XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Şənbə, 03 Aprel 2021

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Türkiyə Respublikasının ticarət naziri xanım Ruhsar Pekcanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Ruhsar Pekcan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev də Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.

Türkiyədə Azərbaycanın uğurlarından qürur duyulduğunu deyən Ruhsar Pekcan Vətən müharibəsi zamanı türk xalqının Azərbaycandakı hadisələri və Prezident İlham Əliyevin fəaliyyətini yaxından izlədiyini, qazanılan uğurlara sevindiklərini bildirdi.

Prezident İlham Əliyev Türkiyə xalqının dəstəyini hər zaman hiss etdiyini və Vətən müharibəsində də Türkiyə ictimaiyyətinin Azərbaycanın yanında olduğunu vurğuladı. Dövlətimizin başçısı müharibənin ilk günündən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi önəmli bəyanatları yüksək qiymətləndirdi. Prezident İlham Əliyev Vətən müharibəsində Türkiyə mətbuatının fəaliyyətinə toxundu, müharibə ilə bağlı məlumatların dünyaya yayılmasında onun xüsusi rolunu yüksək qiymətləndirdi.

Həm müharibə zamanı, həm də sonrakı dövrdə Türkiyə ictimaiyyətindən çoxlu dəstək məktubları aldığını deyən dövlətimizin başçısı bunun birliyimizin növbəti təzahürü olduğunu bildirdi.

 

 

AZƏRTAC

Published in Siyasət

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, N 4 (I kitab), maddə 250, N 5, maddə 323; 2002, N 12, maddə 709; 2003, N 8, maddə 420; 2004, N 3, maddə 123, N 5, maddə 318, N 6, maddə 415, N 10, maddə 761, N 11, maddə 901; 2005, N 2, maddə 61, N 6, maddə 466, N 8, maddələr 684, 692, 693, N 11, maddə 996, N 12, maddə 1085; 2006, N 2, maddə 68, N 3, maddə 225, N 5, maddə 387, N 6, maddə 478, N 8, maddə 657, N 12, maddə 1005; 2007, N 2, maddə 80, N 6, maddə 560, N 8, maddə 745, N 10, maddə 937, N 11, maddə 1053, N 12, maddələr 1215, 1219; 2008, N 3, maddə 145, N 6, maddə 456, N 7, maddə 602, N 12, maddə 1049; 2009, N 2, maddə 47, N 5, maddə 295, N 6, maddə 404, N 7, maddə 517; 2010, N 2, maddə 75, N 3, maddə 171, N 4, maddələr 265, 266, 276; 2011, N 2, maddə 71, N 7, maddə 586, N 8, maddə 750, N 12, maddələr 1073, 1102; 2012, N 1, maddə 5, N 5, maddə 403, N 6, maddə 498; 2013, N 1, maddə 15, N 6, maddə 620, N 11, maddə 1280, N 12, maddələr 1469, 1478; 2014, N 2, maddə 96, N 7, maddə 768; 2015, N 3, maddə 254, N 5, maddə 512, N 7, maddə 814, N 10, maddə 1093; 2016, N 1, maddə 26, N 2 (I kitab), maddələr 186, 204, N 3, maddə 401, N 4, maddələr 640, 646, N 6, maddə 1005, N 7, maddə 1248, N 12, maddələr 1998, 2018; 2017, N 2, maddələr 151, 153, N 5, maddələr 703, 735, N 6, maddə 1035, N 11, maddə 1953, N 12 (I kitab), maddələr 2210, 2234, 2239; 2018, N 2, maddə 142, N 4, maddə 650, N 5, maddələr 845, 851, N 11, maddə 2212, N 12 (I kitab), maddələr 2467, 2518, 2526, 2533; 2019, N 1, maddələr 23, 50, N 5, maddələr 806, 812, 814, N 6, maddələr 994, 996, N 7, maddə 1202, N 8, maddə 1369, N 11, maddə 1681, N 12, maddə 1908; 2020, N 5, maddə 515, N 7, maddələr 822, 832, 839, 843; Azərbaycan Respublikasının 2020-ci il 20 noyabr tarixli 198-VIQD nömrəli, 18 dekabr tarixli 214-VIQD nömrəli və 22 dekabr tarixli 230-VIQD nömrəli qanunları) 14.2.1-ci maddəsinə birinci halda “müqavilələr” sözündən sonra “(əmək müqavilələri istisna olmaqla)” sözləri əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 23 fevral 2021-ci il.

