XƏBƏR LENTİ

Bazar, 07 May 2017 16:41

Leyla Əliyeva: Ərzaq təhlükəsizliyi və dayanıqlı cəmiyyət naminə mədəniyyətlərarası dialoq daim təşviq olunmalıdır

Mayın 6-da IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Ərzaq təhlükəsizliyi və dayanıqlı cəmiyyət naminə mədəniyyətlərarası dialoq: Davamlı inkişaf və sülhün təmin olunması üçün əsas elementlər” mövzusunda ikinci plenar sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, sessiyada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş katibi ofisinin attaşesi, moderator Rəşad əl-Xafaci sessiyanın müasir dünya üçün çox əhəmiyyətli bir mövzuya həsr olunduğunu vurğuladı, IV Qlobal Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan rəhbərliyinə təşəkkürünü bildirdi.
Sonra xoşməramlı səfir Leyla Əliyeva sessiyada çıxış edərək dedi:
-Dünyanın müxtəlif yerlərindən insanların mədəniyyətlərarası dialoqun inkişafı ilə bağlı mühüm məsələləri müzakirə etmək üçün Bakıya toplaşması çox sevindiricidir. Mədəniyyətlər və xalqlar arasında dialoq dünyada sülh və çiçəklənmə üçün əsas şərtdir. Bu dialoqun qəbul edilə biləcək alternativi yoxdur. Aramızda nə qədər az dialoq və anlaşma olarsa, bir o qədər ədavət və savadsızlıq üçün boş yer yaranacaq. Əsrlər boyu Azərbaycan müxtəlif mədəniyyətlərin, dinlərin və sivilizasiyaların qovuşduğu məkan olub. Tarix boyu Azərbaycandakı bütün xalqlar - istər müsəlmanlar, istər yəhudilər, istərsə də xristianlar sülh şəraitində dinc yanaşı yaşayıblar. Faktiki olaraq bunu heç kim “mədəniyyətlərarası dialoq” adlandırmayıb. Bu cür qarşılıqlı əlaqələr sadəcə gündəlik həyatın bir hissəsi olub. Məhz buna görədir ki, doğma şəhərimiz, gözəl Bakı hazırda mədəniyyətlərarası dialoq üzrə mərkəzlərdən birinə çevrilib. Bakı dünyanı daha da kamil etmək üçün planetin bütün yerlərindən gəlmiş müxtəlif mənşəli insanların qovuşduğu məkana çevrilib.

 


