XƏBƏR LENTİ

Bazar, 18 Dekabr 2016 12:40

Azərbaycan muğamının Xanı

Böyük bəstəkarımız Fikrət Əmirovun təbirincə desək, “Bütün musiqi əsərlərinin tükənməz çeşməsi” olan muğamımızın inkişaf məşəlini ilk dəfə XX yüzilliyin əvvəllərində Üzeyir bəy Hacıbəyli alovlandırsa da, onun möhtəşəm sarayını XXI əsrin əvvəllərində ucaldan ölkənin birinci xanımı Mehriban Əliyeva oldu. Bu sarayın divarlarını bəzəyən Qarabağın klassik muğam xadimlərindən biri olan məhz əlçatmaz səs və ecazkar ifaçılıq məharəti ilə milyonlarin qəlbini ovsunlayan Xan Şuşinski sənətidir.

Belə əfsanəvi sənət karifeyi haqqında bu yazıda yer alan xatirələrin Xansevərlər üçün maraqlı olacağına ümid edirəm.
1962-ci ilin iyul günləri idi. Kəlbəcərdə havalar həmişə olduğu kimi, həmin il də sərin keçirdi. Zirvələri daim qarla örtülü olan Keytinin, Dəli dağın, Murov dağın, şırıltı ilə axan gur bulaqların, yamyaşıl yamacların, bütövlükdə insanın əhvalını dəyişən təbiətin gözəlliyi adamı valeh edirdi.
İstisuyun kurort mövsümü isə daha ürəkaçan idi. Hər tərəfdə aydın səma altında çalıb-çağıranların təranələri, bulaqlar başında qurulan məclislər, aşıq mahnılarının xoş sədaları, alaçıqların ətrafında oynaşan uşaqların gur səsləri bu gözəlliyi daha da artırır, əsəblərə dinclik gətirirdi.
Təbiətin insan idrakına sığmayan əsrarəngiz gözəlliyi iyirminci əsrin böyük müğənnisi Azərbaycan muğamının xanı - Xan Şuşinskini də ovsunlayıb buraya gətirmişdi. Muğam zirvəsini fəth edən bu ecazkar səs sərkərdəsinin Kəlbəcərə gəlişi onun sənət dünyasına səcdə edən minlərlə insanın çoxdan arzu etdiyi tarixi bir səfər idi. Bənzərsiz səsə malik olan Xan əmini görmək həsrəti məndə hələ lap uşaq vaxtından yaranmışdı. İndi isə eşidəndə ki, Xan Şuşinski İstisuda dincəlir, yəqin etdim ki, artıq onunla görüşmək imkanı əldə edə bilərəm.
Rayon partiya komitəsinin birinci katibi K.Əsgərovun lap yerinə düşən telefon zəngi vaxtında köməyə gəldi. O, İstisuya getmək və məni də aparmaq istədiyini dedi. Mən sevincək razılığımı bildirdim...
Raykom katibinin “Villis” maşını İstisuyun əyri-üyrü yollarını qalxaraq lap hündür bir təpənin üstündə taxtadan quraşdırılmış ikiotaqlı bir evin (fin evinin) qapısında dayandı. Biz maşından düşdük.
Mizin ətrafında Xan Şuşinski və onun uşaqlıq, gənclik dostu, o vaxtlar Respublika Prokurorluğunda mühüm vəzifədə işləyən Əli Quliyev (o mənim yaxın qohumum idi) əyləşib nərd oynayırdılar.
Nərd oyunu bu iki şuşalı arasında olduqca maraqlı keçirdi, həm də diqqəti çəkən o idi ki, onların özlərinə məxsus duzlu yumorla qarşılıqlı atmacaları oyunda xüsusi həvəs və şən ovqat yaradırdı. Nərd oyunu başa çatdıqdan sonra süfrə arxasında əyləşib Xan əmi ilə nahar etdik. Bu, qəlbimdə illərdən bəri yaşatdığım arzumun həqiqətə çevrilməsi deməkdi məndən ötrü. Axı, indi Azərbaycanın muğam dahisi, dağ şəlaləsi kimi çağlayan, bulaq suyu kimi duru və şəffaf səsi ilə milyonların ürəyini riqqətə gətirən, Azərbaycanın xalq artisti Xan Şuşinski ilə bir miz arxasında oturmuşdum...
