XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Cümə, 02 Aprel 2021

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı və “ASELSAN” şirkətinin idarə heyətinin rəhbəri və baş direktoru Haluk Görgünü qəbul edib.

AZƏRTAC xəbər verir ki, Selçuk Bayraktar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. O, Prezident İlham Əliyevi Vətən müharibəsindəki Qələbə münasibətilə təbrik etdi, şəhidlərimizin xatirəsini andı.

Rəcəb Tayyib Ərdoğanın salamlarına görə təşəkkürünü bildirən Prezident İlham Əliyev onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.

Dövlətimizin başçısı Vətən müharibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyə xalqının Azərbaycana dəstəyini xüsusi vurğuladı. Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının martın 31-də keçirilən Zirvə görüşündə Türkiyə Prezidentinin Azərbaycanı bu Qələbə münasibətilə bir daha təbrik etməsini yüksək qiymətləndirdi.

Türkiyənin müdafiə sənayesinin əldə etdiyi nailiyyətlərə toxunan Prezident İlham Əliyev Selçuk Bayraktarın bu uğurların önündə getdiyini vurğuladı, “Baykar” şirkətinin istehsal etdiyi məhsulların torpaqlarımızın azad olunması zamanı düşmən texnikasının məhv edilməsindəki rolunu qeyd etdi.

Dövlətimizin başçısı Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin gücləndirilməsinə, əməkdaşlığın inkişafına, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətindəki haqq işinə verdiyi töhfəyə görə Selçuk Bayraktarın “Qarabağ” ordeni ilə təltif edildiyini bildirdi və ordeni Selçuk Bayraktara təqdim etdi.

Bu yüksək mükafata görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Selçuk Bayraktar dedi: “Həqiqətən də bu, mənim üçün böyük bir qürur və şərəfdir”.

 

 

 

 

 

 

AZƏRTAC

Published in Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuku qəbul edib.

AZƏRTAC xəbər verir ki, Rusiya Hökuməti sədrinin müavinini salamlayan Prezident İlham Əliyev dedi:

- Sizi yenidən görməyimə şadam. Xoş gəlmisiniz. Üçtərəfli işçi qrupu çərçivəsində işlər uğurla gedir. Çox intensiv məsləhətləşmələr aparılır. Bu məsələ barədə mənə vaxtaşırı məruzə edirlər. Şadam ki, qəbul edilmiş qərarın düzgün olması təsdiqlənir, ən başlıcası, artıq konkret nəticə var.

Bildiyimə görə, artıq həm əyani, həm də videokonfrans formatında beş iclas keçirilib. Beləliklə, müzakirə üçün mövzu var və bu mövzu həm iqtisadi preferensiyalar, həm regional əməkdaşlıq, həm də bizim regionda təhlükəsizliyin və sülhün möhkəmlənməsi baxımından vacibdir. Xüsusən ona görə ki, münaqişədən sonrakı dövrdə vəziyyət bütövlükdə müsbət istiqamətdə inkişaf edir, eskalasiya riskləri minimaldır. Təbii ki, əməkdaşlıq elementləri nə qədər çox olsa, təhlükəsizlik və sabitlik də bir o qədər möhkəm olacaq. Ona görə də biz bu gün həmin məsələləri müzakirə edəcək, sonrakı addımlarımızı və fəaliyyətimizi planlaşdıracağıq. Bir daha xoş gəlmisiniz.

Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçuk dedi:

- Sağ olun, hörmətli İlham Heydər oğlu. Sizinlə görüşmək, regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə Baş nazirlərin müavinlərinin üçtərəfli işçi qrupu çərçivəsində aparılan işləri müzakirə etmək imkanına görə təşəkkürümü bildirmək istəyirəm. Siz qeyd etdiyiniz kimi, biz həm əyani, həm də videokonfrans rabitəsi rejimində beş dəfə görüşmüşük. Həqiqətən işimizdə müəyyən tərəqqi var və sıx əlaqəli şəkildə işləyirik. Biz həm Azərbaycan tərəfi, həm də Ermənistan tərəfi ilə daim əlaqədəyik. Həqiqətən burada çox yaxşı əlaqə yaradılıb.    

