XƏBƏR LENTİ

Çərşənbə, 30 Dekabr 2020 09:46

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda professor Teymur Əhmədovun 90 illik yubileyinə həsr olunmuş onlayn elmi sessiya

24 dekabr 2020-ci il tarixdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda professor Teymur Əhmədovun 90 illik yubileyinə həsr edilmiş onlayn elmi sessiya keçirilmişdir. AMEA-nın birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli sessiyanı açaraq geniş nitq söyləmişdir. O, çıxışında demişdir:
Hörmətli Teymur müəllim. Sizi salamlayıram. Bu gün 2020-ci ildə ilk dəfə qar yağır. Bu an yadımızda qalacaq ki, ilk qar yağan günü Teymur müəllimin 90 yaşını qeyd etdik. Ümumiyyətlə, Teymur Əhmədov Azərbaycan ədəbiyyatşünaslıq elminin ağsaqqalıdır. Bizim hazırda ədəbiyyatşünaslıq elmimizdə Teymur müəllimdən başqa alimimiz yoxdur. Teymur Əhmədov 2 cəhətdən rekord vurur. Birinci - bizim 90 yaşlı ən ağsaqqal alimimizdir. İkincisi isə 90 yaşında da hər gün yazıb-yaradandır. Əgər baxsanız respublika mətbuatına Teymur müəllimin hər həftə məqaləsi vardır. Maşallah olsun, 50 yaşında cavan kimi yaşayıb yaradır. Hamımıza Teymur Əhmədov kimi yaşamağı və bu cür yüksək səviyyədə yazıb yaratmağı arzu edirəm.
Teymur müəllim Azərbaycan ədəbiyyatşünaslıq elminin və Azərbaycanda ictimai fikrin inkişafında böyük xidmətləri olan görkəmli böyük alimimizdir.
Görkəmli sözü Teymur müəllimə tamamilə uyğundur. O, 40-50 il bundan qabaq da indiki kimi və bütün bu illərin hamısında gün buraxmadan, ay buraxmadan, ardıcıl olaraq yazıb yaratmağa davam edib. Teymur müəllim əsərlərinin bir qismini 5 cild halında çap elətdirib. Onun əsərlərinin hamısı birlikdə ən azı 10 cild olar. Çünki bu adam bütün ömrü boyu yazıb yaratmaqdan bir an belə qalmayıb.
Yazdıqlarının hamısı qiymətlidir. Onun yazdıqları ilk mənbələrə söykənən, bədii ədəbiyyatın ümumi proseslərini və konkret hallarını mənalandıran ciddi mətnlərdir, bu mətnləri ixtisar eləmək son dərəcə çətindir. Onun özünəməxsus üslubu var. Akademik-publisist üslub professor Teymur Əhmədovun özünəməxsus üslubudur.
Professor Teymur Əhmədov Nərimanovşünaslığı elmi istiqamətə çevirəm alim kimi tanınır. Məhz Teymur müəllimin ardıcıl olaraq 50 il ərzində Nəriman Nərimanov haqqında apardığı tədqiqatlarla Azərbaycan ictimai elmlərində və humanitar elmlərində Nəriman Nərimanovşünaslıq xüsusi bir elmi istiqamətə çevrilmişdir. Mən tərəddüd etmədən deyirəm ki, Teymur Əhmədov Nərimanovşünaslığın yaradıcısıdır. Və ən böyük, ən görkəmli nümayəndəsidir. Bu il N.Nərimanov haqqında professor Teymur Əhmədovun apardığı axtarışların möhtəşəm yekunu olan ildi. Birinci Teymur Əhmədov bu il bir də dəqiqləşdirərək, əlavələri zənginləşdirərək Nəriman Nərimanovun 2 cildlik əsərlərini meydana qoyub. Akademik Ramiz Mehdiyevin redaktorluğu ilə çap olunan kitabda Nərimanovun bədii əsərləri, məqalələri və məktubları da öz əksini tapmışdır. İkincisi Teymur Əhmədov özünün bir neçə dəfə müxtəlif adlarla çap etdiyi N.Nərimanov haqqında monoqrafiyasını müstəqillik işığında təkmilləşdirərək, müasirləşdirərək yenidən çap elətdirdi. Bu kitab Teymur Əhmədovun 50 il ərzində Nərimanovşünaslıq istiqamətində apardığı tədqiqatların qanunauyğun məntiqi yekunu, mühüm elmi nəticəsidir. Və bu N.Nərimanovun elmi pasportudur. Onun yaradıcısı da Teymur Əhmədovdur.
Mir Cəlal Paşayev haqqında da Teymur müəllim çox sanballı tədqiqatların müəllifidir. Onun həyat və yaradıcılıq yolunu da öz baxışından keçirərək müşahidələr, tədqiqatlar əsasında ikicildlik kitab meydana qoymuşdur.