Söhbətin şirin yerində ev sahibi Hacı müəllim qulağıma pıçıldadı ki, bəlkə sazı götürüb bir hava çalasan, inanıram ki, mərəkədəkilərin xoşuna gələr. Mən birmənalı olaraq imtina edib, “bacarmaram” dedim. Bu anı gözdən qaçırmayan prokuror öz sənətinə sadiq qalaraq zarafatyana dedi: “Hacı, açıq de görək bu uşaqdan nə istəyirsən?” Hacı məsələnin nə yerdə olduğunu söylədikdən sonra artıq müqavimətə yer qalmadı. Mən sazı əlimə götürdüm. “Dilqəmi” üstə kökləyib çalmağa başladım.
Xan əmi saza diqqətlə qulaq asırdı. Sazın üstündə cəmi 5 simi vardı. Köhnə saz idi. Səsi də pis çıxmırdı. İfa başa çatdı, təzənəni yerinə taxar-taxmaz Xan əmi dilləndi:
- Bacıoğlu, o simlərin hamısını birdən vurursan, başa düşmürəm, ayrı-ayrı çal görüm nə çalırsan? - dedi.
Bu, mənim gözlədiyimdən də artıq oldu. Qənaətimə görə, Xan əmidə az da olsa maraq oyada bilmişdim. Bəli, bu, final idi.
Məmnuniyyətlə, həm də tələsik sazı “Xaric segah” üstə köklədim. Xan əmiyə doğru çevrilib çalmağa başladım.
Hamı süfrədən əlini çəkib, Xana diqqət kəsilmişdi:
Ulduzlar havanın bağrını dəlir,
Qayalı dağlardan duman yüksəlir...
Böyük Səməd Vurğunun bu məşhur misraları ilə Xanın başladığı “Mirzə Hüseyn segahı” hamını yaxşı mənada çaşdırmış, mat qoymuşdu. Evdəkilərin xəbəri yox idi ki, bu taxta mənzilin ətrafında Xanın səsinə onlarca insan yığışmışdı. Artıq mənim də nitqim açılmışdı və indi danışa bilərdim. Çünki indi məndə Xanı müşayiət etmək cəsarəti yaranmışdı: -”Xan əmi, sazda “Qarabağ şikəstəsi” də yaxşı çıxar”-dedim.
Sözümü kəsib dedi: - “Bir halda ki, könlündən keçir, onda çal!”
Çaldım, oxudu.
Ancaq nə oxudu, necə oxudu, təəssüf ki, onu sözlə ifadə etməyə qələm acizdir. İlahi, insan qəlbini fəth edən bu ucalıq, bu qudrətli nəfəs, bu zərgər dəqiqliyi ilə yerbəyerində vurulan şaqraq zəngulələr necə də bənzərsiz idi. Azərbaycan musiqisinin elmi əsaslarının mahir tədqiqatçıları, pedaqoqlar, bəstəkarlar və başqa sənət adamları Xan Şuşinskinin ifası haqqında ola bilsin ki, daha dolğun, bədii, mənəvi-estetik təsir qüvvəsinə malik müsbət fikirlər söyləyə bilərlər. Ancaq, necə olsa da bütün təriflərin və Xanın qazandığı muğam zirvəsinin əsasında yenə də onun səsi durur - Xan səsi!! Nə oxuyur-oxusun, ilk növbədə adamı onun səsi, səsindəki məlahət valeh edirdi.
İki həftədən artıq İstisuda keçirdiyim günlərin hamısı Xan əmi ilə bağlı olduğundan onunla hər gün Azərbaycan xalq mahnıları və muğamlarımız haqqında müxtəlif söhbətlər edirdik...
Məni Xan sənətinə bağlayan təkcə onun ifa etdiyi muğamlara olan ölçüyəgəlməz həvəsim, hədsiz məhəbbətim deyil, məhz bu muğamların ifa tərzindəki ucalıq, muğamların digər müğənnilərin ifalarına nisbətən daha asan səslənməsi və ən əsası səsin gözəlliyi, ürəyə daha çox yatımlığı, bənzərsizliyi idi. Xan Şuşinski muğamı bəzilərinin etdiyi kimi eybəcər oranjiman etmədən oxuyurdu. O, muğamı olduğu kimi ifa edirdi. Bütün qalan şeylər isə onun səsində öz-özünə yaranırdı.
