XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Cümə axşamı, 04 Fevral 2021

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı görüş iştirakçılarını salamladı.

Prezident İlham Əliyev: Sabahınız xeyir.

Nümayəndə heyətinin üzvləri: Sabahınız xeyir, cənab Prezident.

Prezident İlham Əliyev: Sizi görməyə çox şadam.

“Maire Tecnimont Group”un sədri Fabrizio Di Amato dedi:

–Sabahınız xeyir, cənab Prezident. Bu səhər bizimlə görüşmək üçün vaxt ayırdığınıza görə Sizə təşəkkür edirəm. 2018-ci ildəki açılış mərasimindən sonra biz yenidən Azərbaycana səfərə gəlmişik. Bu gün səfirimiz və “Maire Tecnimont” şirkətinin heyəti ilə Bakıda olmağımızdan şərəf duyuruq. 2020-ci ildə Dağlıq Qarabağdakı gərgin dövrü geridə qoymağınız münasibətilə Sizi təbrik etmək istəyirəm. Biz Azərbaycana çox yaxınıq və həmin mühüm vaxt bütün italyanların diqqəti də burada idi. Bildiyiniz kimi, biz 7 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstəririk. Biz ölkənizin sənayeləşdirilməsi işinə töhfəmizi veririk. Bu gün burada olmaqdan fərəh hissi duyuruq. Çünki biz artıq yeni layihələrə cəlb olunmuşuq. Şəxsən özüm və “Maire Tecnimont” şirkətinin bütün heyəti adından Sizi əmin etmək istəyirəm ki, biz ölkənizlə əlaqələri genişləndirmək və sənayenin inkişafına töhfə vermək əzmindəyik.

Bildiyiniz kimi, hazırda ölkədə bizim 200 nəfərə yaxın heyətimiz çalışır. Biz Azərbaycanı doğma ölkə hesab edirik və işçi qüvvəsinin 72 faizini azərbaycanlılar təşkil edir. İlk vaxtlarda bizim heyət tamamilə italyanlardan ibarət idi, lakin tədricən heyətdə yerli əməkdaşların sayı artırıldı. Bu, daha bir vacib nailiyyətimizdir.

Daha bir mövzu bizim yerli universitet tələbələri və ümumiyyətlə gənclərlə əməkdaşlığımıza aiddir. Bizim buradakı heyətimiz bu gün tələbələrlə əməkdaşlığa xüsusi önəm verir. Bu, bizim ümumi yanaşmamızdır. Ancaq ölkənizdə bu yanaşmanın inkişafı üçün yaxşı imkanlar mövcuddur. Digər bir məsələ sənaye zəncirinin yerli məzmunu ilə bağlıdır. Biz təchizat zəncirimizdə getdikcə daha çox Azərbaycan şirkətləri ilə əməkdaşlıq edirik. Sonuncu layihədə bizim Azərbaycanda sərmayə baxımından iştirakımız 400 milyon avrodan artıq olmuşdur. Bu da daha bir vacib məsələdir. Bildiyiniz kimi, biz İtaliyanı xaricdə təbliğ edirik və Azərbaycanla bizim çox möhkəm münasibətlərimiz var. Sizinlə bərabər biz bu əməkdaşlığı davam etdirmək və ölkənizdə uzunmüddətli fəaliyyət sahəmizi genişləndirmək arzusundayıq. Bir daha qeyd etmək istəyirəm ki, biz Azərbaycanı doğma ölkə hesab edirik. Bu, işlədiyimiz hər bir ölkədə bizim prinsipimizdir.

Prezident İlham Əliyev dedi:

–Çox sağ olun. Xoş sözlərinizə görə, əvvəla Azərbaycanın keçən il ərazi bütövlüyünü bərpa etməsi münasibətilə təbrikinizə görə təşəkkür edirəm. Biz xalqımız, ölkəmiz üçün çox çətinliklər yaradan bu əsas məsələni həll etdikdən sonra, - bu məsələ həm də dünyada ən böyük haqsızlıqlardan biri idi, - Azərbaycanın inkişafı daha da sürətli olacaq. Buna baxmayaraq, hətta işğal illəri ərzində Azərbaycan uğurla inkişaf etmişdir, sənayeni və müasir texnologiyaları inkişaf etdirmişdir. Yeri gəlmişkən, bizim sizin şirkətinizlə sıx əməkdaşlığımız və Azərbaycanda icra etdiyiniz layihələr onu göstərir ki, ölkənin iqtisadi və sənaye inkişafı çox yaxşı təsir bağışlamışdır.

