XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Bazar, 04 Aprel 2021

Dövlətimizin başçısı deyib: “Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir”.

Published in Digər xəbərlər

Dünya koronavirus pandemiyası fəsadlarını hələ ki aradan qaldıra bilməmişdir. Bu xəstəliyin təsirini zəiflətmək və müalicənin səmərəliliyini artırmaq üçün bir çox ölkələr vaksinlərin istehsalını təmin etmişdir. Azərbaycan pandemiyanın zərərlərini önləmək, nəzarətdə saxlamaq, müalicənin effektini daim yüksəltmək üçün ilk gündən bütün addımları atmış və bu gün də bu proses davam edir.
Vurğulamaq vacibdir ki, dünyada koronavirus infeksiyasının sürətlə yayılması nəticəsində müvafiq tibbi ləvazimat və qoruyucu vasitələrə tələbat kəskin artdı, bu səbəbdən demək olar ki, bütün ölkələrdə tibbi ləvazimatların, o cümlədən maskanın böyük qıtlığı yaşandı. İstehsalçı ölkələr isə tibbi maska ixracını dayandırmaqla öz ölkələrinin tələbatını ödəməyi əsas götürdülər. Vəziyyət o dərəcədə ciddiləşmişdi ki, pandemiyaya qədər müttəfiq və strateji partnyor olan ölkələr tibbi ləvazimatlara, vaksinlərə sahib olmaq üçün bir-biri ilə amansız rəqabət mübarizəsinə girişdilər. Məsələn, AB-nin üzvləri İtaliya, İspaniya və Macarıstan Birlikdən yox, Türkiyədən yardım görüblər. Qardaş ölkə vaxtında bütün lazımi addımları atdığına görə həm müalicədə, həm də müvafiq avadanlıq və maska istehsalında çox böyük uğurlara nail olub. Ona görə də Türkiyədən təqribən 90 ölkə yardım istəmişdir. Vurğulamaq lazımdır ki, Azərbaycanda da vaxtında önləyici tədbirlər görüldüyü üçün proses daim idarə edilir. Müvafiq qurumlar yaradılmış, lazımi avadanlıqlar gətirilmiş, pandemiya şəraitində müvafiq qaydalara necə riayət edildiyi ilə bağlı maarifləndirmə işləri aparılmışdır. Azərbaycanda dövlət başçısı əhalinin sağlamlığının qorunması məsələsinə xüsusi diqqət yetirir. Prezident İlham Əliyevin tapşırığına əsasən, qısa müddətdə tibbi maska istehsalı avadanlığı və xammal Azərbaycana gətirilmiş, “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisində müvafiq yerlə təmin edilib və ona Sənaye statusu verilmişdir. Bu da müəssisəyə sənaye parklarına tətbiq edilən güzəştlərdən faydalanmağa imkan yaradır. İstehsalçı İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə 1,2 milyon manat güzəştli kreditlə təmin edilmişdir. Müasir avadanlıq Türkiyədən gətirilmiş və ən qısa müddətdə quraşdırılmışdır. Ümumiyyətlə, bu müəssisənin yaradılmasına 3,9 milyon manat investisiya xərcləri sərf edilmişdir. Tibbi maskaların qablaşdırılması üçün xüsusi qutular isə Balaxanı Sənaye Parkının rezidenti olan müəssisədə hazırlanır. Maskalar İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla istehsal edilir. Qablaşdırıldıqdan sonra xüsusi avadanlıqda sterilizasiyadan keçirilir. Real iqtisadiyyatın bir mühüm sahəsi olan bu müəssisənin məhsulları təbii ki, öncə daxili tələbatı ödəməyə yönəldiləcək, daha sonra ixrac potensialına diqqət yetiriləcəkdir. Qeyd edək ki, böyük ehtiyac duyulan tibbi spirt, dezinfeksiya məhsulları və qoruyucu vasitələr Azərbaycanda da istehsal olunur. Spirt məhsulunun qablaşdırılması və daşınması üçün müxtəlif həcmli qablar ölkəmizə məxsusdur və 6 şirkət dezinfeksiyaedici məhlullar istehsal edir.
Müasir dünya İnformasiya-kommunikasiya-texnologiyaları dövrüdür. İKT avadanlıqlarından istifadə zamanı qoruyucu vasitələrin olması son dərəcə aktual məsələdir. 2019-2020-ci tədris ilinin əvvəlindən Heydər Əliyev Fondunun dəstəyi ilə STEAM-Azərbaycan layihəsi tətbiqinə başlanılıb. Layihənin əsas məqsədi ümumtəhsil məktəblərində şagirdlərin müasir İKT avadanlıqlarından istifadə etməklə qabiliyyətlərini genişləndirməkdir və bu istiqamətdə Layihə çərçivəsində koronavirusdan qorunmaq üçün tibbi heyətin istifadəsi məqsədilə 3D printerlərlə çap olunan “üz sipəri” maskası və bir çox tibbi cihaz və avadanlıqların müxtəlif detallarının sınaq istehsalına başlanılıb. İlk zamanlarda gün ərzində 150 ədəd bu cür maska istehsal olunub. Dövlət başçısı koronavirusdan qorunmaq üçün xüsusi əhəmiyyətə malik maskaların istehsalının təşkili barədə vurğulamışdır: “Bu gün ölkəmizdə tibbi maska istehsalı başlayır. Bu, çox əlamətdar hadisədir, çünki indi dünyanın bir çox ölkələrində tibbi maska çatışmazlığı var, o cümlədən Azərbaycanda və biz bu sahədə daim idxaldan asılı idik. Amma indiki şəraiti nəzərə alaraq qısa müddətdə, cəmi iki həftə ərzində yerli istehsal təşkil edildi. Burada sahibkarların böyük rolu vardır, eyni zamanda, Azərbaycan dövləti də öz maliyyə dəstəyini göstərmişdir. Beləliklə, qısa müddət ərzində yeni müasir istehsalat sahəsi yaradılmışdır və bu, bizə imkan verəcək ki, özümüzü tibbi maskalarla böyük dərəcədə təmin edək. Bildiyiniz kimi, koronavirusla mübarizədə maskalardan istifadə xüsusi əhəmiyyət daşıyır. Qeyd etdiyim kimi, indi dünyanın bir çox ölkələrində bu sahədə problemlər yaşanır. Azərbaycanda da qıtlıq yaranmışdır və bəzi hallarda apteklərdə tibbi maskalar yoxdur. Ona görə bu istehsal bizə imkan verəcək ki, özümüzü təmin edək və koronavirusla mübarizə başa çatandan sonra da Azərbaycan artıq idxaldan asılı olmayacaq”. Qeyd edək ki, hazırda ölkəmizdə maska təminatı ən yüksək səviyyədədir.
