XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Çərşənbə axşamı, 06 Aprel 2021

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı qəbulda çıxış etdi.

 

 

Prezident İlham Əliyevin çıxışı

- Siz Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilirsiniz. Bu sahə prioritet sahələrdən biridir. Mən bu sahəyə həmişə çox böyük diqqət göstərmişəm. Bu gün, indiki şəraitdə bu sahənin əhəmiyyəti daha da artır. Son illər ərzində bu sahədə böyük işlər görüldü. Köhnə infrastrukturun təmiri ilə bağlı əsaslı işlər görülmüşdür. Çünki əsas infrastruktur sovet dövründə yaradılmışdı və vaxt keçdikcə yararsız vəziyyətə düşmüşdü, ona görə buna ehtiyac var idi. Eyni zamanda, mənim təşəbbüsümlə bir neçə böyük su anbarı inşa edilmişdir. Əgər vaxtında bu su anbarları inşa edilməsəydi, bu gün meliorasiya sahəsində bizim böyük problemlərimiz ola bilərdi. Eyni zamanda, içməli su təminatı da Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyəti tərəfindən həmişə diqqət mərkəzində olmuşdu. Cəmiyyət ölkəmizdə bir neçə içməli su layihəsini də icra etmişdir.

Bildirməliyəm ki, mənim təşəbbüsümlə inşa edilmiş Taxtakörpü su anbarı, eyni zamanda, suvarma işləri ilə bərabər, Bakının da içməli su ilə təmin edilməsində önəmli infrastruktur obyektidir. Çünki Taxtakörpü-Ceyranbatan su kanalının çəkilməsi Ceyranbatan su anbarında suyun səviyyəsinin lazımi səviyyədə saxlanmasına şərait yaratmışdır. Əgər biz son iki ilin quraqlığını nəzərə alsaq, birmənalı şəkildə demək olar ki, vaxtilə Taxtakörpü su anbarı və su kanalı tikilməsəydi, Bakıda çox kəskin su problemi olacaqdı. Taxtakörpü su anbarından sonra Şəmkirçay su anbarı inşa edilmişdir. Beləliklə, ölkəmizin həm şimal, həm də qərb bölgələrində vaxtilə suvarılmayan on minlərlə hektar torpağa su verilmişdir. Artıq bu, özünü kənd təsərrüfatı istehsalının, məhsuldarlığın artmasında göstərir.

Meliorativ tədbirlər hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyır, xüsusilə su ehtiyatları o qədər də böyük həcmdə olmayan ölkələrdə bunun daha da böyük əhəmiyyəti var. Bir daha demək istəyirəm ki, su anbarlarının, su kanallarının tikintisi infrastruktur layihələr arasında həmişə prioritet yerdə olub və bundan sonra da belə olacaq. Bütün bu işlərlə bərabər biz, əlbəttə ki, suyun səmərəli istifadəsindən də həmişə narahat idik. Bu sahədə əldə edilmiş uğurlar var, eyni zamanda, çətinliklər var, çatışmazlıqlar var. Bunlar aradan qaldırılmalıdır. Amma bütövlükdə son illər ərzində kənd təsərrüfatının dayanıqlı inkişafı, o cümlədən su təminatının səmərəliliyi ilə bilavasitə bağlıdır. Biz son illər ərzində vaxtilə suvarılmayan torpaqlara su gətirmişik. Bu torpaqların həcmi 100 min hektarlarla ölçülür. Vaxtilə, ümumiyyətlə, su görməyən torpaqlara, yaxud da ki, qismən suvarılan torpaqlara suyun verilməsi bu bölgələri canlandırdı və 100 minlərlə hektar torpağa su verildi.

Bu gün biz kənd təsərrüfatının müxtəlif sahələrində bu siyasətin təzahürlərini görürük. Bizim bəzi iri fermer təsərrüfatlarımızda, taxılçılıqla məşğul olan təsərrüfatlarda məhsuldarlıq bir hektardan 50, 60, hətta 70 sentnerə çatır. Bu, Avropanın aparıcı ölkələrinin səviyyəsinə uyğundur və ona bərabərdir. Burada, əlbəttə ki, təkcə suvarma işləri yox, eyni zamanda, digər tədbirlərin də xüsusi çəkisi var. Ancaq suvarma olmadan məhsuldarlıqdan söhbət gedə bilməz.

Biz son illər ərzində Azərbaycanda pambıqçılıq sahəsini demək olar ki, dirçəltmişik. Təqribən 5-6 il bundan əvvəl pambıqçılıq tamamilə məhv olmuşdu və ölkədə cəmi 20-30 min ton pambıq yığılırdı. Görülmüş tədbirlər nəticəsində biz keçən il rekord göstəriciyə nail olduq - 330 min tondan çox pambıq yığıldı və hektardan məhsuldarlıq 33 sentnerdən çoxdur. Yəni, əgər sovet dövrünün ən uğurlu illəri ilə müqayisə etsək, deyə bilərik ki, ancaq sovet dövründə cəmi iki ildə hektardan məhsuldarlıq 33 sentnerdən çox olmuşdur. Yəni, bütün bunların təməlində məqsədyönlü siyasət və aidiyyəti qurumların koordinasiyalı şəkildə fəaliyyətinin təkmilləşməsi dayanır. Kənd təsərrüfatında məhsuldarlığın artırılması bizim üçün bundan sonra da prioritet məsələlərdən biri olacaq.

