XƏBƏR LENTİ

Cümə axşamı, 06 Mart 2014 11:53

Dilimiz varlığımızdır

İllər ötdü, yaşa doldum

Anladım ki, ana dilim

Ürəyimdən çıxmaz mənim,

Doğransam da dilim-dilim.

                       Xəlil Rza Ulutürk.

Hər bir xalqı, milləti başqalarından fərqləndirən mühüm amillərdən biri və ən başlıcası onun dilidir. Bu baxımdan Azərbaycan dili də özünəməxsusluğu, gözəlliyi, dolğunluğu, mükəmməlliyi və şirinliyi ilə başqa dillərdən seçilir.

Doğma ana dilimiz daş kitabələrdən üzü bu yana uzun, çətin və şərəfli bir yol keçərək bugünkü səviyyəyə gəlib çatmışdır. Dədə Qorqud qopuzundan, Koroğlu sazından süzülüb gələn, Xətai qılıncından sıyrılıb çıxan dilimiz həzin ana laylası ilə canımıza, qanımıza hopmuşdur. Səfəvilər dövlətinin banilərindən biri, XVI əsrdə vahid Azərbaycan dövlətini quran dahi Azərbaycan şairi və dövlət xadimi Şah İsmayıl Xətai Azərbaycan dilini dövlət dili elan edərək demişdir: “Ey türk oğlullar! Babalarımızdan bizə üç şey yadigar qalmışdır: dilimiz, torpağımız, qeyrətimiz. Vətənin bir ovuc torpağını dünyanın var-dövlətinə, dilinin bir sözünü ləl-cəvahiratına dəyişməyin, onları qoruyun və sonrakı nəsillərə çatdırın... Ana dilini dövlət dili elan etdim”.

Nəfəsi əhli-dilin gövhəri-candır bilənə

Nitqimiz qüdrəti—hər, ruhi-rəvandır bilənə!

Zaman-zaman xalqımızı öz soykökündən qoparmağa, onun milli-mədəni dəyərlərini məhv etməyə çalışmışlar. Təkcə XX əsrdə əlifbamız sovet imperiyasının əsarəti altında düz üç dəfə təcavüzə məruz qalmışdı. Yalnız 2001-ci ildə ümummilli lider Heydər Əliyevin sayəsində rəsmi olaraq latın əlifbasına keçildi, “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanun qüvvəyə mindi. Bu müdrik insan xalqımızı bütün türk dünyası ilə birləşdirdi. Ana dilimizi milli varlığımız hesab edən ulu öndər deyirdi: “Azərbaycan dilinin dövlət dili kimi həyatımızın bütün sahələrində yaşaması və inkişafına hərtərəfli şərait yaradılmış, onun zənginləşməsi və dünya dilləri arasında layiqli yer tutması üçün daha geniş perspektivlər açılmışdır... Hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz ana dilini, dinini, milli ənənələrini heç zaman unutmamalıdır”.

Bu gün Azərbaycan dilinin qüdrətli və mükəmməl bir dil olaraq dünyada tanınması üçün  ölkə başçısı İlham Əliyev böyük işlər görür və bununla bağlı müvafiq sərəncamlar imzalayır. Onun ana dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında 23 may 2012-ci il tarixli sərəncamında deyilir: “Dilçilik elmimiz təkcə Azərbaycan dili ilə bağlı deyil, həmçinin onun digər türk dilləri ilə münasibətlərini öyrənmək istiqamətində ciddi addımlar atılmalı, müasir dillərin nəzəri cəhətdən araşdırılmasına, eyni zamanda qədim dünya dilləri və mədəniyyətlərinin tədqiqinə yönələn yeni layihələr işləyib hazırlamalıdır”.

Azərbaycanda fəaliyyət göstərdiyi müddət ərzində “Çağ” Öyrətim İşlətmələrinin tədris prosesinin ayrılmaz hissəsi kimi həyata keçirdiyi layihələr, xüsusən də dilimizin inkişafı ilə bağlı müsabiqələr də məhz buna xidmət edir. Bir millət-iki dövlət olan Azərbaycan və Türkiyə respublikalarının zəngin dil və mədəniyyətini layiqli şəkildə təmsil etməyi, yeni nəsillərdə vətən, millət, dil və tarix şüurunu inkişaf etdirməyi qarşısına məqsəd qoyan, artıq 12-ci dəfədir ki, müxtəlif nominasiyalar üzrə “Ana dilimizi sevək, sevdirək” devizi altında keçirilən məktəblilərin ümumrespublika müsabiqəsi bu il öz formatını bir qədər dəyişdi. “Dil və mədəniyyət” adı altında keçirilən festivalda iştirak edənlərin sayı artmaqla, həm də dilimizə, milli dəyərlərimizə hörmət hissini ifadə etmək  formaları da çoxaldı. Mahnı, şeir, ölkəşünaslıq, təqdimat, ifaçılıq, qrammatika və inşa yazı kateqoriyasında aparılan müsabiqədə iştirak edən hər bir şagird bir daha əcdadlarımızın bizə miras qoyub getdiypi doğma dilimizin mükəmməl, qüdrətli və zəngin bir dil olduğunu bütün dünyaya bəyan etməyə çalışdı.

