XƏBƏR LENTİ

Bazar, 24 Noyabr 2019 11:08

Xalqın unudulmaz şairi

Məhəmməd Əmin Təbrizi Dilsuz Cənubi Azərbaycan şairlərinin XIX əsrin ikinci yarısında yaşayıb-yaradan, öz dövrünün görkəmli şairlərindən biridir. Onun həyat yolu, doğum və ölüm tarixi haqqında dəqiq və ətraflı məlumat yoxdur. Firidun bəy Köçərlinin yazdığına görə, “Məhəmməd Əmin Dilsuz 1834-cü ildə hali-həyatda imiş və özü dəxi musinin (qocalmış) halında vəfat etmişdir. Buna şahid özünün bir para əşarıdır”.
M.Ə.Dilsuz əslən təbrizlidir. O, təhsilini də Təbriz şəhərində almışdır. “Fəqir, xoş xülq-xasiyyət və haqsızən bir şəxs” olmuşdur. Şair həmişə öz bəxtindən, fəqirliyindən, yaşadığı həyatdan, insanların dönüklüyündən şikayətlənmiş və bunları əsərlərində ifadə etmişdir:
Günü-gündən, bəli, ənduhi qəmim artıq olur,
Bilmirəm bəxtdə, ya çərxi-cəfakardədir.

Mən fəqirin də yetiş dadına ey dada yetən,
Dərdimin çarəsi budur ki, sərkardədir.
M.Ə.Dilsuz Şeyxülislamın mədhinə yazdığı bu şeirində fəqirliyi ilə bərabər, insan qidasının əsasını təşkil edən buğdanın da qıtlığından şikayət edir. O, buğdanın sorağı ilə kəndə gəlir, buğda “qaçıb anbarda gizlənir, şəhərə gəlir”, onu ağzı bağlı çuvallarda buğda alveri ilə məşğul olan tacirlərin anbarında görür. Onu ələ gətirmək üçün isə pul lazımdır, o da şairdə yoxdur:
Mən ilə buğdanın aləmdə sən et divanın,
Görgilə məndədi təqsir, o xunxardədir.

Neçə müddətdi əlimdən qaçıb ol zalimi-dun,
Tutmuşam indi sorağın, sizin anbardədir.
Firidun bəy Köçərli yazır: “Mərhum Hacı Seyid Əzim Şirvani dəxi Dilsuz kimi fəqir olduğundan buğdadan zərifanə şikayət edir, onun sorağına düşür və Mahmud ağanın anbarında onu tapır və ol cənabdan ilhah edib deyir:
Sahiba, Mahmud ağa, lütfü mürüvvət dəmidir,
Eyləyib seyyidi-miskinə xəyanət buğda.

İndi beş aydı ki, məndən qaçıb ol ruysilyah,
Qoyub avarə məni-zari bu nikbət buğda.

Tutmuşam indi sorağın, sizin anbardadır,
Qorxuram ki, qaça ordan dəxi xəlvət buğda.
Məlum olur ki, Hacı Seyid Əzim Şirvani Dilsuzun buğdanın haqqında yazdığı əşari oxuyub, nəzirə səbkidə haman məzmunda özü dəxi Mahmud ağadan buğda təmənna edibdir. Amma Hacı Seyid Əzimin əşari Dilsuzunkundan rəvan və abdardır (məlahətli, axıcı). Bu barədə öz məqamında danışılmışdır”.
M.Ə.Dilsuz fəqirliyi üzündən bir çox bəlalara düçar olmuşdur. O, dolanmaq üçün gah dükançılıq, gah baqqallıq etmiş, gah da tütün satmaqla məşğul olmuş, nökərçilik belə etmişdir. Bir erməni üstə zindana da düşmüşdür. Onun həyatının bu məqamları “Kardən” adlı şeirində öz əksini tapmışdır:
Dilsuzun başına nadürüst insanların üzündən çox bəlalar gəlib. Ona görə də insanlara olan inamı itib. Şair deyir ki, bir adamı imtahan etməmiş, sınaqdan keçirməmiş onu özünə dost tutma, öz sirrini bir kimsəyə demə, dünyaya bel bağlama. İnsanların həyatda axtardığı yalnız puldur.
Borc üzündən Dilsuz həbsxanaya da salınıb. Şərikləri ona ümid versələr də, dar ayaqda onu qoyub qaçıblar:
Çün şəriklilər qoydular yalqız dükanda bəndəni,
Aşinalar söylədilər: qoymarıq pulsuz səni.
Biri təvid eyləyib, birisi etdi kisəni,
Xəlqə xatircəm olub, həm belə urduq daməni,
Başladıq borclulara, vəzza rəyatü əmmaməni.
Axırı zindana saldı bəndəni bir erməni
Böylə dərdi xalq ara daim əyan etmək gərək.
M.Ə.Dilsuzun ictimai-siyasi məzmunlu əsərləri də diqqəti cəlb edir. O, yaşadığı dövrdən dad edirdi. Onun vəfasızlığından, insanların yalanından, ədalətsizliyindən, işlərində dürüst olmamalarından, həyatda həqiqi heç nə görmədiyindən, gördüklərinin hamısının qəlp olduğundan ürək yanğısı ilə söz açırdı.
Bu dövrdə həkimlər sağaltmaq əvəzinə xəstələrin çoxunu öldürür, ticarətlə məşğul olanlar yalan sözlərlə insanları aldadır, zərgəri, dərzisi halal yemir, hamı çalışır ki, kiminsə evini yıxsın. Dilsuz cavabsız qalmış min bir sualın yaratdığı iztirabları “Nədir” rədifli qəzəlində açıq-aydın ifadə edir və yaradandan bu suallara cavab tapmaqda imdad istəyir:
Ey məni xəlq eləyən Xaliq özün imdad qıl,
Qalmışam valeh ki, bu dünya nədir, üqba nədir?

