XƏBƏR LENTİ

Cümə, 27 Noyabr 2020 10:25

Qarabağın daş yaddaşı - Kəlbəcər qayaüstü abidələri

Azərbaycan ümumdünya əhəmiyyətli tarixi abidələr və unikal memarlıq nümunələri ilə zəngindir. Ölkəmiz bəşər sivilizasiyasının meydana gəldiyi ərazilərdən biridir. Qobustanda aşkar edilmiş yaşayış məskənləri, Azıx mağarasından tapılmış qədim insanın çənə sümüyü Azərbaycanın dünyada ən qədim insan məskənlərindən biri olmasının əyani sübutudur. Malik olduğumuz bu zəngin mədəni irs xalqımızın qədim və şanlı tarixinin və mədəniyyətinin göstəricisi, tarixi yaddaşıdır.

“Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir” deyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə xalqımızın tarixinin öyrənilməsi, tarixi və mədəni irsinin qorunub saxlanılması sahəsində mühüm işlər görülmüşdür. 1998-ci ildə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi, tarixi abidələrin qorunması, tədqiqi və mühafizəsinin qanunvericilik qaydasında təsbit olunması bu sahədə həyata keçirilən tədbirlərin miqyasını daha da genişləndirmişdir.

Mədəniyyətimizin inkişafında XX əsrin 70-ci illərinin əvvəllərindən başlamış Heydər Əliyev mərhələsi bu gün ümummilli liderimizin siyasi kursunun davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan xalqının çoxəsrlik zəngin tarixi və mədəni irsi daim dövlətin diqqət mərkəzindədir və mədəni irsin qorunması dövlət siyasətinin əsas prioritetlərindən hesab olunur. Bu gün abidələrimizin öyrənilməsi, qorunması və bərpası istiqamətində ölkəmizdə dünya səviyyəsində ciddi işlər aparılır. Son illər bu sahədə həyata keçirilən tədbirlər nəticəsində bir sıra tarixi abidələrimiz YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına salınmış, tarix və mədəniyyət abidələrinə diqqət və qayğı daha da artırılmışdır.

Azərbaycanın qədim dövr tarixinin araşdırılmasında yazılı qaynaqlarla yanaşı, arxeoloji qazıntılar zamanı əldə edilmiş maddi-mədəniyyət nümunələri, qayaüstü təsvirlər də olduqca qiymətli mənbə hesab olunur. Qobustan zəngin qayaüstü təsvirlərə malik olmaqla təkcə ölkəmizin deyil, həm də dünyanın çox az sayda olan bu tipli abidələri sırasında xüsusi yer tutur. Burada aparılan arxeoloji və elmi tədqiqatlar zamanı daş dövrünə və sonrakı dövrlərə aid 20 mağara-yaşayış yeri, 40 kurqan, 7000-dən artıq qayaüstü təsvir qeydə alınmışdır. Bu təsvirlərdə heyvan və balıq ovu, məişət səhnələri, kollektiv rəqslər, müxtəlif, o cümlədən günəşi əks etdirən rəmzlər, bürclər, digər fəza cisimləri diqqəti cəlb edir. Qobustan qayaüstü rəsmləri tarixçi alim, arxeoloq, Azərbaycanın qədim dövr tədqiqatçısı İshaq Cəfərzadə tərəfindən aşkar olunub. İkinci Dünya müharibəsi ərəfəsində 1939-cu ildə Qobustanda tədqiqat aparan alim, o vaxta kimi elm aləminə məlum olmayan qayaüstü rəsmləri-petroqlifləri aşkar edib. Elə həmin vaxtdan Qobustanın tədqiq olunması işi başlanıb və hazırda da davam edir. İshaq Cəfərzadə ilə yanaşı, digər tarixçi alimlər-arxeoloq Cəfərqulu Rüstəmov və Firuzə Muradovanın da əməyini xüsusi qeyd etmək lazımdır. Burada aparılan həmin tədqiqat işlərinin nəticələri əsasında Qobustanın unikal, özünəməxsus landşaftı da nəzərə alınmaqla, Azərbaycan Respublikası Nazirlər Sovetinin 503 saylı qərarı ilə, 1966-cı ildə Qobustanın Böyükdaş, Kiçikdaş, Cingirdağ və Yazılıtəpə əraziləri Qobustan Dövlət Tarixi-Bədii Qoruğu elan edilib. Aşkar olunduğu vaxtdan dünyanın diqqətini cəlb edən Qobustan abidələri 2007-ci ildə YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü ilə YUNESKO-nun Mədəni İrs Siyahısına salınıb. Bu, mədəni irsimizin dünyaya tanıdılması istiqamətində mühüm addım olub. Təsadüfi deyil ki, elə həmin il iyunun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qobustan Milli Tarix-Bədii Qoruğu ərazisində yerləşən tarixi və mədəni sərvətlərin qorunması haqqında” sərəncam imzalayıb.