İndi tariximizin yeni səhifəsidir. Azərbaycan azad edilmiş ərazilərdə həyatı bərpa etmək üçün zəruri olan bütün tədbirləri görəcək. Bu, asan olmayacaq, çünki hər şey məhv edilib və işğaldan azad olunmuş əraziləri ziyarət etdikdə biz hər şeyin dağıldığını müşahidə edə bilərik. Bütün binalar, zavodlar, tarixi abidələr, sosial infrastruktur yerlə-yeksan edilib. Beləliklə, biz hər şeyi sıfırdan etməli olacağıq. Buna görə də, əlbəttə, fəaliyyətimizin bu istiqaməti üzrə bizə yaxşı tərəfdaşlar lazım olacaq. Əlbəttə, sizin Azərbaycandakı fəaliyyətiniz və həyata keçirdiyiniz layihələr bizə sənayemizin qeyri-enerji sektorunu artırmağa kömək edir. Yeri gəlmişkən, sizə deyə bilərəm ki, pandemiyaya və Azərbaycanda keçən il olan iqtisadi azalmaya baxmayaraq, - o, 4,3 faiz olmuşdur, - bizim qeyri-enerji sənayemiz 12,5 faiz artmışdır. Bu, sənayeləşmə proqramının əsl nümayişidir və “Maire Tecnimont” kimi aparıcı beynəlxalq şirkətlə əməkdaşlıq, əlbəttə ki, bizə kömək etdi və gələcəkdə də kömək edəcək.

Mən sizin Azərbaycandakı fəaliyyətinizlə bağlı məlumata baxırdım və əlbəttə ki, Sumqayıtdakı açılış mərasimini də xatırlayıram. O zaman bu mühüm əlamətdar hadisədə Prezident cənab Mattarella mənimlə birlikdə iştirak edirdi. Ümumiyyətlə, sizin şirkətiniz Azərbaycanda dəyəri 1,6 milyard avrodan çox olan layihələrə cəlb olunub və hesab edirəm ki, bu belə də davam edəcək. Çünki siz artıq bizim ölkəyə sadiq olduğunuzu nümayiş etdirmisiniz. Sizin fəaliyyətinizdə yer alan yerli vətəndaşların sayı ilə bağlı dedikləriniz sizin sadiqliyinizi və Azərbaycanda uzunmüddətli strategiyanızı nümayiş etdirir. Çünki burada uzun müddət ərzində fəaliyyət göstərməyi planlaşdırmasaydınız bunu etməzdiniz. Başlanğıcda yalnız italyanlar işləyirdi, indi yerli kadrların sayı 70 faizdən çoxdur. Beləliklə, siz təlimlərə töhfə vermisiniz və bu da çox önəmlidir.

İtaliya və Azərbaycan arasında münasibətlərin uğurla inkişaf etdiyini qeyd etmək istəyirəm. Bir il bundan əvvəl mənim ölkənizə dövlət səfərim bunu bir daha göstərdi və mən bizim rəhbər şəxslərlə, biznes icması ilə görüşlərimizi və müzakirələrimizi xatırlayıram. Biz həmişə sözümüzü tuturuq və razılaşdırdıqlarımızın hamısını icra edirik. Həmçinin keçən il tariximizdə yaşanan çətin vaxtlarda biz italyan xalqının bizimlə həmrəy olduğunun şahidi olduq. Biz İtaliya mediasının bu məsələyə obyektiv yanaşmasının şahidi olduq və onu da gördük ki, imzaladığımız və vurğuladığımız məsələləri reallığa çevirdik. Çünki İtaliya və Azərbaycan strateji tərəfdaşlardır. Strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb və reallıq da bizim strateji tərəfdaş olduğumuzu göstərir.

