XƏBƏR LENTİ

Bazar, 14 May 2017 10:13

Bakıda İran mədəniyyəti günü

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Milli Turizm Təbliğat Bürosu Sabir bağında oyunlarda iştirak edən bir sıra ölkələrin mədəniyyət günlərini keçirməyə start verib.

AZƏRTAC xəbər verir ki, bu qəbildən olan ilk tədbir mayın 13-də  İran İslam Respublikasına həsr edilib.

Tədbirdə çıxış edən Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev IV İslam Həmrəyliyi Oyunları günlərində rəhbərlik etdiyi qurum tərəfindən reallaşdırılacaq layihələrdən söz açıb. Bildirib ki, səhər saatlarından başlayaraq şəhərimizin sakinləri və qonaqları İran mədəniyyəti günü çərçivəsində bu ölkənin muzey eksponatları, sənətkarlarının əl işləri, milli mətbəxi ilə tanış olublar.

İslamiada çərçivəsində Sabir bağında, həmçinin İndoneziya, Malayziya, Misir, Türkiyə və digər ölkələrin də mədəniyyət günləri keçiriləcək. Hər gün tanınmış azərbaycanlı ifaçıların iştirakı ilə konsert proqramı təqdim olunacaq.

Natiq Prezident İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin təbliğinə göstərdikləri dəstəyi xüsusi qeyd edib.

Azərbaycan ilə İran arasında mədəni-mənəvi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan Fuad Nağıyev deyib ki, belə tədbirlər bu əlaqələrin daha da möhkəmlənməsinə təkan verəcək.

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, mədəniyyət günü çərçivəsində yaranmış fürsətdən istifadə edərək, İranın mədəni və turizm imkanları, eləcə də görməli məkanları nümayiş etdirilir. İranlı sənətçilər Azərbaycanda xalçaçılıq, dulusçuluq, ağac üstə oyma sənətinin nümunələrini təqdim edirlər.

Mədəniyyət Mərkəzinin rəhbəri eləcə də, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına da toxunaraq, onu İranın qədim, köklü mədəniyyət və sivilizasiyasının tanıtdırılması üçün yaxşı bir fürsət adlandırıb. Oyunlarda iştirak məqsədilə İrandan böyük nümayəndə heyətinin gəldiyini diqqətə çatdırıb.

İran ilə Azərbaycan arasında səmimi dostluq münasibətlərinin olduğunu bildirən Əsgər Farsi deyib ki, belə tədbirlər iki ölkənin qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafına müsbət təsir göstərəcək.

Sonra İran ifaçıları geniş konsert proqramı ilə çıxış ediblər.

 

 

AZƏRTAC

Read 157 times