Teymur Əhmədovu XIX, XX, XXI əsrlərdə yaşayıb yaratmış onlarla yazıçı-alim haqqında sanballlı tədqiqatların müəllifi kimi də tanıyırıq.
Teymur Əhmədova yubiley günündə iki böyük hədiyyəmiz var: Birincisi, Teymur Əhmədov çoxillik səmərəli elmi fəaliyyətinə görə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurası tərəfindən 2020-ci il “İlin alimi” nominasiyasının qalibi hesab olunur. O buna çoxdan layiqdir. Təbrik edirik. İkincisi, Əlizadə Əsgərlinin Teymur müəllim haqqında yazdığı “Teymur Əhmədov ədəbiyyat və mətbuat xadimi” adlı kitab bu gün nəşr olunub.
Teymur Əhmədovun elmi fəaliyyəti ilə yanaşı, o, “Respublika” adlı ölkə miqyaslı, dövlət qəzetinin Baş redaktorudur. Bizim “Azərbaycan”, “Xalq” və “Respublika” qəzetləri dövlət qəzetləri sayılır. Teymur Əhmədov “Respublika” qəzetində Baş redaktorluğu ilə nüfuzunu, adını, səviyyəsini ucada tutmağı, siyasi xəttini düzgün saxlamağı və inkişaf etdirməyi bacarmışdır. Ulu öndər Heydər Əliyev haqqında da yazılan ən yaxşı məqalələrin hazırlanmasında Teymur müəlimin imzası vardır. Ölkəmizin Prezidenti İlham Əliyevin apardığı siyasətin ən böyük carçılarından biri Teymur Əhmədov və onun rəhbərlik etdiyi “Respublika” qəzetidir.
Əli bəy Hüseynzadənin vaxtilə başladığı böyük işi - “Füyuzat” jurnalını uğurla davam etdirir. Və bu ölkəmizdə “Füyuzat”ın da yeni dövrü kimi təyin olunur.
Mən Sizə uğurlar arzulayıram və Sizi Akademiyanın prezidenti, akademik Ramiz Mehdiyev adından təbrik edirəm. Bir daha Sizi, görkəmli ədəbiyyatşünası, böyük mətbuat xadimini ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, uğurlar arzu edirəm. Neçə belə illər bizimlə çiyin-çiyinə, elmimizin, mətbuatımızın inkişafında uğurla fəaliyyət göstərəsiniz.

İsa Həbibbəyli,
Azərbaycan Milli Elmlər Akademiyasının
birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik

 

Şirindil Alışanlı,
filologiya elmləri doktoru,
professor
Sizin hamınızı burada görməyə çox şadam.
Teymur müəllimlə biz 45 ildir dostluq edirik. Bu 45 il elə yüz ilə bərabərdir. Teymur müəllim çox xoşbəxt adamdır. Onun beşcildliyində “Mənim həyatım” adlı oçerki var.
Siz onun elmi yaradıcılığının istiqamətlərindən çox geniş danışdınız, mənim də “Azərbaycan” qəzetində dünən böyük bir məqaləm dərc olunmuşdur. Mənə elə gəlirdi ki, Teymur müəllim haqqında müəyyən şeyləri deyə bildik.
“Mənim həyatım” oçerki çox ibrətamiz bir povesti xatırladır. Onu deyim ki, Teymur müəllimin həm də bədii yaradıcılığı var. Orada müəyyən məqamlar var ki, Azərbaycan Cümhuriyyəti dövründə İrəvanı ermənilərə paytaxt kimi güzəştə gedəndən sonra Teymur Əhmədovun nəsli-nəcabəti qaçqınlığa düçar olub. İrana, ondan sonra Azərbaycana, sonra bir də İrəvana geri qayıdıblar. Mən Qarabağ probleminin içində olan bir adam kimi deyim ki, millətin başına gətirilən bu kütləvi faciə mənim üçün çox gözlənilməz oldu. Mən heç onları oxumamışdım.
Bu beşcildliyini oxuyanda gördüm ki, Teymur müəllim, siz xoşbəxt adamsınız. Siz bu 90 ildə bir epoxanı görüb gəlmisiniz. Bu Qarabağ məsələsinin həllini ki gördünüz, siz hələ 100 il yaşıyacaqsınız, bir on il də üstünə gəldi.