Biz indi ərzaq təhlükəsizliyimizi təmin etmək üçün əməli addımlar atırıq. Ölkəmizin imkanları, gözəl iqlim, bir neçə iqlim zonasının mövcudluğu bizə imkan verir ki, bir çox məhsullar Azərbaycanda yetişdirilsin. Məhsuldarlığın artırılması, əlbəttə ki, bu işlərə daha böyük təkan verəcək. Biz nəzərə almalıyıq ki, Azərbaycan dövləti sürətlə inkişaf edir, tələbat artır, əhali artır. Sovet İttifaqı dağılanda Azərbaycan əhalisi 7 milyon idisə, bu gün 10 milyondan çoxdur. Deməli, istehlak artır. Daxili istehlakı təmin etmək və ixrac imkanlarımızı artırmaq üçün əlbəttə ki, qeyri-neft sektoru sahəsində kənd təsərrüfatının xüsusi yeri vardır. Təbii ki, suvarma aparılmadan, bu sahədə işlər düzgün istiqamətdə təşkil olunmadan biz hər hansı bir uğurdan söhbət apara bilmərik. Əldə edilmiş nailiyyətlərlə əlaqədar çox danışmaq olar, mən, sadəcə, əsas məqamları qeyd etmişəm.

Eyni zamanda, sizin qarşınızda duran vəzifələrdən biri çatışmazlıqların aradan qaldırılmasıdır, idarəetmədə müasir yanaşmanın tətbiq edilməsidir, müasir texnologiyaların ölkəmizə gətirilməsidir. Çünki biz bundan sonra meliorativ tədbirləri, necə deyərlər, dədə-baba üsulu ilə apara bilmərik. Dünyanın bu sahədə ən müasir texnologiyaları Azərbaycana gətirilməlidir, sudan səmərəli istifadə edilməlidir. Bizdə mövcud problemlərdən biri də itkilərin böyük həcmdə olmasıdır. Bu itkilər bəzi hallarda təbii xarakter alır, amma bəzi hallarda səhlənkarlıq ucbatından baş verir. Uçotun olmaması, əlbəttə ki, bizim işimizi çətinləşdirir. Ona görə tam uçot aparılmalıdır. Bizim su anbarlarımıza daxil olan və oradan çıxan suyun həcmi yaxın aylara qədər uçota alınmırdı. Düzgün təhlil aparmaq, proqnoz vermək üçün imkanımız yox idi. Ona görə itkilərin azaldılması ən vacib problemlərdən biridir.

Kanalların təmiri və yenidən qurulması da önəmli vəzifələrdən biridir. Sovet vaxtında çəkilmiş kanalların böyük əksəriyyəti torpaq kanallar idi. Onların böyük hissəsi bu gün də fəaliyyətdədir. Əlbəttə ki, torpaq kanallar suyun istənilən həcmdə ötürülməsinə imkan vermir, itkilər, o cümlədən buna görə baş verir, eyni zamanda, torpağın şoranlaşmasına da gətirib çıxarır. Ona görə də biz canımızı torpaq kanallardan qurtarmalıyıq. Ancaq onun əvəzinə hansı texnologiyalar gətiriləcək, bunu artıq siz müəyyən etməlisiniz. Dünyanın bu sahədəki aparıcı şirkətləri ilə sıx təmaslar qurulmalıdır, iqlimi bizim iqlimimizə oxşar olan ölkələrin təcrübəsindən faydalanmalıyıq. Elə ölkələr var ki, orada su resursları bizimkindən də azdır, ancaq məhsuldarlıq qat-qat çoxdur. Ona görə bütün bunlar gərək dəqiq araşdırılsın, düzgün fəaliyyət planı tərtib edilsin, lazım olarsa, Dövlət Proqramı qəbul olunsun ki, biz bundan sonrakı illərdə meliorasiya və suvarma sahəsində dünyanın ən müasir prinsiplərini ölkəmizdə tətbiq edək.

Bir müddət bundan əvvəl bu məsələ araşdırılarkən göstəriş vermişdim ki, yeni kiçik su anbarlarının yaradılması ilə bağlı təkliflər hazırlanıb təqdim olunsun. Belə təkliflər verildi. Mən prinsip etibarilə bu təklifləri təsdiqlədim və 10 yeni su anbarının tikintisi nəzərdə tutulur. Siz bir daha bu məsələlərə baxın, bu məsələləri təhlil edin. Çünki hər bir su anbarının tikintisi böyük vəsait tələb edir. Ondan sonra kanallar çəkilməlidir, digər tədbirlər görülməlidir. Bütün bu vəsait dövlət büdcəsi tərəfindən təmin edilir. Ancaq biz baxmalıyıq ki, bu sahəyə qoyulan vəsait nəticə ilə nə qədər uzlaşır. Qoyulmuş bu vəsaitin müqabilində biz hansı nəticəni əldə edirik və edəcəyik. Çünki bu, düzgün hesablanmasa, bizim işimiz heç vaxt səmərə verməyəcək. Bu sahənin inkişafı dövlətin özəl sektora göstərdiyi növbəti qayğının təzahürüdür. Çünki dövlət bütün xərcləri öz üzərinə götürür ki, fermerlər, kəndlilər daha yaxşı məhsul götürsünlər, özləri üçün daha yaxşı şərait yaratsınlar, onların həyat səviyyəsi qalxsın. Nəzərə alsaq ki, kənd təsərrüfatı sahəsində fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar, bu sahənin inkişafı, ilk növbədə, insanların həyat şəraitinin yaxşılaşmasına xidmət edir. Bu, Azərbaycanda artıq bir növ sosial sahə kimi qəbul olunur. Ancaq əgər biz inkişaf etmiş ölkələri götürsək görərik ki, orada belə deyil - suyun hər bir litri hesablanır, hər yerdə sayğaclar qoyulur, uçot düzgün aparılır və qoyulmuş investisiyanın müqabilində hansı nəticə əldə olunacaq bəri başdan hesablanır. Bizdə də belə olmalıdır.

