XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Bazar, 07 Fevral 2021

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” 2017-ci il 15 may tarixli 1388 nömrəli, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Kolumbiya Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında” 2017-ci il 7 avqust tarixli 1577 nömrəli, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1694 nömrəli və “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Türkmənistanın Turizm üzrə Dövlət Komitəsi arasında turizm sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” 2017-ci il 29 noyabr tarixli 1698 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 may tarixli 1388 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, N 5, maddə 792) 2-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın.

2. “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Kolumbiya Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 avqust tarixli 1577 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, N 8, maddə 1524) 2-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın.

3. “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1694 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, N 11, maddə 2033) 2-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın.

4. “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Türkmənistanın Turizm üzrə Dövlət Komitəsi arasında turizm sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1698 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, N 11, maddə 2037) 2-ci hissəsində “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 29 yanvar 2021-ci il.

Published in Fərman

Azərbaycan Respublikası Prezidentinin “Qeyri-dövlət mülkiyyətində olan xüsusi əhəmiyyətli mədəniyyət sərvətlərinin satılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2003-cü il 23 oktyabr tarixli 944 nömrəli, “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli 4 nömrəli, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2004-cü il 29 yanvar tarixli 16 nömrəli, “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2004-cü il 23 aprel tarixli 56 nömrəli, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2005-ci il 28 dekabr tarixli 344 nömrəli, “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər barədə” 2006-cı il 1 sentyabr tarixli 456 nömrəli və “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2007-ci il 6 fevral tarixli 529 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 944 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, N 10, maddə 549; 2006, N 9, maddə 743) ilə təsdiq edilmiş “Qeyri-dövlət mülkiyyətində olan xüsusi əhəmiyyətli mədəniyyət sərvətlərinin satılması Qaydası”nın 2-ci və 6-cı hissələrindən “və Turizm” sözləri çıxarılsın.

2. “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 noyabr tarixli 4 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, N 11, maddə 634; 2006, N 9, maddə 743; 2014, N 5, maddə 477; 2016, N 8, maddə 1384) 2-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, N 1, maddə 22; 2005, N 10, maddə 910; 2008, N 11, maddə 970; 2009, N 2, maddə 59, N 7, maddə 532, N 12, maddə 983; 2010, N 11, maddə 964; 2011, N 2, maddə 85, N 6, maddə 493; 2015, N 9, maddə 986; 2018, N 5, maddə 924; 2020, N 5, maddə 702) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”nin 8.8-3-cü bəndindən “və Turizm” sözləri çıxarılsın.

4. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 aprel tarixli 56 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, N 4, maddə 236; 2006, N 9, maddə 743) 2.1-ci bəndi ləğv edilsin.

5. “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli 344 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, N 12, maddə 1113; 2006, N 9, maddə 743) 1.1-ci bəndindən “və Turizm” sözləri çıxarılsın.

6. “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 1 sentyabr tarixli 456 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, N 9, maddə 734; 2009, N 4, maddə 226; 2014, N 5, maddə 477; 2016, N 8, maddə 1384, N 9, maddə 1464; 2017, N 4, maddə 536) 1.3-cü bəndindən “və Turizm” sözləri çıxarılsın və həmin bəndə “və yerli” sözlərindən əvvəl “, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi” sözləri əlavə edilsin.

7. “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 529 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, N 2, maddə 95) 2.2-ci bəndindən “və Turizm” sözləri çıxarılsın.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 29 yanvar 2021-ci il.