Beləliklə, biz ümid edirik ki, italyan şirkətləri bizim ərazilərimizin bərpası ilə bağlı layihələrdə çox fəal olacaqlar. Sizə deyə bilərəm ki, artıq bərpa işləri və tikinti işləri ilə bağlı bir neçə italyan şirkəti dəvət olunub. Əminəm ki, onların sayı daha da artacaq. Çünki mən artıq dəfələrlə çıxışlarımda demişəm və bir daha qeyd etmək istəyirəm ki, biz yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik. Yaxşı ingilis deyimi var: yaxşı dost dar gündə tanınar. Bu çətin anda siz dostlarınızın həqiqətən kimin olduğunu anlayırsınız. Bu, çox vacib və dəyərli bir məsələdir.

Planlarımız haqqında sizə bir məsələni də qeyd etmək istəyirəm. Əminəm ki, siz bu barədə bilirsiniz. Lakin bu istiqamətdə işlər gedir. Bu məsələ Bakıda İtaliya-Azərbaycan Universitetinin təsis edilməsi ilə bağlıdır. Biz artıq yer ayırmışıq. Artıq universitetin yaradılması ilə bağlı məsələ üzərində işlər başlayıb. Bu məsələ, həmçinin hökumət səviyyəsində razılaşdırılmışdır. Ümid edirəm ki, gərgin çalışsaq bu il biz bu işə başlaya bilərik. Çünki bu, bizim dostluğumuzun yaxşı göstəricisi olacaq və eyni zamanda, biz bu müəssisələri, bu sənaye sahələrini idarə edə bilək deyə bizim iqtisadiyyatın gələcək üçün tələb etdiyi ixtisaslar üzrə gənc azərbaycanlıların hazırlanması və təlim keçməsi məsələsində də çox önəmlidir. Bu, həmçinin ölkələrimiz arasında sıx dostluq əlaqələrinin güclənməsinə də kömək edəcək. Sizə uğurlar arzulayıram və sizi Bakıda görməyə şadam. Ümid edirəm ki, növbəti dəfə biz videokonfrans vasitəsilə yox, üzbəüz görüşəcəyik.

Baş icraçı direktor Pierroberto Folgiero dedi: 

–Sağ olun, cənab Prezident. Əvvəlcə, universitetlə əməkdaşlıq əsasında inkişaf məsələlərində Sizə yardımçı olmaqdan olduqca məmnunam, çünki “Maire Tecnimont” şirkətinə gəldikdə, ilk olaraq texnologiyalara əsaslanan şirkət haqqında düşünürsən. Bizim yeni texnologiyalara böyük inamımız var və bu səbəbdən töhfə verməkdən çox məmnun olardıq. Xüsusən də bilirəm ki, SOCAR ilə kimya sahəsində əməkdaşlıq aparılır. Bu işbirliyi universitetin fəaliyyətə başlamasını nəzərdə tutacaq. Bu isə kimya sahəsində malik olduğumuz ən mühüm dəyərlərdən biridir.

İcazə verin, əvvəlcə, bildirim ki, biz öndə gedirik və istərdik, “yaşıl kimya” adlandırdığımız sahəni inkişaf etdirək. Fikrimizcə, dünyanın bu bölgəsində Azərbaycanın üzərinə mühüm rol düşür. Həmin ideyalarla bölüşməkdən çox şad olardıq. Bu, birinci məsələdir.

İkinci məsələyə gəlincə, biz əməkdaşlığı, məsələn, enerji istehsalı sahəsində də genişləndirməkdə çox maraqlıyıq. Yanaşmamız uzunmüddətlidir və ən əsası, insan kapitalına söykənir, gənclərin işə cəlb edilməsini nəzərdə tutur. Sizə bir faktı da söyləyim. Biz dünya miqyasında regional müşavirələr keçiririk və onlardan birində “Tecnimont” şirkətində çalışan gənc azərbaycanlı həmkarımız iştirak edib və dünya ictimaiyyəti qarşısında əməkdaşlığın faydası, mədəniyyətlərarası işbirliyi barədə çıxış edib. Onun çıxışı bütün insanlarımızda böyük hisslər doğurdu. Hər hansı böyük uğur hər ikimizə məmnunluq hissləri yaradır. İcazə verin, bildirim ki, yeni texnologiyaları inkişaf etdirmək və sizin çevikliyinizdən, sahibkarlıq imkanlarından istifadə etməkdən çox şad olardıq. Bu keyfiyyətlər İtaliyanın iş adamlarının da yanaşmasının əsasında dayanır və müəyyən dərəcədə “yaşıl kimya” sahəsində qabaqcıl mövqeyi şərtləndirir.