Bu plenar sessiyada çıxış etməkdən olduqca məmnunam, onun mövzusu FAO-nun xoşməramlı səfiri və ətraf mühit carçısı kimi mənim üçün çox əhəmiyyətlidir. Sülh və davamlı inkişaf ilə birbaşa əlaqəsi olan ərzaq təhlükəsizliyi ilə bağlı müzakirələr bu tədbiri bu gün olduqca vacib və zəruri edir. Hamımız bilirik ki, mədəniyyətlərarası dialoq irqçilik və zorakılığın qlobal səviyyədə artmasına qarşı mühüm əks-qüvvədir. Bununla belə, onun miqyası tolerantlıq və birgəyaşayış ideyalarının təşviq olunması ilə yanaşı, digər işlərin də görülməsini ehtiva edir. Mədəniyyətlərarası mübadilələr, həmçinin ümumi məqsədlərimizə nail olmaq üçün yeni innovativ yollar axtarılmasının vacibliyini şərtləndirir.
Dayanıqlı İnkişaf üzrə 2030-cu il gündəliyinin qəbul edilməsi planetimizdə yaşayan xalqların rifahını təmin etmək kimi missiyada dünya əhalisi üçün mühüm hadisə oldu. Təsadüfi deyil ki, gündəliyin ilk iki məqsədi məhz yoxsulluğun və aclığın aradan qaldırılmasına yönəlib. Ümumi mövqeyi əks etdirən bu məqsədlərə nail olmaqla biz sülhsevər, inklüziv və dayanıqlı cəmiyyətləri formalaşdıra bilərik.
Əslində, biz çox məyusuq ki, XXI əsrdə bütün dünyada 870 milyon insan hələ də aclıqdan və azqidalanmadan əziyyət çəkir. Bu, elə vaxtda baş verir ki, ərzağın və ərzaq məhsullarının üçdəbir hissəsi qlobal səviyyədə tullantı kimi atılır. İqlim dəyişikliyi bu vəziyyəti daha da çətinləşdirir. Lakin, eyni zamanda, qloballaşma kənd təsərrüfatı sahəsində biomüxtəlifliyə, ənənəvi biliklərə biganəliklə xarakterizə olunur. Bir-birindən həddindən artıq asılılıq və həmçinin məhsulların əldə edilməsi bizim eko-sistemlərimizə zərbə vurub. Tarix boyu mədəniyyətlər və millətlər öz mətbəxləri, mətbəx mədəniyyətləri üzrə əlaqələr yaratmışlar. Onlar öz ənənələrini qoruyub saxlayırlar. Bunun qorunub-saxlanılması ərzaq təhlükəsizliyinə, sülhə və dayanıqlı inkişafa xidmət edir. Təbii ki, mədəniyyətlərarası dialoqun gücləndirilməsi, əslində, ənənəvi kənd təsərrüfatı biliklərinin yayılmasına, onların qorunub saxlanılmasına xidmət edir. Başqa sözlə desək, biz gərək əminliklə səylərimizi birləşdirək ki, məhsullarımız gələcəyimizin məhsulu olsun. Təbii ki, ərzağın bölüşdürülməsi özü-özlüyündə mədəniyyətlərarası dialoqun bir formasıdır. Çünki mətbəx mədəniyyəti insanlara bir-biri ilə bir araya gəlmək, həmçinin stereotipləri aradan qaldırmaq və müxtəlif həyat tərzlərini anlamaq üçün bir vasitədir.
Vaxt artıq yetişib. Beynəlxalq ictimaiyyət öz səylərini ərzaq təhlükəsizliyinin və qidalanmanın, mədəniyyətlərarası dialoqun və rifahın daha da yaxşılaşdırılmasına yönəltməlidir. Bu baxımdan mən Azərbaycanın dəstəyi, BMT-nin Sivilizasiyalar Alyansının və digər tərəfdaşların təşkilatçılığı ilə oktyabrda FAO-nun mənzil qərargahında dinlərarası mədəni identikliyin və fərqliliyin ərzaq təhlükəsizliyi vasitəsilə qorunması mövzusunda tədbirin keçirilməsini alqışlayıram. Bu tədbir, əslində, “Bakı prosesi”ndən irəli gəlir. O, məhz ərzağın tolerantlığın yayılmasına, mədəni fərqliliyin aradan qaldırılmasına xidmət edəcək.

 