Published in Qanun

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Əhməd Cuma oğlu Əhmədzadə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 2 aprel 2021-ci il.

Published in Sərəncam

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli 1673 nömrəli Sərəncamına uyğun olaraq, qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin icrasını təmin etmək məqsədilə qərara alıram:

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1. Qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi ilə əlaqədar “İnvestisiya müqaviləsi”nin, “Enerji alqı-satqı müqaviləsi”nin, “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi”nin, “Torpaq icarə müqaviləsi”nin, “Birbaşa razılaşma”ların və “Müstəqil mühəndis müqaviləsi”nin imzalanması ilə bağlı zəruri tədbirlər görsün;

2. Azərbaycan Respublikasının Hökuməti adından imzalanmış müvafiq müqavilələri təsdiq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə bu Sərəncamın 1-ci bəndində göstərilən “İnvestisiya müqaviləsi”ndə və “Enerji alqı-satqı müqaviləsi”ndə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin;

4. aidiyyəti qurumlarla birlikdə pilot layihənin həyata keçirildiyi ərazilərdə zəruri xarici və daxili infrastrukturun təkmilləşdirilməsi, günəş elektrik stansiyasının bu Sərəncamın 1-ci bəndində göstərilən “Enerji alqı-satqı müqaviləsi”nə və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi”nə uyğun olaraq, nəzərdə tutulan vaxtda və parametrlərlə ötürücü şəbəkəyə qoşulması, eyni zamanda, layihənin vaxtlı-vaxtında yerinə yetirilməsini təmin etmək üçün tələb olunan digər inzibati və texniki məsələlərin icrası istiqamətində müvafiq tədbirlər görülməsini təmin etsin;

5. Bakı şəhərinin və Abşeron rayonunun inzibati ərazilərində qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikiləcəyi ərazilər üzrə dövlət torpaqlarının icarəyə vermək hüququ ilə Azərbaycan Respublikası Energetika Nazirliyinin daimi istifadəsinə verilməsi üçün müvafiq tədbirlər görülməsini təmin etsin;

6. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 2 aprel 2021-ci il.

Published in Sərəncam

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “İnstagram” səhifəsində Aprel döyüşləri ilə bağlı paylaşım edib.

AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir:

“Aprel döyüşlərindən beş il keçir. Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Uca Tanrı hər zaman xalqımızı qorusun, doğma Azərbaycanımıza sülh, əmin-amanlıq və xoş günlər bəxş etsin!”.

AZƏRTAC

Published in Digər xəbərlər

Qarabağ uğrunda Aprel döyüşləri işğal edilmiş ərazilərin azad olunması məsələsinin həllində Azərbaycan Silahlı Qüvvələrinin artan imkanlarını nümayiş etdirdi.

AZƏRTAC xəbər verir ki, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko bu sözləri “Vestnik Kavkaza” informasiya agentliyinə müsahibəsində deyib.

Xatırladaq ki, 2016-cı il aprel ayının əvvəlində Qarabağda şiddətli döyüşlər gedib və bu döyüşlər tarixə Aprel müharibəsi kimi düşüb.  

Ekspert deyib: “Hərbi əməliyyatlar yetərincə qısa müddətdə dayandırıldı, lakin Aprel döyüşlərinin ilk uğuru sonradan artıq üstünlük təşkil edən bu meyilləri ifadə etdi: erməni ordusu strateji təşəbbüsü itirir, işğal etdiyi əraziləri əldə saxlaya bilmir, Azərbaycan Silahlı Qüvvələri isə döyüş təchizatı, yüksək mənəvi ruh və motivasiya sayəsində irəli getməyə hazırdır.