Published in Fərman

Azərbaycan Prezidenti İlham Əliyevin təlimatına uyğun olaraq səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri fevralın 6-da işğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərin məqsədi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın qədim yurd yerlərində törətdiyi vəhşiliklər və cinayət izləri ilə tanış olmaqdan ibarət idi.
Diplomatik korpusun nümayəndələrini Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və digər rəsmi şəxslər müşayiət ediblər.
Səfirlər və hərbi attaşelər əvvəlcə Cocuq Mərcanlıda olublar. Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, 2016-cı ilin Aprel döyüşlərindən sonra Cocuq Mərcanlı ətrafında təhlükəsizlik təmin olunmuşdu. Kənd bundan əvvəl Azərbaycanın nəzarətində olsa da, Lələtəpə yüksəkliyi Ermənistan silahlı qüvvələrinin əlində olduğu üçün burada tikinti-quruculuq işləri aparmaq mümkün deyildi. Hətta diplomatik korpus nümayəndələri 2017-ci ilin fevralında bu kəndə səfər etmiş və tamamilə dağılmış kəndi gözləri ilə görmüşdülər.
“Azərbaycanın işğaldan azad olunmuş digər əraziləri də tamamilə dağıdılıb. Bu gün Cəbrayıl və Zəngilana səfərimiz zamanı həmin dağıntıları yenə də görəcəyik. Lakin gördüyünüz kimi, Cocuq Mərcanlı çox qısa müddətdə, yəni təxminən bir il ərzində yenidən quruldu. Bu, Azərbaycan xalqının Qayıdış əzminin rəmzinə çevrildi.
İşğaldan azad olunmuş digər ərazilərimizdə də Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş tapşırıqlara uyğun olaraq ardıcıl, planlı və məqsədyönlü şəkildə böyük quruculuq, tikinti işləri aparılacaq ki, bizim mülki insanlarımız 30 ildən artıqdır həsrətində olduqları doğma torpaqlarına qayıda bilsinlər”, - deyə Hikmət Hacıyev bildirib.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində düşmən atəşinə məruz qalan yaşayış yerlərimizdən biri də Cəbrayılın Cocuq Mərcanlı kəndidir. Ermənistan ordusunun kəndə atdığı raket və mərmilərin dağıtdığı 45 evdə tikinti-bərpa işləri davam edir.
Azərbaycanda fəaliyyət göstərən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Cocuq Mərcanlı ilə tanışlıqdan sonra Cəbrayıl şəhərinə gəliblər.
Diplomatik korpus nümayəndələri Cəbrayıl şəhərindəki dağıdılmış qəbiristanlığa və erməni vəhşiliyinə məruz qalmış digər ərazilərə baxıblar.
Dünya şöhrətli fotoqraf Reza Deqati Cəbrayıl şəhərində diplomatik korpus nümayəndələrinə işğaldan azad olunmuş ərazilərdə çəkdiyi şəkilləri göstərərək deyib: “Görürsünüz ki, Cəbrayıl şəhəri tamamilə dağıdılıb. Bir dənə də bina salamat qalmayıb. Bəziləriniz artıq Ağdam və Füzulidə olmusunuz. Ağdam demək olar ki, şumlanıb. Ağdam, Füzuli, Zəngilan və Şuşada olduğu kimi, Cəbrayılda da məzarlıqlar dağıdılıb. Siz burada məzardan çıxarılan yüzlərlə insan sümüklərini görürsünüz. Onlar qəbirləri ekskavatorla qazaraq qızıl dişlər axtarıblar. Məzarlıqların bu cür kütləvi şəkildə dağıdılması tarixboyu görünməyib. BMT-yə müraciət edirəm ki, bu məsələyə diqqət yetirsinlər”.
Reza Deqati qeyd edib ki, bir müddət öncə Kəlbəcərdə idi və orada minlərlə ağacın kəsildiyini görüb: “Kəsib aparıblar, apara bilmədiklərini isə yandırıb məhv ediblər. Bu, bir ekoloji faciədir”.
Cəbrayıl Mədəniyyət Evi ilə tanışlıq zamanı dağıntılar arasında uzun illərdən sonra ilk dəfə musiqi səsləndirilib. Azərbaycanlı musiqiçi dağıntılar arasında skripkada ifa edib.
Sonra diplomatik korpus nümayəndələri Xudafərin körpüsünə səfər ediblər.
Daha sonra səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Zəngilan rayonuna gəliblər.
Zəngilanda erməni barbarlığına şahidlik edən diplomatlar əvvəlcə şəhər məscidinə baxıblar. Ermənistan işğal olunmuş bütün ərazilərimizdəki digər məscidlər kimi bu məscidi də dağıdıb, təhqir edib. Prezidentin köməkçisi Hikmət Hacıyev diplomatlara bu barədə ətraflı məlumat verib.
Sonra Mincivan qəsəbəsinə gələn diplomatik korpusun nümayəndələrinə məlumat verilib ki, vaxtilə buradan Culfa-Horadiz-Sarıcalar-Osmanlı dəmir yolu xətti keçirdi. 1993-cü ildə Zəngilan rayonu Ermənistan tərəfindən işğal edildikdən sonra Mincivan dəmir yolu stansiyası da fəaliyyətini dayandırıb. Sonradan ermənilər tərəfindən tamamilə dağıdılıb.
Diqqətə çatdırılıb ki, ermənipərəst, anti-Azərbaycan, islamofob dairələr mənfur Ermənistanın bizim torpaqlarımızı işğal edərək bütün infrastrukturu və tarixi, dini-mədəni abidələri dağıtmasına göz yumurlar. Cəbrayıl və Zəngilanda bir dənə də olsun salamat bina qalmayıb. Ermənistan rəhbərliyi və onun havadarları uzun illər bunu gizlədirdilər. İşğal zamanı bu bölgələrdə olan beynəlxalq təşkilatların nümayəndələri də həmin faktın üstünü örtürdülər. Əslində isə bu talançılıq, vəhşilik bütün dünyaya çatdırılmalıdır və hazırda bu mənzərə bütün dünyaya təqdim edilir.
Media və diplomatik korpus nümayəndələrinin bu səfərlərində məqsəd də ondan ibarətdir ki, hər kəs erməni barbarlığını görsün. Azərbaycan təkcə öz ərazi bütövlüyünü bərpa etməyib, eyni zamanda, erməni faşizmini məhv edib. Bu baxımdan Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Qələbə nəinki bölgə üçün, dünya üçün də çox böyük əhəmiyyət daşıyır.

