XƏBƏR LENTİ

Bazar, 08 Yanvar 2017 08:16

Rənglər aləmində əbədi imza

Xalq rəssamı Nadir Axundov 1925-ci ildə ecazkar təbiəti, yamyaşıl zəmiləri, laləli çölləri, bağçalı-bağlı həyətləri, bumbuz çeşmələri olan qədim Naxçıvan şəhərində dünyaya gəlib. Hələ uşaq yaşlarından doğulduğu torpağın ecazkarlığı, gözəlliyi ona yaşayıb-yaratmaq həvəsi vermişdir. Hər səhər əzəmətli Elanlı dağının başı üzərində nur saçan, axşamlar zirvəsi qarlı Ağrı dağının ətəyində qürub edən günəşi seyr etdikcə, qəlbində sönməz bir hiss oyanmışdı: Vətən, torpaq, təbiət və yurd sevgisi. Həmin hisslərlə balaca Nadir əlinə qələm alıb bu əsrarəngiz təbiəti, zəhmətsevər insanları ağ vərəqlər üzərinə köçürməyə başlayıb. Onun istedadı ailədə və məktəbdə hamının diqqətini çəkirdi.

Çox keçmir ki, Nadirə rəssamlıqla məşğul olmaq üçün lazımi ləvazimatlar alınır. 6 yaşlı balaca rəssam o gündən gördüklərini, xəyalında canlandırdıqlarını əbədiləşdirmək üçün fırçaya sarılır. O, məktəbdə yaxşı oxumağı ilə bərabər, insanlara qarşı münasibətində, xasiyyətində hamıdan fərqlənirdi. Bütün bu cəhətlərinə görə o, həmişə nümunəvi şagird kimi qiymətləndirilirdi. Rəssamlıq qabiliyyətinə yaxşı bələd olan müəllimləri divar qəzetləri üçün rəsmlərin hazırlanmasını məhz ona həvalə edirdilər. Bütün bu işlərin öhdəsindən ustalıqla gəlməyi bacaran Nadirin rəssamlığa olan marağı gündən-günə artırdı.

Getdikcə daha da dərinləşən rəssamlıq həvəsi onu Leninqrad Orta Rəssamlıq Məktəbinə gətirib çıxardı. O, burada dəzgah rəngkarlığı və qrafika sahəsində təhsil alır və sənətin sirlərinə yiyələnməyə başlayır. Yaradıcılıqla zəngin olan tələbəlik illəri bir-birini əvəz etdikcə, gənc rəssam sənətini püxtələşdirir, rənglər aləminə dalaraq onları duymağa və hiss etməyə can atırdı. Lakin Nadirin təhsil illəri cəmi üç il çəkdi. Hər şeyi alt-üst edən müharibə Nadiri məhz bu məqamda yaxaladı. O, kifayət qədər cilalanmış fırçasını silahla əvəz etməli oldu.

Müharibə qələbə ilə bitdi. Nadirin sinəsini orden və medallar bəzədi. Ömür yolu elə gətirdi ki, hələ uşaqlıqdan bəri arzuladığı rəssamlıq təhsilini davam etdirə bilmədi. O müstəqil olaraq öz üzərində işləməyə başladı. Tanınmış rəssamların sərgilərində olur, rəsm əsərlərini diqqətlə izləyir, onlardan məsləhətlər alırdı. Qarşısında isə bir məqsəd var idi : öz dəsti-xəttini tapmaq. Nəhayət, gərgin əmək öz bəhrəsini verdi. İlk dəfə 1958-ci ildə mənzərə janrında olan əsərləri respublika sərgisində nümayiş olunanda bir çox sənətşünasları, rəssamları, sənətsevərləri öz əl işləri ilə təəccübləndirməyi bacardı. Bu təəccübə səbəb hələ o qədər də tanınmayan Nadir Axundovun əsərlərinin mayasına hopmuş realizm və müasirlik idi.