Yadımdadır, instituta daxil olduğum 50-ci illərdə bu böyük müğənninin “Şur”, “Rast”, “Segah-zabul”, “Qarabağ şikəstəsi”, “Şahnaz” və o vaxtlar ancaq onun ifasında eşitdiyim mahnılardan “Şuşanın dağları”, “Alma-almaya bənzər”, “İrəvanda xal qalmadı” və s. mahnıların yazıldığı valları toplayıb özümlə gəzdirirdim. Çox təəssüf ki, Xanın o vaxtkı mahnı və ifa etdiyi muğamlar bir də eşidilməyəcək, vallar Kəlbəcərin işğalı ilə həmişəlik itirildi. Hesab edirəm ki, bu itki tək mənim deyil, bütün Azərbaycan musiqi həyatı üçün ağır bir itki oldu. O vallar 50-ci illərdə Xanın cavanlıq vaxtlarında yazılmışdı. O vaxtlar Xanın səsinin coşub-çağlayan bir vaxtı idi. Digər tərəfdən də yazıqlar olsun ki, o vallardan indi heç kimdə, çox güman ki radio-televiziya fondunda da qalmayıb.
Taleyin millətə bəxş etdiyi nadir şəxsiyyətlərin həyatı onların öz sağlığında daha çox maraq doğurmalıdır. Çünki ölümündən sonra belə tarixi şəxsiyyətlər haqqında gələcək nəsil daha çox məlumata malik olmalı və bu sənətkarlar musiqi mədəniyyətimizin tarixinə çevrilməlidir.
Yeri gəlmişkən, mühüm bir məsələ barədə də fikrimi bildirmək istərdim. Bu gün istər muğam ifaçıları, istərsə də xalq mahnılarını oxuyan hətta tanınmış müğənnilər arasında elələrinə rast gəlinir ki, onları dinləyən hər kəsdə təəssüf hissi yaranır. Mahnıların arasında muğam parçalarının şablon ifası, yersiz zənguləbazlıq (bunu başqa cür adlandırmaq olmur), uzun-uzadı nəfəslə qışqıran, boğazlarını boş yerə gücə salan, ifa etdiyi muğama “yenilik gətirən” və onu bu yeniliklə eybəcərləşdirən belə musiqi ifaçıları dinləyicilərdə ikrah hissi doğurur. Xan əminin belələri haqqında söylədiyi fikirləri bu gün də unutmamışam: - “Ay balam, muğamatı bilmək azdı, muğamı düzgün oxumaq lazımdır. Oxumaq üçün isə ən əvvəl səs lazımdır. Həm də elə səs ki, qulağa yatsın. Çığırmaq, qışqırmaq, “ha-ha-ha”... eləməklə oxumaq olmaz. Ancaq yanıqlı səs, yatımlı səs olduqdan sonra onu muğamat üstündə kökləyib formaya salmaq olar. Yəni əvvəl material lazımdır, sonra ondan nəsə tikmək mümkündür. Bəzən görürsən ki, nə səsi var, nə də istedadı, amma muğamat və xalq mahnılarını oxuyur. Axı xalqın böyük mədəniyyət abidəsinə qarşı hörmətsizlikdi bu!” Xan əmi ilə hər gün görüşdüyüm o iki həftə ərzində onun hər kəlməsini, hər bir sözünü yaddaşıma həkk etmişdim.
Bir gün ona sual verdim ki, Xan əmi mənə belə gəlir ki, siz həmişə nədənsə ifanızda, fərqi yoxdur, bas, pəs və ya zil məqamlarda zəngulələrə çox qənaət edirsiniz, belədirmi? O, sözümü kəsdi və dedi:
-Bala, adamın başı ağrıyanda, əgər həkim ona yazıbsa ki, gündə 1 ya 2 həb qəbul elə, xəstə gərək ona qulaq assın. Çünki əgər bir həb əvəzinə ikisini və ya iki əvəzinə üçünü qəbul etsə, xəstənin vəziyyəti daha da ağırlaşar. Yox, əgər az qəbul eləsə, onda da müalicənin səmərəsi olmaz. Muğamat da belədir: Əgər “Şahnaz”da tutaq ki, ayaq yerində boğazında zəngulə vurmaq xətrinə, çox saxlayıb çürüdürsənsə, bu, xoşa gələ bilməz, şit olar. Heç vurmamaq, onda da muğam olmur. Səsin işlənmə norması, nəfəsin şirinliyi muğamın xoşagəlimliyi üçün başlıca şərtdir. Bir sözlə, xanəndə zənguləni həb kimi işlətməlidir, özü də yerli-yerində...
