XƏBƏR LENTİ

Çərşənbə axşamı, 10 Yanvar 2017 05:43

Şuşa Uşaq Musiqi Məktəbi

Məktəb 1990-cı ildə Şuşa şəhərində fəaliyyətə başlamışdır. 1993-cü ildə məlum hadisələrlə əlaqədar öz fəaliyyətini Bakı şəhəri, Mərdəkan qəsəbəsində davam etdirməyə başlamışdır. Məktəbin direktoru, ali ixtisas təhsilli musiqiçi və təcrübəli mütəxəssis Raquf Məhərrəmovla söhbət edərkən o, dedi ki, onların məskunlaşdığı 123 saylı Mərdəkan tam orta məktəbin kollektivi çox böyük qonaqpərvərliklə qəbul etmiş və onların bütün problemlərinin həllində dəstək olmuşlar. Elə bu cür qayğının və məktəb direktoru Raquf müəllimin işə münasibətinin nəticəsidir ki, məktəb günü-gündən inkişaf edir, xoş sorağı yayılır.

Təsadüfi deyildir ki, əvvəllər kiçik bir kollektivlə fəaliyyətə başlayan məktəbdə indi 246 uşağa 48 nəfər müəllim musiqinin sirlərini öyrədir.

İndi məktəbdə 7 ixtisas üzrə dərslər tədris edilir. Tədris planına və proqramların yerinə yetirilməsi nümunəvi əsasnaməyə uyğun olaraq həyata keçirilir. Raquf müəllim qeyd etdi ki, istedadların üzə çıxarılması üçün məktəbdə müxtəlif tədbirlər həyata keçirilir.

Mütəmadi olaraq Xəzər rayonunun ümumtəhsil məktəblərində müxtəlif proqramlarla konsertlər təşkil edilir. Müəllimlərin ixtisaslarını təkmilləşdirmək üçün açıq dərslər, akademik dinləyişlər məktəblər arasında mübadilələr təşkil olunur. İstedadların üzə çıxması üçün müxtəlif mədəni-kütləvi tədbirlər həyata keçirilir. Onu da demək lazımdır ki, məktəbdə müəllimlərdən ibarət “Şuşa”, şagirdlərdən ibarət isə “Bülbülcan” adlı ansamblları da fəaliyyət göstərir.

Qeyd etmək lazımdır ki, Xəzər, Pirallahı və Şuşa rayonlarının tədbirlərində bu kollektivlər yüksək səviyyədə çıxış edirlər. Elə bunun nəticəsidir ki, hər iki kollektiv bu rayonların müxtəlif mükafatları ilə təltif olunmuşlar. Təkcə onu qeyd etmək olar ki, Şuşa Rayon İcra Hakimiyyəti və Şuşa Rayon Mədəniyyət və Turizm idarəsinin birgə təşkil etdiyi “Bölgələrdən paytaxta” adlı tədbirdə fəal iştirakına görə məktəbin müəllimlərindən Siyavuş Mehdiyev, Xəyalə Əliyeva və məktəbin şagirdləri Qələm Qocamanova, Fərid Ağazadə ATV kanalında “Bizimləsən” verilişində iştirak etmiş və münsiflər heyətinin mükafatına layiq görülmüşlər. Bundan başqa, şagirdlər Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə tərəfindən də müxtəlif mükafatlara layiq görülmüşlər. Fortepiano sinfinin şagirdi Tofiqə Axundzadə yüksək ifaçılığına görə diploma layiq görülmüşdür. Onu da qeyd etmək lazımdır ki, şagirdlərlə keçirilən ustad dərslərin yüksək səviyyədə keçirilməsinə təminat yaradır. Məsələn, məşhur kamança ustası Arif Əsədullayevin apardığı ustad dərsi bu qəbildəndir. Fərəhlə qeyd etmək lazımdır ki, son illər məktəbin şagirdləri musiqi təmayüllü ali və orta ixtisaslı məktəblərə qəbul olurlar ki, bu faktın özü də nailiyyətlərdən xəbər verir. Məktəb bir çox respublika tədbirlərində də yaxından iştirak edir. Belə ki, böyük xanəndə Xan Şuşinskinin 110 illiyinə həsr olunmuş tədbirdə iştirakçıların əksəriyyətini bu məktəbin şagirdləri təşkil etmişlər. Bülbülcanın 175, Sadıxcanın isə 170 illiyinə həsr olunmuş tədbirdə də məktəbin müəllim və şagird kollektivi fəallığı ilə seçilmişdir. Tədbirdə məktəbin şagirdlərindən Qələm Qocamanova, Günel Allahverdiyeva xüsusilə fərqlənmişlər.

Məktəbdə fəaliyyət göstərən fortepiano, xalq çalğı alətləri ansamblı (tar, kamança, qarmon, balaban, nağara, xanəndəlik), nəzəriyyə (solfecio, musiqi, ədəbiyyatı, xor) siniflərində oxuyan şagirdlər bu gün də məktəbin respublikamızın adlı-sanlı musiqi məktəblərindən olması üçün əllərindən gələni edirlər.

Məktəb kollektivinin “N” saylı hərbi hissələrdəki çıxışları da daim əsgərlərimiz tərəfindən maraqla qarşılanmış, məktəbin ünvanına xoş sözlər deyilmişdir.

Bəli, bu gün Bülbülcan adına Şuşa uşaq musiqi məktəbi respublikamızın ən fəal uşaq musiqi ocaqlarından biridir desək, heç də yanılmarıq.

 

Zabit CAVADOV,

“Respublika”.

 

 

 

Read 59 times