanalizasiya xətlərinin çəkilişi və çoxmərtəbəli yaşayış binalarının binadaxili kanalizasiya xətləri yenidən qurulması işləri, çirkab su təmizləyici qurğunun tikintisi davam etdirilir.

Mingəçevirdə görülən işlər möhtərəm Prezident İlham Əliyevin şəhərimizə, onun sakinlərinə olan diqqət və qayğısının nəticəsidir. “Azərsu” ASC-nin rəhbərliyinin yaxından köməkliyi ilə bu layihənin vaxtında və keyfiyyətlə həyata keçirilməsi üçün bütün qüvvə və bacarığımızla çalışacağıq.

Söhbəti yazdı:

İlham PƏNAHOV,

“Respublika”.

 

 

 

Read 19 times