Biz bundan sonra da kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlarımızı dəstəkləyəcəyik. Artan subsidiyalar bunu bir daha göstərir. Bizim niyyətimiz, siyasətimiz dəyişməz olaraq qalır. Ancaq bununla bərabər, kənd təsərrüfatı ilə məşğul olan hər bir adam öz məsuliyyətini də dərk etməlidir. Təhlil aparılarkən biz bir şeyə də rast gəldik - suyun ədalətsiz bölüşdürülməsi halları geniş vüsət almışdır. Burada həm mərkəzi icra orqanları, yerli icra orqanları, bəzi sahibkarlar elə bil ki, sövdələşərək, sudan vicdansızcasına istifadə edirdilər. Belə olan halda, bəzi fermerlərə, bəzi kəndlilərə su çatmırdı. Mən göstəriş vermişdim, indi təhlil aparılır, araşdırma aparılır. Buna da son qoyulmalıdır. Su xətlərinin üzərində çoxsaylı qanunsuz birləşmələr quraşdırılmışdır. Təhlil aparılarkən biz buna da rast gəldik. Belə çıxdı ki, heç kim buna məsuliyyət daşımır, heç kim buna cavabdehlik daşımır. Buna son qoyulmalıdır. Mən göstəriş vermişdim ki, su xətləri üzrə həm vizual monitorinq aparılmalıdır, yəni yerində, eyni zamanda, müasir müşahidə sistemləri - kameralar quraşdırılmalıdır və bu qanunsuz birləşmələrə son qoyulmalıdır.

Çatışmazlıqlar çoxdur və siz indi fəaliyyət dövrünüzdə, əlbəttə ki, bütün bu işləri təhlil edəcəksiniz. Yenə də deyirəm, bu sahə prioritet sahə olaraq qalır və qalacaq. Ancaq burada yeni yanaşma olmalıdır, müasir tələblərə uyğun yanaşma. Hesab edirəm ki, siz bütün bu məsələləri qısa müddət ərzində bir daha təhlil edib, konkret təkliflər paketi ilə çıxış edəcəksiniz.

Digər önəmli məsələ azad edilmiş torpaqlarda meliorativ tədbirlərin görülməsi ilə bağlıdır. Azad edilmiş torpaqlarda bizim böyük su mənbələrimiz mövcuddur və su mənbələrimiz orada formalaşır. Biz uzun illər ərzində, 30 ilə yaxın müddətdə bu imkanlardan məhrum idik. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini, o cümlədən bu sahədə də aparırdı və bizə qarşı ekoloji terror təşkil edilmişdir. Meşələrin qırılması, qoruqların məhv edilməsi - 54 min hektar meşə sahəsi ermənilər tərəfindən kəsilib, dağıdılıb, talanıb, oğurlanıb və bu, böyük cinayətdir. Dəymiş bütün ziyan indi hesablanır, o cümlədən bu ziyan da hesablanacaq. Onlar bizi sudan məhrum etmişdilər. Sərsəng su anbarı və Suqovuşan su anbarı onların nəzarətində idi. Bu iki su anbarını 1970-ci illərdə ulu öndər Heydər Əliyev tikdirmişdir. Onun təşəbbüsü ilə bu su anbarları tikilmişdir ki, Ağdam, Tərtər, Goranboy, Bərdə və digər rayonlarımızda suvarma işləri aparılsın. Sərsəng su anbarının əsas məqsədi, funksiyası sadaladığım və digər rayonlarımıza suyun verilməsi idi. O vaxt bu mənbədən 100 min hektara yaxın torpağa su verilirdi, eyni zamanda, Suqovuşandan da. Lakin o, kiçikhəcmli su anbarıdır. Sərsəng su anbarında 500 milyon kubmetrdən çox su toplanırdı. Ancaq ermənilər suyumuzu kəsirdilər, qışda ekoloji ziyan vurmaq üçün qəsdən buraxırdılar, yaz-yay aylarında suyu kəsirdilər, biz susuz qalmışdıq. Biz o bölgənin suvarılması ilə bağlı xüsusi tədbirlər planı hazırlamışdıq və mənim göstərişimlə orada yüzlərlə subartezian quyusu qazılmışdır. Ancaq biz Suqovuşan qəsəbəsini azad edərkən Suqovuşan su anbarını da nəzarətimizə götürdük. Suqovuşan nəzarətimizə keçəndən sonra imkan yaranıb ki, dediyim Ağdam, Tərtər, Bərdə, Goranboy və digər rayonlarımızda su təminatı böyük dərəcədə yaxşılaşsın. Ancaq o rayonlara gedən kanallar uzun illər ərzində istifadəsiz qalıb. Təhlil aparılmalıdır, onların vəziyyəti nə yerdədir, təmirə ehtiyac varsa, bu işlərə də baxılmalıdır ki, biz vaxt itirmədən suyu sahə başına, vətəndaşlarımızın sərəncamına gətirək.

Ağdam rayonunda Xaçınçay su anbarı, Füzuli şəhərinin, daha doğrusu, dağıdılmış şəhərin yaxınlığında su anbarı yerləşir. Artıq mənim göstərişimlə oraya qruplar ezam edilmişdir. Azad edilmiş torpaqlarda digər su anbarları da var. Onların bütün parametrləri təhlil edilməlidir. Əlbəttə ki, biz bu su anbarlarından səmərəli şəkildə istifadə edəcəyik. Azad olunmuş torpaqlara vətəndaşlarımız qayıdandan sonra əlbəttə ki, bu, onlar üçün əlavə imkanlar yaradacaqdır.