Yaradıcılığının əsasını təşkil edən bu mənzərələrdə Azərbaycan təbiətinin zənginliyi, gözəlliyi aydın şəkildə görünür. Yaratdığı tablolarda təbiətin müxtəlif hadisələrini və rəngarəng gözəlliyini inandırıcı boyalarla vermişdir. O, təbiətin coşqun sevincini, güllü baharını və həzin xəzan güllərini dərin bir həssaslıqla əks etdirmişdir. Dərin məzmuna malik yaradıcılığı olan sənətkar öz mənzərələrində yalnız müəyyən bir əhval-ruhiyyəni verməklə kifayətlənmir, əsərləri ilə tamaşaçını düşünməyə sövq edir. Təbiətə sənət gözü ilə baxan Nadir Axundovun mənzərələrində böyük bir gözəllik, incə bir şeiriyyət var. Zaman keçdikcə müxtəlif mövzulu rəsm əsrləri Gəncədə, Bakıda və Naxçıvanda təşkil olunan sərgilərdə nümayiş olunur. “Kitab oxuyan qız”, “Qarpız yeyən oğlan”, “Görüş”, “Rəfiqələr”, “Çadralı qadınlar”, “Violençel çalan Rable Kazuls”, “Qoca bağban” kimi tablolar müəllifə daha çox uğur gətirir.

Rəssamın əsərləri nəinki ölkə daxilində, həmçinin xarici ölkələrdə maraqla izlənilirdi. 1960-cı illərin əvvələrindən etibarən Leninqrad, Daşkənd və Tbilisidə qrafik əsərlərindən ibarət sərgidə “Çay süfrəsi”, “Çoban qız”, “Kənd musiqiçiləri”, “Dəniz kənarında qala”, “Köhnə Bakı”, “Dənizdə neft buruqları”, “İçərişəhər”, “Dəniz kənarında” və başqa rəsmləri nümayiş olunur.

Rəssamın geniş diapazonlu yaradıcılığında məişət və portret janrı əsas yerləri tuturdu. “Qoca qadın”, “Kişi portreti”, “Rəssam Rasim Babayev”, “Fikrət Əmirov”, “Mərziyə Davudova”, “Tibb bacısı A. Qasımova”, “Tələbə qız”, “Mirzə Ələkbər Sabir”, “Cəfər Cabbarlı”, “Üzeyir Hacıbəyov” kimi əsərlərində nəinki insanın xarici görünüşünü, həmçinin daxili aləmini, fikir və hisslərini də təsvir etmişdi. Bir rəssam kimi Nadirin yaratdığı obrazlar sanki tamaşaçı ilə həmsöhbətə çevrilir. Onun dəsti-xəttinə xas olan cəhətlərdən biri insan obrazlarını təbiətlə bir vəhdətdə verməsi idi. Bu cəhətdən “Sahildə” əsəri xüsusilə fərqlənir. Tabloda təsvir edilmiş ata və oğul dənizlə təmasdadır. Rəsmdəki tutqunluq, dənizin kimsəsizliyi, səssizliyi ilə atanın üzündəki iztirab eynilik təşkil edir. Əsərdə personajların hərəsi öz dünyası ilə yaşasa da, rəssam onları bir-birindən təcrid edilmiş tərzdə çəkməmişdir. Ata və oğul arasında üzvi bağlılıq məhz uğurlu kompozisiyadan irəli gəlir. Rəssam hər gün təsadüf edilən bu sadə məişət səhnəsini çox orijinal şəkildə tamaşaçılara təqdim edə bilmişdir.

Nadir Axundov cəsarətli rəssam olmağı ilə fərqlənirdi. Çünki o, fırçasını bütün janrlarda sınamışdı. Məhz buna görə də, yaradıcılığında mövzu məhdudiyyəti yoxdur. Məişət, əmək motivləri, təbiət mənzərələri, portret janrı onun fırçasında fərqli ovqatlarla tərənnüm edilir. Bütün yaradıcılığı boyu axtarışda olan rəssamın əsərlərində düşünən və tamaşaçını da düşündürməyə vadar edən həyat motivlərinə rast gəlirik. Rəsmlərinin xarakterik cəhəti isə onların paklığı, saflığı, həyat dolu yaşamından ibarət olması idi. Dövrünün ruhunu, gözəllik idealını mənzərələr dünyasında əks etdirmiş böyük sənətkar, nəcib və sadə insan Nadir Axundovun yaradıcılığı gənc rəssamlar üçün olduqca ibrətamizdir.

Belə bir deyim var: “Rəssam öz əsərləri haqqında danışmamalı, əsərlər rəssam haqqında danışmalıdır”. Məhz Nadir Axundovun da əsərləri onun düşüncələri, ideyaları, dünyaya baxışı haqqında geniş məlumat verir.

 

Arzu MƏMMƏDNAĞIYEVA.

 

 

 

Read 77 times