 

 

AZƏRTAC

Published in Siyasət

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, işğaldan azad edilmiş ərazilərdə hərbi prokurorluq orqanlarının fəaliyyətinin daha səmərəli təşkilini təmin etmək məqsədilə qərara alıram:

1. Aşağıdakı hərbi prokurorluqlar yaradılsın:

1.1. Qubadlı Hərbi Prokurorluğu;

1.2. Kəlbəcər Hərbi Prokurorluğu;

1.3. Qarabağ Hərbi Prokurorluğunun əsasında Ağdam Hərbi Prokurorluğu.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Qubadlı Hərbi Prokurorluğu, Kəlbəcər Hərbi Prokurorluğu və Ağdam Hərbi Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumların müvafiq olaraq Qubadlı, Kəlbəcər və Ağdam şəhərlərində bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi məqsədilə tədbirlər görsün;

2.2. bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində nəzərdə tutulmuş hərbi prokurorluqların yaradılması ilə əlaqədar Azərbaycan Respublikasının prokurorluq işçilərinin və prokurorluq orqanlarına işə götürülən digər işçilərin ştat sayı həddinin artırılmasına dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. Füzuli Hərbi Prokurorluğunun Füzuli şəhərində fəaliyyətinin təşkili üçün onun bina, avadanlıq, rabitə və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi məqsədilə tədbirlər görsün;

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 1 aprel 2021-ci il.

Published in Sərəncam

Aprelin 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Telefon söhbəti zamanı Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyət müzakirə olunub. Vəziyyətin bütövlükdə sabit olmasından, atəşkəs rejiminə dönmədən riayət edilməsindən məmnunluq ifadə edilib.

Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukun Bakıda apardığı danışıqlar nəzərə alınmaqla, Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının nizamlanması üzrə Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistan baş nazirinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarına müvafiq olaraq aparılan işlərin gedişi nəzərdən keçirilib. Bu kontekstdə üç ölkənin Baş nazirləri müavinlərinin həmsədrliyi ilə işçi qrupunun fəaliyyəti müsbət qiymətləndirilib.

İkitərəfli gündəlikdəki bir sıra aktual məsələlərə, o cümlədən koronavirus pandemiyasına qarşı mübarizədə əməkdaşlıq məsələlərinə toxunulub. Hər iki tərəfin Azərbaycan-Rusiya strateji tərəfdaşlığının möhkəmləndirilməsini, qarşılıqlı faydalı layihələrin inkişafını davam etdirmək əzmi təsdiqlənib. 

Əlaqələrin davam etdirilməsi barədə razılıq əldə edilib.

Published in Məlumat

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Dünya Bankının regional direktoru Sebastian Molineusu qəbul edib.

AZƏRTAC xəbər verir ki, Dünya Bankının regional direktorunu salamlayan Prezident İlham Əliyev dedi:

- Xoş gəlmisiniz, sizi görməyə çox şadam.

Sebastian Molineus: Mən də Sizi görməyə şadam. Nəhayət, Azərbaycana - Bakıya yenidən dönmək və Sizi görmək çox xoşdur.

Prezident İlham Əliyev: Sizi bir daha gördüyümə çox şadam. Bilirəm ki, sizin məşğul proqramınız var.

Sebastian Molineus:  Elədir ki, var. Təsəvvür edirəm ki, Sizin cədvəliniz mənimkindən daha çox məşğuldur. Odur ki, bizi qəbul etmək üçün vaxt ayırdığınıza görə Sizə təşəkkür edirəm.

