XƏBƏR LENTİ

Çərşənbə axşamı, 03 Dekabr 2013 13:52

Milli-mənəvi dəyərlərimiz haqqında düşüncələr

 

 

 

Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Bu gün milli-mənəvi dəyərlərimizə qarşı çıxmaq təşəbbüsləri və halları olduğu üçün, bu vacib məsələnin daim diqqətdə saxlanılması zərurəti yaranıb. Tarixi qürur duyduğumuz meyarların, nailiyyətlərimizin üstündən belə asanlıqla xətt çəkmək, onu aşağılamaq istəyinin bəzən baş qaldırması bizi çox qayğılandırır. İlk növbədə hər bir ziyalı əsrlər boyu cilalanmış, zamanın kəşməkəşli sınaqlarından çıxmış, ələnmiş, saflaşmış, bugünümüzün həyati tələbatına çevrilmiş, xalqımızın özünəməxsus milli mentaliteti meyarlarına çevrilmiş mənəvi dəyərlər xalqımızın yüksək əxlaqi xüsusiyyətlərinin təcəssümüdür, duz-çörək qədər hamımıza əzizdir.

Keçid dövründə milli-mənəvi dəyərlər sistemində yaranan boşluqlardan istifadə edən ünsürlər yanlış ideologiyaları, qondarma və qurama adətləri, hətta başqa xalqların xarakterik xüsusiyyətlərindən doğan adətləri min illərlə tariximizin kəşməkəşlərində deformasiyaya uğramadan, bugünümüzü gözəlləşdirən həmişə fəxr duyduğumuz müqəddəs milli-mənəvi dəyərlərimizlə yanaşı, yabancı adət-ənənələri də təbliğ etməyə çalışırlar və çox təəssüf ki, getdikcə bu, geniş vüsət almaqdadır. Əxlaqi dəyərlərimizin toxunulmazlığı, həmişə qorumalı olduğumuz elə bir müqəddəs meyarlarıdır ki, gərək bugünkü sosial-iqtisadi nailiyyətlərimizdən məqsədyönlü istifadə edərək zamanında dünyaya inteqrasiya edərək qədim mədəniyyətimizin qaynaqlarını, gözəlliklərini bir örnək kimi başqa xalqlara da sevdirək.

Müdrik ağsaqallarımız, söz sahibi olan ziyalılarımız, xüsusilə geniş təbliğat-təşviqat imkanları olan radio-televiziya, dövri mətbuat, digər kütləvi informasiya vasitələri mənəvi dəyərlərimizin təbliği və gənc nəslə ətraflı izah edilməsi işlərinin fövqündə olmalıdırlar.

Vətən, ata-ana, el-oba, yurd yeri, doğma ocaq sevgisi, namus-qeyrət təəssübü çəkmək, vətənpərvərlik, halal-haram, böyük-kiçik, ədəb-ərkan, etik dəyərlər, unudulmaz inam və inanclarımız, nəhayət, müqəddəs milli adət-ənənələrimiz ümumən milli mentalitetimizin məhək daşıdır. 

Keçmişimiz, tariximizin həm də ibrət dərsləridir. Bu baxımdan bariz keçmişimiz eyni zamanda sabahımızın müəllimidir. Gənc nəslin azərbaycançılıq ideyaları ruhunda tərbiyəsi xalqımızın qələbələrinin, nailiyyətlərimizin təminatçısıdır. Əsrlər boyu xalqımızın böyük mənlik şüuru, əxlaqi dəyərlərə sədaqəti sayəsində, bütün təsirlərə baxmayaraq, öz dilini, dinini, milli adət-ənənələrini qoruyub saxlaya bilmiş, onu xüsusilə sovetlər dövrünün ideoloji taranlarından aşılanmağa imkan verməmişdir.