Hər gün bir qələbə sevincini görürük, Laçın azad olunanda İsa müəllim mənə birinci zəng edənlərdən idi və minlərlə zəng gəldi. Teymur müəllim də o hissləri yaşayan bir insan kimi, Teymur müəllim siz elə bil ki, İrəvanı da azad görürsünüz. Çünki bu gün Qafanın o hündürlüyündən az qala İrəvan görünür və Qafanın biz tərəfdəki kəndləri də görürsünüz ki, boşalır. Bundan xoşbəxt məqam yoxdur. Mən televiziyada çıxışımda dedim ki, biz yarımcan idik, biz yaşamırdıq son otuz ildə. Siz bizdən də əvvəl bu əzabları çəkmisiniz. Allah sizə ömür versin ki, bir 15-20 il də yaşayasınız ki, bu gördüklərinizin də üstünə xoş məqamlar gəlsin. Sizin bu beşcildliyinizin əvvəlki ayrı-ayrı nüsxələrdə çap olunmuş kitabların şübhəsiz ki, hamısını oxumuşam, çoxusu mənim gözümün qabağında yazılıb. Biz 45 ildi dostluq edirik, mən Moskvada yaşayanda sizin ora gəlişiniz, arxivlərdə, kitabxanalarda işlədiyiniz günləri də mən görmüşəm.
Akademik Cəmil Quliyev deyirdi ki, Teymur müəllim Nərimanovşünaslığın banisidir, əsasını qoyan adamdır. İsa müəllim də vurğuladığı kimi, bu sizin böyük xidmətinizdir, çünki Nərimanova münasibət indinin özündə də birmənalı deyil, bu bəlkə də bizim bədbəxtliyimizdir ki, materialları yaxşı bilməyəndə, tarixi konteksti yaxşı bilməyəndə insanlar səhv nəticələr çıxarır. Teymur müəllimin böyük xidməti oldu ki, o həm də ikicildliyi ortaya qoydu - Nərimanovun dramaturgiyası, sonra Nərimanovun həyatı, mühiti və yaradıcılığı kitablarını çap elətdirdi və Nərimanovşünaslığın demək olar ki, böyüyüdü, ağsaqqalıdı.
Axundovdan sonra bizim xalqın ictimai-siyasi fikir tarixindən Nərimanov ən böyük şəxsiyyətdir və bunu inkar eləmək qeyri-mümkündü. Teymur müəllim həm tarixçidir, həm ədəbiyyatşünasdır, həm publisistdir, həm jurnalistdir, həm mətnşünasdır, çoxsahəli fəaliyyəti var. Əlizadə Əsgərlinin mən kitabını hələ görməmişəm, amma yəqin ki, bütün bunları əhatə edib öz kitabında, onu da təbrik edirəm.
Onun əsərlərinin ikinci cildində Azərbaycan ədəbiyyatının nəzəri fikrinin ən görkəmli nümayəndələri haqqında tədqiqatları toplanıbdır və bu tədqiqatları öz müəllimlərindən fərqləndirən hansı cəhətlərdir: Şübhəsiz ki, 19-20-ci əsr ədəbiyyatının böyük nümayəndələri, Axundovdan üzü bəri, Zərdabidən hamısı təlqin olunub. Teymur müəllim öz müəllimlərinin işini o cür davam elətdirib ki, o tarixi kontekstdə müasir siyasi reallıqları yaxşı birləşdirib, özü də ki, hamısı bayaq siz dediyiniz konkret faktlar əsasında, araşdırmalar əsasında yer alıb.
Teymur müəllim heç vaxt mövcud ədəbiyyatşünaslıq materialları əsasında əsər yazmıyıb. O ancaq Həştərxanda, Moskvada, Tiflis arxivlərində işlədiyi materiallar əsasında bu ikinci cildi yazıbdır. 45 il bundan əvvəl 1975-ci ildə mən bizim instituta gələndə Teymur müəllim onda 19-cu əsr Azərbaycan ədəbiyyatı şöbəsində işləyirdi. O şöbənin müdiri də Nadir Məmmədov idi. Rəhmətlik Axundov haqqında üç-dörd monoqrafiyanın müəllifi olmuşdur. Teymur müəllim o şöbənin aparıcı alimi idi. Və ondan sonra Teymur müəllim Cənub şöbəsinə keçdi, orada Mirzə İbrahimovun ənənələrini davam etdirdi.
