XƏBƏR LENTİ

Bazar, 10 Yanvar 2021 11:18

Mədəniyyət işçiləri onlayn rejimdə çalışır

Xüsusi karantin rejimi dövründə effektiv idarəetməni təmin etmək məqsədilə Xaçmaz Regional Mədəniyyət İdarəsi öz işini internet resusrsları üzərində qurmuşdur. İdarə tərəfindən mütəmadi olaraq mədəni-maarif müəssisələrinin rəhbərləri üçün videokonfranslar keçirilmiş, müvafiq tapşırıq və tövsiyələr diqqətə çatdırılmışdır. İlin yekunları barədə ətraflı məlumat verən idarənin rəisi Nazim Ağayev bildirir ki, mədəniyyət kollektivləri fəaliyyətini karantin rejiminin qaydalarına ciddi riayət etməklə həyata keçirmişlər. Müəssisələr tərəfindən müxtəlif onlayn tədbirlər, video və foto məlumatlarla bağlı xeyli iş görülmüşdür. Uşaq musiqi və incəsənət məktəbləri dərslərin proqram üzrə onlayn şəkildə distant tədrisini davam etdirmişdir. Həmçinin məktəblər tərəfindən “evdə qal, musiqisiz qalma” və digər başlıqlarda videoçarxlar hazırlanaraq sosial şəbəkələrdə yerləşdirilmişdir.

“Regionlarda onlayn musiqili ustad dərslərinin təşkili” adlı layihə çərçivəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimləri - xalq artistləri Zümrüd Məmmədova (xanəndə), Ramiz Quliyev (tar), Əməkdar incəsənət xadimi Arif Əsədullayev (kamança) tərəfindən Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərində ixtisas fənləri üzrə müəllim və şagirdlər üçün onlayn ustad dərsləri keçiriblər.

Heydər Əliyev mərkəzlərinə, muzeylərə və qalereyalara təşkil edilən virtual ekskursiyalar sosial şəbəkə istifadəçilərinin böyük marağına səbəb olmuşdur. Həmçinin muzey müəssisələri tərəfindən müxtəlif mövzularda videoçarxlar hazırlanaraq paylaşılmışdır. Mədəniyyət Nazirliyinin “Evdə qal, evdə yarat” layihəsi çərçivəsində region sənətkarlarının əl işlərindən ibarət foto, videolar və həmin işlərin hazırlanma prosesini özündə əks etdirən videomateriallar hazırlanmışdır. Region kitabxanalarının oxucuları tərəfindən “evdə qal, kitab oxu” aksiyası təşkil olunmuş, bu istiqamətdə videoçarxlar hazırlanaraq sosial şəbəkələrdə yerləşdirilmişdir.

Mədəniyyət mərkəzlərinin solistləri, uşaq musiqi və incəsənət məktəblərinin müxtəlif ixtisaslar üzrə müəllimləri onlayn konsertlər hazırlamış və idarənin facebook səhifəsində canlı olaraq yayımlanmışdır. Diqqət çəkən haldır ki, idarənin tabeliyində olan mədəniyyət müəssisələrinin tikmə-biçmə dərnəkləri tərəfindən tibbi maskalar tikilərək ehtiyacı olan insanlara pulsuz verilmişdir. Bizim üçün qürurverici haldır ki, regionun mədəniyyət müəssisələrində çalışan 5 nəfər əməkdaşımız Vətən müharibəsində könüllü olaraq iştirak etmiş, igidlik nümunələri göstərmişdir.

Bütün mədəniyyət ocaqlarında tarixi günlər münasibətilə tədbirlər keçirilmiş, videoçarxlar hazırlanaraq idarənin sosial şəbəkə hesablarında yerləşdirilmişdir. Regionun mədəniyyət ocaqlarında həmçinin “Vətən müharibəsi”, “8 Noyabr Zəfər günü”, Şuşa, Ağdam, Kəlbəcər, Cəbrayıl, Qubadlı, Zəngilan və Füzuli şəhərlərinin azad edilməsi, “9 Noyabr Bayraq günü” xüsusi tədbirlərlə qeyd olunmuşdur.

İlin maraqlı tədbirlərindən biri də sənətçilərimizin və şagirdlərimizin müxtəlif respublika müsabiqələrində iştirakı olmuşdur. Uşaq musiqi, incəsənət, muğam, aşıq məktəbi və mərkəzləri şagirdlərinin I Distant Respublika Musiqi müsabiqəsində regionda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərindən müxtəlif ixtisaslar üzrə ümumilikdə 27 şagird iştirak etmişdir. Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş uşaq incəsənət və rəssamlıq məktəbləri şagirdlərinin rəsm və əl işlərindən ibarət Distant Respublika müsabiqəsində isə regionun 4 uşaq incəsənət məktəbi üzrə 22 şagird (22 rəsm əsəri) öz bacarığını göstərmişdir. “Mədəniyyətimizi virtual məkanda tanıdaq” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələri üzrə respublika müsabiqəsində idarəmiz hər 4 nominasiya üzrə (Virtual təqdimat, Mədəniyyət məsafədən, Mədəni iz və Ən yaxşı distant dərs) iştirak edərək, ümumilikdə müsabiqəyə 39 videoçarx göndərmişdir. Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyi, “Azərbaycan Televiziya və Radio Verlişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində “VƏTƏNİM AZƏRBAYCAN” adlı Respublika uşaq rəsm müsabiqəsində gənc rəssamlarımız da öz əl işləri ilə iştirak etmişlər. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, İS Globe Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi İS Azerbaijan və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsində qələbəmiz münasibəti ilə qrafika və akvarel ustaları arasında keçirilən “CAN AZƏRBAYCAN” Respublika Yaradıcılıq Müsabiqəsinə regiondan müraciətlər davam edir.

 

Ziyafədddin BAYRAMOV,

“Respublika”.

Read 131 times