 

 

 

AZƏRTAC

Published in Siyasət

Cəbrayıl və Zəngilana səfərin təşkilində məqsəd Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən törədilmiş vəhşiliyi, vandalizmi diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələrinin şəxsən görmələri üçün şərait yaratmaqdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələrinin Xudafərin körpüsünə səfəri zamanı jurnalistlərə açıqlamasında söyləyib.

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan özünü sivil dövlət adlandırır və sivil siyasət yürütdüyünü söyləyirdi: “Bu dağıntılar isə Ermənistanın əsl mahiyyətini göstərir. Bu işğal siyasəti müstəmləkəçilik siyasəti ilə müqayisə olunacaq bir vəhşilikdir. Hər yer tamamilə dağıdılıb, məhv edilib. Azərbaycan xalqına aid nə var idisə dağıdılıb. Bizimlə bu səfərdə müharibə müxbiri və fotoqrafı kimi dünyanın müxtəlif bölgələrində çalışmış mütəxəssislər də iştirak edirlər. Hətta dünyanın hər hansı başqa münaqişə zonasında qəbiristanlıqların dağıdılması hallarına çox nadir rast gəlinir. Görün bu, vandalizmin hansı dərəcisidir ki, qəbirlər, qəbir daşları, hətta qəbirin içindəki sümüklər belə dağıdılıb. Biz Cəbrayılda bunun bir daha şahidi olduq”.

AZƏRTAC

Published in Müsahibələr

Azərbaycanın işğaldan azad etdiyi digər rayonlarında olduğu kimi, Cəbrayılda da eyni mənzərənin şahidi olduq. Bu ərazilərdəki dağıntılardan ibrət götürmək lazımdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Ermənistan tərəfindən yerlə-yeksan edilmiş Cəbrayıl şəhərində jurnalistlərə açıqlamasında deyib.

“Şəhəri yerlə bir etdiklərini, bütün abidələri, o cümlədən mədəniyyət abidələrini dağıtdıqlarını gördük. Hətta məzarları soyduqlarının, insan sümüklərinin ətrafa səpələndiyinin şahidi olduq. Bunlar insanlıqdan kənardır, əsl vəhşilikdir. Bütün bunların hesabı mütləq verilməlidir”, - deyə Erkan Özoral qeyd edib.

AZƏRTAC

Published in Müsahibələr

Cəbrayılda gördüyümüz mənzərə dəhşətli idi. Məzarları qazıb, cəsədləri çıxarıblar. Bu, çox üzücü və insanlıqdan kənar bir əməldir. Mən dağıdılmış məzarları görəndə göz yaşlarımı saxlaya bilmədim.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Cəbrayılda jurnalistlərə müsahibəsində Əfqanıstanın Azərbaycandakı səfiri Amanullah Ceyhun deyib. 