Burada sizin bəlkə də diqqətinizi cəlb eləməyən bir məsələyə də toxunmaq istəyirəm: Teymur müəllimin ədəbiyyat tarixçiliyi həm də faktalogiyaya əsaslanır. Onun tərtib elədiyi kitab-albomlar var, Nizami adına Ədəbiyyat İnstitutu haqqında, Süleyman Rüstəm haqqında, Səməd Vurğun haqqında, Mir Cəlal haqqında böyük kitab-albomları var, kimlərəsə asan gələ bilər ki, kitabdı da şəkilləri topladın, xronologiya ilə düzdün, ancaq elə deyil, əgər Teymur müəllimin Səməd Vurğun haqqında kitab-albomuna, ən çox da Mir Cəlal müəllim haqqında hazırladığı kitab-albomuna nəzər yetirsəniz, görərsiniz ki, bu xüsusi tədqiqatdır. Teymur müəllim orada hər şeyi yerli-yerində edibdir, Mir Cəlalın yarıdıcılıq yolu haqqında deyilmiş mülahizələri, o mülahizələri seçib orada yerləşdirmək üçün, sən gərək Mir Cəlal haqqında tədqiqat tarixini gözəl biləsən, o yazıçının yaradıcılıq yolunu yaxşı biləsən, biləsən ki, nəyi harda yerləşdirmək lazımdır, hansı şəklin altında nəyi yazmaq, bu mexaniki bir şey deyil. Bu barədə Teymur müəllimin fəaliyyətindəki o mətnşünaslıq, kitab-albomların tərtibi, nəşri onun xüsusi xidmətidir. Bizdə ədəbiyyatşünaslar çoxdur, məsələn, Azərbaycan yazıçıları haqqında onun sanballı tədqiqatı bizim hamımızın elə bil ki, stolüstü kitabımızdır. Onu təkmilləşdirir, indi yenə də nəşr edir, o kitabı Azərbaycanda elə ədəbiyyat adamı yoxdur ki, ondan istifadə eləməsin. Bu Teymur müəllimin uzun illər fəaliyyətinin bəhrəsidir. Mənim yadımdadır ki, Teymur müəllim hər müəllifə məktub yazıb göndərirdi ki, sən yaradıcılığında yeni məqamları, yeni faktları yaz, göndər təkmilləşdirək və bu nəşri həyata keçirək. Bu da onun böyük xidmətidir ki, Azərbaycan yazıçıları haqqındakı bu informasiyanı yəqin ki, Teymur müəllim, internetdə də yerləşdirər, çünki kitabı hamı əldə edə bilmir. Bu kitab onun çox böyük xidmətlərindən biridir.
Teymur müəllim, sizin haqqınızda burada məruzələr var, ürək sözlərini deyəcəklər, mən sizin haqqınızda məqalələr yazmışam, özü də ürəkdən yazmışam. Siz heç vaxt deməmisiniz ki, mən məqalə yazım. Sizi bu respublikada çox istəyirlər, “Azərbaycan” qəzetinin məsul katibi, redaktoru bir aydı ki, mənə dedilər ki, Teymur müəllimin yubileyidi, siz yazın biz ona sürpriz etmək istəyirik. Və hiss edirdim ki, bu publisist aləmdə, jurnalistika aləmində onun yetişdirmələri var, siz həm xeyirxah adamsınız, həm köhnə kişilərdənsiniz, bir əsr sizin gözünüzün qabağında olub. 90 ilin bir 80 ilini siz həyatı dərk eləmisiniz, 80 illik bir epoxa sizin gözünüzün qabağından keçibdir. Kitabı oxumayanlara mən deyim ki, “Mənim həyatım” kitabının publisist qeydlərini oxusunlar, onda adamın gözünün qabağından gəlib keçir bizim Qərbi Azərbaycanda yaşayanların həyat tərzi, onların məşəqqətləri, ömür yolu, ondan sonra gəlir üzü bəri Teymur müəllimin ədəbi aləmdəki fəaliyyəti, müəllimləri haqqında təəssüratları. İsa müəllimin də bayaq qeyd etdiyi kimi, siz bizim Məmmədcəfər müəllimin, Mir Cəlal müəllimin Mirzağa müəllimin, o nəslin yadigarısınız. Biz sizin danışığınızdan, rəftarınızdan, çıxışlarınızdan o ənənələri görürük. O ab-havanın, o elmi dünyanın ətrini duyuruq. Sizin kabinetiniz “Respublika” qəzetində elə dövlət arxivi kimi bir şeydi.
Çox heyif ki, pandemiya oldu, biz layiqincə qeyd edə bilmədik bu yubileyi. Ancaq mən inşallah Teymur müəllimi Laçına aparacam, çünki o torpağın ətrini duymaq istəyənlərdən biri də Teymur müəllimdir. Biz sizi çox sevirik. Cansağlığı arzu edirik sizə, 100 il yaşıyasınız. Siz dəyərli insansınız, hamı sizin qədrinizi bilir.

 

Tahirə Məmməd,
filologiya elmləri doktoru,
professor, Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri
Professor Teymur Əhmədovla birgə çalışmaq çox xoşdur. Teymur müəllim bizim hər birimizin qayğısına qalan bir insandır. Biz bunu kollektivdə hiss etmişik. Teymur müəllim “Azərbaycan yazıçıları” kitabını çap etməklə Ədəbiyyat İnstitutunun tarixinə aid, onun ayrı-ayrı üzvləri haqqında verdiyi məlumatlar institutumuzun, elm aləminin qarşısında, bizim qarşımızda çox böyük borc qoyub. Çox az sayda belə insan tapılar ki, bu qədər kollektivə, ziyalı mühitinin qayğısına qalsın və xidmət etsin.