Azərbaycan ərazisində qədim qayaüstü təsvirlərin aşkar olunduğu yerlərdən biri də Kəlbəcər bölgəsidir. Tədqiqatçılar Kəlbəcər ərazisindəki qayaüstü təsvirləri Qobustan petroqliflərinin oxşarı -”əkiz”i adlandırırlar. Hər iki abidənin qayaüstü təsvirlərinə əlimizdə olan materiallar əsasında nəzər salsaq, bu bənzətmənin nə qədər uyğun olduğunu görə bilərik. Buradakı təsvirlərin ilk elmi qeydiyyatı ötən əsrin 60-cı illərinin ikinci yarısına təsadüf etsə də, öyrənilməsi işinə 70-ci illərdə başlanmışdır. 1970-ci ildə arxeoloq Qüdrət İsmayılzadə Kəlbəcər yaylaqlarını tədqiq etmiş, Alagöl, Zalxagöl və Qaragölün sahillərində, həmçinin Pəriçınqılı, Ayıçınqılı, Lülpər, Gəlinqaya, Yazyurdu, Taxta, Sarımsaqdağ sahələrində qayaüstü təsvirlər aşkar etmişdir. Sonrakı illərdə burada vaxtaşırı tədqiqat işləri aparılmış və bölgənin ayrı-ayrı yerlərində, eləcə də Laçın rayonu ərazisində qədim qayaüstü təsvirlər qeydə alınmışdır. Kustar şəkildə, bazalt daşına həkk edilmiş insan təsvirlərindən, ov səhnələrindən, yallıyabənzər oyunlardan, göy cisimlərindən, qədim heyvan təsvirlərindən və s. ibarət elmi cəhətdən maraq doğuran bu daş kitabələr bəşəriyyətin ilkin dövrlərini öyrənmək baxımından böyük mahiyyət kəsb edir.

Kəlbəcər qayaüstü təsvirləri mövzu rəngarəngliyi, orijinal süjetləri və bədii dəyəri ilə diqqəti cəlb edir. Kəlbəcərdə ayrı-ayrı daşlar üzərində çiynində toxa tutmuş adamları, öküzlərə qoşulmuş ibtidai xışla yerin şumlanması, taxılın biçilməsi və döyülməsi və s. bu kimi səhnələri əks etdirən təsvirlər qeydə alınmışdır. Ümumiyyətlə, belə süjetli maraqlı səhnələrə Kəlbəcər qayaüstü təsvirlərində tez-tez rast gəlmək olar. Kəlbəcər qayaüstü rəsmləri içərisində qədim ovçuluğa aid səhnələr də az deyildir. Bunların böyük bir qismində ox və kamanla dağ keçilərinin və maralların ovlanması təsvir edilmişdir. Kəlbəcər qayaüstü təsvirləri arasında vəhşi və yırtıcı heyvan təsvirləri xüsusi yer tutur. Qobustan qayaları üzərində də kifayət qədər yırtıcı heyvan təsvirlərinə rast gəlmək olur. Bu rəsmlərdən aydın olur ki, Qobustanın qədim sakinləri kimi, Kəlbəcərin qədim sakinləri də heyvanların bütün xüsusiyyətlərinə, vərdişlərinə yaxşı bələd olmuş, heyvanların bədən dilini, əza və hissələrini yüksək peşəkarlıqla qayalar üzərinə köçürməyi bacarmışlar. Kəlbəcər rəsmlərində eynilə Qobustan qayaüstü təsvirlərində olduğu kimi, ibtidai dövrlərin dini təsəvvür, mərasim və etiqadlarına aid maraqlı səhnələrə də rast gəlinmişdir.