Gündə yüz yol kafər ollam, yüz yol iman istərəm,
Bilmədim ki, küfrü iman, gəh “bəli”, gəh “la” nədir?
Yaşadığı dövrdə haqq-ədalət arayan şair insanları haqlı olmağa, haqdan qaçmamağa, nəfsə uymamağa çağırır:
Əqli unutma, nəfsə əsir olma, həqqi gör,
Nahəqqə ver təməyyüz bu sudü ziyanə bax!
Ver bircə quş-huşini, əsrari-həqq eşit,
Şahü gədaya verməz aman gəlsə gər əcəl
İbrət gözülə bircə müluki - Kəyanə bax!
İnsan həyatı, din və dünya məsələləri, təbiətdə baş verən hadisələr, təriqətlər, əqidələr, gündəlik həyatdakı münasibətlərdə rast gəlinən ziddiyyətlər barədə fəlsəfi düşüncələr, onları dərk etmək ehtirası Dilsuzun əsərlərində öz əksini tapmışdır. O, çürük ehkamların qərar tutduğu bünövrəni, insan fikrini boğan zənciri atəşə tuturdu.
Dilsuz müasirlərini həyati fəaliyyətə, yaradıcılığa sövq edirdi. O, xurafatın, bəzi şəriət mərasimlərinin insanlara sevinc yox, qəm, kədər gətirdiyi qənaətindədir.
Zahidin baxma kələmdən yekə əmmaməsinə,
Məscidi qəsb eləyib, qabili-bütxanə deyil.

Saxlayıb hiyləvü təsvir kəməndin əldə,
Salacaq boynuna, bil, səbheyi-səddanə deyil.
M.Ə.Dilsuz əhdi-peymanı unudan aşiqləri namərdlikdə ittiham edirdi. O, insanlara sevgisində, əhdində vəfalı olmağı tövsiyə edirdi.
M.Ə.Dilsuza görə, ağıl, əxlaq, zahiri cazibədarlıqla birlikdə gözəlliyin tərkib hissələri — vəfa, sədaqət, etibar, xeyirxahlıq, namus kimi keyfiyyətlər gözəlliyin əsas şərtlərindən hesab olunur.
M.Ə.Dilsuz insanın öz məhəbbətini gizlədə bilməsini mümkün saymır. Əgər hər hansı bir insan eşqini söz ilə əyan etməkdə çətinlik çəksə də bunu mütləq hərəkətləri ilə büruzə verəcəkdir:
Əzizim, eşq aləmdə yəqin bil kim, nihan olmaz,
Qələt sözdür, deyərlər: “aşiqin eşqi əyan olmaz”

Görüb məşuqəsin aşiq, qaçar rəngi, dizi titrər,
Bieynə surəti-divar olar, cismində can olmaz.
Şairin sevgisi o qədər saf, qüvvətli, tükənməzdir ki, o, sevgilisindən kənar behiştdə belə olmaq istəmir, onsuz gülüb danışmağı özünə haram bilir. Ondan özgəsinə baxarsa, gözlərinin kor olmasını arzulayır.
M.Ə.Dilsuz “Deyil” rədifli qəzəlində lirik qəhrəmanlarını bütün dastan personajlarından üstün tutur. Şair “dilbərinə” müraciət edərək onu Leylidən “məstanə”, özünü isə Məcnundan “divanə” hesab edir:
Dilbərim, Leyli, yəqin, sən kimi məstanə deyil,
Qeys aləmdə bu gün mən kimi divanə deyil.