Fürsətdən istifadə edib bir məsələni də xatırlatmaq istərdim. Mən bu yaxınlarda İrəvan ədəbi mühiti ilə bağlı mövzu üzərində işləyirdim. Bu mövzunu işlədiyim vaxt tədqiqatlarla tanış olanda Teymur müəllimin İrəvan ədəbi mühitində nə qədər fəal rol oynadığının, hətta mübariz bir mövqedən çıxış etdiyinin şahidi oldum. Çünki həmin vaxtlar repressiya illərində İrəvan ədəbi mühiti ikiqat təzyiq altında qalmışdı. Bir tərəfdən sosializm-bolşevizm ideologiyasının təzyiqi altında, bir tərəfdən də erməni şovinizmi. Bu iki faktın qarşısında Teymur müəllim həm publisist, həm ədəbi-tənqidi məqalələri ilə, həm də bədii yaradıcılığı ilə çox fəal iştirak edib. Mən o dövrü araşdıranda Teymur müəllimi bir daha yenidən tanıdım, kəşf etdim, onun ömür və fəaliyyət yoluna heyran oldum. Onun İrəvanda nə qədər möhtəşəm və ciddi fəaliyyət göstərməyini gördüm.
Teymur müəllim, Siz bizim böyük şəxsiyyətlərimizdən birisiniz. Biz Sizinlə birgə işləməkdən qürur duyuruq. Sizin ömür yolunuz, millət və xalq üçün çalışmağınız bizim üçün çox böyük bir nümunədir. Mən şəxsən bu insanın ömür yoluna heyran oldum. Bir daha yubilyarımızı təbrik edir, uğurlar arzulayıram.

 

Pərvanə Məmmədli,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Görkəmli ədəbiyyatşünas alim və publisist Teymur Əhmədovdan bəhs açmazdan əvvəl onun yolgöstərəni, elmi rəhbəri, ümumiyyətlə həyatında böyük rol oynayan görkəmli ictimai xadim, Xalq yazıçısı və ədəbiyyatşünas alim Mirzə İbrahimovun adını çəkib, xatırlamamaq mümkünsüzdür. Mirzə İbrahimov gənc yetirməsində olan elmi potensialı və səmərəli iş qabiliyyətini görüb onun gələcəyinə böyük ümid bəsləmişdi. Və Teymur Əhmədovda olan bu və başqa müsbət keyfiyyətləri qiymətləndirib onu Elmlər Akademiyasında öz yaratdığı Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinə müdir müavini vəzifəsinə dəvət etmişdi.
Teymur Əhmədova məhz Mirzə İbrahimov Nəriman Nərimanovun yaradıcılığını geniş araşdırmağı tövsiyə etmişdi. Bildiyimiz kimi, M.İbrahimov “Pərvanə” romanını xalqımızın böyük vətənpərvər oğlu Nəriman Nərimanovun həyatına və ideya mücadiləsinə həsr etmiş və əsərində onun bədii obrazını yaratmışdı. Teymur Əhmədov ustadının və elmi rəhbərinin ona tövsiyə edib sevdirdiyi bu şəxsiyyətlə - Nəriman Nərimanovla bağlı gərgin axtarışlar aparıb işi elmi baxımdan davam etdirmişdi. Teymur Əhmədov cəmiyyətdə fərqli münasibət bildirilən Nəriman Nərimanovun şəxsiyyətini, bədii və elmi yaradıcılığını ciddi araşdırmaya cəlb edib, ömrünün 50 ilini bu işə sərf etmişdi.
Teymur Əhmədovun prinsipiallığı, işə ciddi yanaşması, SSRİ-nin onlarla şəhərlərindəki arxivlərdən N.Nərimanovla bağlı axtarışları nəticəsiz qalmadı. Görkəmli mütəfəkkirin şəxsiyyəti, yaradıcılığı ilə bağlı yeni fakt və sənədləri üzə çıxardı, bir çox qaranlıq məqamlara aydınlıq gətirdi. O ictimaiyyətə N.Nərimanovu yenidən bir millət fədaisi kimi tanıtdıra bildi. Nəticədə, Mirzə İbrahimovun bədii ədəbiyyatda yaratdığı Nəriman Nərimanovun mükəmməl obrazına tən gələn gerçək istedad, bacarıq və şəxsiyyətini üzə çıxarıb elmi ədəbiyyatda da təsdiq etmişdi.
Filologiya elmləri doktoru, professor Teymur Əhmədovun elmi, ədəbi-bədii və publisistik yaradıcılığı çoxşaxəli və rəngarəngdir. Mən daha çox Teymur Əhmədovun Cənubla bağlı fəaliyyəti üzərində dayanmaq istəyirəm.
Xatırladaq ki, bu gün ədəbi, ictimai-siyasi leksikonumuzda işlənən “Cənubi Azərbaycan” terminini ilk dəfə elmi dilə Mirzə müəllim gətirmişdi. O vaxta qədər elmi və siyasi ədəbiyyatda yalnız “İran Azərbaycanı” məfhumu işlənirdi.
