XƏBƏR LENTİ

Cümə axşamı, 08 Dekabr 2016 10:42

Binə qəsəbə mədəniyyət mərkəzi

Binə əhalisinə mədəni xidməti yüksəltmək məqsədilə burada 1940-cı ildən mədəniyyət evi fəaliyyətə başlamışdır. Əvvəllər kiçik bir sahədə fəaliyyətə başlayan mədəniyyət evinin sonradan bina və həyətyanı sahəsi daha da genişləndirilmişdir. Heydər Əliyev Fondunun köməkliyi, şəxsən bu fondun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə mədəniyyət evi Binə mədəniyyət mərkəzi kimi yenidən inşa edilmişdir.

Burada çoxsaylı otaqlar, geniş foye, təmirli sinif otaqları, tamaşaçı zalı, istilik sistemi əhalinin, o cümlədən uşaq və gənclərin istifadəsinə verilmişdir. Mədəniyyət mərkəzində musiqi məktəbi, mərkəzləşmiş kitabxana sistemi (MKS) və mədəniyyət evi fəaliyyət göstərir.

Binə qəsəbə mədəniyyət evində 11 nəfər fəaliyyət göstərir ki, onların da 3 nəfəri ali, 1 nəfəri orta ixtisas, 7 nəfəri isə ümumi orta təhsillidir. Mədəniyyət evinin direktoru, ali ixtisas təhsilli və təcrübəli mədəniyyət işçisi Gülxanım Abbasova ilə söhbət edərkən o, bildirdi ki, qəsəbə əhalisinin mədəni tələbatını ödəmək üçün son zamanlar burada pulsuz 4 dərnək — (bədii qiraət, dram, nağaraçalanlar və “Odlar yurdu” adlı) kollektiv və dərnəklər yaradılmışdır ki, bu kollektivlərdə 70 nəfərə yaxın uşaq məşğul olur. Onu da qeyd etmək lazımdır ki, mədəniyyət evində ödənişli kurslara da diqqət artırılmışdır. Belə ki, indi burada 9 pullu kurs fəaliyyət göstərir. 50 nəfərə yaxın uşaq və gənclər rəqs, dərzilik, ilkin tibbi yardım, qadın bərbəri, aşpazlıq, ingilis dili, rəssamlıq, sintezator və gimnastika ilə məşğul olurlar. Qeyd etməliyik ki, burada təkcə dərnəklərə deyil, eyni zamanda kütləvi tədbirlərin keçirilməsinə də daim diqqət yetirilir. Gülxanım müəllimə söhbət əsnasında qeyd etdi ki, son zamanlar burada bir çox tədbirlər həyata keçirilmişdir. İş planına uyğun olaraq bədii proqramlar, rəsm sərgiləri bu qəbildəndir.

Binə mədəniyyət mərkəzində fəaliyyət göstərən mədəni-maarif müəssisələrindən biri də Mərkəzləşmiş Kitabxana sistemidir.

MKS 7 filialı birləşdirir. Bu kitabxana 1958-ci ildə Binə qəsəbə kitabxanası kimi fəaliyyətə başlamışdır. 1969-cu ildə bu kitabxanaya M.Müşfiqin adı verilmişdir.

Kitabxanada daim şair və yazıçılarla görüşlər keçirilmişdir. Məsələn, S.Rüstəmxanlı, N.Həsənzadə, G.Hüseynoğlu və başqa şairlərlə görüşlər keçirilmişdir.

MKS-in ən uğurlu işlərindən biri rayonun məktəbləri, uşaq bağçaları, istirahət evləri ilə əlaqəli şəkildə işləməsidir. Belə tədbirlərin nəticəsidir ki, indi oxucuların sayı 12.193, kitab fondu 44.125 nüsxədir. Qeyd etmək lazımdır ki, MKS-də 6 şöbə fəaliyyət göstərir.

MKS-in direktoru E.Məcidova ilə söhbət edərkən o, bildirdi ki, MKS təkcə əhali arasında kitab verilişi ilə deyil, eyni zamanda kütləvi tədbirlərin keçirilməsində də mühüm rol oynayır. Burada tez-tez sərgilər təşkil olunur. MKS-in bu yaxınlarda 29 saylı birləşmiş şəhər xəstəxanasında səyyar kitabxana xidməti böyük maraq doğurmuşdur. Beləki, tədbirdən sonra xəstəxananın həkim və tibb bacıları kitabxanaya üzv yazılmışlar. Burada açıq səmada keçirilən maraqlı tədbirlərdən biri də “Açıq səma altında” layihəsidir. MKS-in direktoru E.Məcidova ilə söhbət edərkən o, bildirdi ki, MKS-də keçirilən “Açıq kitabxana” layihəsində oxuculara müxtəlif ədəbiyyatlar, o cümlədən türk, rus, ingilis, Azərbaycan ədəbiyyatı nümunələri təbliğ olunur.

MKS-də tez-tez şeir müsabiqələri də keçirilir. Elə bu yaxınlarda təşkil olunan “Ucal, bayrağım” adlı bayraq mövzusunda keçirilən müsabiqə böyük marağa səbəb olmuşdur. Bu tədbir Bakı Şəhər Mədəniyyət və Turizm baş İdarəsinin dəstəyi ilə həyata keçirilmişdir. Müsabiqədə 149 və 218 saylı tam orta məktəbin şagirdləri qalib gəlmişdir. 4 saylı filialın 60 illik yubileyinə həsr olunmuş “Sərvətimizdir bir qələm, bir də varlığım” adlı tədbir də maraqla qarşılanmışdır.

 

Zabit CAVADOV,

“Respublika”.

 

 

 

Read 31 times