Gərçi bu aləm ara çox gözəlin şöhrəti var,
Baxıram heç birisi sən kimi dürdanə deyil.
“XIX əsr Azərbaycan lirikası bədii məzmun, ideya-estetik ovqat baxımından zəngin olduğu qədər də keşməkeşli, enişli-yoxuşlu bir yolla inkişaf edirdi. Klassik poeziya üslubunda yazan şairlərin ictimai mənşəyi, mədrəsə təhsili alıb dini dünyagörüşə yiyələnməsi onların yaradıcılığına da müəyyən təsir göstərirdi. Bu şairlər bir tərəfdən dünyəvi məhəbbəti tərənnüm edir, fanatizmə və xurafata qarşı çıxaraq, elm və mədəniyyəti tərifləyir, ikinci tərəfdən isə dini mərasimlərdə oxunan mərsiyə, növhə, sinəzən və mədhnamələr yazırdılar. XIX əsr şairlərinin, demək olar ki, əksəriyyəti Məhəmməd Əmin Dilsuz da dini mədhnamə, mərsiyə və sinəzənlər yazmış, bu əsərlər camaat arasında geniş yayılmışdır”.
Mərsiyə şeirindəki dünyəvilik və tarixilik humanizm ideyaları ilə bağlı idi. Dilsuz da bütün mərsiyə şairləri kimi insanın azadlıq ideyasını müdafiə edirdi. Qumri, Raci kimi, Dilsuz da təsvir və mədh etdiyi qəhrəmanlar - Məhəmməd, Əli, Hüseyn kimi tarixi şəxsiyyətlərin ruhən ölmədiyinə inanır və onlardan kömək diləyirdilər:
Mən bu dərin möhnətindən canə yetdim, ya Əli,
Bəhri-qəmdə Nuh tək tufanə yetdim, ya Əli,
Tapmadım bir dadrəs, hər yanə getdim, ya Əli,
Dərd əlindən atəşi-süzanə yetdim, ya Əli,
Rəhm qıl, Dilsuzəm, ey mövla, qulami-Qəmbərəm.
Müasirləri arasında “Ustad” ləqəbi ilə tanınan, mərsiyəçiliyi, həcvguluğu və qəzəlxanlığı ilə şöhrət tapmış Dilsuz əsərlərini Azərbaycan və fars dillərində yazmışdır. Onun qəzəl, qəsidə və növhələrdən ibarət olan birinci “Divan”ı 1878-ci ildə çıxmış, az müddətdə on bir dəfə nəşr edilmişdir.
Dilsuz haqqında “Təbriz tarixi” kitabının müəllifi Şahzadə Nadir Mirzə yazır: “Dilsuzun “Divanı”nın Azərbaycan xalqı içərisində misilsiz bir yeri var. Onun “Divan”ı on bir dəfə çap olunduğuna baxmayaraq, yenə də tapılmır. Tarixdə bədii ədəbiyyat sahəsində ana dilində yazılan sənət əsərləri həmişə belə gözəl, xoşbəxt və ali tale sahiblərinin olmuşdur”.
XIX əsrin ikinci yarısında ötən dövrlərdə olduğu kimi, poeziya, xüsusilə onun lirik formaları Cənubi Azərbaycan ədəbiyyatında aparıcı mövqe tuturdu. Bu dövrdə yaradıcılıq aləminə gələn Əbülhəsən Raci, Mirzə Əli xan Ləli, Mirzə Mehdi Şükuhi, Məhəmməd Hidəci, Nazim Ərdəbili və başqa şairlər kimi Məhəmməd Əmin Dilsuz da Şərq və Azərbaycan şeirinin zəngin tarixi təcrübəsinə, demokratik ənənələrinə istinad edib, onun keyfiyyətlərindən bəhrələndiyi üçündür ki, dövrün nəbzini tuta bilmiş və əsərləri əldən-ələ gəzmişdir.

Lətifə MİRZƏYEVA,
AMEA-nın Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun elmi əməkdaşı.

Read 78 times

Təqvim

« December 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

ZIYARƏTÇİLƏR

Ziyarətçilər498044

Currently are 100 guests and no members online