Prezident İlham Əliyev dedi:

–Çox sağ olun. Sizin gələcək tərəfdaşlığımızla bağlı ideya və fikirlərinizi tam dəstəkləyirəm. Əlbəttə, Turin Universitetinin ümumi işlərimizdə iştirakı çox alqışlanandı. Həmçinin siz “yaşıl kimya”nı qeyd etdiniz. Bildiyimə görə, bu, texnoloji inkişaf baxımından yenilikdir. Bu, həmçinin bizim gündəliyimizə tam uyğundur, çünki əvvəlki illərdə biz çox işlər görməli idik ki, həyat tərzini yaxşılaşdıraq və xüsusən də bütün çirklənmiş sahələri təmizləyək. Xüsusən də burada, Bakıda və Abşeron yarımadasında. Həmin ərazilər yüz ildən artıqdır ki, çirkləndirilib. Biz böyük sərmayələr yatırdıq, torpaqlarda çoxlu rekultivasiya işləri apardıq. Ətraf mühitin qorunmasına aid bir çox məsələlərlə məşğul olduq. Bu, davam edəcək. Buna görə, “yaşıl enerji” konsepsiyası, əsasən, Azərbaycan üçün irəliyə aparan yoldur. Bu, bütün ölkəyə və xüsusən də azad olunmuş ərazilərə aiddir. Mən artıq bəyan etmişəm ki, azad olunmuş bütün ərazilər “yaşıl enerji zonası”nı təşkil edəcək. Onlar Azərbaycanın böyük hissəsini təşkil edir. Eyni zamanda, biz orada “ağıllı şəhər”, hətta “ağıllı kənd” adlanan müasir texnologiyaları tətbiq edəcəyik. Bu, həmçinin Azərbaycanın yenidənqurmaya, müasirləşməyə və texnoloji tərəqqiyə ehtiyac duyduğumuz digər bölgələri üçün yaxşı nümunə olacaq.

Biz Azərbaycanda ən qabaqcıl texnologiyaları tətbiq etmək istəyirik. Çünki ölkə müasirləşməlidir, intellektual baxımdan bacarıqlı olmalıdır və sənaye sahəsində güclənməlidir ki, biz neft və qaz qiymətlərindən asılı olmayaq. Bu, ölkəmizin dayanıqlı inkişafını təmin edəcək. Təbii ki, sənaye inkişafı prosesi zamanı, qeyd etdiyiniz kimi, şirkətiniz ilə Azərbaycan arasında strateji birlik çox alqışlanacaq. Müasirləşmək, irəliyə doğru getmək və inkişaf etmək üçün bizim bu cür güclü tərəfdaşa ehtiyacımız var.

Mən bir daha, xüsusi olaraq, qeydlərinizdən birinə istinad etmək istəyirəm. Bu, şirkətinizdə yerli işçilərin olması ilə bağlıdır. Bu, dostluğun əsl rəmzidir və dostluğu nümayiş etdirir. Mən buna görə sizə təşəkkürümü bildirmək istəyirəm və əminliyimi ifadə edirəm ki, biz şirkətinizlə və tərəfdaşlarınızla birgə işimizi davam edəcəyik. Əminəm ki, buradakı imkanlar, İtaliyaya olan səmimi münasibətlər barədə ölkənizin iş adamları nə qədər çox bilərsə, bir o qədər çox İtaliya şirkətləri bura gələcək. Biz bunu istəyirik.

 

 

AZƏRTAC

Published in Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayeri videoformatda qəbul edib.

AZƏRTAC xəbər verir ki, Mark Şnayer ölkəmizdə digər dini və etnik icmaların nümayəndələri ilə yanaşı, yəhudi icmasına yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Müsəlman ölkələri arasında ən böyük yəhudi icmasının Azərbaycanda yaşadığını vurğulayan Mark Şnayer Prezident İlham Əliyevin digər icmalarla yanaşı, yəhudilərə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdi.