Bununla paralel olaraq, azad edilmiş torpaqlarda bizim böyük çay resurslarımız var. Biz bundan da məhrum idik. Bu gün azad edilmiş torpaqlarda formalaşan çaylarımız bizim əsas çaylarımızdır. Tərtərçay Kəlbəcər rayonu ərazisində formalaşır. Amma mənfur düşmən bizi Tərtərçayın suyundan məhrum edirdi. Hətta Qarabağ bölgəsinə dəfələrlə səfərim zamanı mən bu problemlə maraqlanarkən görürdüm ki, bu, böyük problemlər yaradır. Misal üçün, Tərtərin suyunu tam kəsirdilər. Tərtərçay bir çox yerlərdə demək olar ki, qurumuşdu. İndi biz Tərtərçaya qayıtmışıq, onun mənbəyinə qayıtmışıq. Bazarçay - ona Bərgüşad çayı da deyirlər, Həkəri çayı, Oxçuçay - bir çox çaylar, 10-dan çox çay orada formalaşır. Onların potensialı təhlil edilməlidir. Çayların məcrası ilə bağlı düzgün təhlil aparılmalıdır, biz bu çaylardan necə səmərəli istifadə edək. Onların bir çoxu Araz çayına axır.

Azad edilmiş torpaqlarda su anbarlarının tikintisinə ehtiyac varmı, yoxmu, bu məsələyə də mütləq baxılmalıdır. Əlbəttə ki, azad edilmiş torpaqlarda bizim ən böyük su mənbəyimiz qonşu İranla sərhəddə yerləşən Xudafərin və Qız Qalası su anbarlarıdır. Bunlar çox böyük su anbarlarıdır. Xudafərin su anbarının həcmi 1,6 milyard kubmetrdir, çox böyük su anbarıdır. Bu su anbarından istifadə etmək üçün əlbəttə ki, əlavə infrastruktur layihələri icra edilməlidir. İlk növbədə, kanallar çəkilməlidir ki, azad edilmiş torpaqlara - Zəngilan, Cəbrayıl, Qubadlı və digər bölgələrə biz bu su anbarlarından su götürüb, ondan səmərəli şəkildə istifadə edə bilək. Bu, bizim böyük potensialımızdır.

Həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində bizim bütün su ehtiyatlarımızın potensialı dəqiq təhlil olunmalıdır. Bu su ehtiyatlarından maksimum səmərə ilə istifadə etmək üçün konkret proqramlar və təkliflər təqdim edilməlidir. Beləliklə, bu sahədə görüləcək işlər çoxdur, həm azad edilmiş torpaqlarda, həm də digər ərazilərdə. Əsas prinsip müasirlik, ekoloji təhlükəsizlik və maksimum səmərəlilik olmalıdır ki, Azərbaycan vətəndaşları, kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlar öz həyatlarında müsbət dəyişiklikləri görsünlər. Əminəm ki, bu, belə də olacaq.

Yenə də deyirəm, son illər ərzində bu sahə mənim tərəfimdən həmişə prioritet sahə kimi qiymətləndirilmişdir və bu sahənin inkişafı üçün çox böyük işlər görülmüşdür, dövlət büdcəsindən böyük həcmdə vəsait ayrılmışdır. Əgər bu işlər görülməsəydi, bu gün biz çox böyük problemlərlə üzləşmiş olardıq. Ancaq əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik, biz bu sahəyə müasir menecment gətirməliyik. Mən sizi bu vəzifəyə təyin edərkən məhz bu amili nəzərə almışam ki, hər bir yerdə müasir menecment olmalıdır, idarəetmə olmalıdır. Son vaxtlar apardığım kadr islahatları onu göstərir. Harada ki, müasir menecment, müasir idarəetmə, dürüstlük, təmizlik, vicdan varsa, orada nəticə də olacaqdır. Sizi bu vəzifəyə təyin edərkən bu tövsiyələrimi verərək əmin olduğumu bildirmək istəyirəm ki, siz bu yüksək etimadı doğruldacaqsınız.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılov dedi:

- Möhtərəm cənab Prezident, çox təşəkkür edirəm. Bu təyinat mənim üçün çox böyük şərəf, eyni zamanda, çox böyük məsuliyyətdir. Bu etimadınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizi əmin etmək istəyirəm ki, bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm və Vətənimiz üçün, ölkəmiz üçün canla-başla çalışacağam.

 

AZƏRTAC

Published in Siyasət

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zaur Rauf oğlu Mikayılov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 5 aprel 2021-ci il.

Published in Sərəncam

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus şəxsi “Twitter” hesabında aprelin 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə videokonfrans formatında görüşü ilə bağlı paylaşım edib.

AZƏRTAC-ın məlumatına görə, Baş direktor paylaşımında görüşdə COVİD-19 pandemiyası ilə mübarizədəki maliyyə yardımına, Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığa, peyvəndlərin ədalətli şəkildə bölüşdürülməsindəki dəstəyinə və Qoşulmama Hərəkatının üzvləri arasındakı həmrəyliyə görə Azərbaycana təşəkkür etmək imkanının olduğunu bildirib.

AZƏRTAC

Published in Digər xəbərlər

Biz İraq türkmənləri olaraq Bakıda olmağımızdan çox məmnunuq. Bu səfər İraq və Azərbaycan xalqları arasında qardaşlığın, dostluğun təzahürüdür. Ölkələrimizi, xalqlarımızı birləşdirən bir çox amillər var. Bu amillərdən biri dahi Azərbaycan şairi, mütəfəkkiri və filosofu Füzulidir. Füzulinin Kərbəlada, Kərkükdə nişanələri var. 

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycanda səfərdə olan İraq parlamentinin nümayəndə heyətinin üzvü, parlamentin İnsan haqları komitəsinin sədri Arşed Rəşad Fath Allah al-Salihi bildirib.