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Beynəlxalq Təhsil Mərkəzi və Anadolu Dil və Kültür Mərkəzinin təşkilatçılığı ilə “Ana dilimizi sevək, sevdirək” devizi altında keçirilən məktəblilərin “Dil və mədəniyyət” festivalının mükafatlandırma məraisimi ilk olaraq ümummilli lider Heydər Əliyevin, dilimizə və mədəniyyətimizə xidmət edən bütün insanların və vətən uğrunda, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan vətən övladının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonoa açıq elan olundu.  Sonra isə Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cühuriyyətinin İstiqlal Marşı səsləndirildi.  Festivaldan bəhs edən qısametrajlı filmdə ümummilli lider  Heydər Əliyevin ideyalarının həyata keçirilməsində iştirak etmək məqsədilə 11 il öncə yola çıxan “Dilimiz varlığımız” devizi altında “Ana dilimizi sevək, sevdirək”, “Dil və mədəniyyət” festivalının məqsəd və məramı nümayiş olundu. 

Sonra bürünc medal qazanan şagirdlərə medalları təqdim etmək üçün Milli Elmlər Akademiyasının müxbir üzvü, Atatürk Mərkəzinin direktoru Dialoq Avrasiya Platformasının Milli Komitə sədri, millət vəkili Nizami Cəfərov səhnəyə dəvət olundu. O, bürünc medal qazanan şagirdləri təbrik edərək dedi: “Dünyada millət üçün, xalq üçün dildən etibarlı heç nə yoxdur. Xalq, millət hər nəyi itirsə, zaman-zaman  onu qazana bilər, amma dilini itirsə, çox çətin ki, bir də onu qazana bilsin. Buna görə də türk dili olimpiadaları keçirmək və artıq dünyanın 150 ölkəsinə türkcə səslənmək çox böyük nailiyyətdir. Bu nailiyyəti qazananları təbrik edirəm”.

Sonra  gümüş medalçıları təbrik etmək üçün söz Bakı Dövlət Universitetinin rektoru, akadekmik, millət vəkili Abel Məhərrəmova verildi. O, ümumilikdə türk dünyasına, onun mədəniyyətinə, incəsənətinə xidmət edən bu festivalı yüksək qiymətləndirərək dedi: “Bu gün Azərbaycan mədəniyyəti tarixinə yazılmış bir günüdür. Dünyada 5 min millət və xalq, onlardan iki yüzünün dövləti və ana dili var. Bu baxımdan biz xoşbəxt xalqıq. Azərbaycan dili kimi dilimiz var. Biz öz dilimizi sevirik, eyni zamanda dünya dillərinə hörmətlə yanaşırıq. Bu gün multikulturalizm adı altında Azərbaycanda çox böyük işlər görülür. Belə ki, biz qlobal dünyaya inteqrasiya edirik, ancaq öz dilimizi qoruyub saxlayırıq. Bu cür tədbirlərin Azərbaycan dilinin qlobal müstəvidə inteqrasiyası üçün çox böyük əhəmiyyəti var. İlk növbədə təşkilatçılara təşəkkürümü bildirirəm. Bütün qalibləri təbrik edirəm”.

Festivalın qızıl medalçılarını isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İdarə Heyətinin sədri Xaliq Məmmədov təbrik edərək dedi: “Bu gün bir daha əmin oldum ki, bizim çox istedadlı, qabiliyyətli gənclərimiz var. Onları dəyərləndirib, bu səviyyəyə qədər yüksəldənlərə alqış olsun”.

Sonda isə Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi, Təhsil Kompleksinin sədri, Ənvər Özərən yekun sözü dedi: “Bu gözəllik dilmizin, mədəniyyətimizin gözəlliyidir. Bu festivalla biz dünyaya kiçik bir səyahət etdik və dilimizin nə qədər sevildiyinin şahidi olurduq. Bu gün Azərbaycan dili dünyanın 5 qitəsində tanınır, sevilir, sevdirilir. Bugünkü qaliblərimiz bir neçə aydan sonra Türkiyədə 150 ölkədən minlərlə gəncin iştirak edəcəyi Türk dili Olimpiadasında Azərbaycanı təmsil edəcəklər. Azərbaycan dili sevgi, sülh, məhəbbət dilidir.

Biz bu festivalda doğma dilimizdə bütün dünyaya səsləndik. Və dünyanı sülhə çağırdıq. Bu işdə əməyi olan hər kəsə öz dərin təşəkkürümü bildirirəm”. Tofiq Aslanovun rəhbərlik etdiyi “Mirvarilər” musiqi kollektivinin, “Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin əvvəlki qaliblərinin və “Azərbaycan qartalları” rəqs ansamblının hazırladıqları bədii proqram isə tədbiri daha da rövnəqləndirdi.

Mehparə ƏLİYEVA,

“Respublika”.

 

 

 

Read 42041 times