XƏBƏR LENTİ

Bazar, 18 Dekabr 2016 12:40

Azərbaycan tarının “atası”: Sadıqcan

Səsin sükutu, Şərq dünyəvi məclislərinin sənət incisi, ilk dünyəvi sənət beşiyinin müjdəsi, incə şeiriyyətlə incədən-incə musiqi cütlüyünün kama yetərək böyük incəsənət məbədi yaradan estetik dəyər, ruhun musiqi ilə səslənən fəlsəfəsidir muğam. Heç bir bəstəkar tərəfindən bəstələnməyən, kainatın və onun cövhəri olan insanın inkişaf mərhələlərini “bizə ahəstəcə qandıran” bir Tanrı möcüzəsidir. Bəmdən zilə qalxdıqca əql və ruhun təkan nöqtəsinə dönən muğam ruhun qidasıdır və insan bu qidanı muğamın özündə tapır: muğamla tar olan yerdə...

38 saylı görmə qüsurlu uşaqlar üçün onbirillik musiqi məktəbində keçirilən görkəmli tarzən Sadıqcanın 170 illik yubileyinə həsr olunmuş bədii-musiqili gecənin iştirakçılarına da muğamla tar möcüzəsi dünyalar yaşatdı.

Tədbirin aparıcısı, musiqi məktəbinin nəzəriyyə müəllimi Könül Əsgərova Azərbaycan mədəniyyətinin inkişafı istiqamətində dövlət səviyyəsində görülən işlərdən danışdı. Sonra görkəmli tarzən Sadıqcanın 170 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsini mədəniyyətimizin inkişafına dövlət qayğısının təzahürü kimi qiymətləndirərək sənətkarın həyat və yaradıcılığı haqqında məlumat verdi: “Mirzə Sadıq Əsəd oğlu Sadıqcan Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və tarı təkmilləşdirən sənətkar kimi Qafqazda və İranda böyük şöhrət qazanmışdı. Tarı təkmilləşdirərək ona cingənə və kök simləri əlavə etmiş, simlərin sayını 5-dən 11-ə çatdırmışdı. Onun təkmilləşdirdiyi Azərbaycan tarı Qafqazda və Orta Asiyada geniş yayılmış və Azərbaycanın musiqi simvoluna çevrilmişdir.

O, 1846-cı ildə Şuşa şəhərində kasıb bir ailədə dünyaya gəlib, o vaxt Şuşada sayılıb-seçilən musiqi müəllimlərindən biri olan Xarrat Qulu Məhəmməd oğlunun şagirdi olub. Kiçik yaşlarından muğam və xalq mahnılarımızın ifasına üstünlük verən və özünü bu sahədə sınayan Sadıqcan 18 yaşında səsini itirir və bundan sonra o, tütək, ney, kamança və tar çalmağı öyrənir. Tarın üzərində dayanan Sadıqcan şuşalı görkəmli tarzən Mirzə Əli Əsgərin yanında bu alətin bütün incəliklərini mənimsəyir. O, həm də gözəl bəstəkar idi. “Orta Segah” və “Bayatı Şiraz” muğamlarına bir neçə rəng bəstələmişdi.

Azərbaycan musiqisinin inkişaf tarixində rolu böyük olan Sadıqcan 1902-ci ildə Şuşada vəfat etmişdir.”

Musiqi məktəbinin konsultantı, respublikanın əməkdar müəllimi Ramiz Əzizov söz alaraq dedi: “Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri olan insanların yubiley tədbirlərinin keçirilməsi gözəl bir ənənəyə çevrilib. Dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan muğamının, Azərbaycan tarının inkişafında böyük xidməti olan tarzən Sadıqcanın 170 illik yubileyi silsilə tədbirlərlə qeyd olundu. Bu, əlamətdar hadisədir. Bu gün biz tara olan  sevgimizə, ona bağlılığımıza görə ilk növbədə Sadıqcana borcluyuq.”

Digər çıxış edənlər də Sadıqcanın böyüklüyündən, belə tədbirlərin əhəmiyyətindən danışdılar.

Bədii hissədən sonra tədbirin musiqili hissəsi başladı. Musiqi nömrələri bir-birini əvəz etdi. Rəvanə Ağamirovanın ifa etdiyi  “Qara gilə” xalq mahnısı, Ruslan Yusifovun tarda ifa etdiyi Q.Qarayevin “Yeddi gözəl” baletindən “Çin gözəlinin rəqsi”, məktəbin müəllimi Kifayət Mikayılovanın ifa etdiyi “Oxu, tar” mahnısı, Rövşən Manafovun tarda ifa etdiyi “Sənsiz” romansı, məktəbin müəllimi Ramiz Əzizovun tarda ifa etdiyi “Popuri”, məktəbin direktoru  Esab Əliyevin tarda ifa etdiyi “Rast” muğamı və digər musiqi nömrələri hər kəsə xoş duyğular yaşatdı.

Tarda Esab Əliyevin müşayiəti ilə məktəbin şagirdi Səkinə Mirzəyeva söylədiyi “Muğamla tar olan yerdə” şeir parçası ilə muğamın əzəmətini, şeiriyyətin gücünü, əsl sənətin möcüzəsini hər kəsə belə anlatdı: muğamla tar olan yerdə zövq də var, şövq də...

Tədbirin sonunda məktəbin direktoru Esab Əliyev onun təşkilatçılarına, iştirakçılarına minnətdarlığını bildirərək dedi: “Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü ilə keçirilən bu tədbir bizim üçün iki cəhətə görə daha əhəmiyyətlidir. Əvvəla, Azərbaycan tarının “atası” adlanan Sadıqcan kimi böyük sənətkar qarşısında borcumuzu yerinə yetirmiş olduq. Digər tərəfdən bu, bizim şagirdlər üçün də faydalıdır. Unutmayın ki, böyük səhnəyə yol belə kiçik səhnələrdən keçir. Bu, sentyabr ayından bəri keçirilən 15-ci tədbirimizdir. Onların çoxu məktəbdənkənar səhnələrdə baş tutub. Uğurlamız da çoxdur. Bu yaxınlarda daha üç şagirdimiz müsabiqə laureatı olub. Bütün bunların qazanılmasında müəllimlərimizin əməyi danılmazdır. Kim bilir, aranızdan neçə-neçə istedad parlayacaqdır.”

Bəli, bu gün Azərbaycan muğamının qorunması, inkişafı, muğam ənənələrinin nəsillərdən-nəsillərə ötürülməsi istiqamətində böyük işlər görülür. 2009-cu ilin martında Bakıda keçirilən “Muğam aləmi” Beynəlxalq Muğam Festivalında Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycanı muğamsız və muğamı Azərbaycansız təsəvvür etmək mümkün deyil.”

Zümrüd QURBANQIZI,

“Respublika”.

 

 

 

Read 80 times