Azərbaycanın Vətən müharibəsində Qələbəsi onları sevindirdiyini və qürurlandırdığını deyən iraqlı deputat qeyd edib: “Can Azərbaycanın uğurları, böyük Zəfəri haqqında bütün dünya bilməlidir. 30 ildən artıq müddətdə işğal altında qalan torpaqlarını azad etmək böyük uğurdur”.

İraq və Azərbaycan xalqları arasında qardaşlığı, dostluğu daha da möhkəmləndirməyin əhəmiyyətini qeyd edən deputat İraq və Azərbaycan parlamentləri arasında münasibətlərin inkişafının vacibliyini vurğulayıb.

 

AZƏRTAC

Published in Müsahibələr
Çərşənbə axşamı, 06 Aprel 2021 09:00

Böyük zəfərin başlanğıcı

Lələtəpə yüksəkliyində dalğalandırılan bayrağımız bunun təsdiqidir

Published in Digər xəbərlər

Beynəlxalq Mina Xəbərdarlığı Günü ilə əlaqədar ADA Universitetində keçirilmiş tədbirdə işğaldan azad olunmuş ərazilərdəki mina təhlükəsindən bəhs olunub

Aprelin 5-də Beynəlxalq Mina Xəbərdarlığı Günü ilə əlaqədar ADA Universitetində tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, BMT İnkişaf Proqramının rezident nümayəndəsinin müşaviri və xarici ölkələrin Azərbaycandakı səfirləri iştirak ediblər.

Tədbiri açan universitetin prorektoru Fariz İsmayılzadə mövzunun Azərbaycan üçün aktual olduğunu və böyük əhəmiyyət daşıdığını bildirib.

Sonra çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev diqqətə çatdırıb ki, BMT-nin müvafiq qətnaməsi ilə qeyd olunan 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü diqqəti ilk növbədə mülki əhalinin təhlükəsizliyinə, həmçinin minalanmış ərazilərdə iqtisadi, sosial təsirlərin aradan qaldırılmasına yönəldir.

“Təəssüf ki, Azərbaycan hazırda minaların təsirinə məruz qalan və ondan əziyyət çəkən ölkələr sırasındadır. Otuz ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları minalarla dolu bir məkana çevrilib. Bu amil müharibədən sonra daha çox aktuallıq kəsb edib. İşğaldan azad olunmuş ərazilərimizdə basdırılmış hər bir mina istənilən halda Azərbaycan vətəndaşlarına və mülki əhaliyə qarşı təhlükədir. Bu, Ermənistanın hərbi cinayətlərinin təzahürü olmaqla, eyni zamanda, beynəlxalq humanitar hüquq çərçivəsində üzərinə götürdüyü öhdəliyə ziddir”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

Hikmət Hacıyev qeyd edib ki, Ermənistan tərəfi Azərbaycana minalanmış ərazilərin xəritəsini vermir və beynəlxalq humanitar hüquqa əsasən bu, Azərbaycanın mülki əhalisinin hüquqlarını kobud şəkildə pozur. Bu, Ermənistanın etnik təmizləmə siyasətinin bir hissəsidir. Ermənistan Azərbaycan ərazilərinin işğalı zamanı da azərbaycanlı əhaliyə qarşı bu cür cinayətləri törədib.

Prezidentin köməkçisi işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi istiqamətində işlərin aparıldığını bildirərək deyib ki, Ermənistan minalanmış ərazilərin xəritələrini verməməklə iki ölkə arasında etimadın yaranmasına ziyan vurur və regional əməkdaşlığa mane olur: “Azərbaycanın işğaldan azad olunmuş ərazilərində minalarla bərabər, təmizlənməsi kifayət qədər çətin olan tələlər də qurulub. Bu da minalardan təmizləmə əməliyyatına mane olur. İşğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi Azərbaycan hökuməti üçün prioritetdir və bərpa prosesinin vacib bir hissəsidir”.

Ərazilərin minalardan təmizlənməsi prosesinin kifayət qədər bahalı və çətin olduğunu söyləyən Hikmət Hacıyev vurğulayıb ki, hazırda Azərbaycan hökuməti üçün prioritet olan bu məsələ müxtəlif qurumların birgə fəaliyyət göstərdiyi istiqamətdir. Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin strukturu dəyişdirilib. İndi texniki baxımdan onun potensialının artırılması prosesi həyata keçirilir.

“Minalanmış ərazilərin xəritələrini gizlətməklə Ermənistan həm də azərbaycanlıların doğma torpaqlarına qayıdışının ləngiməsinə səbəb olur. Bu, Azərbaycan hökumətinə bərpa proseslərini həyata keçirməyə də maneçilik törədir”, - deyə Prezidentin köməkçisi qeyd edib.

BMT İnkişaf Proqramının rezident nümayəndəsinin müşaviri Çaru Bist çıxış edərək bildirib ki, bugünkü tədbir minaların və partlamamış sursatların təhlükəsinin aradan qaldırılmasına sadiqliyi ifadə etmək üçün vacibdir. Həmçinin minaların təhlükəsinə dair məlumatlandırmanın artırılması çox mühüm bir fəaliyyətdir. Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Gününü minaların yalnız fərdi həyatlara yaratdığı təhlükənin qarşısını almaq üçün deyil, həm də onun iqtisadi inkişafa vurduğu ziyanın qarşısının alınması üçün qeyd edirik.

