XƏBƏR LENTİ

Şənbə, 17 Dekabr 2016 12:47

Sənətində yaşayan rəssam

Rəssam ruhlu doğulmuşdu, bəlkə də elə rəssam gəlmişdi dünyaya o. Hələ uşaqkən rəssamlığa meyil etmiş, fərqli duyumları, fərqli baxışları ilə yaşıdlarından seçilmiş, daxilindəki yaradıcılıq cücərtisi və bir də rənglər dünyasının sehri kiçik yaşlarından əlindən tutub sonu bəlli olmayan, sirli-sehrli bir aləmə aparmışdı onu. O da qeyri-ixtiyari ürəyinin səsinə, qəlbinin döyüntüsünə qulaq verib bu əsrarəngiz aləmə üz tutmuş, kiçik ürəyinə böyük arzularını sığışdırmış, gördüklərini, görmək istədiklərini ağ vərəq üzərinə köçürmək, bir-birindən maraqlı mənzərələr, natürmortlar, portretlər yaratmaq həvəsi cuşa gəlmişdi. 

1933-cü ildə qədim Naxçıvan diyarında kasıb, zəhmətkeş bir ailədə dünyaya göz açmışdı Məmmədəli İsmayılov. Həyatı çətinliklərlə keçən, dövrün, zamanın gərdişinə boyun əyərək ömrünü min bir əziyyətlərlə övladlarına həsr edən valideynlərini bir dəfə olsun belə incitməz, bacardığı qədər ailənin qayğısını çəkməyə can atardı. Sakit, qaradinməzliyi ilə bacı-qardaşlarından seçilər, bu rəngsiz, məşəqqətli, maraqsız dünyadan ayrılaraq daxilində al-əlvan, rəngli bir dünya təlatümə gətirər, yeknəsəq həyatını min bir rəngə çalan əlvan rənglərlə boyamaq arzusu ilə yaşayardı. Elə bu arzu onu illər sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə aparır. Kasıb kənd həyatında böyüsə də, daxilən zəngin, Vətəninə, elinə bağlı olan gənc elə ilk günlərdən illərlə ürəyində gəzdirdiyi arzularının bir addımlığında dayandığını anlayaraq var qüvvəsi ilə bu aləmin dərinliklərinə baş vurur. Burada xalq rəssamı Böyükağa Mirzəzadə, Vəcihə Səmədova kimi sənət korifeylərindən sevib-seçdiyi sənətin incəliklərinə yiyələnir, elə oxuduğu illərdən də professional sənətə qədəm qoyur. Az bir müddətdə müəllimlərinin hörmətini qazanan Məmmədəli İsmayılov 1964-cü ildə buranı əla qiymətlərlə başa vuraraq doğma torpağına üz tutur. Doğulub boya-başa çatdığı qədim Naxçıvan torpağının əzəmətli qayaları, yaşıl ormanları, laləli dağları hələ uşaqlıqdan məftun etmişdi onu. Bəlkə də rəssamlığa olan marağı da burdan qaynaqlanmışdı elə.
Gördüklərini kətan üzərində ustalıqla əks etdirmək bacarığı ona Tanrı vergisi idi. Sevən ürəyi və bir də doğma torpağının gözəl təbiəti rəssamın hər bir əsərinə həyat bəxş edir, estetik gözəllik yaradırdı. Naxçıvan torpağı rəssamın yaradıcılığında bütün əlvanlığı, gözəlliyi ilə tərənnüm olunur, təbiətin bu lətif gözəlliyi, insanların torpağa bağlılığı, onu əkib-becərmək, qurub-yaratmaq istəyi rəssama ilham verir, bir-birindən gözəl sənət lövhələri yaratmağa ruhlandırırdı.
“Xalxal”, “Batabat”, “Kültəpə”, “Uzunoba”, “İlanlıdağ”, “Badamlı dağları” əsərlərində güllü-çiçəkli çəmənləri, axarlı-baxarlı kəndləri, bərəkətli çölləri, vüqarlı dağları özünəməxsus tərzdə vəsf edən rəssam “Tarladan gələn qızlar”, “Gərgin əməkdən sonra”, “Sağıcı qız”, “Dəyirman kombinatı”nda isə insan həyatının ayrılmaz hissəsi olan, ona şan-şöhrət gətirən, onu ucaldan əməklə qazanılan çörəyin müqəddəsliyini, halallığını tamaşaçısına ustalıqla çatdıra bilmişdir.
Daxili mədəniyyətə, sərrast gözə, dəyərləndirmək bacarığına, yüksək yumor hissinə, özünəməxsus düşüncə tərzinə, yüksək intellektual səviyyəyə malik olan Məmmədəli İsmayılov hər bir əsərində incə mətləbləri üzə çıxarmağı, öz sözünü rənglərin dili ilə deməyi bacaran rəssamlarımızdandır. O, zaman-zaman yadelli işğalçıların basqınına məruz qalan, lakin əyilməyən, Əmir Teymuru belə heyrətləndirən alınmaz “Əlincə qalası” əsərində o vüqarı, o əzəməti çox böyük qürurla, fəxrlə təsvir etmişdir. Yaradıcılığının əsas mövzusu, qayəsi Vətən sevgisi, ana təbiətə bağlılıq olan rəssamın böyük sevgi və məhəbbətlə, eyni zamanda heyranlıqla vəsf etdiyi mənzərə tablolarında sanki bulaqların həzin şırıltısı, saralmış yarpaqların asta pıçıltısı, güllərin-çiçəklərin xoş ətri duyulur.