Vurğulamaq lazımdır ki, Azərbaycanda real iqtisadiyyatın sahələrinin davamlı inkişaf yolunda olması və müasir layihələrin innovativ reallaşmasının sayı durmadan artması hazırki pandemiya şəraitində öz müsbət nəticəsini göstərdi. İqtisadiyyatın şaxələndirilməsi, təsərrüfat sahələrinin davamlı inkişafı daxili bazarın təminini yüksəltməklə yanaşı, müvafiq sahələri də stimulə edir. Qeyd edək ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üç tibbi maska və dezinfeksiya vasitələrinin istehsalı məhz çoxşaxəli inkişaf etmiş qeyri-neft sektoruna aid müvafiq layihələrin və infrastrukturun reallaşması nəticəsində mümkün olmuşdur.
Azərbaycan da bu xəstəliyin yayılmaması və müalicəsi üçün ön və gərgin mübarizə cərgəsindədir. Belə ki, dünyada sürətlə yayılan bu xəstəliklə hər ölkə lazımi mübarizə aparmadı, ciddiyə almadı, nəticə çox acınacaqlı oldu. Məsələn, onlardan biri Braziliyadır, indi bu ölkə pandemiya yoluxmasına görə ilk yerlərdə gedir. Dünya ictimaiyyəti hazırda hər bir ölkədəki, həm də Azərbaycandakı mübarizəni, o cümlədən xalqımız da aydın görür. Ən qısa müddət ərzində Azərbaycanda koronavirusla birbaşa mübarizə üçün 10 mindən artıq çarpayı yeri hazırlanmışdı və 35 rayon və şəhərimizdə 46 xəstəxana bu istiqamətdə fəaliyyət göstərirdi.
Ümumən koronavirus xəstələri 20-dən çox xəstəxanada müalicə alıb. Müalicənin daha səmərəli olması üçün bu xəstəxanaların arasında ən müasir xəstəxana - “Yeni klinika” mühüm imkanlara malikdir. İlkin mərhələdə 100 xəstə, sonra 300 və ondan sonra tam fəaliyyətə başlayaraq 575 çarpayılıq olub. Dövlət başçısının iştirakıyla ötən il martın əvvəlində bölgələrdə açılmış xəstəxanalar da koronavirus xəstələrinin ixtiyarına verilib. Qazax, Goranboy və Şəmkir şəhərlərində yerləşən ən müasir xəstəxanalar da koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur. Bu üç xəstəxanada çarpayıların sayı təqribən 500 ətrafındadır. Çox diqqətəlayiq haldır ki, cəmi bir ay ərzində mindən çox çarpayılıq, ən müasir standartlara uyğun tibbi müəssisələr istifadəyə verildi və koronavirus xəstələri burada müalicə aldılar. Xaricdə yaşayan və orada olan Azərbaycan vətəndaşlarının ölkəmizə gətirilməsi istiqamətində operativ addımlar atılıb, onlar xarici ölkələrdən təxliyə edilib və böyük əksəriyyəti karantin rejimində müvafiq yerlərdə yerləşdirilib, gündəlik yeməklə təmin edilib və tibbi müayinədən keçiblər.
Azərbaycan Prezidenti ölkə səhiyyə sisteminin daha güclü olması və hər cür çağırışlara cavab verə bilməsi üçün dövlətin və sahibkarların fəaliyyətinin bu istiqamətdə fəallıqları və görülən tədbirlər barədə deyib: “Azərbaycan dövlətinin və sahibkarların operativ fəaliyyətini nəzərə alaraq, onu da bildirməliyəm ki, yaxın zamanlarda Bakıda və bir neçə bölgədə müasir xəstəxanaların yaradılması nəzərdə tutulur. Bu xəstəxanalar yeni texnologiyalar əsasında inşa ediləcəkdir. Bu texnologiyalar imkan verir ki, qısa müddətdə, bəlkə də üç həftə, bir ay ərzində xəstəxana tamamilə yenidən qurulsun, - yığma texnologiyalar prinsipi əsasında qurulacaq, - bütün lazımi avadanlıqla təchiz edilsin. Hər bir xəstəxananın çarpayı sayı 200-dür. Belə xəstəxanaların ölkəmizdə qısa müddətdə qurulması əlbəttə ki, bu mübarizədə bizə əlavə imkan verəcəkdir”.
Koronavirus dünyada yeni sonu bir o qədər də aydın olmayan vəziyyət yaratmışdır. Bu gün aparıcı dövlətlər belə borc almağa başlamışlar. Bir çox təsərrüfat sahələri çöküb. Vaxtilə hər bir hadisəyə münasibət bildirən və müdaxilə edən beynəlxalq qurumlar artıq fəallıqlarını itiriblər. Dünyanı idarə edən siyasi qüvvələr öz haylarındadırlar, vəziyyətdən çıxış yolu axtarırlar. Azərbaycan Prezidenti pandemiyanın yaratdığı sosial, iqtisadi və hətta siyasi burulğan şəraitində dövlətin bu ciddi vəziyyətlə üzləşərək yenə də öz gücünü göstərdiyi barədə deyib: “Bir sözlə, Azərbaycan dövləti bu ciddi vəziyyətlə üzləşərək yenə də öz gücünü göstərdi... Operativ tədbirlər nəticəsində imkan vermədik ki, bu bəla ölkədə geniş vüsət alsın. Ancaq bizim gələcək uğurumuz bundan sonra böyük dərəcədə insanların hərəkətlərindən asılı olacaq. Dövlət nə mümkünsə onu edib. Məsuliyyətli olmalıdırlar, özlərini, yaxınlarını, ailə üzvlərini qorumalıdırlar. Necə ki, biz birlik, həmrəylik göstəririk, eyni tərzdə məsuliyyət və nizam-intizam göstərməliyik”.
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında COVİD-19 virusunun son dərəcə təhlükəli xəstəlik olduğu barədə deyib: “İlk növbədə, deməliyəm, heç kəs unutmamalıdır ki, biz hələ də pandemiya dövründə yaşayırıq və karantin rejimi ləğv edilməyib. Baxın statistikaya, görün biz nə vaxt yumşalmaya getdik - mayın əvvəlində. Nə üçün? Çünki dinamika müsbət idi. Sağalanlar xəstələnənlərdən çox idi. Sonra nə gördük? Bəzi insanlar məsuliyyətsizlik göstərdi və yoluxma halları geniş vüsət aldı, dinamika pozuldu. Nə etdik? Yenidən sərtləşdirdik. Unutmamalıyıq ki, bu, ölümcül virusdur, ölümcül!” Yarana biləcək təhlükələrin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə, dövlət başçısının sərəncamıyla ötən il fevralın 27-də Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Xəstəliklə mübarizə aparmaq məqsədilə təxirəsalınmaz qaydada xəstəxanaların virusla mübarizə üçün hazır vəziyyətə gətirilməsi, çarpayı fondunun artırılması və zəruri olan tibbi avadanlıq və preparatların təchiz olunması istiqamətində bütün zəruri tədbirlər görüldü, əhaliyə lazımi maarifləndirici tövsiyələr, xəbərdarlıqlar edildi. “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planını Azərbaycan Respublikası Nazirlər Kabineti 4 aprel 2020-ci il tarixli qərarıyla təsdiq etmişdir. Bu Plan üç istiqamət üzrə müvafiq tədbirləri nəzərdə tutur:
İqtisadi artıma və sahibkarlığa dəstək sahəsində tədbirlərin əhatə dairəsi: iqtisadi qurumların fəaliyyətinin fövqəladə koordinasiyası; İş yerlərinin və sosial sabitliyin qorunması; İqtisadiyyatda şəffaflığın artırılması; İqtisadi fəallığın qorunmasına vergi stimullarının verilməsi; İqtisadiyyata və sahibkarlığa dövlətin krediti; zəmanət dəstəyinin verilməsi; İqtisadiyyatın və sahibkarların güzəştli şərtlərlə kredit resurslarına çıxış imkanlarının genişləndirilməsi; Pandemiyanın mənfi təsir etdiyi fəaliyyət sahələrində əlavə dəstək tədbirlərinin həyata keçirilməsi; Post-pandemiya dövründə iqtisadi artımın yeni modelinin tətbiqi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi.
Məşğulluq və sosial rifaha dəstək: Dövlət sektoru üzrə işçilərin işsizlik riskindən qorunması və sosial müdafiəsi; Qeyri-dövlət sektoru üzrə muzdlu işçilərin işsizlik riskindən qorunması və sosial müdafiəsi; İşsiz və işdən azad olunmuş şəxslərin məşğulluğu və sosial müdafiəsi; Əhalinin xüsusi həssas təbəqəsindən olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi.
Makroiqtisadi və maliyyə sabitliyinə dair tədbirlər planı. Daha sonra, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin rəsmi veb səhifəsində yerləşdirilmiş məlumata əsasən “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri, imtiyazları və tətilləri proqramı hazırlanıb. Proqram bu istiqamətləri əhatə edir: Mikro sahibkarlıq subyektlərinə müvafiq müddətdə sadələşdirilmiş vergi üzrə güzəştin verilməsi; Müvafiq müddətə əmlak və torpaq vergilərindən azadolmalar; Vergi ödəyicilərinin mənfəət (gəlir) vergisinə müvafiq məbləğdə və müddətə azadolmalar; İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş verginin azaldılması, mənfəət (gəlir) vergisi ödəyicilərində isə mənfəət (gəlir) vergisindən azad edilməsi; Bəzi vergi ödəyicilərinin müvafiq müddətə əlavə dəyər vergisindən azad edilməsi; Güzəşt veriləcək fəaliyyət sahələri üzrə müvafiq müddətə cari vergi ödəmələrindən azad edilməsi; 2019-cu ilin nəticələrinə görə mənfəət (gəlir) vergisinin verilməsi müddətinin uzadılması; Vergi hesabatlarının verilməsi müddətinin, habelə vergilərin ödənilməsi müddətinin uzadılması; Əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsulların ƏDV-dən müddətli azad edilməsi (bəzi məhsulların idxalının və satışının əlavə dəyər vergisindən azad edilməsi); Əhalinin ərzaq, tibb və digər zəruri məhsullara olan tələbatının qısa müddətdə və daha çevik tənzimlənməsi məqsədilə həmin məhsulların istehsalı ilə bağlı xammal və materialların əlavə dəyər vergisindən azad edilməsi; Fiziki və hüquqi şəxslər tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələrin mənfəət (gəlir) vergisi məqsədləri üçün gəlirdən çıxılması; Epidemiyanın qarşısının alınması ilə əlaqədar vergi ödəyicisi tərəfindən göstərilən əvəzsiz xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisinin sıfır (0) faiz dərəcəsi ilə tutulması. Göründüyü kimi, pandemiyanın bütün sahələrdə yaratdığı problemlərlə mübarizə dövlətin ciddi nəzarətindədir.
Bu qlobal bəlaya qarşı Azərbaycan Prezidenti İlham Əliyev dünya birliyini birlikdə mübarizəyə aparmağa dəvət edib. Bu məsələ Türk Şurası, Qoşulmama Hərəkatı ilə müzakirə edilib, problem BMT səviyyəsinə qaldırılıb, Təsadüfi deyil ki, BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande koronavirus pandemiyasına qarşı mübarizədə ölkələrin əməkdaşlığı məsələsinə dair xüsusi sessiyanın keçirilməsi təşəbbüsünə görə Azərbaycana təşəkkürünü bildirib və avqustun 31-də həmin sessiyanın təşkilinə həsr olunmuş xüsusi görüşdə deyib: “Baş Assambleyada pandemiya məsələsinə dair xüsusi sessiya keçirilməsi təklifi bu təhlükəyə qarşı mübarizədə beynəlxalq səylərin səfərbər edilməsi üçün etibarlı təməldir. Biz Azərbaycana minnətdarıq ki, o, Qoşulmama Hərəkatının sədri olaraq bu mühüm xüsusi sessiyanın keçirilməsi təşəbbüsü ilə çıxış edib”. Bu sözlər Azərbaycanın beynəlxalq aləmdə oynadığı rolun, hörmət və etibarının göstəricisidir. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın pandemiya ilə mübarizəsinə həmişə yüksək qiymət verib.
Hazırda dünyada koronavirusa qarşı vaksinasiya prosesinə başlanılıb. Azərbaycan, Türkiyə, Braziliya, Çili və bəzi digər ölkələr Sinovac peyvəndini seçib. Digər effektli vaksinlər də ölkəmizə gətiriləcəkdir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, 29 mart tarixində Azərbaycan Respublikasında yeni koronavirus (COVİD-19) infeksiyasına qarşı 28,926 nəfər vaksinasiya olunub. Ümumilikdə isə hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 536,871 nəfər peyvəndlənmə prosesində iştirak edib. Proses davam edir.