Vurğulanıb ki, minaların və partlamamış sursatların yaratdığı təhlükə aradan qaldırılmalıdır. Yalnız minalar təmizləndikdən sonra infrastruktur, məktəblər, xəstəxanalar yaradıla bilər. Göstərilən səylərə baxmayaraq, minalar hələ də mülki vətəndaşlara təhlükə yaradır. 2020-ci ildə on mindən çox insan minaların, yaxud da partlamamış hərbi sursatların qurbanına çevrilib. Bütün bunlar kifayət qədər mürəkkəb və ciddi problemdir. Uşaqlar məktəbə, qadınlar işə, bazara getdikdə minaların qurbanına çevrilirlər. Hər dörd mina qurbanından biri məhz uşaqdır. Buna görə də dünyadakı mövcud vəziyyət bütün dövlətlər tərəfindən ciddi nəzərə alınmalıdır. BMT-nin fəaliyyət istiqamətlərindən biri də partlamamış sursatların təhlükəsi haqqında məlumatlandırma prosesinin təşkilindən ibarətdir. Çünki minaların və partlamamış sursatların təmizlənməsi peşəkar bacarıqlar tələb edir.

“Bununla əlaqədar daha bir fəaliyyət istiqaməti tərəfdaşlığın qurulmasıdır. Biz Azərbaycanla bu cür əməkdaşlığı görürük. Azərbaycan hökuməti, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın yaradılması bu məsələlərdə mühüm nailiyyətlər əldə etməyə imkan verir. Əgər hər hansı dövlət minaların və partlamamış sursatlardan azad olmayıbsa, orada dayanıqlı inkişaf məqsədlərinə çatmaq mümkün olmayacaq”, - deyə Çaru Bist qeyd edib.

BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin müşaviri bildirib ki, insanların həyatını xilas etməklə yanaşı, mina və digər sursatlardan zərərçəkənlərə də dəstək göstərilməlidir. BMT-nin dəstəyi ilə 1999-cu ildən bəri Azərbaycanda ANAMA 6 mindən çox mina təmizləyib və bunun nəticəsində 160 mindən çox köçkünün geri qayıtmasına şərait yaranıb.

“Biz ANAMA ilə daha yaxından əməkdaşlıq edirik. İki həftə əvvəl yeni bir sazişə imza atmışıq. Bu məqsədlə BMT-nin Fövqəladə hallara qarşı tədbirlər üzrə Mərkəzi Fondundan 1 milyon ABŞ dolları həcmində vəsait ayrılıb. Bu vəsait həm işçi heyətə təlim keçirilməsinə, həm də avadanlıqların alınmasına yönəldiləcək. Biz Azərbaycanda bu istiqamətə dəstəyimizi artırmışıq. ANAMA-ya mina xəbərdarlığına dair ehtiyacların araşdırılmasında və tədqiqat sahəsində də dəstək olacağıq. Fəaliyyətimiz, həmçinin mina avadanlığının satın alınmasını, minalardan təmizlənən ərazilərin bərpasını və minaları aşkarlayan itlərin təlimləndirilməsi prosesini də əhatə edəcək”, - deyə o qeyd edib.

ANAMA İdarə Heyətinin sədr müavini Samir Poladov agentliyin fəaliyyət göstərdiyi müddətdə ərazilərin minalardan təmizlənməsi sahəsində gördüyü işlərdən danışıb. 

Tədbirdə çıxış edən Füzuli sakini Asif Əhmədov bildirib ki, təsərrüfatla məşğul olduqları otlaq sahəsində basdırılmış mina 2020-ci il noyabrın 14-də partlayıb və qardaşı həlak olub, özü isə sol ayağını itirib. O, mülki əhalini minalanmış ərazilərə getməməyə çağırıb, bunun çox təhlükəli olduğunu vurğulayıb.

Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Mirzəyev qeyd edib ki, komitə mina və partlamamış sursatların təhlükəsinin aradan qaldırılması, Ermənistanın qadağan olunmuş raket və silahlardan istifadə etməsi ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyət göstərir: “44 gün ərzində düşmənin yerüstü arsenalı məhv edilsə də, yer altındakı gizli arsenalı hələ qalmaqdadır. Minalar işğaldan azad olunmuş ərazilərdə elektrik xətləri boyunca, yol kənarlarına, kənd və qəsəbədaxili cığırlarına, çay kənarlarına və digər yerlərə basdırılıb. Mina təhlükəsinin qarşısının alınması istiqamətində hökumət, QHT-lər və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsinə ehtiyac var. İnsanları minalanmış ərazilərə getməkdən çəkindirmək üçün yerli və xarici jurnalistlərin işğaldan azad olunmuş ərazilərə səfərlərinin təşkili vacibdir. Həmin ərazilərdə mina risklərinin aradan qaldırılmasına müəyyən zaman lazımdır. Beynəlxalq təşkilatları minalanmış ərazilərin xəritəsini vermək üçün Ermənistana təzyiq göstərməyə çağırırıq”.

Sonda jurnalistlərin sualları cavablandırılıb.

 

 

 

AZƏRTAC

Published in Digər xəbərlər

Aprelin 4-də COVAX platforması vasitəsilə Koreya Respublikasından ölkəmizə COVİD-19 vaksinlərin ilk partiyası gətirilib.

“AstraZeneca” şirkətinin istehsal etdiyi 84 min doza peyvəndini daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanında eniş edib.

AZƏRTAC xəbər verir ki, vaksini gətirən təyyarəni BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam M.İshaqzai, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, UNİCEF-in (BMT-nin Uşaq Fondu) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvardin, səhiyyə nazirinin müavini Viktor Qasımov və digər rəsmilər qarşılayıb.

Kestutis Yankauskas jurnalistlərə açıqlamasında Azərbaycan hökumətinin vaksinasiyanı erkən başlatmaqla çox uğurlu iş gördüyünü vurğulayıb: “Gələcəkdə digər peyvəndlərin də çatdırılması peyvənd seçiminə imkan verəcək. Vaksinlərlə bağlı töhfə verənlərin hamısına - Ümumdünya Səhiyyə Təşkilatına, UNİCEF-ə və COVAX mexanizminə dəstək verən digər ölkələrə təşəkkürümüzü bildiririk. Mən yalnız hər kəsi ən uyğun zamanda vaksinasiya üçün müraciət etməyə çağıra bilərəm. Çünki bu COVİD-19-la mübarizənin ən yaxşı yoludur”.