Bu gün muğam sənətimizin bütövlüyünü, onun sabitliyini və həmişəyaşar ənənəsini qoruyub saxlamaq üçün qədim muğam mədəniyyəti xadimlərinin indiki nəslə qoyub getdiyi nə varsa ondan zərrə qədər kənara çıxmaq muğamın getdikcə inkişafına yox, onun tənəzzülünə gətirib çıxara bilər. Elə buna görədir ki, hazırda musiqimizə və xüsusilə muğam ifaçılığına göstərilən qayğı, eyni zamanda bunu olduğu kimi, heç bir özfəaliyyətə uymadan qorunub saxlanmasına dövlətimiz, başlıca olaraq Azərbaycanın birinci xanımı Mehriban Əliyeva son dərəcə xüsusi əhəmiyyət verir. Yad səslər, muğama “əlavələr”, bayağı uydurmalar muğamımızı korlaya və maraqdan sala bilər. Muğam, Üzeyir bəy Hacıbəylinin dediiyi kimi nə ağlamaq, nə də çığırmaq deyil. Muğam o vaxt yenilik kimi görünər ki, səs muğam səsi olsun, onu olduğu kimi ifa edəsən.
1958-ci ilin yazında Azərbaycanın Xalq artisti, korifey tarzənimiz mərhum Qurban Pirimovla görüşüb Xanın əvəzsiz səsi və ifası haqqında fikir söyləməyi xahiş etmişdim.
Qurban əmi dərindən köks ötürərək belə cavab vermişdi: - “Xan hələ anadan doğulmayıb bala. Səsinin gözəlliyi, istər zildə, istərsə də, bəmdə eyni asanlıqla oxuması, ən başlıcası, üzünün ifadəsində heç bir dəyişikliyə yol verməməsi Xanı özündən əvvəlki bütün müğənnilərdən fərqləndirir. Onun səsi olduqca təmiz, ifası da gözəldi. O, bir də yaranan deyil. Ancaq bir şey var ki, o, səsini gizlədir, səsinin cüzi bir hissəsindən istifadə edir. Bu cəhətdən Xan çox xəsisdir. Mən ona dəfələrlə iradımı bildirmişəm. Az oxuyur. Hər yerə getmir. Bununla belə bizdə hələ ki Xan yoxdur. Ondan ən azı bu əsrdə doğulmayacaq”.
Xanın ifa etdiyi xalq mahnıları və muğamlarını bu gün kiminsə ifasında eşidəndə, əlbəttə, Xan səsinin və Xan sənətinin bir daha təkrarolunmazlığının şahidi olursan. Bir daha inanırsan ki, o əsl məktəb idi.
Xanın səsindən doymaq olmurdu, onun üstünlüyü də məhz bunda idi. Bəlkə elə “Havalansın Xanın səsi”, deyən böyük Səməd Vurğun da, “Vahidin qəzəli, Xanın xoş səsi”, deyən Əliağa Vahid də Xan avazından, ifasından doymadıqları üçün onun gözəl səsini şeirlə vəsf etmişlər...
Görkəmli musiqişünas F.Şuşinski ilk dəfə xalq musiqi xadimləri haqqında xüsusilə, klassik xanəndələr və onların bizim milli muğamlarımız və xalq mahnılarımızın inkişafı ilə bağlı xidmətlərini tədqiq edərkən Xan Şuşinski haqqında yazırdı: - “Doğrudan da Xanı dinləmək səadət, böyük xoşbəxtlik idi. Onun nikbin əhval-ruhiyə, sevinc, hiss və duyğular oyadan məlahətli səsi həmişə təravətli idi. O, 25 yaşında necə oxumuşdursa, 75 yaşında da onun incə səsi eyni əzəmət və nikbinliklə səslənmişdir. ...Onun vurduğu şirin xallar, gözəl guşələr altında istər-istəməz xəyal səni uzaqlara aparır, sanki gözəl arzularınla qovuşursan”.
Nə qədər Azərbaycan var, nə qədər Azərbaycan incəsənəti var, Xan səsi də, Xan sənəti də yaşayacaq və xalqımız tərəfindən əziz tutulacaq.

Rəhman Verdiyev,
İqtisad elmləri namizədi,
dosent.

 

 

 

Read 65 times