O vaxtlar hətta ailələrdə, tayfalarda, kənd və obalarda, azsaylı xalqların yaşayış yerlərində özünəməxsus adət-ənənələrinin həyata keçirilməsinə qoyulan qadağalar, təqiblər, cəzalar da xalqın öz soy-kökünə inamını sarsıda bilməmişdir. Azərbaycan oğullarının əsasən hərbi-tikinti hissələrinə xidmətə göndərilməsinə, sərhəd qoşunlarında, xüsusi müdafiə dəstələrində müsəlman respublikalarının övladlarının xidmətə buraxılmaması təkcə hər hansı bir etibarsızlığa, ideoloji dəyanətliyin olmamasında, rus dilinin yaxşı bilməməsində deyil, əsasən gələcəyə hesablanmış tədbirlərdən olmuşdur. Lakin xalqımızın tarixi qan yaddaşı baş verən hadisələr fövqündə onu dirçəltdi. Xalqımızın düşüncə tərzi, vətənpərvərlik hissinin gücü gerçəkliyi, müasir həyat həqiqətlərini obyektiv şərh edərək özünütərbiyəni xarakterik olaraq əxz edir. Gənclərimizi düzgün istiqamətlərə yönəltmək, mənəvi tərbiyə aşılamaq, ailələrin, təhsil müəssisələrinin, söz sahibi olan insanların, ağsaqqalların, xüsusilə ziyalıların imkanlarını, təsir gücünü artırmağa zəmin yaradır. Bu baxımdan kütləvi informasiya vasitələrinin, televiziya-radionun təsir dairəsi və tərbiyəvi rolu böyükdür. 

Söz sərkərdədir, insan ordusunu idarə edir. Sözün böyük qüdrəti, qılıncdan iti kəsəri ilə yanaşı, həm də incə, məlhəm, zərif gültək lətafəti var, gözəlliklər və şövq yaradır. Xoş niyyətlə  deyilmiş, mərhəmanə, incə söz insanları xeyirxahlığa, humanizmə, Vətən, ata-ana sevgisinə, haqq-ədalətə tapınmağa, insana xas gözəlliklərə səsləyir. Sözün qədrini və qədərini qiymətləndirən ata-babalarımız öz müdrik məsləhətləri ilə insanlara doğru yol göstərər, qan barışdırar, gəncləri həyatda mərd yaşamağa ruhlandırardılar. Lakin söz azadlığından istifadə edən bəzi mətbuat orqanları xalqımızın iman-etiqad göstərdiyi müqəddəs məkanlara, böyük şəxsiyyətlərimizə yönəlmiş mənfi məna daşıyan yazılardan çəkinməlidirlər.

Hər jurnalist xalqın övladıdır, mətbuatımız da azərbaycançılığımıza xidmət etməlidir. Xalqımızın müqəddəs nemətləri kimi əziz tutduğu mənəvi-əxlaqi dəyərlər hər məqamda göz bəbəyi kimi qorunmalıdır. Bir sıra xarici ölkələrdə çap olan pornoqrafik jurnalların gətirilməsi, yayılması, eləcə də respublikamızda nəşr edilən çoxsaylı jurnallar, sarı piarlar, qəzet və jurnallar, sözsüz ki, Azərbaycan ailəsinə daxil olur, oxunur və böyüklü-kiçikli baxılır. Bəzi televiziyalardakı eybəcərliklər, istedadsız və şəxsiyyətsiz şou-biznesin bəzi nümayəndələrini, onların guya bariz olan əməllərini təbliğ edən, boş laqqırtıdan başqa bir şeyə oxşamayan verilişlər, porno momentlər əks olunan reklamlar, kinofilmlər, insan heysiyyatına ləkə gətirən məqamlar, zorakı filmlərin nümayişi, əslində efiri doldurmaq məqsədi olsa da, sözsüz ki, gənclərimizin əxlaqi dəyərlərinin aşılanmasına hesablanmış vasitələrdir. Azərbaycan xalqının siması belədirmi ki, hər ölkədə baş verən adi bir faktı daha da qabardıb, eybəcər şəkildə geniş tamaşaçı kütləsinə car çəkirlər?!

Vətənpərvərlik xalqımızın qan yadda

şıdır. Zaman ötsə də, bu böyük, bəşəri hisslər millətimizin, xalqımızın həyatında həmişə başlıca meyar olmuş, bir xarakter kimi formalaşmış, nəsillərin fəaliyyətinin fövqündə dayanmışdır. Birinci Qarabağ müharibəsi böyük supergüclərin rəvac verdiyi, dəstəklədiyi, əməli və konkret köməklik göstərdiyi döşmənlərimizin dədə-baba torpaqlarımızı işğal etməsi minlərlə vətən oğullarını ayağa qaldırdı. Güclü dövlətlərin iştirakıyla aparılan işğalçılıq müharibəsi xalqımızın qəhrəmanlıq tarixində yüzlərin, minlərin şücaəti, qeyrətli nümunələrilə yaddaşlara həkk olundu. Bu gün də Vətən oğulları Qarabağın azad edilməsi üçün orduda həvəslə, böyük qürur hissilə xidmət edir, aparılan ordu quruculuğunda öz töhfələrini verirlər. Lakin mənəvi cəhətdən aşılanmalara yol vermiş bəzi ailələrdə övladlarını  xəstəlik adı ilə orduda xidmətdən yayındırmağa çalışırlar. Zaman, tarix, Azərbaycan xalqının vətənpərvərlik ənənələri bəzi belə insanlara dərs olmalıdır. 