Belə bir səfərin təşkilinin önəmini qeyd edən səfir bu gözəl yerlərdə olmaqdan məmnunluq ifadə edib, təşkilatçılara minnətdarlığını bildirib.

“Səfər zamanı Xudafərin körpüsünü də gördük. Gözəl mənzərə idi. Bu səfərin həyata keçirilməsindən çox şadıq”, - deyə səfir qeyd edib.

AZƏRTAC

Published in Müsahibələr

Bu mənim Azərbaycanın işğaldan azad olunmuş torpaqlara ilk səfərimdir. Bura gəlib mənzərəni yerində görmək əyani təsəvvür yaradır. Təbii ki, işğaldan azad olunan ərazilərdə, Cəbrayılda gördüyümüz vəziyyət barədə ölkəmizə məlumat verəcəyik.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceyms Şarp Ermənistan tərəfindən yerlə-yeksan edilmiş Cəbrayıl şəhərində jurnalistlərə açıqlamasında deyib.

“Düşünürəm ki, gələcəkdə Britaniya şirkətləri burada turizm, kənd təsərrüfatı, bərpaolunan enerji sahəsinə yatırım edə bilər. Məsələn, gördüyünüz kimi, burada hava günəşlidir. Gələcəkdə bu yerlərdə günəş elektrik stansiyası qurula bilər. Lakin bütün bunlar hələ qabaqdadır və bu ərazilərin bərpası uzun bir prosesdir. Hələ ərazilər minalardan təmizlənməlidir”, - deyə səfir əlavə edib.

AZƏRTAC

Published in Müsahibələr

Cəbrayılda belə bir mənzərəni görmək doğrudan da çox ağrılıdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Xorvatiyanın ölkəmizdəki səfiri Branko Zebic Cəbrayılda ermənilər tərəfindən törədilmiş dağıntılarla tanış olduqdan sonra jurnalistlərə açıqlamasında deyib.

Səfir bildirib ki, xüsusilə qəbiristanlığın tamamilə dağıdılmasını görmək çox ağrılı bir səhnədir: “Bu kimi hallar bizə onu göstərir ki, bu cür hadisələr, münaqişələr baş verməməlidir və bir daha belə mənzərələri yaşamamalıyıq”.

AZƏRTAC

Published in Müsahibələr

Ermənilərdən azad edilən torpaqlarda törədilmiş dağıntıların şahidi olduq. Bu ərazilərdə daş daş üstə qalmayıb. Məzarlığın və qəbirlərin darmadağın edilməsi onların insanlığa sığmayan əməllərinin göstəricisidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əşrəf Adəm Cəbrayılda jurnalistlərə müsahibəsində deyib. 

Diplomat bildirib ki, torpaqların öz sahibinə qayıtması haqdır. “Biz Azərbaycanın sevincini bölüşürük. Qazandığı qələbə münasibətilə Azərbaycan xalqını, dövlətini təbrik edirik. Liviya dövləti olaraq Azərbaycanın yanındayıq. İnşallah, gələcəkdə buralarda həyatın bərpa olunmasını öz gözlərimizlə görəcəyik. İnanırıq ki, bu ərazilər bərpa ediləndən sonra turizm məkanına çevriləcək”, - deyə Əşrəf Adəm qeyd edib.

AZƏRTAC

Published in Müsahibələr

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zəngilanda ermənilər tərəfindən törədilmiş dağıntılarla tanış olduqdan sonra Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əşrəf Adəm Zəngilan şəhər məscidinə gələrək namaz qılıb.

Qeyd edək ki, Ermənistan işğal olunmuş bütün ərazilərimizdəki məscidləri dağıdıb, təhqir edib, hətta donuz və mal-qara saxlayıblar.

 

 

AZƏRTAC

Published in Digər xəbərlər
1 -dən səhifə 3

Təqvim

« February 2021 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28

ZIYARƏTÇİLƏR

Ziyarətçilər891000

Currently are 49 guests and no members online