Mirzə İbrahimov uzun müddət öyrənilməyən Cənubi Azərbaycan, ədəbiyyat tarixini meydana qoymağı öhdəsinə götürmüşdü.
Cənubi Azərbaycanı tanıdıb, tədqiq etmək bunun üçün bir elmi Mərkəz yaratmaq böyük bir hünər və qeyrət tələb edirdi. Bir zamanlar Ana dili uğrunda mücadilə aparan bu işdə hətta yüksək vəzifəsini və səlahiyyətlərini itirmişdi. Sovet hakimiyyəti Azərbaycan Respublikasında Cənubi Azərbaycan probleminə toxunmağı yasaq etmişdi. XIX-XX əsr Cənubi Azərbaycan ədəbiyyatı, milli-mənəvi sərvətləri xəzinəsinin bağlanmış qapılarını açmağa təşəbbüs edən akademik, Xalq yazıçısı Mirzə İbrahimov Azərbaycan SSR-in Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin millətsevərliyinə güvəndi. Onun cəsarətli göstərişi ilə Elmlər Akademiyasında, Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan ədəbiyyatının tədqiqat mərkəzinin təməli qoyuldu. Bu mərdanə addım xalqımızın taleyində gələcəyin xoş məramlarından soraq verir.
Mirzə İbrahimov öz ilk aspirantı Teymur Əhmədovu yenicə yaratdığı şöbəyə öz müavini kimi dəvət etməsi təsadüfi deyildi. Qarşıda görülməli çox işlər var idi. Cənubi Azərbaycan ədəbiyyatı müxtəlif qaynaqlardan toplanmalı, tərtib olunub hazırlanmalı, şərh və izahlarla nəşr olunub xalqa çatdırılmalı idi. Bütün bu işləri başda Mirzə İbrahimov olmaqla şöbə əməkdaşları və Mirzə müəllimin müavini və köməkçisi Teymur Əhmədov özlərinə vətəndaşlıq borcu bilirdilər.
Yeni qurulan şöbəyə Mirzə müəllim başqa şöbələrdə çalışan, ümumilikdə fars-ərəb dilini, ərəb əlifbasını bilənləri toplamışdı. Mirzə İbrahimovun layihəsi və redaktorluğu ilə şöbə əməkdaşlarının tərtib və nəşr etdirdikləri dördcildlik “Azərbaycan ədəbiyyatı antologiyası” bu sahədə ilk monumental elmi abidə oldu.
1981-94-cü illərdə çap olunan və o illərdə bir ədəbi hadisəyə çevrilmiş dördcildlik “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası”nın hazırlanmasında professor Teymur Əhmədovun əməyi az olmamışdır. Şərqdə geniş yayılan ilk yarandığı dövrlərdə təzkirə adlanan bu “ədəbi toplu sevdası”ndan Teymur müəllim ömür boyu ayrılmadı. Sonralar onun böyük səriştə, elmi-metodiki yanaşma, səbir və enerji tələb edən ensiklopedik nəşrləri və bu kimi başqa kitablar, albomlar buna əyani misaldır.
T.Əhmədov Mirzə İbrahimovun vəfatından sonra fəaliyyəti dayandırılan “Cənubi Azərbaycan ədəbiyyatı” şöbəsinin bərpasına çalışmışdı. Eyni zamanda Teymur müəllim 1996-cı il iyulun 1-dən şöbə müdiri vəzifəsinə təyin edilmiş, yarıda qalan işlərin tamamlanması ilə yanaşı, yeni tədqiqatların əsasının qoyulmasına nail olmuşdu.
T.Əhmədov öz müsahibələrindən birində yazmışdı ki, universitetdə oxuyarkən müəllimi olmuş akademik Abbas Zamanov onu “ədəbiyyatın qara fəhləsi” adlandırmışdı. Professor T.Əhmədovun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin nəşrlərinin hər birinin təşkili, hazırlanması, redaktəsi və çap edilməsində həm müəllif, həm də ümumi rəhbərlik əməyi böyükdür, təqdirəlayiqdir.
Onun üzərində işlədiyi bir çox kitablarda Cənubi Azərbaycan prioritet mövzu olub.
Teymur Əhmədovun V cildlik “Seçilmiş əsərləri” kitablarının II, IV V cildlərində Əndəlib Qaracadaği, Mirzə Əbdürrəhim Talıbov, Mirzəli Möcüz, Məhəmmədhüseyn Şəhriyar, Həkimə Billuri, Həbib Sahir, Aşıq Hüseyn Cavan, Cavad Heyət, Seyid Cəfər Pişəvəri, Pənahi Makulu, Əbülhəsən Raci, Əli Tudə və başqaları haqda ədəbi portretləri yer alıb.