Ataş CƏBRAYILOV,
“Respublika”.

Published in Digər xəbərlər

Vətən müharibəsi dövründə Ermənistanın böyük dağıdıcı gücə malik “İsgəndər” raketindən istifadə etməsi ilə bağlı yayılan məlumatlar, bu raketin qalıqlarının martın 15-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarının işğaldan azad edilmiş Şuşa şəhərində və onun ətrafında həyata keçirdiyi minadan təmizləmə tədbirləri zamanı tapılması və onun Bakıda nümayiş etdirilməsi dünyanın aparıcı KİV-lərində geniş əks-səda doğurub.
AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın “BBC Nes” televiziya kanalı və saytı bəyan edib ki, Qarabağda “İsgəndər” raketlərinin qalıqları aşkar olunub. Aprelin 2-də raketin qalıqları Bakıda nümayiş etdirilib. Azərbaycan Minatəmizləmə Agentliyinin nümayəndəsi jurnalistlərə bildirib ki, “İsgəndər” raketlərinin bu qalıqları martın 15-də Şuşa şəhərinin minalardan təmizlənməsi zamanı aşkar edilib. Məlumat verilib ki, raketin qalıqlar bir-birindən 780 metr məsafədə olub. Aparılmış təhqiqat nəticəsində məlum olub ki, Şuşa şəhəri istiqamətində “İsgəndər-M” raketi buraxılıb.
Reportajda qeyd olunur ki, noyabrın 9-da Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən atəşkəs barədə Bəyanatın imzalanmasından bir neçə saat əvvəl sosial şəbəkələrdə yayılmış videoda erməni əsgərlərin raketi işəsalma fonunda şəkilləri, həmin qurğudan 41 saniyə fasilə ilə iki raketin uçması görünür. Jurnalistlər vurğulayırlar ki, “İsgəndər-E” Ermənistanın arsenalında bu cür tezliklə raketlər buraxa bilən yeganə sistemdir. Bundan əlavə, hələ noyabr ayında BBC-nin Ermənistan hökumətindəki mənbəyi müharibənin son günlərində “İsgəndər” raketlərindən istifadə olunmasını bildirmişdi. Ermənistan ordusunun general-polkovniki Movses Akopyan da bu operativ-taktiki raketlərin tətbiq edilməsindən danışıb, lakin sübutlar təqdim etməyib. Bu mövzu fevralın sonuna qədər hərbi ekspertlərin maraq dairəsində qalıb, nəhayət, Nikol Paşinyan bəyan edib ki, müharibə dövründə istifadə edilmiş “İsgəndər” raketləri partlamayıb və ya 10 faiz partlayıb.
ABŞ-ın “Azadlıq” radiosu və Litvanın “Slaptai” xəbər saytı məlumat yayıb ki, Azərbaycan hərbçiləri Qarabağda ərazilərin minalardan təmizlənməsi zamanı “İsgəndər” raketinin qalıqlarını aşkar ediblər. Materiallarda qeyd olunub ki, raketin qalıqlarının fotoşəkilləri ölkənin internet resurslarında dərc edilib. Raketin qalıqları martın 15-də Şuşa yaxınlığında tapılıb. 2020-ci ilin payızında Azərbaycan ilə Ermənistan arasında Qarabağ uğrunda ay yarımlıq müharibənin son günlərində bu şəhərdə şiddətli döyüşlər gedib. BBC Azərbaycanın Minatəmizləmə Agentliyinin nümayəndəsinə istinadla xəbər verir ki, raketin qalıqları Ermənistan tərəfindən “İsgəndər” kompleksinin tətbiq olunmasını sübut edir.
Mərkəzi ofisi Vaşinqtonda yerləşən “Jameston” Qlobal Araşdırma və Analitika Fondunun saytında yayımlanan “İsgəndər” raketləri Qarabağda uğursuzluğa düçar oldu, lakin Ermənistanda böhran yaratdı” sərlövhəli məqalədə 44 günlük müharibənin gedişatı, Ermənistanın məğlubiyyəti, bu səbəbdən ölkədə siyasi elita daxilində çəkişmələr geniş təsvir olunur. Yazıda qeyd edilir ki, Ermənistan “İsgəndər” raket sistemini əldə edən ilk ölkədir və o, Qarabağ müharibəsində bu raketdən istifadə edib. Sayt Ermənistanın baş naziri N.Paşinyanın həmin raketlərin 10 faiz yararlı olduğu barədə fikirlərini sitat gətirərək bu faktın həqiqət olduğunu qeyd edib.
Qərb ölkələrinin digər media orqanları, o cümlədən “konflikty.pl”, “eurasiantimes.com”, “Caucasus atch”, “pl.sputniknes.com” saytları yazırlar ki, 44 günlük müharibə dövründə Ermənistan öz arsenalındakı ən güclü silah sayılan “İsgəndər” raket kompleksindən Azərbaycana qarşı istifadə edib. Xəbərlərdə bildirilir ki, Azərbaycan Minatəmizləmə Agentliyinin yaydığı fotoşəkillərdə raketin qalıqlarının “İsgəndər” raket kompleksinə aid olduğunu təsdiqləyən seriya nömrələri əksini tapıb.
Qardaş Türkiyə Respublikasının mətbuatı da 44 günlük Vətən müharibəsində Ermənistanın Azərbaycana qarşı “İsgəndər” raket kompleksindən istifadə etməsi barədə çoxsaylı materiallar yayımlayıb. Anadolu Agentliyi yazır ki, Ermənistanın Azərbaycana qarşı “İsgəndər” raketi tətbiq etməsi təsdiq olundu. Agentlik qeyd edir ki, bununla bağlı Rusiya və Ermənistan ziddiyyətli açıqlamalar verir. Rusiya Müdafiə Nazirliyi Azərbaycana qarşı “İsgəndər”in tətbiq olunmadığını iddia etsə də, bu məsələ raketin qalıqları ilə sübut olunur. Mövzu ilə bağlı Türkiyənin “yenisafak.com”, “sabah.com”, “haber7.com” saytları, “Haber türk” telekanalı, “İstikrar” qəzeti və digər KİV-ləri də ətraflı məlumatlar yayımlayıblar.
İkinci Qarabağ müharibəsində Ermənistanın Azərbaycan ərazilərini bir sıra təhlükəli silahlardan, o cümlədən “İsgəndər” raketi ilə atəşə tutması Gürcüstan mətbuatının da diqqət mərkəzində olub. Gürcüstanın “info9.ge”, “report.ge”, “24nes.ge”, “interpress.ge”, “accentnes.ge”, “4nes.ge”, “ghn.ge” informasiya portallarında və 1tv.ge ictimai televiziya kanalında gürcü, Azərbaycan, rus və ingilis dillərində yayılan məlumatlarda Vətən müharibəsi dövründə Ermənistanın Azərbaycana qarşı istifadə etdiyi “İsgəndər” raketlərinin qalıqlarının Şuşa şəhəri istiqamətində aşkarlandığı bildirilir. Məlumatlarda qeyd olunur ki, araşdırma zamanı raketlərin üzərində “9M723” kod indeksi tam yoxlanılıb və məlum olub ki, bu qalıqlar “İsgəndər-M” raketlərinə aiddir.
Ukraynanın “dialog.ua” “İnterfaks-Ukrayna”, “mil.in.ua” saytları da yazırlar ki, Ermənistan İkinci Qarabağ müharibəsində Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə edib. Məlumatlarda qeyd edilir ki, raketin qalıqlarının Bakıda nümayiş etdirilən fotolarından aydınca görünür ki, Ermənistanın Azərbaycanın Şuşa şəhəri istiqamətində atdığı raketlər “İsgəndər” raketinin qalıqlarıdır. Beləliklə, müharibədə “İsgəndər” raketindən istifadə olunmaması barədə yayılan məlumatların yalan olduğu üzə çıxır.
Yaxın Şərqdə geniş oxucu auditoriyasına malik olan “MENAFN” informasiya portalı və İndoneziyanın “international.sindones” saytı yazırlar ki, İkinci Qarabağ müharibəsində Ermənistan tərəfindən Azərbaycan ərazisinə “İsgəndər-M” raketi atılıb. Bu raketin qalıqları aprelin 2-də Bakıda nümayiş etdirilib. Xəbərlərdə qeyd olunur ki, raketin qalıqları martın 15-də Şuşa şəhərinin və ətraf ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi zamanı aşkarlanıb.

 

 

AZƏRTAC

Published in Digər xəbərlər

Prezident İlham Əliyevin “Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” müvafiq Sərəncamının icrası Azərbaycan Ordusunda davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2020-ci il oktyabrın 30-dək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ehtiyata buraxılırlar.

Bu münasibətlə Şuşa şəhərində və digər ərazilərdə yerləşən hərbi hissələrdə ordudan tərxis olunan hərbi qulluqçuların yola salınması mərasimi keçirilib.

Əvvəlcə Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə Vətən müharibəsində qazanılan parlaq Qələbədən, Azərbaycanın əsgər və zabitlərinin qəhrəmanlıq, şücaət göstərməklə şərəfli missiyanı yerinə yetirərək öz doğma torpaqlarımızı işğalçılardan azad etməsindən danışılıb. Komandanlığın təbrik-müraciəti hərbi qulluqçulara çatdırılıb, hərbi xidməti uğurla başa vurmuş gənclərə və xidmətə yeni başlayan əsgərlərə uğurlar arzulanıb.

Gənc əsgərlər isə silahdaşları adından, özündən əvvəlki döyüşçülərin ənənələrini davam etdirəcəklərinə, ərazi bütövlüyümüzü göz bəbəyi kimi qoruyacaqlarına and içiblər.

Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya Fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

 

 

AZƏRTAC

Published in Digər xəbərlər

Vətəndaşlar anlamalıdır ki, azad edilmiş ərazilərə qeyri-qanuni səfərlər onların həyatı üçün böyük təhlükədir
Ermənistanın vaxtilə işğalda saxladığı ərazilərdə basdırdığı minaların xəritəsini hələ də Azərbaycana verməməsi son vaxtlar ən çox narahatlıq doğuran məsələlərdən biridir.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov AZƏRTAC-a müsahibəsində bu və digər məqamlara toxunub.
O, qeyd edib ki, 2020-ci ilin 10 noyabr Bəyanatından aylar ötsə də, Ermənistan hələ də minalanmış ərazilərin xəritəsini Azərbaycana verməyib. Rəsmi İrəvanın bu addımı onun öz məkrli niyyətlərindən hələ də əl çəkməməsi, regionda sülh və təhlükəsizlik üçün təhdid mənbəyi olaraq qalmaqda davam etməsi kimi dəyərləndirilə bilər. Ermənistanın minalanmış ərazilərin xəritəsini bu günədək Azərbaycana verməməsi, müxtəlif bəhanələr bundan imtina etməsi rəsmi İrəvanın məkrli niyyətlərindən xəbər verir. Bu faktın özü göstərir ki, Ermənistan regionda sülh və əmin-amanlığın bərqərar olmasında maraqlı deyil. Məhz buna görə də minalanmış ərazilərin xəritəsini Azərbaycana verməməklə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə məskunlaşma prosesini süni şəkildə əngəlləməyə, istər hərbçilərimiz, istərsə də mülki insanlarımız arasında tələfatların yaşanmasına çalışır. Hərb meydanında məğlub olan, açıq döyüşdə darmadağın edilən Ermənistan indi bu kimi rəzil vasitələrə Azərbaycana itkilər verməyə cəhd göstərir. Lakin Ermənistan unudur ki, regionda sülhün, təhlükəsizliyin bərqərar olması daha çox onun özü üçün gərəklidir. Çünki 44 günlük Vətən müharibəsində Ermənistan, sadəcə, hərbi baxımdan ağır itkilərlə qarşılaşmadı. Həm də onun bütün iqtisadiyyatı sıradan çıxdı. Ermənistanda sosial vəziyyət fəlakətli həddə çatdı və hazırda da son dərəcə ağırdır. Odur ki, Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana verməklə daha çox özünə kömək eləmiş olar. Regionda sülh və təhlükəsizlik olmadan hansısa inkişafın baş verməsi mümkün deyil.
Polkovnik deyib ki, Ermənistanın bu günədək minalanmış ərazilərin xəritəsini Azərbaycana verməməsinin başlıca səbəblərindən biri də beynəlxalq təşkilatların bu istiqamətdə lazımi fəallıq göstərməməsidir. Əgər beynəlxalq təşkilatlar, aparıcı dövlətlər Ermənistana bu məsələdə lazımi təzyiq göstərsə, o zaman rəsmi İrəvan bu xəritələri Azərbaycana verməyə məcbur qalardı. Ancaq təəssüflər olsun ki, bu gün nə beynəlxalq təşkilatlar, nə də aparıcı dövlətlər Ermənistanın minalanmış ərazilərin xəritəsini ortaya çıxarmamasından narahat deyil. Uzun illər torpaqlarımızın işğal altında qalmasını seyr edən təşkilatlar, böyük dövlətlər bu gün də Ermənistanın bu cinayətini, bu təxribatını laqeydliklə müşahidə edir. Məhz beynəlxalq qınaq və təzyiqin olmaması Ermənistanı öz təxribatını davam etdirməyə, yəni minalanmış ərazilərin xəritəsini verməməyə həvəsləndirir. Beynəlxalq təşkilatlar bu məsələdə susqunluğa son qoymalı, Ermənistanı minalanmış ərazilərin xəritəsini verməyə məcbur etməlidir, bu istiqamətdə addımlar atmalıdır. Çünki Ermənistanın bu addımı həm də beynəlxalq hüquq və insan haqları ilə ziddiyyət təşkil edir.
Respublika Veteranlar Təşkilatının sədr müavini qeyd edib ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) fəaliyyətini və işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi işini yüksək qiymətləndirirəm. ANAMA bu sahədə ixtisaslaşan, sadəcə, ölkəmizdə deyil, onun hüdudlarından kənarda da uğurla fəaliyyət göstərən, dünyada təhlükəsizliyin bərqərar olmasında, mina təhdidlərinin ortadan qaldırılmasında mühüm rol oynayan, bu sahədə böyük əmək sərf edən bir qurumdur. Agentliyin zərərsizləşdirdiyi hər mina ən azı bir vətəndaşımızın həyat və sağlamlığının qorunması deməkdir. Bu baxımdan, hər birimizin ANAMA-ya təşəkkür və minnətdarlıq borcumuzun olduğu birmənalıdır.
Artıq bir neçə aydır ki, bu təşkilat işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi istiqamətində mühüm işlər görür. Məhz agentliyin xidməti sayəsində çoxlu sayda mina zərərsizləşdirilib, müəyyən yollar, ərazilər minadan təmizlənib. Lakin ANAMA-nın əlində minalanmış ərazilərin dəqiq xəritəsi olmadığı üçün, proses lazımi sürətlə getmir. Halbuki, bu xəritələr olsa, o zaman prosesi daha qısa zamanda başa vurmaq, bütün minaları daha az zaman kəsimində zərərsizləşdirmək mümkün olar.
“İşğaldan azad edilmiş ərazilər minalardan tam təmizlənməyib. Buna baxmayaraq, bəzi vətəndaşlar qeyri-qanuni şəkildə işğaldan azad edilmiş ərazilərə keçməyə çalışır. Dəfələrlə belə şəxslər polis əməkdaşlarının sayıqlığı nəticəsində saxlanılıb və müvafiq qaydada məsuliyyətə cəlb edilib. Təəssüflər olsun ki, bəzi vətəndaşlar hələ də anlamır ki, işğaldan azad edilmiş ərazilərə qeyri-qanuni yollarla səfər etmək onların həyatı üçün təhlükəlidir. Dövlətimiz belə səfərlərin qarşısını almaqla məhz vətəndaşların həyatını qorumağa çalışır. Vətəndaşlarımız da bunu anlamalı, işğaldan azad edilmiş ərazilərə qeyri-qanuni səfərlərin onların həyatı üçün təhlükəli olduğunu və fəsadlara səbəb ola biləcəyini dərk etməlidir. Hər bir vətəndaşın həyatı dövlətimiz üçün qiymətlidir və işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi istiqamətində atılan hər bir addım da məhz vətəndaşlarımızın təhlükəsizliyinə hesablanıb”, - deyə Cəlil Xəlilov qeyd edib.
Polkovnik vurğulayıb ki, aprelin 4-ü Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü kimi qeyd olunur. Fürsətdən istifadə edərək, Azərbaycanın minalardan əziyyət çəkən ölkə olaraq narahatlığını bir daha dünya ictimaiyyətinə çatdırmağı lazım bilirik. 2005-ci ildə BMT Baş Məclisində elan edilən Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü BMT və beynəlxalq təşkilatların köməyi ilə dövlətlər tərəfindən mina və digər müharibə qalıqlarının təsirinə məruz qalmış ölkələrdə inkişaf və tərəqqiyə ciddi maneə olan, insanların yaşayış şəraiti, sağlamlıq və həyatı üçün təhlükəli olan mina probleminə qarşı mübarizənin daim davam etdirilməsinə çağırır. Hazırda belə bir problemlə üz-üzə qalan Azərbaycan beynəlxalq təşkilatların müvafiq köməyini gözləməkdə tam haqlıdır.