Əziz dostlar, heç bir ölkə və ya təşkilat ərzaq təhlükəsizliyi, ətraf mühitin qorunması, dayanıqlı inkişaf kimi universal məsələlərlə təklikdə məşğul ola bilməz. Dialoq çox vacibdir ki, qlobal inkişafın gündəliyi həyata keçirilsin. Bunu nəzərə alaraq, biz 2011-ci ildə İDEA-nı - “Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq” İctimai Birliyini yaratdıq. Məqsədimiz çox sadədir. İstərdik ki, ətraf mühitə daha uyğun, daha təhlükəsiz, daha sağlam gələcəyi təmin etmək üçün ictimai platformaya çevrilək. Bizim şüarımız belədir: “Vahid Yer kürəsi - vahid gələcək”. İDEA-nın layihələrinin miqyasına gəldikdə, biz təhsil, maarifləndirmə, tullantılarla mübarizə, dayanıqlı inkişaf mövzularında işləyirik. Son beş il ərzində bizim gənc təşkilatımız çox gözəl nəticələr əldə edib. Biz bütün ölkə ərazisində beş milyondan çox ağac əkmişik. Nəinki öz ölkəmizdə, digər ölkələrdə də ağac əkmişik. Biz, həmçinin ceyranları məhvolma təhlükəsindən qorumuşuq. Bununla bağlı bir sıra konservasiya layihələri həyata keçirmişik. Biz, həmçinin digər layihələri də həyata keçiririk ki, onların hamısı bizim hazırkı təşəbbüslərimizdən irəli gəlir. Xüsusən də Qafqaz bəbiri və Qafqazda bizonun yenidən artması. Eyni zamanda, biz bu kontekstdə digər addımlar da atırıq. İDEA ötən il Xəzər dənizində qızıl balığın qorunması ilə əlaqədar Kür çayının deltasının təmizlənməsi üzrə çox mühüm layihəsini irəli sürdü. Bu layihənin məqsədi balıq ehtiyatlarının artırılması, suyun keyfiyyətinin daha da yüksəldilməsi və çayların ətrafında ekologiyanın yaxşılaşdırılmasıdır. Mən, həmçinin qeyd etmək istəyirəm ki, bir neçə həftə əvvəl biz Azərbaycanın aztəminatlı ailələri üçün meyvə bağlarının yaradılması təşəbbüsünü irəli sürmüşük. Biz bu layihəni FAO ilə bir yerdə həyata keçiririk. Biz bu layihə çərçivəsində kənd yerlərində meyvə ağaclarının əkilməsini planlaşdırırıq. Bu, həmin ailələr üçün mənfəət mənbəyi olacaq. Mən FAO-ya dərin təşəkkürümü bildirmək istəyirəm. Bu tərəfdaşlığa, göstərdiyi səylərə görə FAO-nun Azərbaycandakı ofisinin rəhbəri xanım Mələk akmaka təşəkkürümü bildirirəm. Biz dinimizdən, irqimizdən, adət-ənənələrimizdən asılı olmayaraq, hamımız eyni planetdə yaşayırıq. Bizim ümumi gələcəyimiz var. Ekologiyanın sərhədləri yoxdur.
Əsl reallıq onu göstərir ki, bu gün insanın fəaliyyəti, antropogen amillər təbiətin qanunlarını pozur və bizə böyük fəlakətlər gətirir. İnsanlar sahib olduqları zənginliklərin dəyərinin qədir-qiymətini bilməlidirlər. Bu baxımdan mən məşhur amerikalı rejissor, prodüser və müəllif Tom Şoydakın sözlərindən sitat gətirmək istəyirəm: “Təbiətdə heç nə ehtiyacından artığını götürmür. Qırmızı ağac torpağın bütün nutrientlərini almır, böyümək üçün lazım olan qədərini götürür. Tox aslan ceyranın dalınca qaçıb onu məhv etmir”. İnsanlar da təbiətin bu qanunlarına riayət etməlidir. Hər kəsin həyat tərzi və onun vərdişləri ekologiyaya təsir edir. Biz vahid planetimizin qorunması üçün böyük dəyişikliklər edə bilərik. Bu da bizim dayanıqlı inkişafımızı təmin edə bilər. Odur ki, ərzaq təhlükəsizliyi və dayanıqlı cəmiyyət naminə mədəniyyətlərarası dialoq daim təşviq olunmalıdır.
Hörmətli qonaqlar, əminəm ki, ölkəmizdə olduğunuz bir neçə gün ərzində bizim ləziz yeməklərimizlə tanış olacaqsınız, mədəniyyət abidələrimizi görəcəksiniz, yerli insanlarla tanış olacaqsınız. Əminəm ki, bu təcrübə sizin müxtəliflik potensialınızı daha da artıracaq.
Müxtəliflik və dialoqa meyilli olmaq müxtəlif qruplar arasında anlaşma körpülərinin salınması deməkdir. Biz münaqişələri, gərginlikləri birgə səylərlə azalda bilərik. Belə körpülər rəsmi danışıqlarda, görüşlərdə qurulmur, əksinə, pərdəarxası işlərlə şərtlənir. Bunları nəzərə alaraq, sizləri dialoqa hər zaman açıq olmağa dəvət edirəm.
Mən sizə xoşbəxtlik və sağlamlıq arzulayıram. Çox sağ olun.