Teymur Əhmədov milli ruhlu, vətənsevər ziyalıdır. Bir insan kimi xeyirxahdır, haqqın yanındadır. Milli düşüncəlilərə və istedadlı gənclərə hər zaman qəlbinin və redaksiyanın qapılarını açır. Etibarsızlığı, üzüdönüklüyü bağışlaya bilmir, prinsipiallığı ilə seçilir, heç zaman da təbiətinə dönük çıxmır. Teymur müəllimin tərəfdarları, himayədarları da az deyil, sevənləri də çoxdur. Uzun illərdən bəri dövri mətbuatda çalışmağı, ədəbi axtarışları onun heç zaman qələmini korşalmağa qoymur, həmişə “forma”da saxlayır.
Hər zaman gənclik enerjisi ilə çalışan və prinsipiallığı ilə seçilən professor Teymur Əhmədovu 90 illlik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona cansağlığı və bərəkətli ömür və yazıb-yaratmaq eşqi arzulayırıq.

 

Hümmət Musayev,
“Respublika” qəzetinin
baş redaktorunun birinci müavini
Mənim üçün səmimi və əziz olan insanın yubileyinə həsr edilmiş tədbirdə çıxış etmək çox önəmli və qürurverici bir haldır. Əvvəla onu deyim ki, hər bir insanın həyatında müxtəlif hadisələr olur ki, onun sonrakı taleyini, həyat yolunu müəyyənləşdirir. Elə bir hadisə də mənim Teymur müəllimlə tanışlığımın başlanğıc təməli rolunu oynadı. Teymur müəllimlə müxtəlif elmi müstəvilərdə fəaliyyət göstərsək də, bizi birləşdirən ötən əsrin 80-ci illərinin sonunda xalqımızın taleyinə yazılan qaçqınlıq dövrü olmuşdur. 80-ci illərin sonunda baş verən, əzablara və çətinliklərə düçar olan yurddaşlarımızın problemlərini qələmə almaq, qaçqınlıq dövründə onlara qarşı törədilən ədalətsizliyə səsimizi çıxarmaq, problemlərinin həllinə çalışmaq əzmi bizi tanış etdi. Teymur müəllimin mənim həyat yolumda əvəzsiz rolu oldu və demək olar ki, mənim bədii yaradıcılıq fəaliyyətim müəyyənləşdi. Həmin dövrdən bu günə qədər 30 ildən artıqdır ki, mən Teymur müəllimlə birgə çalışıram.
Yubilyarın həyat yolunu, tərcümeyi-halını onunla təmasda olanlar, elmi-ictimai mühit, elmi-pedaqoji ictimaiyyət çox gözəl bilir və tanıyır.
Teymur müəllimin müxtəlif sahələrdəki fəaliyyətinin qovşağında baş verən proseslərə bir nəzər, işıq salmaq istəyirəm. Adətən elmdə də belədir ki, iki müxtəlif və yaxud bir neçə müxtəlif elmi müstəvilərdə fəaliyyət göstərənlər elmdə nəsə bir yeni nailiyyət və yeni bir uğur qazana bilirlər. Teymur müəllimin də elmi fəaliyyəti jurnalistlik fəaliyyətinə, jurnalistlik fəaliyyəti elmi fəaliyyətinə demək olar ki, dəstək olub. Hər iki sahədə də sanballı nəticələr və uğurlar əldə edib. Tam məsuliyyətlə demək olar ki, Teymur müəllim psevdojurnalistikadan uzaq olaraq qəzetçiliyə bir akademik üslub gətirdi. Elm adamı, elmi yaradıcılıqla məşğul olan hər bir şəxs bunu “Respublika” qəzetində aydın görə bilir. Və qəzetimizin istənilən bir nömrəsini oxuyan oxucu da bu akademik üslubu, yeniliyi qəzetimizdə hiss edir. Digər analoji qəzetlərdən də “Respublika” qəzetini fərqləndirən də məhz bu üslubun olmasıdır. Bu üslubla da “Respublika” qəzeti özünü elmi-ictimai mühitdə çox gözəl tanıdır. Onun şəxsi nümunəsi və prinsipləri sayəsində “Respublika” ciddiliyi, ictimai-siyasi, iqtisadi və mədəni proseslərə, hadisə və faktlara dərindən nüfuz etməsi ilə fərqləndi. Oxucu rəyinə üstünlük verdiyindən, reportajlarda, məqalələrdə insan faktorunu ön plana çəkidiyindən qəzet heç vaxt oxucu sevgisindən kənarda qalmayıb. Məhz bunlar abunədə də özünü göstərib. Yeni ictimai dövrün qəzet boşluğunda “Respublika” uzun illər öz yüksək tirajı ilə seçilib.