AZƏRTAC

Published in Müsahibələr

Vətən müharibəsində şəhidlərimiz, yaralılarımız olub. Yaralı hərbçilərin tezliklə sağalması üçün əlimizdən gələni edirik. Döyüşlərin davam etdiyi dövrlərdə qoşunlarımız irəlilədikcə işğaldan azad edilən ərazilərdə mobil hospitallar yaradılıb, yaralılara müvafiq tibbi yardım göstərilib. İxtisaslı müalicəyə ehtiyacı olanlar isə Baş Klinik Hospitala köçürülüb.

AZƏRTAC xəbər verir, bu barədə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti polkovniki Firuddin Nəbiyev Silahlı Qüvvələrin Baş Klinik Hospitalında hərbi həkimlərin Vətən müharibəsi dövründə və işğaldan azad edilmiş ərazilərdə hazırkı fəaliyyəti ilə bağlı keçirilən brifinqdə deyib.

F.Nəbiyev qeyd edib ki, müharibə dövründə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə (TƏBİB) də sıx əməkdaşlıq etdik, ərazilərdə yerləşən xəstəxanaların, o cümlədən özəl klinikaların həkimləri hərbçilərimizin müalicəsinə yaxından dəstək göstərdilər.

Bildirilib ki, Vətən müharibəsində yaralanan qazilərdən 59-nun müalicəsi hazırda davam etdirilir. Həmin qazilər Baş Klinik Hospitalında və Bilgəhdəki hospitalda müalicə alırlar.

Məlumat verilib ki, müalicəsi başa çatan 200-ə yaxın hərbi qulluqçunun sənədləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib və onlara sosial müavinət təyin olunub. Hazırda tərxis olunmayan, ev şəraitində müalicə almaq istəyən qazilərin bəzilərinə məzuniyyət verilib. Məzuniyyətdə olduqları dövrdə də onların tibbi təminatı hospital tərəfindən həyata keçirilir. Yüksək rütbəli zabitlərin, gizirlərin, habelə müəyyən səbəblərə görə tərxisə buraxılmış zabitlərin tibbi təminatı da bizim üzərimizə düşür.

Qazilərin hospitallarda müalicəsinin daha məqsədəuyğun olduğunu vurğulayan polkovnik qeyd edib ki, hazırda orduda tibbi təminat və dərmanlarla təchizatla bağlı hər hansı problem yoxdur. Bütün hərbi qulluqçuların müalicəsi ciddi nəzarətdə saxlanılır.

Qazilərin xaricdə və ölkəmizdəki klinikalarda müalicəsi məsələsinə toxunan Firuddin Nəbiyev bildirib ki, “YAŞAT” Fondu bu istiqamətdə lazımi tədbirlər görür. Fondun dəvəti ilə Türkiyədən gələn həkimlər müalicə prosesində iştirak edir, yaxud müalicə üçün xaricə göndərilməli olan qazilər müəyyənləşdirilir. İndiyədək 54 qazi Türkiyəyə müalicəyə göndərilib, onlardan 4-ü sağalaraq geri qayıdıb. Bununla bağlı işlər hazırda da davam etdirilir.

Brifinqdən sonra jurnalistlər hospitalda qazilərin reabilitasiya prosesi ilə tanış olub, onlarla söhbət ediblər. Müalicə olunan hərbi qulluqçular onlara göstərilən diqqət və qayğıdan, eləcə də yaradılan şəraitdən razılıqlarını bildiriblər.

AZƏRTAC

Published in Digər xəbərlər

Vətən müharibəsində şəhidlərimiz, yaralılarımız olub. Yaralı hərbçilərin tezliklə sağalması üçün əlimizdən gələni edirik. Döyüşlərin davam etdiyi dövrlərdə qoşunlarımız irəlilədikcə işğaldan azad edilən ərazilərdə mobil hospitallar yaradılıb, yaralılara müvafiq tibbi yardım göstərilib. İxtisaslı müalicəyə ehtiyacı olanlar isə Baş Klinik Hospitala köçürülüb.

AZƏRTAC xəbər verir, bu barədə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti polkovniki Firuddin Nəbiyev Silahlı Qüvvələrin Baş Klinik Hospitalında hərbi həkimlərin Vətən müharibəsi dövründə və işğaldan azad edilmiş ərazilərdə hazırkı fəaliyyəti ilə bağlı keçirilən brifinqdə deyib.

F.Nəbiyev qeyd edib ki, müharibə dövründə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə (TƏBİB) də sıx əməkdaşlıq etdik, ərazilərdə yerləşən xəstəxanaların, o cümlədən özəl klinikaların həkimləri hərbçilərimizin müalicəsinə yaxından dəstək göstərdilər.

Bildirilib ki, Vətən müharibəsində yaralanan qazilərdən 59-nun müalicəsi hazırda davam etdirilir. Həmin qazilər Baş Klinik Hospitalında və Bilgəhdəki hospitalda müalicə alırlar.

Məlumat verilib ki, müalicəsi başa çatan 200-ə yaxın hərbi qulluqçunun sənədləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib və onlara sosial müavinət təyin olunub. Hazırda tərxis olunmayan, ev şəraitində müalicə almaq istəyən qazilərin bəzilərinə məzuniyyət verilib. Məzuniyyətdə olduqları dövrdə də onların tibbi təminatı hospital tərəfindən həyata keçirilir. Yüksək rütbəli zabitlərin, gizirlərin, habelə müəyyən səbəblərə görə tərxisə buraxılmış zabitlərin tibbi təminatı da bizim üzərimizə düşür.

Qazilərin hospitallarda müalicəsinin daha məqsədəuyğun olduğunu vurğulayan polkovnik qeyd edib ki, hazırda orduda tibbi təminat və dərmanlarla təchizatla bağlı hər hansı problem yoxdur. Bütün hərbi qulluqçuların müalicəsi ciddi nəzarətdə saxlanılır.

Qazilərin xaricdə və ölkəmizdəki klinikalarda müalicəsi məsələsinə toxunan Firuddin Nəbiyev bildirib ki, “YAŞAT” Fondu bu istiqamətdə lazımi tədbirlər görür. Fondun dəvəti ilə Türkiyədən gələn həkimlər müalicə prosesində iştirak edir, yaxud müalicə üçün xaricə göndərilməli olan qazilər müəyyənləşdirilir. İndiyədək 54 qazi Türkiyəyə müalicəyə göndərilib, onlardan 4-ü sağalaraq geri qayıdıb. Bununla bağlı işlər hazırda da davam etdirilir.

Brifinqdən sonra jurnalistlər hospitalda qazilərin reabilitasiya prosesi ilə tanış olub, onlarla söhbət ediblər. Müalicə olunan hərbi qulluqçular onlara göstərilən diqqət və qayğıdan, eləcə də yaradılan şəraitdən razılıqlarını bildiriblər.