***
BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser çıxışında Azərbaycanda göstərilən qonaqpərvərliyi yüksək dəyərləndirdi, Bakıya gələn qonaqların bir daha paytaxtımıza qayıtmaq arzusunda olduqlarını söylədi. BMT Sivilizasiyalar Alyansında qida məsələsinin prioritetlərdən biri olduğunu qeyd edən Nassir Abdulaziz Al-Nasser bu məsələ ilə bağlı FAO ilə əməkdaşlıq etdiklərini diqqətə çatdırdı. BMT rəsmisi müxtəlif ölkələrdə insanların aclıq təhlükəsi ilə qarşılaşması məsələsinə toxunaraq, ərzaq təhlükəsizliyinin dünya üçün aktuallığını qeyd etdi. Mədəniyyətlərarası dialoqun ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm vasitə olduğunu bildirən ali nümayəndə dedi: “Bizim diqqətimizi, həmçinin insan təhlükəsizliyi məsələsi cəlb edir. Ərzaq təhlükəsizliyi məsələsi kommersiya maraqlarının və mədəniyyətlərarası əlaqələrin yaranmasına təkan verir. Dünyada minlərlə insan aclıqdan həlak olur. Yəməndə, Somalidə, Sudanda uşaqlar aclıqdan əziyyət çəkirlər. Həssas cəmiyyətləri gücləndirərək biz ərzaq təhlükəsizliyinin qarşısını ala bilərik. Müxtəlif mədəniyyətlərə məxsus insanlar bir araya gələrək təcrübələrini ortaya qoyarlarsa, biz nəticələrə nail ola bilərik”.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, ərzaq, kulinariya, qidalanma gündəlik həyatımızın bir hissəsidir. “Çox yaxşı haldır ki, FAO bu Forumda iştirak edir və ərzaq təhlükəsizliyi insan təhlükəsizliyi ilə eyni səviyyədə diqqətdə saxlanılır”, - deyən Əbülfəs Qarayev bildirdi ki, qida məhsullarının keyfiyyətsizliyi insanların təhlükəsizliyinə zərbədir. Onun sözlərinə görə, qida, ərzaq, adət-ənənələr, iqlim, ətraf mühit - hər bir millətin təzahürüdür. Mədəniyyət və turizm naziri dedi ki, insanların bir-birini zənginləşdirməsi üçün yalnız qonşu ölkənin kitabını oxumaq kifayət deyil. Kulinariya və milli mətbəx də millətin vacib keyfiyyətlərindəndir. Əbülfəs Qarayev bu baxımdan ölkəmizdə çox çeşiddə qidaların olduğunu söylədi.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Tərəfdaşlıq, Vəkillik və Potensialın İnkişafı ofisinin direktoru Marcela Villarreal FAO-nun bütün tərəfdaşlarının “Bakı prosesi”ndə təmsil olunmasını yüksək dəyərləndirdi. Qeyd etdi ki, hazırda dünyada milyonlarla insan aclıqdan əziyyət çəkir. Bu, ərzaq istehsalı və insanların ərzağa çıxış səviyyəsinin təmin olunması ilə bağlı olan bir problemdir. Gələcəkdə əhalinin artacağını diqqətə çatdıran Marcela Villarreal ərzaq istehsalının 60 faiz artırılmasının vacibliyini qeyd etdi. Bunun üçün isə mədəniyyətlərarası dialoqa qoşulmağı vacib hesab edən Forum iştirakçısı dedi ki, insanlar bir-biri ilə mübadilə aparmalı, bilik və təcrübələrini bölüşməlidirlər.
Sessiyada Forum iştirakçılarına FAO adından ərzaq məsələsi ilə bağlı videomesaj çatdırıldı. Mesajda dünyada yaşayan hər bir kişinin, qadının və uşağın ona lazım olan sağlam qida ilə təmin edilməsinin vacibliyi vurğulanır.
Sessiyanın moderatoru BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş katibinin ofis attaşesi Rəşad Əl-Xavaci mədəniyyətlərarası dialoqun ərzaq təhlükəsizliyinin təmin edilməsindəki rolundan danışdı, FAO-ya “Bakı prosesi”ndə iştirak etdiyinə görə minnətdarlığını bildirdi.
Sonra sessiya işini müzakirələrlə davam etdirdi.
Kənd Təsərrüfatının Davamlı İnkişaf üzrə Asiya Fermerlər Birliyinin baş katibi Estrella Penunia kənd təsərrüfatının inkişafında qadınların rolunu qeyd etdi.
İtaliya parlamentinin üzvü Stella Bianki bildirdi ki, digər hüquqlar kimi, ərzaq təhlükəsizliyi hüququ da olmalıdır.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə ərzaq təhlükəsizliyinin strateji prioritet sayıldığını və kənd təsərrüfatına xüsusi önəm verildiyini diqqətə çatdırdı.
Mərkəzi Afrika Respublikasının paytaxtı Bangi şəhərinin meri Emil Qros Nakombo ərzaq təhlükəsizliyi mövzusunun həyatımızın bütün aspektlərinə aid olduğunu söylədi, dünyada kənd təsərrüfatında tərəqqiyə nail olmağın mümkünlüyünü vurğuladı. O dedi: “Leyla xanım ceyranların qorunması üçün həyata keçirilən layihəni xatırlatdı. Bu, çox nəcib bir işdir. Bunu məktəblərdə gənclərə aşılmaq gözəl olardı”.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Tərəfdaşlıq, Vəkillik və Potensialın İnkişafı ofisinin direktoru Marcela Villarreal Kolumbiyada torpaq fondunun yaradılması məsələsinə toxundu.
Sessiyanın iştirakçıları dünyada ərzaq təhlükəsizliyinin durumu ətrafında geniş fikir mübadiləsi apardılar.

AZƏRTAC

Read 94 times