Onun fikrincə, Aprel hadisələri 2020-ci ildə baş verən böyük dəyişikliklərin müjdəçisi oldu və bu dəyişikliklərin yekunu Qarabağ müharibəsinin sona çatması, erməni silahlı qüvvələrinin kapitulyasiyası və işğal edilmiş Azərbaycan ərazilərinin azad olunması ilə nəticələndi. 2016-cı ilin Aprel döyüşlərini təhlil edərək münaqişə zonasında vəziyyətin nə dərəcədə dəyişməsi barədə, həmçinin əgər Ermənistan sülh danışıqlarını uzatmaqda və bu danışıqların imitasiyası ilə məşğul olmaqda davam edərsə, o halda nələr baş verəcəyi haqda mühakimə yürütmək olardı. 

“Nasionalnaya oborona” jurnalının baş redaktoru deyib: “Mənim fikrimcə, Azərbaycan 2016-cı il Aprel döyüşlərinin yekunlarına görə, xüsusi əməliyyatların gücünün, kəşfiyyat və zərbə növlü pilotsuz uçan aparatlardan istifadənin rolunun artırılmasının vacibliyi barədə düzgün nəticə çıxarmışdı. Bundan əlavə, zənnimcə, Aprel döyüşləri əvvəlki yanaşmaların köhnəlmiş olduğunu göstərdi. O vaxta qədər belə hesab olunurdu ki, qoşunların təmas xəttində işğalçı qüvvələrin mühəndis istehkamları dəfedilməzdir. Lakin məlum oldu ki, əslində, yeni taktiki yollardan və hərbi əməliyyatların aparılmasının yeni üsullarından istifadə etməklə onların öhdəsindən gəlmək mümkündür”.

Ekspert qeyd edib ki, o vaxt Azərbaycan öz ərazilərinin azad edilməsində daha irəli gedə bilərdi, lakin o vaxt ən əvvəl Qərb ölkələri tərəfindən, Azərbaycan Ordusunun irəliləməsini dayandırmaqdan ötrü misli görünməmiş səy göstərilirdi.

İqor Korotçenko sonda deyib: “İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanı əzmək üçün kənardan göstərilən bütün cəhdlər səmərəsiz oldu. Yəni Azərbaycan siyasi baxımdan da bundan müəyyən dərs götürdü və 2020-ci ilin payızında hərbi kampaniyanın əsas məsələləri həll edilənədək ona təzyiq göstərilməsinə imkan vermədi”.

 

AZƏRTAC

Published in Müsahibələr

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 2-də Türkiyə Respublikasının ticarət naziri Ruhsar Pekcan ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-Türkiyə iqtisadi-ticari əlaqələrinin genişləndirilməsi perspektivləri müzakirə olunub, iki ölkə arasında bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

 

 

AZƏRTAC

Published in Siyasət

Aprelin 2-də Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasının ticarət naziri xanım Ruhsar Pekcanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, sədr Sahibə Qafarova qonaqları səmimi salamlayaraq, bu səfərin iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə töhfə verəcəyinə inamını ifadə edib. Görüşdə Sahibə Qafarova bildirib ki, Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanla Türkiyə arasındakı əməkdaşlığın dünya siyasi münasibətlər sistemində alternativi yoxdur. Möhkəm təməl üzərində qurulmuş bu münasibətlər xalqlarımız arasında mövcud olan əsl qardaşlıq ruhuna söykənir. Azərbaycanla Türkiyə arasında imzalanmış sənədlər əməkdaşlığımızın möhkəm hüquqi bazasını təşkil edir.

Parlamentin sədri Azərbaycanın apardığı 44 günlük müharibə dövründə Türkiyənin qardaş ölkə olaraq Azərbaycanın yanında yer almasını, ölkəmizə siyasi və mənəvi dəstək göstərməsini xüsusi qeyd edib. Bildirilib ki, biz qardaş Türkiyənin bu dəstəyini yüksək qiymətləndiririk. Türkiyə Böyük Millət Məclisində təmsil olunan 4 siyasi partiyanı təmsil edən millət vəkillərinin Azərbaycanın haqq işinə açıq dəstək verməsi ölkə ictimaiyyəti tərəfindən məmnunluqla qarşılanıb. Vətən müharibəsi dönəmində Türkiyə parlamentinin müxtəlif səviyyəli nümayəndə heyətlərinin Azərbaycana səfərləri və erməni təcavüzünə məruz qalmış bölgələrdə vəziyyətlə yerində tanış olmaları ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, “bir millət, iki dövlət” ifadəsinin real həyatda təcəssümüdür.