Prezident İlham Əliyev: Gələcək əməkdaşlığımızla bağlı fikir mübadiləsi aparmaq, birgə addımlarımızı planlaşdırmaq üçün yaxşı fürsətdir. Çünki bu vaxta qədər əməkdaşlıq çox uğurlu olmuşdur. Mən elə indicə məlumata baxdım. Biz 47 layihə həyata keçirmişik və onların bəziləri hələ icra mərhələsindədir. Ümumi paket təxminən 4 milyard ABŞ dolları təşkil edir. Bizim inkişafımızın çox vacib sahələrinə, infrastruktura göstərdiyiniz dəstəyə görə sizə minnətdarlığımı ifadə etmək istəyirəm. Eləcə də, TANAP-ın maliyyələşdirilməsi ilə bağlı verdiyiniz dəstəyə görə sizə xüsusi təşəkkürümü bildirirəm. Bu da maliyyə baxımından, həm də digər maliyyə institutlarına müəyyən siqnalın verilməsi baxımından çox önəmli idi. Çox şadam ki, artıq layihənin açılışı olmuşdur. Cənub Qaz Dəhlizi tam olaraq 3 aydır ki, fəaliyyət göstərir və bu, yalnız başlanğıcdır. Əlbəttə ki, biz “Doing Business” proqramında mövqeyimizi yaxşılaşdırmağımızla çox fəxr edirik. Biz 191 ölkə arasında 28-ci mövqedəyik. Bu, bizim üçün həqiqətən də mühüm nailiyyətdir. Lakin əlbəttə ki, biz islahatları davam etdirəcəyik və mən əminəm ki, görüşümüzdə biz bunu müzakirə edəcəyik. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə yeni imkanlar var. Orada infrastrukturun inkişafına böyük ehtiyac var. Çünki bütün infrastruktur dağıdılmışdır və insanları qaytarmaq üçün biz, əlbəttə ki, minalardan təmizləmə işlərini, sonra isə yenidənqurma işlərini həyata keçirməliyik. İnfrastruktur layihələri olmadan məcburi köçkünləri və qaçqınları qaytarmaq mümkün olmayacaq. Odur ki, biz bu məsələlərdə də Dünya Bankı ilə əməkdaşlığa güvənirik.

Sebastian Molineus: Əvvəla, bizimlə görüşmək üçün vaxt ayırdığınıza görə çox sağ olun. İcazə verin, Sizi gec də olsa Novruz bayramı münasibətilə təbrik edim. Ümid edirəm ki, bayramı ailənizlə keçirmək imkanınız olub. Bir daha qeyd etmək istəyirəm ki, yenidən burada olduğuma görə çox böyük sevinc hissi keçirirəm. Pandemiyanın baş qaldırmasından bir il keçib və xoşbəxtlikdən biz geri qayıda bildik.

Prezident Əliyev, əvvəla, Sizə Azərbaycan üzrə yeni ölkə menecerimiz Sara Mayklzı təqdim etmək istəyirəm. Əlbəttə ki, Siz onu yaxşı tanıyırsınız. Sara ölkə üzrə yeni menecer olacaq. O, növbəti dörd ildə burada olacaq. Hesab edirəm ki, o, əla seçimdir, əgər belə deyə bilərəmsə. Siz bunu tezliklə görəcəksiniz. O, Azərbaycan Hökuməti və Dünya Bankı arasında əməkdaşlığı daha da təkmilləşdirmək üçün özü ilə bütün keyfiyyət və atributları gətirir.

Prezident İlham Əliyev: Sizə burada yaxşı vaxt keçirməyi arzulayıram.

***

Söhbət zamanı Dünya Bankının regional direktoru Sebastian Molineus Azərbaycanda iqtisadi sahədə gedən proseslərin və ölkəmizlə  əməkdaşlığın önəmini vurğuladı, Azərbaycan Prezidentinin islahatlar siyasətini yüksək qiymətləndirdi.

Görüşdə strateji istiqamətlərdə əlaqələrin və Dünya Bankı ilə  Azərbaycan arasında uğurlu əməkdaşlığın davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

 

 

AZƏRTAC

Published in Siyasət

Aprelin 1-də Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesusla videokonfrans formatında görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun sədri Hans Klüqe və təşkilatın digər rəhbər nümayəndələri iştirak ediblər.