Ölkəmizdə bəzi radikal qüvvələr özlərinin ideoloji məqsədlərini zoran-təbib həyata keçirməyə, zərərli dini adətləri kor-koranə, ifrat dərəcədə icra etməyə çalışsalar da, özünün milli-mənəvi və dini dəyərlərinə həmişə böyük önəm verən xalqımız özünəməxsus inancları, inam-etiqad göstərdikləri məbədləri göz bəbəyi kimi qoruyub saxlayır, nəsil-nəsil davam etdirir. Lakin radikalizmə, ifrat dini etiqadların ayaq açmasına yol vermək nə zəmanənin tələbinə uyğundur, nə də tarixi ənənələrimizə. Ailə başçıları, ziyalılar gənc nəslin tərbiyəsində bu vacib xüsusatlara həmişə ciddi diqqət yetirməli, övladlarımızı dünyəvi elmlərin fatehi olaraq nurlu, işıqlı, zəkalı, ziyalı şəxsiyyətlər kimi görmək arzusunda olmalıyıq.

Xalqımıza məxsus çox dəyərli, ünlü, zaman-zaman tarixin süzgəcindən və təlatümlü dövrlərindən keçmiş bəşəri ənənələri, adətləri çoxdur. Bu mənada Azərbaycanda el toylarının təşkili və aparılması, hər şeydən əvvəl, gələcək ailənin təməli qoyularkən geniş ailə araşdırmaları aparılması özü böyük mahiyyət daşıyır və gənclərin sonrakı talelərində bu cəhətlər xüsusilə mühüm rol oynayır. Bu qəbildən toy adətlərimizin dünəni, bugünü və sabahı bizi dərindən düşündürməyə bilməz.        

Nəsil-nəcabətini illərlə öyrənərdilər—həm qızın, həm də oğlanın. Söz sahibi ağsaqqallar yalnız müəyyən razılıqlar olandan sonra, el adətincə elçi gedərdilər, bu izdivaca zamin durardılar. Belə xeyir-dualı qurulan ailələr möhtəşəm olardı. Övladlar xoşbəxt həyat sürərdilər. Ata-ana, gəlin-qayınana, övlad, ailə-məişət problemləri yaşanmazdı. Kiçik narazılıqları isə evin ağsaqqal və ağbirçəkləri yoluna qoyardı. Nankor övladlarsa el qınağına tuş gələrdilər.

Lakin insanlar özlərinə, hətta qapı iti, minik atı, damazlıq mal-qara alanda belə onların nəsil-kökünə, hal-huyunu, məhsuldarlığını və s. öyrənərdilər. Bu günsə toy olsun, tələsik ailə izdivacları qurulsun, televiziyalar sms yığmaq adıyla, hələ düşüncəsi tam formalaşmamış gənclərin ailə qurmasına çalışılır, bunu həm də məqbul sayaraq,  geniş təbliğ edirlər. 

Bu gün ailə qurmaq, toy-düyün təşkil etmək bəzən bayağılaşdırılır. Adını da “müasirlik” qoyurlar. İnternetlə tanış olurlar, ərə gedirlər və elə internetlə də boşanırlar. Ona görə də böyük arzularla qurulmuş və çox asanlıqla dağılan ailələr, sahibsiz qalmış günahsız övladlar, həyatının ilk sevgiləri puç olmuş gənclər saysız-hesabsızdır. Çox təəssüf ki, adi təsadüflər hesabına, bəzən isə məhz məqsədli yeni qurulmuş və böyük ümidlərlə yaşayan ailələrin dağılması da eyni sürətlə başa çatır.