Dövlətimizin başçısı yəhudilərin ölkəmizin dəyərli vətəndaşları olduqlarını qeyd etdi, digər dini və etnik icmaların nümayəndələri kimi onların da Azərbaycanda əsrlərboyu mehribanlıq, qardaşlıq və dostluq şəraitində yaşadıqlarını bildirdi.

Söhbət zamanı mədəniyyətlərarası dialoq sahəsində Azərbaycanla ABŞ əlaqələrinin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

 

 

AZƏRTAC

Published in Siyasət

Hörmətli cənab Prezident,

Şri-Lanka Demokratik Sosialist Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Şri-Lanka arasındakı dostluq münasibətləri daha da inkişaf edəcək, Qoşulmama Hərəkatı daxil olmaqla çoxtərəfli təsisatlarda səmərəli əməkdaşlığımız davam edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Şri-Lanka xalqına əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 1 fevral 2021-ci il.

Published in Məktublar

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Arif Qafar oğlu Rəhimzadə “Şərəf” ordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 3 fevral 2021-ci il.

Published in Sərəncam

Məhkəmə-Hüquq Şurasının təklifini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasında məhkəmə sistemini təkmilləşdirmək məqsədilə qərara alıram:

1. Sumqayıt şəhərində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təşkil edilsin.

2. Məhkəmə-Hüquq Şurasına tövsiyə edilsin ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ərazi yurisdiksiyasını müəyyən etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin fəaliyyəti üçün zəruri şərait yaradılması məqsədilə onun bina, avadanlıq, rabitə, nəqliyyat və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi ilə bağlı tədbirlər görsün;

3.2. maliyyə təminatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vasitəsilə həyata keçirilən məhkəmə aparatları işçilərinin ümumi sayının artırılmasını təmin etsin;

3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 3 fevral 2021-ci il.

Published in Sərəncam

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, hakim vəzifəsinə aşağıdakı namizədlər birinci instansiya məhkəmələrinin hakimləri təyin edilsinlər:

Ağır cinayətlər məhkəmələri üzrə:

Lənkəran Ağır Cinayətlər Məhkəməsi

Əliyev Əli Abdulla oğlu

Səfərli Cavid Şamil oğlu

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi

Əliyev Hafiz Samir oğlu

Hümbətov Fəhmin Zaur oğlu

İnzibati məhkəmələr üzrə:

Bakı İnzibati Məhkəməsi

Ağalarov Həmid Azər oğlu

Əhədova Aygün Əlqəmə qızı

Həsənov Orxan Xaqani oğlu

Salahova Səlma İsgəndər qızı

Sevdimalıyeva Günel Arif qızı

Sumqayıt İnzibati Məhkəməsi

Mirzəyeva Leyla Eytibar qızı

Şəki İnzibati Məhkəməsi

İsmayılzadə Fərid Sabir oğlu

Musayev Vüqar Ələkbər oğlu

Kommersiya məhkəmələri üzrə:

Bakı Kommersiya Məhkəməsi

Həsənova Ülkər Təhmasib qızı

Hüseynov Kənan Hüseyn oğlu

Şirvan Kommersiya Məhkəməsi

Abdullayev Elşən Uğur oğlu

Hərbi məhkəmələr üzrə:

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi

Orucəliyev Abil Elmar oğlu

Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri üzrə:

Babək Rayon Məhkəməsi

İsmayıl Günay Mikayıl qızı

Naxçıvan Şəhər Məhkəməsi

Əliyeva Gülsüm Kamal qızı

Bakı şəhərinin rayon məhkəmələri üzrə:

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi

Kərimova Mahirə Nəzər qızı

Qurbanova Aygün Arzu qızı

Bakı şəhəri Xətai Rayon Məhkəməsi

Axundov Fuad Aydın oğlu

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi

Abidova Günay Çingiz qızı

İbadzadə Anar Qənimət oğlu

Bakı şəhəri Nizami Rayon Məhkəməsi

Əliyeva Qumru Yəhya qızı

Yusifova Ülkər Bayram qızı

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi

Cəfərli Nilufər Arif qızı

Mahmudova Həqiqət Sahib qızı

Bakı şəhəri Səbail Rayon Məhkəməsi

Səmədova Günel Kamil qızı

Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi

Qafarova Rübabə Nurulla qızı

Bakı şəhəri Yasamal Rayon Məhkəməsi

Babazadə Gülnar Vidadi qızı

Xudayev Kərim Bahəddin oğlu

Rayon (şəhər) məhkəmələri üzrə:

Abşeron Rayon Məhkəməsi

Abbasova Məlahət Aslan qızı

Ağdaş Rayon Məhkəməsi

Sultanov Cavid Rizvan oğlu

Ağsu Rayon Məhkəməsi

Əsgərov Anar Əlifağa oğlu

Bərdə Rayon Məhkəməsi

Əhmədov Elsun Məzahir oğlu

Xaçmaz Rayon Məhkəməsi

Səmədzadə Sərxan Akif oğlu

İsmayıllı Rayon Məhkəməsi

Hüseynov İlqar Vidayət oğlu

Qazax Rayon Məhkəməsi

Məmmədov Fəxri Afiq oğlu

Quba Rayon Məhkəməsi

Seyidov Vüqar Mircuma oğlu

Masallı Rayon Məhkəməsi

Quliyev Ceyhun Əmir oğlu

Saatlı Rayon Məhkəməsi

Sadıqov Mirlətif Süleyman oğlu

Sumqa

yıt Şəhər Məhkəməsi

Hüseynov Elmir Xoşbəxt oğlu

Şamaxı Rayon Məhkəməsi

İsmayılov Natiq Əvəz oğlu

Şəmkir Rayon Məhkəməsi

Musayev Taleh Valeh oğlu.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 3 fevral 2021-ci il.

Published in Sərəncam

Məhkəmə-Hüquq Şurasının təklifini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsini və 97-ci maddəsinin ikinci hissəsini rəhbər tutaraq qərara alıram:

1. Daşqın Yaqub oğlu Səfərov Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 3 fevral 2021-ci il.

Published in Sərəncam

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 15 illiyi münasibətilə Azərbaycan Respublikasında gender problemlərinin həlli və sosialyönümlü siyasətin həyata keçirilməsi sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

 

“Tərəqqi” medalı ilə

Əliyeva Kamila Ağadadaş qızı

Sadıqova Zülfiyyə İsa qızı

 

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Alışanova Şölə Tofiq qızı

Haqverdiyeva Kəmalə Kamil qızı

Həsənov Zöhrab Məhyəddin oğlu

Məmmədov Seymur Qurban oğlu.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 3 fevral 2021-ci il.

Published in Sərəncam

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Timuçin İlyas oğlu Əfəndiyev Bakı Xoreoqrafiya Akademiyasının rektoru vəzifəsindən azad edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 3 fevral 2021-ci il.

Published in Sərəncam

Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarda çalışan, fəxri adlara görə Prezidentin aylıq təqaüdü alan şəxslərə həmin təqaüd işlədikləri idarə və təşkilatların vəsaiti hesabına, digər şəxslərə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilirdi.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 may tarixli 2009 nömrəli Sərəncamına əsasən, 2021-ci il yanvarın 1-dən fəxri adlara görə bütün təqaüdlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, ona görə də dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarda çalışan, fəxri adlara görə təqaüd alan şəxslərə onlara təqaüd ödənişinin davamlılığının təmin edilməsi üçün aşağıdakı sənədlərlə birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun qeydiyyatda olduqları rayon (şəhər) üzrə bölmələrinə, DOST mərkəzlərinin xidmət göstərdiyi rayonların sakinlərinin isə həmin mərkəzlərə müraciət etmələri tövsiyə olunur:

Şəxsiyyət vəsiqəsinin surəti;

Fəxri adın vəsiqəsinin surəti.

AZƏRTAC

Published in Məlumat
1 -dən səhifə 4

Təqvim

« February 2021 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28

ZIYARƏTÇİLƏR

Ziyarətçilər890968

Currently are 53 guests and no members online