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycanın təşkilata bütün sahələrdə, o cümlədən maliyyə sahəsində 10 milyon dollar dəyərində etdiyi yardımı yüksək qiymətləndirərək ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatına siyasi və mənəvi dəstəyinin çox dəyərli olduğunu qeyd etdi.

Prezident İlham Əliyev pandemiya ilə mübarizə istiqamətində ölkəmizdə görülən işlərdən danışdı, bu sahədə Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfələri qeyd etdi. Ölkəmizin təşəbbüsü ilə BMT Baş Assambleyasının koronavirus xəstəliyi ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının, Türk Şurasının fövqəladə Zirvə görüşünün keçirildiyini bildirdi. Martın 21-də isə BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVİD-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul edildiyini vurğuladı.

Dövlətimizin başçısı dünyada pandemiyaya qarşı mübarizənin əhəmiyyətinə toxunaraq peyvənd millətçiliyi ilə bağlı ictimaiyyətə açıqlamalar verdiyini, bəzi ölkələrin tələb olunandan daha çox peyvənd sifariş etdiyini, bəzi ölkələrin isə ciddi problemlərlə üzləşdiyini bildirdi. Prezident İlham Əliyev peyvəndlərin ədalətli şəkildə bölüşdürülməsində müşahidə edilən ayrıseçkiliyin məyusluq yaratdığını diqqətə çatdırdı.

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus COVAX təşəbbüsü çərçivəsində ən qısa zamanda 84 min “AstraZeneca” peyvəndinin Azərbaycana göndəriləcəyini dedi. Prezident İlham Əliyev bununla bağlı təşəkkürünü bildirdi.

 

 

 

AZƏRTAC

Published in Siyasət

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qonaqları salamlayan müdafiə naziri iki ölkə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin inkişaf etdiyini və möhkəmləndiyini vurğulayıb. Dövlətlərimiz arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin dostluq münasibətlərinin mühüm rol oynadığını deyən general-polkovnik Z.Həsənov bu cür görüşlərin qarşılıqlı əməkdaşlığımızın genişləndirilməsi baxımından vacibliyini xüsusi vurğulayıb.

Bildirilib ki, Azərbaycan Ordusunun silahlanmasında olan “Baykar” şirkətinin istehsal etdiyi pilotsuz uçuş aparatları (PUA) hərbi potensialımızı əhəmiyyətli dərəcədə gücləndirib. Həmin PUA-ların Vətən müharibəsində effektiv tətbiqi nəticəsində düşmənə ciddi zərbə vurulub, onun xeyli sayda canlı qüvvəsi və döyüş texnikası məhv edilib.

Görüşdə tərəflər Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini də müzakirə ediblər.

 

 

 

 

AZƏRTAC

Published in Digər xəbərlər

Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Afiləedilmiş Azərbaycan Mərkəzinin (4SİM Afiləedilmiş Azərbaycan Mərkəzi) yaradılmasına dair Azərbaycan Respublikası Hökuməti ilə Dünya İqtisadi Forumu arasında razılaşma imzalanıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sənədi Dünya İqtisadi Forumunun prezidenti Borge Brende və Azərbaycan Hökuməti adından iqtisadiyyat naziri Mikayıl Cabbarov imzalayıblar.

Cari il aprelin 1-dən fəaliyyətə başlayan 4SİM Afiləedilmiş Azərbaycan Mərkəzinin yaradılmasının əsası 2020-ci il yanvarın 21-də İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında niyyət protokolunun imzalanması ilə qoyulub.

4SİM Afiləedilmiş Azərbaycan Mərkəzi MDB məkanında yaradılan ilk mərkəzdir. Mərkəzin funksiyalarını İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs həyata keçirəcək.

