XƏBƏR LENTİ

Şənbə, 21 Noyabr 2020 10:16

MİR HƏMZƏ SEYİD NİGARI YARADICILIĞINDA QARABAĞIN VƏSFİ

XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli simalarında bir də Mir Həmzə Seyid Nigari olmuşdur. O, Qarabağ mahalının Cicimli kəndində anadan olmuş, mühacir həyatı yaşamışdır. Onun türk dünyasının islamlaşmasında, insanları haqq yoluna səsləməkdə əvəzsiz xidmətləri olmuşdur. Seyid Həmzə Nigari həm də böyük bir təriqət qurucusu olmuş, nəqşibəndilik təriqətinin yayılmasında əvəzsiz xidməti olan şəxslərdən idi.
Qarabağ torpağında dünyaya göz açan şair kiçik yaşlarından Azərbaycanın ayrı-ayrı bölgələrində təhsil almış, ərəb və fars dillərini mükəmməl öyrənmişdir. Qarabağı dünyanın cənnət yeri adlandıran şair şeirlərinin birində “Bir yer deyim, ismi Qarabağdır, cənnət yeri abi-şirin qaymaq” deyə, Qarabağı öyür.
XIX əsrin əvvəllərində çar Rusiyasının xalqa divan tutduğu bir zamanda onlara qarşı mübarizə aparan, öz doğma torpağından ayrı düşən şair zamanın təlatümlü vaxtlarında Osmanlı hökuməti ilə rus hökuməti arasında baş verən narazılıq səbəbindən Qarabağdan bir neçə müridi ilə gecə piyada qaçaraq 12 saat müddətində Araz çayından İran sərhədini keçmişdir. Həmzə Nigari Araz çayını keçdikdən sonra Culfa, Təbriz, Xoy, Salmas, Rumiyəyə çataraq Bəyazid yolu ilə Ərzuruma gəlmiş və təhlükəsizliyə qovuşmuşdur. Rusların təqibi ilə minlərlə müridilə birlikdə təkrar Anadoluya dönən Nigari özü Amasiyaya, müridləri isə başqa-başqa şəhərlərdə yerləşmişdilər. Daha sonra müridi ilə birlikdə Krım müharibəsində iştirak edən Nigari Kars tərəfdən Anadoluya gəlir və müharibədən bir müddət sonra Ərzurumda qalaraq orada mərifət və təfsir dərsləri verməklə məşğul olur.
Böyük övliya şair, dövrünün maarifpərvər oğlu, əslən qarabağlı olan Mir Həmzə Seyid Nigari özünün həzrəti peyğəmbərin soyundan olduğunu və nəsil şəcərisini oxucusuna belə təqdim edir:
Nəsli-İsmayilsən, əsli-ərəbsən,
Ali Məhəmmədsən, alinəsəbsən,
Müntəxəbnsən, silsileyi-zəhəbsən,
Ey Seyyid Nigari, ey Qarabaği.
Mir Həmzə Seyid Nigari yaradıcılığında Qarabağ - bütöv Azərbaycan obrazı özünəməxsus cizgilərlə əks olunub. Yaradıcılığının “lirik məni” kimi ifadə olunan Qarabağ obrazı bəzən torpaq, vətən, yurd, təbiət anlamından çıxaraq, həsrət, ana məhəbbəti, sevgili, qəriblik, doğmalıq, nisgil, ayrılıq, vüsal və s. kimi funksiyaları özündə ifadə edir.
Şeirlərinin birində o, Qarabağı mücərrəd məkan olan cənnətlə müqayisə edir, çünki real aləmdə onunla müqayisə olunacaq bir yerin olmadığını deyir: “aləmi cənnət imiş dəri-diyari Qarabağ”, onu şirin qaymağa bənzədir “cənnət yeri, abi-şirin qaymaq”, onun torpağını “torpağı əbir, gülü giyahi” deyərək öyür.
Şairin vətəni həmişə erməni işğalçılarının diqqət mərkəzində olmuş, o torpaqlar uğrunda mübarizə aparılmış, qurbanlar getmiş, qanlar tökülmüşdür. Qətliamlar o torpağın insanlarının sanki alın yazısı olmuşdur. Yaşadığı dövrdə vəziyyətin heç də yaxşı olmadığını hiss edən Nigari şeirlərinin birində öz daxili yaşantılarını zamanın üzərinə kökləyir:
Eşqin kanı Qarabağdır məkanım,
Bülbüli-şeydayam, cənnət yerimdir,
Əzəl başdan Qaraqaşlı bustanım,
İndi gülüstanım qara pirimdir.