Xalq rəssamı Mikayıl Abdullayevin fərdi təsvir manerası ilə Səttar Bəhlulzadəni xatırladan Məmmədəli İsmayılovun yaradıcılığı ilə yaxından tanış olduqdan sonra “Səttar dirilib ki..., Bu Səttar Bəhlulzadə deyil, onun kimi təbiət aşiqi olan Məmmədəlidir, sənətin ikinci Səttarıdır” - deməsi onun sözün əsl mənasında istedadlı, güclü rəng duyumu, geniş dünyagörüşü, yaradıcılıq axtarışları, tapıntıları, rənglərdə duyulan ürək çırpıntıları ilə zəngin bir rəssam olduğunu təsdiqləyir.
Rəssamın çəkdiyi mənzərələrlə doğma yurdun seyrinə çıxmaq, bu yerlərə bələd olmayan insanlara bələdçilik etmək olar. Vətəninin torpağına, daşına əsərlərində həyat bəxş edən, yaşamaq vəsiqəsi verən rəssam üçün bu yerlərin təbiəti tükənməz ilham mənbəyi, mövzu çeşməsidir. Təkcə doğma diyarının təbiətini deyil, onun ölməz sənət incilərini, tarixi abidələrini öz fırçasında yaşadan, muxtar respublikada gedən quruculuq işlərini yaradıcılığının əsas mövzularından biri hesab edən rəssam “Beton zavodu”, “Vayxır”, “Yuva”, “Sirab gölü”, “Çoban” kimi əsərlərində əməyin romantikasını bütün parlaqlığı ilə tərənnüm etmişdir.
Rəng, forma, məzmun, kolorit, işıq-kölgə və başqa ifadə cəhətlərindən düzgün, yerində istifadə etməklə rəssam bir-birindən fərqli, dəyərli, mükəmməl sənət əsərləri yaratmışdır. Onun “Payız”, “Yol ayrıcında”, “Qoruqlar’, “Şum”, “Bahar” əsərlərində klassik Azərbaycan miniatür sənətinin inciləri duyulur.
“Vəhşilərin əməli”, “Mən insanam”, “Qanlı torpaq”əsərlərində isə dünyada baş verən siyasi hadisələrə, erməni qəsbkarlarına qarşı münasibətini bildirərək hər bir Vətən övladını öz torpağı, milləti, xalqı uğrunda mübarizəyə səsləyir.
Geniş yaradıcılıq diapazonuna malik, milli adət-ənənələrimizi, dəyərlərimizi qoruyan, insan və təbiəti həmişə vəhdətdə təsvir edən Məmmədəli İsmayılov əsərlərində göy, bənövşəyi, firuzəyi, yaşıl rənglərə üstünlük verərək canlılıq, təbiətə yaxınlıq eyni zamanda göz oxşayan harmoniya yaradır.
Böyük bacarıqla tematik janrda işləyən, mənzərə, natürmort, portret janrında müəllifinin fırçasından çıxan çoxsaylı əsərlər qədim Azərbaycan torpağının epik obrazının ifadəsidir. Milli etnoqrafiyamızı rənglərin vasitəsilə yaradan rəssamın yaradıcılığında tematik tablolar, portretlər, mənzərələrlə yanaşı teatr dekorasiyaları da mühüm yer tutur. Belə ki, o 1964-cü ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrında işə başlayaraq M.S.Ordubadinin “Beş manatlıq gəlin”, H.Elsevərin “Vüqarlı gözəl”, şair, dramaturq R. Muxtarovun quruluş verdiyi “Dovşanın ad günü”, İ.Əfəndiyevin “Sən həmişə mənimləsən”, A.Babayevin böyük rəssam Bəhruz Kəngərlinin həyatından bəhs edən “Yarımçıq şəkil” və s. tamaşalara tərtibat vermişdir.
Naxçıvanın dilbər guşələrini, təbiətinin özünəməxsusluğunu, bərəkətli torpaqlarımızın yetirdiyi bol nemətləri, qədim diyarın tarixi və əski mənzərələrini məharətlə vəsf edən rəssam yaradıcılığında natürmort janrı ilə yeni bir zirvəni fəth edir. Onun “Nənəmin süfrəsi” əsəri bunun bariz nümunəsidir.
Əməkdar rəssam Məmmədəli İsmayılov çağdaş Azərbaycan təsviri sənətində öz dəst-xətti, özünəməxsus yaradıcılığı olan, öz daxili aləmini, gözəllik duyğularını sarıldığı fırçası ilə ifadə edən, gördüklərindən, təbiətin möcüzələrindən heyrətlənən, eyni zamanda çəkdikləri ilə də öz tamaşaçısını heyrətləndirməyi bacaran sənətkar idi.
Yaratmaq həvəsi ilə yaşayan və yaratdığı hər bir əsərinə yaşamaq vəsiqəsi verməyə çalışan və çox zaman da işgüzarlığı, inadkarlığı, zəhmətsevərliyi sayəsində buna nail olan Məmmədəli İsmayılov bu gün böyük ustalıqla, məharətlə yaratdığı doğma torpağının vüqarlı dağlarında, al-əlvan təbiətinin qoynunda, güllü-çiçəkli çöllərində, bağlı-bağatlı bağçalarında, ən əsası isə onu tanıyanların qəlbində yaşayır.

Mehparə ƏLİYEVA,
“Respublika”.

 

 

 

Read 53 times