Qeyd edək ki, “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs Azərbaycan Prezidentinin 2021-ci il 6 yanvar tarixli Fərmanı ilə yaradılıb və əsas məqsədi Dördüncü Sənaye İnqilabının yaratdığı imkanlardan maksimum istifadə edilməsi, ölkəmizin bu sahədə qabaqcıl dövlətlər sırasında qərarlaşmasının təmin olunmasıdır. Bu baxımdan Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsi kimi aparıcı qurumla əməkdaşlıq uğurlu başlanğıc hesab edilə bilər.

Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsi 2017-ci ilin martında Dünya İqtisadi Forumu tərəfindən təşkil edilib.

Mütərəqqi texnologiyaların səbəb olduğu sürətli inkişafın tempinə uyğunlaşmaq üçün müştərək fəaliyyətə ehtiyac olduğu qənaətinə gələn Dünya İqtisadi Forumu tərəfdaşlar tərəfindən idarə edilən mərkəzlərin (afiləedilmiş mərkəzlər) təşkilinə başlayıb. Hazırda Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin 13 mərkəzi var. Bunlardan 9-u Afiləedilmiş Mərkəz, 3-ü forum tərəfindən idarə olunan mərkəz və ABŞ-ın San-Fransisko şəhərində yerləşən mənzil-qərargahdır.

Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin əsas məqsədi yeni qabaqcıl texnologiyaların sürətli mənimsənilməsi və onların vətəndaşlara və ictimai marağa xidmət göstərməsi məqsədilə həmin texnologiyaların tətbiqi və idarə edilməsinin inkişafıdır.

 

AZƏRTAC

 

Published in Digər xəbərlər

Aprelin 1-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikası Müdafiə Sənayesi Komitəsinin sədr müavini Mustafa Murat Şekerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Türkiyə Müdafiə Sənayesi Komitəsi, Hərbi Hava Qüvvələri, “ASELSAN” və “HAVELSAN” şirkətlərinin rəhbər heyətini salamlayan müdafiə naziri ikitərəfli hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Nazir bildirib ki, Azərbaycan Ordusunun silahlanmasında olan Türkiyə müdafiə sənayesi şirkətlərinin istehsal etdiyi silah və döyüş texnikası, həmçinin hərbi təyinatlı digər məhsullar ordumuzun döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırıb. Həmin döyüş vasitələrinin Vətən müharibəsində effektiv tətbiqi nəticəsində düşmənə ciddi zərbə vurulub.

General-polkovnik Zakir Həsənov belə görüşlərin hərbi-texniki əməkdaşlığımızın genişləndirilməsi baxımından vacibliyini xüsusi vurğulayıb.

Vətən müharibəsində şəhid olanların yaxınları və əzizlərinə başsağlığı verən qonaqlar Azərbaycan əsgəri ilə qürur duyduqlarını və Azərbaycanın hərbi potensialının artırılması istiqamətində həyata keçiriləcək birgə fəaliyyətləri xüsusi qeyd edib.

Görüşdə Azərbaycan Ordusunun ən müasir elektron texnologiyalar ilə təchiz edilməsi, rabitə sistemləri imkanlarının genişləndirilməsi, eləcə də mövcud əməkdaşlığın hazırkı vəziyyəti, inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

 

 

 

AZƏRTAC

Published in Digər xəbərlər

Rusiya XİN-in başçısı Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla ayrılıqda ikitərəfli görüşlər keçirəcək.

AZƏRTAC xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərə bu barədə məlumatı Moskvada brifinqdə elan edib.

Onun sözlərinə görə, görüşlər MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçiriləcək. Nazirlər danışıqlarda ikitərəfli əməkdaşlıq məsələlərini, Dağlıq Qarabağdakı vəziyyəti, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin ötən il 10 noyabr və cari il 11 yanvar tarixli bəyanatlarının icrası prosesini, həmçinin bir sıra regional və beynəlxalq məsələləri müzakirə etmək niyyətindədirlər.

Rusiya XİN-in rəsmi nümayəndəsi əlavə edib ki, danışıqların yekunlarına görə KİV-lər üçün məlumat dərc ediləcək.

 

AZƏRTAC

Published in Digər xəbərlər
1 -dən səhifə 3