Öz növbəsində, Viktor Qasımov ümumilikdə “AstraZeneca” şirkətinə məxsus 432 000 doza COVİD-19 vaksin dərman vasitəsinin mayın sonunadək Azərbaycana idxalının nəzərdə tutulduğunu bildirib: “Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində yeni növ koronavirus infeksiyasını (COVİD-19) idarə olunan səviyyədə saxlamaq mümkün olub”.

Nazir müavinin sözlərinə görə, xəstəliklə mübarizədə effektiv üsul peyvəndləmədir və bunun üçün ölkəyə peyvənd gətirilməlidir: “Buna nail olmaq üçün Azərbaycanda həm ikitərəfli,  həm də multiplatforma çərçivələrində addımlar atılıb. Artıq Çin istehsalı olan peyvəndlər ölkəyə gətirilib. Bu gün isə COVAX platforması çərçivəsində “AstraZeneca” şirkətinə məxsus 84 000 doza COVİD-19 vaksin dərman vasitəsi gətirilib. Bu, ilk partiyadır. Əhalimiz nə qədər tez peyvənd olunsa, kollektiv immunitet yaransa, biz bu COVİD-19 bəlasından o qədər tez xilas olacağıq”.

Viktor Qasımov, həmçinin qeyd edib ki, Azərbaycanın ehtiyatda 1 milyon doza vaksini var və ölkədə gün ərzində 30-35 min insan peyvənd olunur: “Bildiyiniz kimi, yanvarın 18-dən etibarən Azərbaycanda vaksinasiya prosesinə start verilib. Birinci dozadan 600 min şəxs, ikinci dozadan isə 300 min şəxs peyvənd olunub. Bu prosesdə məqsədimiz ölkə əhalisinin 60-70 faizini peyvəndləməkdir”.

 

 

AZƏRTAC

Published in Digər xəbərlər

Martın 15-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarının işğaldan azad edilmiş Şuşa şəhərində və onun ətrafında həyata keçirdikləri minadantəmizləmə tədbirləri zamanı böyük dağıdıcı gücə malik “İsgəndər” raket kompleksinin qalıqlarını tapmaları və onun Bakıda nümayişi xarici medianın gündəmindədir.

AZƏRTAC xəbər verir ki, qardaş Türkiyənin media qurumları bu mövzuda çoxlu xəbərlər yaymaqda davam edir. İHA xəbər agentliyi, “haberglobal.com.tr”, “ankaramasasi.com”, “haberler.com”, “mardinhaber.com.tr”, “haber7.com”, “igdirim76.com”, “yesiligdir.com” saytlarında dərc olunmuş informasiyalarda Minatəmizləmə Agentliyinin operativ qərargahının rəisi İdris İsmayılovun fikirlərinə yer verilir. Qeyd olunur ki, araşdırma zamanı raketin “İsgəndər-M” raketinin qalıqları olduğu müəyyən edilib. Aparılan tədqiqat zamanı raketin üzərində olan “9M723” indeks kodu yoxlanılıb. Xəbərlərdə qeyd edilir ki, raketin uzunluğu 7 metr 23 santimetr, diametri isə 920 millimetrdir. İnformasiyalarda Ermənistanın sabiq müdafiə naziri Movses Hakopyanın “Qarabağ müharibəsində “İsgəndər” raketindən istifadə olunub, lakin hara atıldığını deyə bilmərəm” sözləri yer alıb.

Ukrayna mətbuatı da “İsgəndər-M” mövzusunu gündəmdə saxlayıb. Ukraynanın “Ukrinform” dövlət informasiya agentliyi, “BBC.com/ukrainian”, “Gordon” nəşri, “podrobnosti.ua”, “dialog.ua”, “eurointegration.com.ua”,  “charter97.org”, “asmedia.kiev.ua”, “vybir.media” saytları dərc etdikləri məqalələrində və nüfuzlu “1+1”, “İnter” telekanallarının reportajlarında qeyd edilir ki, İkinci Qarabağ müharibəsində Ermənistan Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhəri istiqamətinə “İsgəndər” raketi buraxıb. Raketin qalıqlarının Azərbaycanın  Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən martın 15-də Şuşa şəhəri ətrafında təmizləmə işləri zamanı aşkarlandığı vurğulanır. Xəbərlərdə “İsgəndər” raketinin qalıqlarını əks etdirən fotolar da yer alıb. Ukrayna mətbuatı, həmçinin jurnalist, hərbi müxbir Roman Boçkalanın “İsgəndər-M” mövzusu ilə bağlı sosial şəbəkə hesabında yazdığı şərhinə də geniş yer verib.

Gürcüstan “24news.ge”, “reportiori.ge”, “kvira.ge”, “interpress.ge” informasiya portalları yazırlar ki, Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları Bakıda nümayiş etdirilib. Qeyd olunur ki, raket tam partlamayıb, onun müəyyən hissələri böyük ərazidə səpələnib. Minatəmizləmə Agentliyinin əməkdaşları bir-birindən xeyli məsafədə raketin qalıqlarının aşkar olunduğu 4 ərazi müəyyən ediblər. Açıq mənbələrdən əldə edilən məlumata görə, Rusiya Ermənistana “İsgəndər-M” raketinin sadələşdirilmiş variantı olan, 280 kilometr məsafəyədək uçan “İsgəndər-E” raket kompleksi verib. Bununla müqayisədə “İsgəndər-M” raketi daha çox dağıdıcı qüvvəyə malikdir və 500 kilometrədək məsafə qət edə bilir.