Görüşdə bildirilib ki, iqtisadi sahədə də münasibətlərimiz yüksələn xətlə inkişaf etməkdədir. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi və qarşıya qoyulan hədəflər bu fikri söyləməyə əsas verir. Azərbaycanla Türkiyənin reallaşdırdığı neft, qaz və nəqliyyat layihələri ölkələrimizin bölgədəki rolunu daha da artırır.

Milli Məclisin sədri Sahibə Qafarova hər iki ölkənin parlamentində geniş tərkibli dostluq qruplarının fəaliyyət göstərməsinin əməkdaşlığımızın ümumi ruhuna uyğun olduğunu söyləyib. Qeyd edilib ki, deputatlarımızın müxtəlif platformalarda mütəmadi görüşləri tərəfləri maraqlandıran məsələlərin müzakirəsi baxımından çox önəmlidir.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Türkiyə Respublikasının ticarət naziri xanım Ruhsar Pekcan ölkəmizə səfərindən və burada keçirdikləri görüşlərdən məmnun qaldıqlarını söyləyib.

Qonaq böyük nümayəndə heyəti ilə ölkəmizdə səfərdə olduğunu,  başçılıq etdiyi sahə üzrə əlaqələrin daha da dərinləşdirilməsi üçün müvafiq danışıqlar aparıldığını deyib. Bildirilib ki, türk xalqı Azərbaycanın Vətən müharibəsində qazandığı zəfəri böyük coşqu ilə qarşılayıb.

Qeyd edilib ki, Türkiyə şirkətləri işğaldan azad olunmuş ərazilərdə bərpa işlərində yaxından iştirak etmək, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə investisiyalar yatırmaq niyyətindədirlər. Türkiyə strateji müttəfiq kimi hər zaman Azərbaycanın yanındadır və bundan sonra da qardaş Azərbaycan xalqına öz dəstəyini əsirgəməyəcək.

Görüşdə çıxış edən Milli Məclisin komitə sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, komitə sədri Tahir Mirkişili münasibətlərimizin bu günü və gələcək inkişaf perspektivləri barədə öz fikirlərini bildiriblər.

Qəbulda Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, deputat Mahir Abbaszadə, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral və digər rəsmi şəxslər iştirak ediblər.

 

 

AZƏRTAC

Published in Siyasət

Moskvadakı Beynəlxalq Hərbi Mərkəzdə MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası keçirilib.  

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edib.

İclas iştirakçıları xarici siyasi və humanitar sahələrdə əməkdaşlığın, təhlükəsizliklə bağlı qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinə yönəlmiş sənədlərin layihələrini müzakirə ediblər.

Nümayəndə heyətlərinin rəhbərləri məhdud tərkibdə Birlik formatında qarşılıqlı fəaliyyət və beynəlxalq gündəliyin aktual məsələlərinə dair fikir mübadiləsi aparıb, XİNŞ-nin növbəti iclasının tarixini və keçiriləcəyi yeri müəyyən ediblər. Həmin iclas 2021-ci il oktyabrın 14-də Minskdə, MDB Dövlət Başçıları Şurasının yubiley iclası ərəfəsində keçiriləcək.

1941-1945-ci illərin Böyük Vətən müharibəsinin başlanmasının 80 illiyi ilə əlaqədar Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin dövlət başçılarının MDB ölkələri xalqlarına və dünya ictimaiyyətinə müraciətinin layihəsi bəyənilib.