Qəzetimizi vərəqləmək imkanı olanlar “Respublika” qəzetinin ölkəmizdə baş verən proseslərə, gedən ictimai-siyasi hadisələrə göstərdiyi münasibətlə, saldığı işıqla digərlərindən öz özəlliyi ilə fərqləndiyinin bir daha şahidi olar.
Teymur müəllim mətbuatdakı fəaliyyəti dövründə bir neçə qəzetin baş redaktoru olub. Hamısında da vətən həsrəti, vətən sevgisi, vətən yanğısı, xalqın problemləri, onların yaşadığı çətinliklərin həlli yolları həmişə öndə olub. Bütün bu problemləri işıqlandırmaq, bu problemlərə qayğı ilə yanaşmaq, bunların həllinə nail olmaq Teymur müəllimin redaktoru olduğu qəzetlərin əsas qayəsi olub.
Teymur müəllimin elmi tədqiqatçılıq və jurnalistlik fəaliyyəti ilə yanaşı, dövlətçilikdə mühüm həlqə olan ideoloji sahədəki ictimai-siyasi fəaliyyəti barədə də bir neçə kəlmə demək istərdim.
Ulu öndər Heydər Əliyevin onu baş redaktor təyin edərkən verdiyi tapşırıq və tövsiyələrə, məsləhətlərə əməl etməklə öhdəsinə düşən vəzifələrin yerinə yetirilməsi üçün cidd-cəhdlə çalışaraq bu işdə daim sədaqət nümayiş etdirib. Baş redaktorluğu dövründə çox çətinliklərə sinə gərib, mətin olub, inamından, əqidəsindən dönməyib. Xırda hisslərlə yaşayan bəzi məmurların təzyiqi ucbatından qəzetin çapı dayandırılanda ümummilli liderin “hər qəzetin öz oxucusu var, qəzetlər nəşr olunmalıdır” kəlamını deviz edib, öz asta və usta fəaliyyəti ilə təqib və təzyiqləri yenib qəzetin nəşrini bərpa etdi.
Teymur Əhmədovun Heydər Əliyevin dövlətçilik ideologiyasına, onun davamçısı, dövlət başçısı, qüdrətli sərkərdə İlham Əliyevin siyasi kursuna sarsılmaz inamı onun çətinliklərdən həmişə üzüağ və haqlı çıxmasına səbəb olub. O, əsl Heydər Əliyevçi, onun ideallarına qəlbən sadiq əqidə silahdaşıdır.
Bu gün mən bir faktı da xüsusi qeyd etmək istəyirəm. Adətən elm adamlarında belə bir prinsip olur, özündən sonra bir nəsil yetişdirmək, buna elmi məktəb də deyirlər. Teymur müəllimin mətbuat ardıcılları da yetərincədir. Mən şəxsən özümü həmin məktəbin bir nümayəndəsi hesab edirəm. Çünki mən qəzetçilik fəaliyyətinə Teymur Əhmədovun məsləhəti, tövsiyəsi və əvəzsiz qayğısı sayəsində gəlmişəm və bərqərar olmuşam. Bu danılmaz bir faktdır.
“Respublika” qəzeti redaksiyasında 25 illik birlikdə fəaliyyətimizdə Teymur müəllimin bütün tapşırıq və tövsiyələri mənim üçün bir örnək və bir bədii yaradıcılıq kredosu olub.
Göstərilən dəstəyin qarşılığında bütün potensialımla yorulmadan, usanmadan vahid əqidə ilə birgə fəaliyyətimizin nəticəsidir ki, hazırda da Teymur müəllimlə çiyin-çiynə çalışırıq. Baş redaktorla uzun illər çalışdığım dövrlərdə dəfələrlə şahidi olmuşam ki, hansısa problemin həllində ondan kömək istəyi ilə yanına gələn hər bir insanın (kimliyindən asılı olmayaraq) probleminə qayğı ilə, diqqətlə, xüsusi zövqlə yanaşır və o problemləri incəliklə sapa düzür, həll edib yola salır. Bu hər adama xas olan xüsusiyyət deyil, bunu etmək üçün insanın genində bir özəllik olmalıdır ki, o buna nail ola bilsin.
Onlayn sessiya iştirakçıları kimi mən də təbriklərə qoşuluram və Teymur müəllimə bir daha cansağlığı, xoşbəxtlik, gümrahlıq arzu edirəm. Onun seçilmiş insanlara xas olan zəhmətkeşliyi, çalışqanlığı, dözümlülüyü, məqsədyönlülüyü və prinsipiallığı sözün həqiqi mənasında çoxlarımıza bir nümunədir, bir örnəkdir.
Yubiley sessiyasının təşkilatçılarına, iştirakçılarına da öz təşəkkürümü bildirirəm və minnətdaram ki, bu cür mehribanlıqla, səmimiyyətlə çıxış edib Teymur müəllimi tədrik etdilər. Sağ olun!

Read 148 times