AZƏRTAC

Published in Digər xəbərlər

Slovakiya Xarici və Avropa Məsələləri üzrə Nazirliyi aprelin 1-də bu ölkənin parlamenti tərəfindən “Dağlıq Qarabağ” başlığı altında qəbul olunmuş qətnamə ilə əlaqədar açıqlama verib.

AZƏRTAC xəbər verir ki, aprelin 2-də nazirliyin sözçüsü Juraj Tomaqanın Slovakiya Mətbuat Agentliyinə açıqlamasına əsasən yerli mətbuatda yayılan məqalədə sözügedən qətnamənin ölkə parlamenti deputatlarının Dağlıq Qarabağdakı əlverişsiz humanitar vəziyyət və hər iki tərəfdən günahsız insanların əziyyət çəkməsi ilə bağlı narahatlığının təzahürü olduğu bildirilir.

Slovakiya XİN sözçüsünün “Biz bütün tərəfləri 2020-ci il 9 noyabr tarixli atəşkəs razılaşmasına ciddi əməl etməyə çağırırıq” fikrinin ifadə olunduğu məqalədə, həmçinin ölkənin xarici işlər naziri İvan Korçokun bu yaxınlarda Azərbaycana səfərinə istinad olunur. Belə ki, Slovakiya xarici işlər nazirinin Azərbaycana səfəri zamanı ölkə rəhbərliyi ilə danışıqlarda səsləndirdiyi “münaqişənin dayanıqlı həlli üçün yeganə çıxış yolunun BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə hörmət etmək olduğu” fikri qeyd edilir.

Məqalədə Slovakiya Xarici və Avropa Məsələləri Nazirliyinə istinadla vurğulanır ki, uzunmüddətli həll yolu üçün əsas şərt “bu etnik baxımdan mürəkkəb bölgədə bütün etnik qrupların dinc yanaşı yaşaması üçün şərait yaradılmasından” ibarətdir.

AZƏRTAC

Published in Dünya bu gün
Bazar, 04 Aprel 2021 09:52

CƏSUR KƏŞFİYYATÇI

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycan əsgərləri 44 günlük Vətən müharibəsində döyüş meydanında misilsiz qəhrəmanlıqlar nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirməklə 30 ilə yaxın işğal altında olan müqəddəs torpaqlarımızdan düşməni iti qovan kimi qovaraq xalqımıza möhtəşəm qələbə sevincini yaşatdılar. Ali Baş Komandanın bir çağırışı ilə respublikanın hər yerində olduğu kimi, Tovuz rayonunda da yüzlərlə gənc cəbhəyə yollanmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinə axışmışlar.

2020-ci ilin iyul ayında mənfur düşmənin Azərbaycanın dövlət sərhədini Tovuz rayonu ərazisində pozması cəhdi tovuzlu gənclərdə ermənilərə qarşı nifrəti daha da alovlandırmışdı. Vətən müharibəsinə könüllü gedən tovuzlu bir gənclə həmsöhbət olduq. Torpaqlarımızın azadlığı uğrunda gedən haqq savaşında şərəfli döyüş yolu keçmiş Məmmədov Adil Həsən oğlu 30 oktyabr 1997-ci ildə Tovuz rayonunun Alakol kəndində dünyaya göz açmışdır.

2004-2015-ci illərdə Alakol kənd 1 saylı tam orta məktəbdə təhsil almışdır. 2015-ci ildə həqiqi hərbi xidmətə getmiş, 2017-ci ildə hərbi xidməti başa vurmuşdur. Hərbi xidməti Goranboy rayonunun Tapqaraqoyunlu kəndində kəşfiyyat bölüyündə keçmişdir. Xidmət dövründə o, nümunəvi xidmətinə görə komandanlıq tərəfindən tərifnamə ilə təltif olunmuşdur.

Vətənpərvər gənc olan Adil torpaqlarımızın işğal altında olması ilə heç cür barışmırdı. 2020-ci ilin sentyabr ayının 27-də könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinə gəlmişdir. O, bir həftə Gəncə şəhərindəki “N” saylı hərbi hissədə təlim keçdikdən sonra Füzuli rayonuna, oradan isə xidmət etdiyi kəşfiyyat bölüyü ilə birlikdə Qubadlıya yollanmışdır. Onların bölüyü kəşfiyyat aparmaqla düşmənin yerləşdiyi nöqtələrin dəqiq koordinatını müəyyən etmək kimi məsuliyyətli işi həyata keçirmişlər.

Kəşfiyyat bölüyünün verdiyi dəqiq məlumata əsasən cəsur Azərbaycan əsgərlərinin sərrast atəşi nəticəsində çoxlu sayda düşmən məhv edilmişdir. Qazi Adil Məmmədovun dediyinə görə, Qubadlıda ermənilərin keçilməz qala saydıqları bir post olmuşdur. Kəşfiyyat bölüyünün şəxsi heyəti həmin postun dəqiq koordinatlarını müəyyən etmiş və məlumat vermişlər. Qeyd olunan postu cəsur Azərbaycan əsgərləri heç bir itki vermədən götürmüşlər. Qubadlı işğaldan azad olunduqdan sonra igid qazimiz döyüş yoldaşları ilə birlikdə Cəbrayıl rayonuna yollanmışlar. Bölüyün şəxsi heyəti bir az istirahət etmək üçün dayanmalı olmuşlar. Elə həmin an mənfur düşmən minomyotlardan bölüyü atəşə tutmuşdur. Çox təəssüflər olsun ki, həmin vaxt 1 nəfər döyüşçümüz şəhid olmuşdur. Adil döyüş yoldaşının qəlpə yarası aldığını gördükdə özünü ona sipər etmişdir ki, ona yenə də qəlpə dəyməsin. Qazi qeyd edir ki, ağır yaralanan Azərbaycan əsgərinin 3 azyaşlı övladı var. O, döyüş yoldaşının həyatda qalması üçün bu addımı atmışdır. Bəli, bu cür mərdlik yalnız yenilməz Azərbaycan əsgərinə məxsusdur. Çox heyf ki, güclü qanaxmadan onun əsgər yoldaşı əslən Ağstafa rayonundan olan igid döyüşçü şəhidlik zirvəsinə ucalmışdır. Adil Məmmədov çox çətinliklə şəhid olmuş yoldaşını döyüş meydanından çıxarmışdır.

Kəşfiyyat bölüyü 22 nəfər şəxsi heyətlə ermənilərin həmin hərbi hissəsinin arxa tərəfinə keçərək dəqiq koordinatını müəyyən etmişdir. Beləliklə, həmin hərbi hissə igid Azərbaycan əsgərləri tərəfindən darmadağın edilmişdir.  Bu əməliyyatda mənfur düşmən çoxlu sayda itki verərək geri çəkilmişdir.

Cəbrayıl rayonu işğaldan azad olduqdan sonra Adilgilin bölüyü Laçın rayonunun azad olunması uğrunda gedən hərbi əməliyyatlara qatılmışdır. 2020-ci il 21 oktyabr tarixdə Laçın rayonunun Güləbird kəndi uğrunda gedən şiddətli döyüşdə cəsur kəşfiyyatçı Adil Məmmədov ağır yaralanmışdır. Əsgər yoldaşları onu yaxınlıqdakı tibb məntəqələrinin birinə çatdırmışlar. İlkin tibbi yardım göstərildikdən sonra onu dərhal Bakı şəhərinə hərbi hospitala çatdırmaqla ölümün pəncəsindən xilas etmişlər. Qazimiz 2 ay Bakı şəhərində müalicə olunmuşdur.  Hazırda onun müalicəsi davam etdirilir. Qazi Adil Məmmədovun xidmətləri nəzərə alınaraq dövlət başçısı İlham Əliyevin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdur.

