XƏBƏR LENTİ

Cümə axşamı, 22 Dekabr 2016 10:28

“İrəvan - gizlədilmiş həqiqətlər” sənədli filminin təqdimatı olub

Dekabrın 21-də Bakıda “İrəvan - gizlədilmiş həqiqətlər” sənədli filminin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan, rus və ingilis dillərində hazırlanmış film Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun birgə əməkdaşlığı çərçivəsində ərsəyə gəlib. Filmin baş məsləhətçisi Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, ideya müəllifi və layihə rəhbəri Nurəddin Mehdiyev, ssenari müəllifi tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, quruluşçu rejissoru isə Teymur Nəcəfzadədir.
Tədbirdə “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin əlaqələndiricisi, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev təqdim olunan yeni filmin məzmunu və xüsusiyyətləri haqqında məlumat verib. Bildirilib ki, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan İrəvan şəhərinin azərbaycanlılara məxsus zəngin mədəni irsi haqqında məlumatları dünya ictimaiyyətinə, eləcə də gələcək nəsillərə çatdırmaq sənədli filmin əsas məqsədidir.
Qeyd edilib ki, filmdə İrəvan şəhərinin salınması, şəhərdə türk-müsəlman hakimiyyəti, İrəvan qalası, məscidləri, meydanları, karvansaraları, ticarət köşkləri, hamamları, bağları, İrəvanın Çar Rusiyası tərəfindən işğalı və demoqrafik vəziyyət, burada azərbaycanlıların mədəni irsinin məhv edilməsi, bu bölgədən azərbaycanlıların köçürülməsi, müasir İrəvanda mədəni irsimiz haqqında tutarlı tarixi faktlar və təsvirlər öz əksini tapır. Azərbaycanda İrəvan haqqında ilk dəfədir ki, daha əhatəli və üç dildə sənədli film çəkilib. Filmin xarici dillərinin orijinallığı onun dünyaya yayılmasını asanlaşdırır.
Sonra filmin nümayişi olub.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbirdə çıxış edərək deyib ki, hazırda dünyaya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iki mənbədən informasiya yayılır. Bir tərəfdən ermənilər saxta informasiya yayırlar, digər tərəfdən isə biz Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırırıq. Bu layihə Azərbaycan həqiqətlərinin dünyada təbliği baxımından mühüm əhəmiyyətə malikdir. Lakin bu, mühüm layihə olsa da, yetərli deyil. Burada böyük zəhmətlə bərpa olunan qədim İrəvan tarixinin, o cümlədən məscidlərin, abidələrin daha təkmil təsvirini verməliyik, daha mükəmməl açıqcalar, bukletlər hazırlanmalıdır və geniş coğrafiyada yayılmalıdır ki, qoy ermənilərin Azərbaycan tarixini necə saxtalaşdırdıqlarını, məhv etdiklərini dünya bilsin. Xaricə gedən dövlət rəsmilərimiz, QHT nümayəndələri, jurnalistlər, gənclərimiz, səfirliklərimizdə çalışan diplomatlar, diasporumuzun üzvləri bu filmin dünyada yayılmasına çalışmalıdırlar.
“Ümummilli lider Heydər Əliyev son 200 ildə Azərbaycan xalqına qarşı törədilən qırğınlar haqqında danışarkən deyirdi ki, ermənilərlə qonşuluq Azərbaycan qarşısında daim bir geosiyasi vəzifə qoyur və biz bunu unutmamalıyıq. Adətən qonşu ölkələr bir-birinin inkişafına töhfə verir, ancaq ermənilərlə qonşuluq bizə yalnız problemlər, mədəniyyətimizin dağıdılma təhlükəsi, təhlükəsizliyimizə təhdid yaradıb, xalqımıza qarşı soyqırımı törədilib. Bizim geosiyasi vəzifəmiz isə ermənilərdən tariximizi, mədəniyyətimizi, fiziki varlığımızı, gələcək inkişafımızı qorumaqdır. Bəzən biz xristian dünyasında ermənipərəst dairələrə başa salırıq, lakin onlar xristian-müsəlman ayrı-seçkiliyi fonunda bizə şübhə ilə yanaşırlar. Ona görə də biz çox iş görməliyik ki, ermənilərin saxtakarlığını ifşa edək”, - deyə Prezidentin köməkçisi qeyd edib.
