XƏBƏR LENTİ

Bazar, 01 Dekabr 2019 10:40

Şuşa Humanitar Kollecdə görkəmli şair İmadəddin Nəsimiyə həsr olunmuş tədbir

Tədbirdə qeyd edilmişdir ki, dahi şairimiz İmadəddin Nəsimi öz fəlsəfi şeirləri ilə bütün dünyanın diqqət mərkəzində olmuşdur. O, müdrikliyini lirik şeirlərində, qəzəllərində, qəsidələrində, rübailərində nümunəvi olaraq əks etmişdir. Şair müdrik və dahi olmağı ilə yanaşı, öz mərdliyi ilə də fərqlənirdi. Müdrik fəlsəfi şeiriyyətin yaradıcısı İmadəddin Nəsimi əsərlərini ana dilində - yəni türkcə, o cümlədən farsca, ərəbcə də yazmışdır. Şairin türkcə və farsca yazdığı şeirlər toplusu - “Divan”ı vardır. Nəsimi Azərbaycan poeziyasında divan janrının atası sayılır. O, Azərbaycan dilində 15 min misradan, fars dilində isə 5 min misradan ibarət Divan yaradıb. Şairin bir çox qəzəlləri mədəni irsimizin inciləri sırasına daxildir. Tədbirdə qeyd edilmişdir ki, Nəsimi əsərlərini məzmunca iki yerə bölmək olar. Saf məhəbbətin tərənnümü, fəlsəfi düşüncələrin bədii ifadəsi. Nəsimi məhəbbət mövzusunda, fəlsəfi şeirlərində nə qədər müdrikliyini önə çəkirdisə, bu mövzuda da saf eşqin qarşısında acizliyini, iztirablı keçən qovuşulmaz eşqini önə çəkmişdir. Onun məhəbbət mövzusunda olan qəzəllərində həm məşuqənin-yəni sevgilinin gözəlliyi təriflənir, həm də aşiqin eşq yolunda çəkdiyi iztirablar təsvir edilir. Sevgi, eşq bu kimi gözəl duyğulardan bəhs edən qəzəlləri kollecin tələbələrindən Məmmədova Nəcibə və Vəlizadə Arzu tərəfindən məharətlə ifa olunmuşdur. Tədbirdə qeyd edilmişdir ki, rəvayətə görə, şair “Ağrımaz” rədifli məşhur qəzəlini də ölüm ayağında olarkən yazmışdır. Tədbirdə o da qeyd edilmişdir ki, Nəsiminin edamı ilə bağlı əfsanələr söylənilir ki, deyilənə görə, dərisi soyulan şair özünü axıradək mərd və dəyanətlə aparıb. Edam prosesində iştirak edən din xadimlərindən biri Nəsimini lənətləyərək deyir ki, “Onun qanı mundardır, hara düşsə, gərək o yer qılıncla kəsilsin və odda yandırılsın”. Təsadüfən Nəsiminin qanından bir damcı sıçrayıb həmən sözü deyən adamın barmağına düşür. Meydana yığışmış kütlə tələb edir ki, onun barmağı kəsilib tonqala atılsın. İşi belə görən zahid dediyini danır və ölüm ayağında olan Nəsimi bədahətən bu misraları deyir:

Zahidin bir barmağın kəssən, dönər həqdən qaçar,

Gör bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz.

Tədbirdə o da qeyd olundu ki, Nəsimi qəzəllərində, rübailərində, qəsidələrində, lirik şeirlərində dilin zənginliklərindən özünəməxsus ustalıqla istifadə etmişdir. Bəzən şair şeirlərini yalnız xitab və ifadəli təkrarla qurur. Məsələn:

Məndə sığar iki cahan, mən bu cahana sığmazam,

Gövhər laməkan mənəm, kövnü məkanə sığmazam.

O da qeyd edildi ki, Nəsimi o iztirablı eşq hekayəsini ömrünün son saniyəsinə kimi qəlbində daşıdı. Bir eşqi, sevgini neçə-neçə qəzəllərə sığdıra bilməyən müdrik şairimiz qəlbində, əlbəttə, bu dünyaya, bu cahana sığmayacaq. Qəlbindəki saf eşqinə sadiq olan Nəsiminin saf məhəbbət tərənnümü məzmununda yazdığı qəzəlləri sabahadək oxusaq da, zamana sığmaz.

Kollecin dil-ədəbiyyat müəllimi Könül İsmayılova, tələbələrdən Türkan Ağazadə, Nərmin Rəhimli, Sədaqət Allahverdiyeva, Ayşən İbrahimli, Leyla İsmayılova, Zeynəb Hüseynova, Lalə Qasımova, Arzu Vəlizadə çıxış edərək dahi şairimiz haqqında öz ürək sözlərini bölüşdülər.

Tədbirin sonunda kollecin direktor müavinləri Azər Səfixanlı və Könül Hüseynova çıxış edərək İmadəddin Nəsiminin 650 illiyilə əlaqədar bu ilin “Nəsimi ili” elan edildiyinə görə dövlətimizin başçısı cənab İlham Əliyevə kollec rəhbərliyi adından öz minnətdarlıqlarını bildirdilər.

Zabit CAVADOV,

“Respublika”.

Read 49 times

Təqvim

« December 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

ZIYARƏTÇİLƏR

Ziyarətçilər498064

Currently are 91 guests and no members online