Şair doğulub boya-başa çatdığı vətənini dünyanın bir sıra yerləri ilə müqayisə edir, bu təsvir sadəcə müqayisə deyil, bunlar, yəni bu nisgil böyük həsrət və sıxıntı vətəndən uzaq düşən insanların acılarını özündə ifadə edir. Bu vətən ki şairin şeirlərinin əsas leytmotivini təşkil edir. Vətənindən uzaq düşən şair onu Bağdad eli ilə müqayisə edir, sanki vətəni əlçatmaz Bağdad qədər uzaqdadır.
Ey könül, tabi Füzuli ilə həmkar oldum,
Qarabağ qitəsini həttayi Bağdad etdim.
Nigari eşq, məhəbbət şairi idi. Onun yaradıcılığının əsas qayəsini məhəbbət mövzusu təşkil edir. Bu məhəbbətin nüvəsi vətən məhəbbəti üzərində qurulub. “Vətəni sevmək imandandır” kəlamı şairin lirikasının əsasını təşkil edir. Harada yaşamasından, yazıb-yaratmasından asılı olmayaraq, öləndə öz vətənində dəfn olunmasını, doğma diyarının torpağına qarışmasını istəyən şair: “Bu yaxınlarda Xudanın dərgahına yollanacağımı hiss edirəm. O zaman nəşimin vətənə göndərilməsi lütfünü sizdən gözləyirəm. Bu hərəkətiniz Allah qatında da məqbul olar” deyə qarşılıq vermişdir. Doğulduğu torpağı məhəbbətlə yad edən şair həmişə ona qovuşmaq həsrəti ilə yaşamış, o səbəbdəndir ki, öləndə Qarabağda dəfn edilməsini vəsiyyət etmişdir
Şairin XIX əsrin tarixi gerçəkliklərini poetik boyalarla əks etdirən “Qarabağnamə” əsəri əsl həyat həqiqətlərini özündə yaşadan sənət abidəsidir. Bu əsərdə şair Qarabağın əsrarəngiz gözəlliklərini qələmə almış, Qarabağ təbiətinin sözlə portretini yaratmışdır. Şair vətənini cənnətlə müqayisə edir, yenə də üstünlüyü Qarabağ torpağına verir. Orada qoyub gəldiyi sevgilisinin həsrətindən yandığını da dilə gətirir.
Nə əcəb dövlət imiş seyri-şikarı-Qarabağ,
Nə gözəl nemət imiş söhbəti-yari-Qarabağ...
Kövsəri -təbi imiş çayi-çinari Qarabağ,
Aləmi cənnət imiş dəri-diyari Qarabağ.
İndi bildim nə imiş vəsfi-həzari Qarabağ,
Yeridir kim, çəkərəm ahi və zari Qarabağ.
Dağlayıbdır məni bir laləüzari Qarabağ,
Yandırıbdır məni bir nari-Nigarı Qarabağ.
Bilirik ki, şairin Nigar adlı sevgilisi olmuş, hətta onun sevgisinə “Nigarnamə” əsərini də yazmışdır. “Yandırdı məni bir nari-Nigar” deməklə, sevdiyinə bir işarə edir, qürbətdə sevgilisinin həsrətində olduğunu, bu həsrət təkcə sevgili həsrəti deyil, bu, vətənə olan məhəbbətdir ki, şair onu sevgilisinin simasında dilə gətirir. Bu haqda N.Məmmədli yazır: “Əsərdəki (Nigarnamədə-X.H.) bir qəzəldə şair aşiqin ilahi eşq atəşini, yanğısını ifadə edərkən Azərbaycandakı çay adlarını sadalaması çox maraqlıdır”.
Doğulduğu torpağın həmişə erməni və ruslar tərəfində işğala məruz qalması şairin şeirlərindəki nisgilin əsas səbəblərindən biri olmuşdur. Qarabağ məfhumu şair üçün bütöv Azərbaycan deməkdir. Bu bütövlükdə hər şey - ana, doğma diyar, doğulduğu kənd, yaşayış ərazisi, qonşuluq anlayışı, həsrət, qürbət və s. məqamları var. Qəzəllərinin birində şair hər axtardığını Qarabağ içrə tapacağını, Məcnunun Leylini torpaq içrə axtarmasına bənzədərək deyir:
Costocu eylərəm ol mahi Qarabağ içrə
Məcnunəm kim araram Leylini torpaq içrə.
Şair bəzən vətənindən ayrı düşmüş aşiqin ah-vay etməsini neyin sədası ilə müqayisə edir, onun həsrətini şamın ətrafına dolanan, onun odunda özünü fəda edən pərvanəyə bənzədir.
Açılur xurşidi-iqbalü doğur mahi-murad,