Azərbaycanın Şuşa şəhəri istiqamətində atılan “İsgəndər-M” raketi ilə bağlı Rumıniyanın “redactia.info”, “news24hours”, Qırğızıstanın “goldenbridgenews”, Albaniyanın “ata.gov.al”, Çilinin “infogate.cl” informasiya saytlarında da xəbərlər yayımlanıb. Bu informasiya mənbələrində Rusiya mediasına və rəsmilərinə istinadən qeyd olunur ki, Rusiya Ermənistana “İsgəndər-M” raket kompleksi verməyib. Həmin saytlarda bildirilir ki, bütün bunların fonunda maraqlı sual yaranır, əgər Rusiya Ermənistana “İsgəndər-M”  raket kompleksi verməyibsə, Şuşada həmin raketin qalıqlarının tapılması necə izah oluna bilər? Xəbərlərdə deyilir ki, məsələyə Rusiya Prezidentinin Administrasiyasından münasibət bildirilib. Bu ölkənin Administrasiyasının yaydığı məlumatda qeyd olunub ki, Qarabağda münaqişə zamanı “İsgəndər” raketlərindən istifadə olunmayıb. Lakin martın 15-də Şuşa ərazisində bu raketin qalıqlarının tapılması ilə bağlı sual hələ də açıq qalır.

 

 

AZƏRTAC

Published in Diaspora
Çərşənbə axşamı, 06 Aprel 2021 08:56

İraq parlamentinin nümayəndə heyəti Milli Məclisdə olub

Aprelin 5-də Milli Məclisdə ölkəmizdə səfərdə olan İraq Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Şerko Məhəmməd Saleh Əhməd Kadir Mir Vaisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qonaqları salamlayan Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli ölkələrimiz arasındakı tarixi dostluq münasibətlərindən danışıb. Bildirilib ki, ötən illər ərzində ölkələrimiz arasında münasibətlər müxtəlif sahələrdə uğurla inkişaf edib. Azərbaycan daim İraqın ərazi bütövlüyünü dəstəkləyib, İraq da beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəkləyən mövqe nümayiş etdirib.

Söhbət zamanı parlamentlərarası münasibətlərə də toxunularaq bildirilib ki, parlamentlərarası dostluq qruplarının fəaliyyəti iki ölkə arasında münasibətlərin daha da inkişafına xidmət edir.

Səmimi qonaqpərvərliyə görə təşəkkürünü ifadə edən İraq parlamentinin Xarici əlaqələr komitəsinin sədri Şerko Məhəmməd Saleh Əhməd Kadir Mir Vais Azərbaycan tərəfinə müxtəlif məsələlərdə, o cümlədən terrorizmə qarşı, həmçinin kovonavirusla mübarizədə göstərilən köməyə görə təşəkkürünü bildirib.

İraq parlamentinin fəaliyyətindən danışan qonaq diqqətə çatdırıb ki, hazırda İraqda sabitlik mövcuddur. Bu sabitliyin təmin edilməsində parlamentin qəbul etdiyi qanun və qərarlar mühüm rol oynayır.

Görüşdə çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Rəşad Mahmudov, İraq parlamentinin İnsan hüquqları komitəsinin sədri Arşed Rəşad Fath Allah əl-Salihi, millət vəkili xanım Nisrin Fadil Raham və başqaları qarşılıqlı əlaqələrin inkişaf perspektivləri barədə fikirlərini bölüşüblər.

Görüşdə Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İlham Məmmədov, işçi qrupun üzvü Cavanşir Paşazadə, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, hər iki ölkənin  müvəqqəti işlər vəkilləri Nəsir Məmmədov, Maki Ressan Al-Mamori və digər rəsmi şəxslər iştirak ediblər.

 

 

AZƏRTAC

Published in Siyasət

Vətən müharibəsi dövründə böyük dağıdıcı gücə malik “İsgəndər” raketindən Azərbaycana qarşı istifadə olunması Ukrayna mətbuatında geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, Ukraynanın “Ukrinform”, “İnterfaks-Ukrayna” informasiya agentlikləri, “Gordon” nəşri, “BBC News”un Ukrayna bürosu, dialog.ua, podrobnosti.ua, dialog.ua, eurointegration.com.ua, asmedia.kiev.ua, charter97.org, vybir.media, stopcor.org saytları dərc etdikləri məqalələrində, nüfuzlu “1+1” və “İnter” telekanalları isə yaydıqları reportajlarda qeyd edirlər ki, Azərbaycan İkinci Qarabağ müharibəsində Ermənistanının “İsgəndər” raketlərindən istifadəsini isbatlayan qalıqları nümayiş etdirib. Raket qalıqlarının ANAMA tərəfindən martın 15-də Şuşa şəhəri ətrafında aparılan təmizləmə işləri zamanı aşkarlandığı vurğulanır.

Xəbərlərdə “İsgəndər” raketlərinin qalıqlarının fotoları da yer alıb. Həmçinin qeyd olunub ki, araşdırma zamanı raketlərin üzərində “9M723” kod indeksi tam yoxlanılıb.

Yazılarda Ermənistanın baş naziri N.Paşinyanın həmin raketlərin 10 faiz yararlı olduğu barədə fikirlərini sitat gətirib, bu faktın həqiqət olduğu qeyd edilib.

Bundan başqa, materiallarda Ukraynanın nüfuzlu blogerlərinin, hərbi ekspertlərinin sosial şəbəkələrdə Şuşa şəhəri ətrafında “İsgəndər” raketlərinin qalıqlarının tapıldığı barədə fikirləri də yer alıb.

AZƏRTAC

Published in Diaspora
1 -dən səhifə 3