Təəssüf hissi ilə qeyd edək ki, əzəli torpaqlarımıza qarşı erməni iddialarının, erməni təcavüzünün qurbanları təkcə soydaşlarımız deyil, həm də yaşı minillərlə ölçülən tarix və mədəniyyət abidələrimiz olmuşdur. Ermənilər 30 ilə yaxın idi ki, işğal etdikləri ərazilərimizdə qədim Azərbaycan abidələrini məhv edir, yerli toponimləri məqsədli şəkildə dəyişdirir, xalqımızın yaratdığı maddi mədəniyyət nümunələrini öz adlarına çıxır, qəbiristanlıqlarımızı dağıntılara məruz qoyur, müqəddəs yerlərimizdə - məscidlərimizdə heyvan saxlamaqla xalqımızın mənəviyyatını incidirdilər. Ermənilərin tarix və mədəniyyət abidələrimizə qarşı bu vandal davranışları beynəlxalq səviyyədə təsbit olunmuş “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” YUNESKO-nun 1972-ci il Konvensiyasının, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasının tələblərinə ziddir.

Əfsuslar olsun ki, işğalçıların Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822 saylı, 853 saylı, 874 saylı, 884 saylı qətnamələrin tələbləri işğalçı rejim tərəfindən həyata keçirilmir, hərbi təcavüz davam etdirilirdi.

Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan Ordusu vətən uğrunda ölüm-dirim savaşına qalxdı. Ordumuz Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək üçün Vətən müharibəsinə başladı. Müzəffər Azərbaycan Ordusu 44 gün ərzində döyüş meydanında gücünü göstərdi və zəfər çaldı. Ərazi bütövlüyü uğrunda apardığı Vətən müharibəsi xalqımızın tarixi qələbəsi ilə başa çatdı,ölkəmizin ərazi bütövlüyü təmin edildi. Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları işğalçı Ermənistanın tam kapitulyasiyası ilə nəticələndi, düşmənin müqaviməti qırıldı, uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı və 10 noyabr şanlı tariximizə Qələbə günü kimi yazıldı. Azərbaycan Ordusu öz torpaqlarını işğaldan azad etməklə tarixi ədaləti bərpa etdi. Bu tarixi Qələbə Azərbaycanın hərbi gücünün, Ali Baş Komandan, ordu və xalq birliyinin, həmrəyliyinin şanlı təzahürüdür. Münaqişənin uzanması barədə danışarkən Prezident İlham Əliyevin proqram xarakterli söylədiyi: “Mən bunu dəfələrlə demişəm, bizim cəmiyyətimiz, xüsusilə gənc nəsil heç vaxt unutmamalıdır ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqları üzərində qurulub. Bu, bizim tarixi dədə-baba torpaqlarımızdır. Bütün toponimlər Azərbaycan mənşəlidir. Bunu bilmək üçün XX əsrin əvvəllərində çar Rusiyasında tərtib olunan xəritələrə baxmaq kifayətdir. Orada bir dənə də erməni toponimi tapmaq mümkün deyil. İndiki Ermənistanda bütün kəndlərin 80 faizi Azərbaycan mənşəli adlar daşıyır. Yəni, bu bizim tarixi torpaqlarımızdır və biz mütləq o torpaqlara qayıdacağıq. Başqa cür mümkün deyil. Bu, bizim strateji hədəfimizdir və biz bu hədəfə çatmaq üçün çalışırıq, çalışacağıq” fikirləri, Ali Baş Komandanımızın qətiyyətli mövqeyi, Azərbaycan ordusunun rəşadəti və xalqımızın birliyi, həmrəyliyi nəticəsində uğurla həyata keçirildi.

Bəli, biz Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə bu strateji hədəfimizə çatdıq. Artıq xalqımız üçün yeni tarixi dövr başlayıb.Bu dövr xalqımız, dövlətimiz üçün Böyük tarixi zəfərdən sonra yeni başlanğıc, yeni inkişaf dövrüdür. İndi işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan mədəni irsinin daha dərin tədqiqi üçün geniş imkanlar açılıb. İnanırıq ki, tezliklə işğaldan azad edilmiş ərazilərimizdə erməni vandallarının dağıdıb, məhv etdiyi tarix və mədəniyyət abidələrimizin bərpa olunması, tədqiqi və təbliği fonunda Kəlbəcər qayaüstü təsvirləri də yenidən tədqiq olunacaq, dünyanın ən qədim insan məskənlərindən biri olan Qobustanın “əkizi” kimi dünya səviyyəsində tanıdılacaqdır.

 

Vüqar İSAYEV,

Qobustan Milli Tarix-Bədii Qoruğunun

direktoru.

Read 229 times