Əli Həsənov deyib ki, bu gün dünyada qədim müsəlman şəhərlərinə və tarixi abidələrinə biganə münasibət müşahidə olunur. Bu, çox təəssüf doğurur. Dünyadakı bir çox qədim müsəlman-türk şəhərləri və tarixi abidələri məhv edilib. Bütün müsəlman Şərqinin tarixi abidələri və qədim şəhərləri, o cümlədən Suriya ərazisində yerləşən Palmira şəhəri bombalarla dağıdılıb. Bütün bunlar tolerantlığa, multikulturalizmə mənfi münasibətin göstəricisidir.
“Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycandakı multikulturalizmə də, Qərbdəki multikulturalizmə də baxın. Bizim fərqimiz ondan ibarətdir ki, Azərbaycanda yaşayan bütün xalqlara, müxtəlif dinlərin mənsublarına özümüz qədər hörmət edirik, sevgi ilə yanaşırıq. Ancaq Qərb bir müddət başqa dildən, dindən olanlara dözümlülük göstərsə də, indi bu dözümlülüyü görmürük. Bu gün hamı görür ki, Qərb ölkələri miqrantlara, qaçqınlara hansı münasibəti göstərir, onları didərgin salır, sərhədlərdə güllələyirlər. Sonra da dünyaya Qərb sivilizasiyasının tolerantlığını təqdim edirlər. Onların tolerantlığı budur”, - deyə professor Əli Həsənov bildirib.
Gənclər və idman naziri Azad Rəhimov deyib ki, Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərində xalqımıza məxsus qeyri-maddi, mədəni tarixi abidələr məhv edilir. Bu vəhşiliklər daha əvvəllər İrəvanda, sonra Zəngəzur, Göyçə, Vedibasar və digər tarixi ərazilərdə baş verib. Ən böyük zərbə İrəvan şəhərinə vurulub. Dünyada bəlkə heç bir şəhər İrəvan qədər talan olunmayıb. Yüzlərlə tarixi abidə məhv edilib. Qalan bir-iki abidə isə başqa millətlərə mənsub abidələr kimi göstərilir.
Nazir vurğulayıb ki, bu gün təqdim edilən film elmi araşdırmaların geniş ictimaiyyətə çatdırılmasında uğurlu vasitədir. Azərbaycan xalqı heç vaxt ermənilərin vəhşiliyini unutmayacaq. İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır və gün gələcək, biz o torpaqlara qayıdacağıq.
AMEA-nın Tarix İnstitutunun və “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində görülən işlərdən danışan Yaqub Mahmudov vurğulayıb ki, hazırda Azərbaycan gərgin informasiya müharibəsinin əhatəsindədir və biz bu müharibədə qalib gəlməliyik. Bu gün İrəvanda bir məsciddən başqa yaşı 200 ildən artıq olan tarixi-memarlıq abidəsi qalmayıb. Bu abidələr ermənilər tərəfindən məhv edilib. Ermənistan bu cür mədəniyyəti olan bir şəhəri dağıtmaqla kifayətlənməyib, ətraf əraziləri də işğal edib. Nəticədə Azərbaycanın bir milyondan çox qaçqın və məcburi köçkünü var. Ermənilərin həyata keçirdikləri vandalizmi sübut etmək üçün bundan sonra da belə layihələr reallaşdırılmalıdır. Həmin layihələr həyata keçirilən zaman indiki Ermənistan ərazisində mövcud olan və dəyişdirilmiş Azərbaycan toponimlərinin də gündəmə gətirilməsi olduqca vacibdir.
Filmlə bağlı fikirlərini bölüşən Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, filmin ssenari müəllifi, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa bildiriblər ki, bu ekran əsəri xalqımızın maddi-mənəvi irsinə, o cümlədən tarixi və dini abidələrimizə qarşı Ermənistan tərəfindən həyata keçirilən vandalizm aktlarından bəhs edir. Filmin əsas məqsədi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, gənclərə vətənpərvərlik ruhunu aşılamaqdır. Diqqətə çatdırılıb ki, dünya birliyi işğal olunmuş Azərbaycan ərazilərində mədəni-tarixi abidələrin dağıdılmasının qarşısının alınmasına çalışmalıdır.

 

 

 

 

AZƏRTAC

Read 35 times