Geniş tərkibdə keçirilən iclasda 2020-ci ildə xarici siyasət idarələri arasında tərəfdaşlığın aktivləşdirilməsinə dair Fəaliyyət Proqramının yerinə yetirilməsinin gedişi məsələsinə baxılıb. Qeyd edilib ki, 2020-ci ildə Fəaliyyət Proqramının reallaşdırılması MDB çərçivəsində çoxşaxəli əməkdaşlığın inkişafına və qarşılıqlı siyasi-diplomatik fəaliyyətin möhkəmlənməsinə kömək edib. Tərəfdaşlar sənədin bir sıra mövqeləri üzrə irəliləyişə, ən aktual mövzular üzrə XİN-lərarası fəal dialoqu davam etdirməyə, aparıcı beynəlxalq məkanlarda qarşılıqlı fəaliyyət səylərini əlaqələndirməyə, əməkdaşlığın bu istiqamətində mövcud kadr potensialından daha tam istifadə etməyə nail olublar.

Xarici işlər nazirləri Birlik ölkələrinin xarici siyasət idarələri arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsi və inkişafı üçün Fəaliyyət Proqramının müddəalarından maksimum tam istifadə edilməsi üzrə işi davam etdirməyi qərara alıblar.

XİNŞ iclasının iştirakçıları 2020-ci ildə Birlik çərçivəsində çoxsəviyyəli XİN-lərarası məsləhətləşmələrin nəticələrini bəyəniblər. Məsləhətləşmələrin gündəliyinə yeni mövzular daxil edilməsinin aktuallığı, həmçinin bir fakt da qeyd edilib ki, aparılmış məsləhətləşmələrdə əsas diqqət Birlik ölkələrinin maraqlarının nəzərə alınmasının səmərəli təmin edilməsinə və beynəlxalq təşkilatlarda mümkün olan birgə fəaliyyətin razılaşdırılması, ümumi təşəbbüslərin inkişafına əngəl törədən problemlərin müzakirəsinə yönəldilib.

Xarici siyasət idarələrinin rəhbərləri MDB İcraiyyə Komitəsinə 2022-ci il üçün MDB çərçivəsində çoxsəviyyəli XİN-lərarası məsləhətləşmələr planının layihəsini müəyyən olunmuş qaydada MDB Xarici İşlər Nazirləri Şurasının iclasının müzakirəsinə təqdim etməyi tapşırıblar.

Layihələri XİNŞ tərəfindən bəyənilmiş iki sənəd baxılmaq üçün MDB Hökumət Başçıları Şurasına göndəriləcək. Həmin sənədlər geodeziya, xəritəçəkmə və Yerin məsafədən zondlaşdırılması sahəsində əməkdaşlıq və silahlı qüvvələrin zabitlərinin operativ-strateji hazırlığı sahəsində baza təşkilatının yaradılması barədədir.

İclasda Birlikdə qüvvədə olan strategiyaların - bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığın, beynəlxalq gənclər əməkdaşlığının, habelə turizm sahəsində əməkdaşlığın inkişafı strategiyalarının reallaşdırılmasına dair tədbirlərin ortamüddətli planları təsdiq edilib.

 

 

AZƏRTAC

Published in Siyasət

Aprelin 2-də Moskva şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev ilə görüşüb.  

XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazirlər Azərbaycan ilə Qırğızıstan arasında ikitərəfli münasibətlərin genişləndirilməsi və dərinləşdirilməsi üzrə fikir mübadiləsi aparıblar. Əməkdaşlıq münasibətlərinin inkişafı baxımından qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Nazirlər ikitərəfli iqtisadi münasibətlərin inkişafı perspektivlərini müzakirə edərək, bu xüsusda Azərbaycan ilə Qırğızıstan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının növbəti iclasının keçirilməsinin əhəmiyyətini qeyd ediblər.

Nazir Ceyhun Bayramov həmkarına 44 günlük Vətən Müharibəsinin nəticələri, bölgədə mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə əlaqədar həyata keçirilən tədbirlər barədə məlumat verib.

Tərəflər iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyətini bildiriblər.

Görüşdə, həmçinin Azərbaycan ilə Qırğızıstanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının davam etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

 

 

AZƏRTAC

Published in Siyasət
1 -dən səhifə 4