XƏBƏR LENTİ

Bazar, 14 May 2017 10:17

“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi Argentinada nümayiş olunub

Buenos-Ayres şəhərində Argentina Kino və Audiovizual Sənət Milli İnstitutunun nəzdində fəaliyyət göstərən “Gaumont” kinoteatrında Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal olunmuş və Arzu Əliyevanın layihə rəhbəri olduğu “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi nümayiş etdirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayişdə Argentinada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, deputatlar, müxtəlif dövlət qurumlarının rəsmiləri, ali məktəblərin müəllim-tələbə heyəti, mətbuat nümayəndələri, habelə ictimaiyyət təmsilçiləri iştirak ediblər.

Filmin nümayişindən əvvəl çıxış edən Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov İkinci Dünya müharibəsində SSRİ tərəfindən qazanılmış qələbədə Azərbaycan xalqının əhəmiyyətli töhfəsindən bəhs edib. Bildirib ki, müharibə illərində 700 min azərbaycanlı cəbhəyə yola salınıb, onlardan 300 mini döyüşlərdə həlak olub. Eyni zamanda, Azərbaycan zavodlarında istehsal olunan hərbi texnika sovet ordusuna əvəzsiz xidmət edib.

Diplomat qeyd edib ki, İkinci Dünya müharibəsi zamanı Azərbaycan neftçiləri sovet ordusunun yanacaqla təmin edilməsində misilsiz xidmətlər göstərib və Qələbədə Azərbaycan nefti həlledici rol oynayıb. Belə ki, müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzini və yüksəkkeyfiyyətli yağların 85-90 faizi Azərbaycanın payına düşüb.

Səfir Rəşad Aslanov nümayişin təşkilində göstərilmiş dəstəyə görə Heydər Əliyev Fondunun rəhbərliyinə təşəkkür edib. R.Aslanov qeyd edib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal olunmuş, Arzu Əliyevanın layihə rəhbəri olduğu “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin çəkilməsində əsas məqsəd İkinci Dünya müharibəsində Azərbaycan xalqının rolu, Qələbənin təmin edilməsində Bakı neftinin strateji əhəmiyyəti barədə tamaşaçıları məlumatlandırmaqdan ibarətdir.

Film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

 

 

AZƏRTAC

Read 15 times