İgid qazimiz yaralanmasına heç də təəssüflənmir. Vətən uğrunda canından keçməyə həmişə hazır olduğunu fəxrlə söyləyir.

Orta məktəbdə Adilin müəllimi olmuş Sabir Məmmədov qazi haqqında yüksək fikir səsləndirərək bildirdi ki, Adil səmimi, dürüst, vətənpərvər bir gəncdir. Məktəb illərində o, hər kəslə mehriban rəftar edirdi. Həmişə torpaqlarımızın azadlığı uğrunda müharibə olacağı halda mütləq könüllü orduya yollanacağını söyləyirdi. Sabir müəllim qeyd etdi ki, məktəbimizin məzunu qazi Adil Məmmədovla bütün kənd camaatı fəxr edir. Adil Məmmədov və ailə üzvləri Tovuz rayon rəhbərlinin ona hər an maddi və mənəvi dəstək göstərdiyini  və bunu Azərbaycan dövlətinin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirdi.

 

Vəli VƏLİYEV,

“Respublika”.

Published in Region
Bazar, 04 Aprel 2021 09:52

Qələbə bizim haqqımız idi

Ötən il Ali Baş Komandan “Qələbə” sözünü qızıl hərflərlə tariximizə yazdı. Onun apardığı siyasət, atdığı diplomatik addımlar, siyasi iradəsi, əzmkarlığı nəticənin əldə edilməsində müstəsna rol oynadı. Dünyaya qarşı təkbaşına mübarizə apardı. Bütün təzyiqlərə tab gətirdi. Qalibiyyət qazanandan sonra bütün dünya deyir ki, Azərbaycan ən müasir müharibə apardı və 44 gün ərzində möhtəşəm hərbi güc nümayiş etdirdi. Ordumuz illərlə təlim aldı, gücləndi, ən müasir silahlarla təchiz olundu. Nəticədə, Ali Baş Komandanın əmri, ordunun və xalqın ölkə başçısına inamı tarixi qələbəni təmin etdi. Bu gün dünya siyasətçiləri İlham Əliyevin mükəmməl siyasi lider, strateq olmasından bəhs edir. Xarici siyasəti necə məharətlə həyata keçirməsindən söz açır.

 

Vətən müharibəsi bizə bir daha sübut etdi ki, cənab Prezident xalqını sevən, ölkəsinin rifahı, inkişafı üçün çalışan liderdir. Cənab Prezident üçün bu il heç də asan keçmədi. Bir tərəfdən koronavirusun yaratdığı çətinliklər, bir tərəfdən dünya iqtisadiyyatında baş verən çətinliklərin Azərbaycana təsir etməməsi üçün görülən işlər, digər tərəfdən dünyanın ən şərəfsiz düşməni ilə müharibə etmək 30 ilə yaxın bir müddət idi ki, torpaqlarımız işğal altında idi. Bu işğal bizim gözümüzü kölgəli, başımızı aşağı etmişdi. Vur-tut iki milyon olan ermənilərin torpaqlarımızı işğal etməsi bizim yaralı yerimiz idi. Əslində onların gücü hardaydı ki, bizim müqəddəs torpaqlarımızı işğal da edəydilər, əgər onların arxasında dayanan olmasaydı.

1988-ci ildən başlayan savaş 2020-ci ildə bizim qələbəmizlə yekunlaşdı. Möhtərəm Prezidentimizin uzaqgörən xarici və daxili siyasəti, iradəsi və əzmi sayəsində torpaqlarımız 44 gün ərzində işğaldan azad olundu. Dünyaya özlərini məğlubedilməz kimi göstərən mənfur ermənilərin yaratdığı mif darmadağın oldu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz düşməni darmadağın edərək torpaqlarımızı azad etdi və dünyaya Azərbaycan xalqının, Azərbaycan Ordusunun gücünü, xalq, Prezident və ordu birliyinin necə möhkəm olmasını sübut etdi. Biz bilirik ki, torpaq su ilə qarışanda palçıq, qan ilə qarışanda Vətən olur. Bizim qəhrəman əsgərlərimiz bunu bir daha sübut etdi. Onlar öz canları və qanları bahasına torpaqlarımızı azad etdilər. Azərbaycan xalqının milli ruhunu, qeyrətini geri qaytardılar.

10 NOYABR. Bu tarix əbədiyyətə qədər yaddaşlara, tarixə qızıl hərflərlə yazıldı. Həmin gün tarix yazan, Qarabağı 44 gün içərisində işğaldan azad edən, dövlət rəhbərimiz cənab İlham Heydər oğlu Əliyev QARABAĞIN İŞĞALDAN azad edildiyini böyük sevinc içərisində vurğuladı. On milyon Azərbaycan xalqı sevinc göz yaşlarını tuta bilmədi, şəhid anaları ağladı, şəhid ataları ağladı, şəhid bacıları, qardaşları və ümumiyyətlə hər kəs sevincdən ağladı. Çünki həmin gün Şəhidlərimizin qisası alınmışdı. Bu gün biz Azərbaycanın ən qürurlu günlərini yaşayırıq. Həmişə deyərdik ki, əgər müharibə başlasa, qısa müddətdə bu problemi həll edəcəyik, düşməni darmadağın edəcəyik. Elə də oldu. Cəmi 44 gün bəs elədi ki, biz düşməni məğlub etdik və haqq öz yerini tapdı.

Bu Qələbəni bizə yaşatdığı üçün göstərdiyi şücaətə, möhtəşəm iradə və mübarizəyə görə möhtərəm Prezidentimizə minnətdarıq! Şuşa bizim gözümüz, bizim canımızdır. Onun rəhbərliyi altında gözəl və şərəfli günlər bizi gözləyir. Bir Millət olaraq sona qədər Prezidentimizin arxasındayıq. Allah Ordumuzu və millətimizi qorusun! Ordumuzun torpaqlarımızın işğaldan azadlığı uğrunda apardığı mübarizədə hər gün eşitdiyimiz yeni zəfər, yeni uğur, yeni qələbə sevincini Uca Allahın yardımı ilə xalqımıza bəxş etdiyi üçün müzəffər Ali Baş Komandana minnətdarlığımızı bildirirəm. Haqq yolunda aparılan mübarizəmizdə Ali Baş Komandan olaraq ona güvəndik. Bu günlərdə yaşadığımız zəfər coşqusu bizlərə hər an sevinc göz yaşları, sevincdən doğan qəhər bəxş edir. Bu gün hər bir Azərbaycan vətəndaşı Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın qələbəsi ilə başa çatması sevincini yaşayır. Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, Dünya Azərbaycanlıları! Qoy Uca Tanrı Prezidentimizi, Ordumuzu, xalqımızı, Vətənimizi qorusun! Bir Vətənimiz var - Azərbaycan. Bir şüarımız var - Qarabağ Azərbaycandır! Eşq olsun əbədi və müdrik PREZİDENTİMİZƏ!!!

 

Allahverən ŞƏRİFOV,

Əmək veteranı

(Zəngəzur mahalı,

Qafan rayonu).

Published in Digər xəbərlər
1 -dən səhifə 2