Ney tək qılma nəva, cəng tək açma geysu...
Yanaram atəşə pərvanə kibi, ah etmə,
Olma bülbül kibiaşüftəvü qılma hay-hu.
Qəzəlin sonraki beytində şair gülüzlü gözələ xitabən bu düzdə onun kimi ürəyinin qara dağlı olan birisinin də olduğunu deyir. Şairin vətən həsrəti, nisgili onu pərvanəyə döndərib. Qürbətdə qalan şair qəfəsdəki bülbül kimi fəğan edir. Başqa şeirlərində Vətən həsrətini şair “dili-şeyda”, “bülbüli-giryan”, “murgi-səhərxan”, “hicran odu”, “xri-hicran”, “əsiri dərd hicranəm, zəbunəm dərdi -firqətdən” kimi ifadələrlə dilə gətirir. Qəzəlin məqtə beytində adının Ruhi Bağdadı kimi dillərə düşdüyünü, hamının o qarabağlının kim olması ilə maraqlandığını vurğulayır. Şairin istər qəzəllərində, istərsə də başqa janrlı şeirlərində Qarabağ obrazı müxtəlif mənaları özündə ehtiva edir.
Lalərüxsaridən, ey dil, xəbər al aləmdə,
Varmıdır düzdə bən kibi qara dağlu?
Təb meydanə çıxub Ruhiyi-Bağdadi kibi,
Söylənir dillərə düşmüş “Kim o qaradağlu?”
Azərbaycan-Qarabağ mövzusu Həmzə Nigarinin “Çaynamə” poemasında daha qabarıq şəkildə özünü göstərir. O diyarda Şirvan adlı bir məmləkətin olanmasını “Əzm eylə diyari-Şirvanı” deyirsə, amma cənnət kimi bir Qarabağ adlı məkanın “Bir yerdəyəm ismidir Qarabağ” olmasını deməyi də unutmur. Poemanın başqa bölümündə şair Azərbaycana qonşu olan ölkələrin coğrafi xəritəsini şeir dili ilə belə dilə gətirir.
Qərbiyyəsi-Göyçə, gahi-xuban
Şərqiyyəsi Badikubi-Şirvan,
Sərhəddi-Cənubisi Ərəsdir,
Gürcidi Şimali, xoş nəfəsdir.
Sadaladığı bu sərhədlərin içərisində bir gözəl diyarın olduğunu “ Bu dairənin içində guya bir mərkəzi -can olubdu peyda” deyir. Sonra şeirini davam etdirən şair bu gözəl diyarın əlamətlərini sadalayır: “Ol yerdə sürər səfayi- dövra” , “Torpağı əbir, gülü giyahi” olan yerin adının Qarabağ olduğunu söyləyir. Şair oradakı gözəllərin hüsnünü Şirinlə müqayisə edir və bu minvanla “Fərhadı bu dəvaya əsas et” deməklə, onu da Qarabağ gözəlləri yolunda mübarizəyə səsləyir.
Şairin vəsf etdiyi Qarabağ torpağı o qədər gözəldir ki, kimə oranı görmək nəsib olubsa, Mövlam göylərdə demək sənin yerini müəyyən edib. Bu diyarın gözəlliyini tərənnüm etməyə kağız, dəftər çatmaz deyən şair poemadakı bölümün sonunda Allahdan o yerlərə getməyi ona qismət etməsini arzulayır.
Mövla verə ömri bir zəmanı
İslam ilə bir də görək anı.
Ol vəqt ki, irdin ol məkanə
Ol məbnəi-feyzi-aşiqanə.
Öp xakini, fəth qıl kəlamı,
Topraginə bizdən et səlamı.
Həmzə Nigari şeirlərinin bəzisində torpağının düşməndən azad olmasını arzulayır, çünki şair sevgisini o diyarda tapıb, o torpağın abad olması üçün canından keçməyə belə hazırdır.
Son olaraq onu demək istəyirəm ki, XIX əsrdən üzü bəri erməni işğalı altında qalan Qarabağ indi öz mərd və mübariz oğul və qızlarının şücaəti nəticəsində, möhtərəm Prezidentimizin və qəhrəman oğullarımızın qətiyyəti sayəsində yağı düşməndən azad olundu. Azərbaycan xalqının fədakar şairləri zaman-zaman o torpağın şəninə şeirlər qoşmuş, onun haqqında rəvayətlər yaratmışlar. Bütün bu həqiqətləri bir amal birləşdirir, o da vətənə olan məhəbbətdir. Biz bu sonsuz məhəbbətin Seyid Həmzə Nigari poeziyasında dərin iz saldığının bir daha şahidi olduq.

Xuraman HÜMMƏTOVA,
Ədəbiyyatşünas.

Read 195 times