XƏBƏR LENTİ

Çərşənbə, 28 Dekabr 2016 16:23

Xalq şairi Nəriman Həsənzadə ilə görüş

Poetik yaradıcılığı, publisistik fəaliyyəti, mənzum tarixi dramları ilə çağdaş Azərbaycan ədəbiyyatında bənzərsiz yeri olan xalq şairi, pedaqoq və ictimai xadim Nəriman Həsənzadənin Bakının Səbail rayonundakı 203 saylı tam orta məktəbin kollektivi ilə görüşü onun anadan olmasının 85 illiyinə həsr olunmuşdu. Tədbiri məktəbin dərs hissə müdiri Əzizə Kərimova, Azərbaycan dili və ədəbiyyat müəllimləri Zümrüd Cəbiyeva və Elmira Asanova hazırlamışlar.

Məktəbin direktoru Nailə Əhmədova qonağı—Nəriman Həsənzadəni və iştirakçıları salamlayaraq, şairə ümumxalq məhəbbətindən, N.Həsənzadə poeziyasının həmişəyaşarlığından, onun əsərlərinin şagirdlər, ümumən gənc nəsil tərəfindən indi də sevilə-sevilə öyrənilməsindən və bunun sirlərindən danışdı. Sonra söz məktəbin şagirdlərinə verildi; əvvəlcə Nəriman Həsənzadənin ömür yoluna, həyat və yaradıcılığının keşməkeşli və yüksəlişlərlə dolu məqamlarına işıq saldılar.

Nəriman Həsənzadə qazandığı uğurlardan, çətin məqamlarda ona dəstək verib arxa duran adamlardan - Heydər Əliyev, Mir Cəlal Paşayev, Teymur Əhmədov və başqalarının xeyirxahlıqlarından söhbət açdı. Ona göstərilən dövlət dəstəyindən, Prezident İlham Əliyevin qayğı və diqqətindən danışdı.

Məktəb şagirdlərindən -Nərminə Quliyeva, Elməddin Nərimanlı, Elmir İbadov, Almaz Şahbazlı, Amin Şükürov, Türkan Novruzova, Nəzrin, Nurəddin Abdullayev, Şamil Məmmədov və başqalarının, həmçinin şagirdlərdən ibarət xor kollektivi Nəriman Həsənzadənin ayrı-ayrı əsərlərini ifa etdilər. Eləcə də “Atabəylər” mənzum tarixi dramından bir səhnə və “Nərdivan” şeiri əsasında hazırlanmış kompozisiya təqdim olundu, şairin sözlərinə yazılmış mahnılar oxundu.

Nəriman Həsənzadə şagirdlərin verdiyi çoxsaylı sualları cavablandırdı. Tədbirin sonunda şair məktəb kollektivinə və görüşün təşkilatçılarına öz təşəkkürünü bildirdi.

M.Alxan.

 

 

 

Read 16 times