Adını “Avropa dəyərləri”, “Qərb mədəniyyəti”, “Müasir insanlar”ın həyatı və daha nələr-nələr adlandırdıqları qurama toylar silsiləsinə yeni, həm də olduqca təmtəraqlı şəkildə, xalqın milli-mənəvi dəyərləri adıyla sırınan televiziya kanallarında tanışlıq, sevib-sevilmək, daha sonra gurultulu toy mərasimləri baş alıb gedir. Telefon sorğularından, televiziya görüntülərindən hər ikisində guya məhəbbət yaranır, kimisi evlənir, kimisi ərə gedir. Avropasayağı toylarda gəlinin əlindəki gül buketini arxaya atması, onu tutan qızın bu il mütləq ərə gedəcəyi, qadınları, hətta kişiləri belə həyəcanlandırır. Toylardasa mənasını bilmədiyi arxaya atılmış bu gül dəstəsini qapıb, bəzən hətta öz arvadına verən kişilərə də rast gəlmək olur. Bəzi toylardakı eybəcərliklər və qəribəliklər daha çoxdur.

Adət-ənənələrimizin bu qədər ucuzlaşdırılması, cılızlaşdırılması görəsən nədən qaynaqlanır? Vaxtilə “Tanışlıq klubları”, evdən sifarişlə çağırlan xanımlar klubu və s. adlandırılan və nəticələri hamıya məlum olan əxlaqsızlıq yuvaları kimi gənclərin mənəviyyatının pozulmasına xidmət edən tədbirlər ikrah doğurur. “Mədəni ölkələr”in televerilişlərindən götürüb-quraşdırılan “qurama toyları” məişətimizə gətirmək təşəbbüsü göstərirlər. Bir baxışdan vurulanlar evlənməyə, ailə qurmağa razılıq verilir. “Alo” ilə, telestudiyada, boyu, ölçüsü, çəkisi, bürcü, gözünün rəngi canlı soruşulur, elə oradaca qərar verilir, ev-eşiyi, dolanışığı olan qızların  evinə oğlanlar köçür, ailə qurur, qızlarsa simvolik ərlər seçirlər. Beləcə, taleyin bəxş etdiyi ömür-gün yoldaşını arayıb-seçmək məsuliyyəti bir saata “həll” olunur. 

Görəsən bu ailələrin sonrası, onların övladlarının taleyi necə olacaq?! Bəlkə də bizlər bu olayları yetərincə başa düşmürük?! Müsbət və ya çatışmayan cəhətləri var? Dünya haraya gedir? Amma xalqımızın əxlaqi-mənəvi dəyərlərinin bu qədər aşağılanması şəxsən məni çox üzür.

Toy-düyün xalqımıza, həqiqətən, çox yaraşır. Hamı öz övladlarının şənlik məclislərini təntənəli, qonşusundan, qohumundan daha yaxşı, fərqli keçirməkdə sanki rəqabətə girib.

İngilis şairi Corc Herbert demişkən: “Əxlaqdan məhrumsansa, nə qədər yüksəyə qalxsan da, yenə heçsən”.

Milli-mənəvi dəyərlərimizin, müqəddəs ənənələrimizin sıxışdırılıb (məqsədli olaraq) kənarlaşdırıldığı bir zamanda, toy mərasiminə və onun iqtisadi cəhətdən həll olunması yekunları birmənalı şəkildə soyğunçuluqla nəticələnir. Nəticədə toy sahibi nəinki əliboş qalır, gələcəkdə gənc ailənin dolanışığını, zəruri ehtiyaclarını belə təmin etmək imkanı olmur. Bugünkü həqiqət budur ki, toy sahibi çox zaman ağır borclara düşür və onun həyatında problemlərə düçar olur. Əsl həqiqətdir ki, mərasimlər keçirərkən əsasən şadlıq evlərinin sahiblərinə xidmət edilir. Əzizlərinin, yaxınlarının şad gününə sevinən, həm də istirahət edib, əylənib zövq almaq istəyənlər saraydakı qulaqbatırıcı gurultulardan narahat olur, baş götürüb gedirlər. Şadlıq evlərində təqdim edilən, bu toydan digər mərasimə ötürülən, çox çeşidli, lüzumsuz, keyfiyyətsiz yeməklər, yersiz atəşfəşanlıq və s. başqa mövzu olsa da, məclisin təşkili ciddi düşünməyə əsas verir.

Son illərdə xalqımız “vahid bank”, “muncuq”, “kredit”, mənzil, vəzifə almaq, ali məktəbə girmək, xaricdə işə düzəltmə və s. onlarca belə baş qatan oyunları çox görüb, dələduzların toruna düşüb, maddiyyat və mənəviyyat itkisinin göynərtisi illərlə çəkilmir, milli-mənəvi əxlaqi dəyərlərdən sapındırmaq millətə xəyanətdir. Buna əsla yol vermək olmaz.

Oqtay ƏLİYEV,

yazıçı-publisist.

 

 

 

Read 22278 times