XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Çərşənbə, 24 Fevral 2021

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 23-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini videoformatda qəbul edib.

AZƏRTAC xəbər verir ki, İsmail Serageldini salamlayan Prezident İlham Əliyev dedi:

–Salam, cənab Serageldin. Sizi görmək çox xoşdur.

İsmail Serageldin: Cənab Prezident, bu, mənim üçün böyük şərəfdir. Bu görüşün təşkilinə görə Sizə təşəkkür edirəm.

Prezident İlham Əliyev: Çox şadam ki, Azərbaycana gəlmisiniz. Ötən il keçirilməsi planlaşdırılan Qlobal Forum pandemiya səbəbindən təxirə salındı. Bu, başadüşüləndir. Lakin, eyni zamanda, mən bilirəm ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, sözsüz, bütün məhdudiyyətlər nəzərə alınaraq öz fəaliyyətini davam etdirib. Sizə, xanım həmsədr Vayra Vike-Freyberqaya və Mərkəzin İdarə Heyətinin digər üzvlərinə Azərbaycanın uğurla həyata keçirdiyi azadlıq müharibəsi ilə əlaqədar mənə ünvanlanmış səmimi məktublarınıza görə minnətdarlığımı ifadə etmək istərdim. Sizin müharibə vaxtı və müharibədən sonra dəstək məktublarınız, Azərbaycanın ərazi bütövlüyünə dəstəyiniz ölkəmizdə yüksək qiymətləndirilir. Mən torpaqlarımızın azad edilməsi işinə bu çox açıq, səmimi, ədalətli yanaşmaya görə olduqca minnətdaram.

Beləliklə, xatırladığınız kimi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin daimi forumları zamanı mən auditoriyaya müraciət edərkən hər dəfə münaqişəyə diqqət çəkirdim, hər dəfə ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına diqqət çəkirdim. İndi vəziyyət dəyişib. Azərbaycan beynəlxalq hüququ bərpa edib, faktiki olaraq regionda və dünyada yeni reallıqlar yaradıb. Düşünürəm ki, bölgədə uzunmüddətli sülhün və sabitliyin bərqərar olması imkanından istifadə etmək üçün indi çox şey bu reallıqların region ölkələri, böyük dövlətlər tərəfindən düzgün qiymətləndirilməsindən asılı olacaq. Zənnimcə, bu gün Azərbaycan həqiqətən də düşmənçilik, nifrət, qarşıdurma səhifəsini bağlamaq və region üçün gələcək qurmağa hazır olduğunu nümayiş etdirir. Əslində, biz artıq buna başlamışıq. Biz yenidənqurma işlərinə, bütün region ölkələri üçün və nəticədə regionda sabitlik və proqnozlaşdırılma üçün faydalı olacaq layihələri həyata keçirməyə başlamışıq. Ona görə də düşünürəm ki, hamımızın yeni reallıqları qiymətləndirməyə və əməkdaşlığın müsbət imkanlarına və sülh şəraitində birgəyaşayışa diqqəti cəmləşdirmək üçün hökumətlər və beynəlxalq təşkilatlar olaraq addımlarımızı planlaşdırmağa ehtiyac var.

Azərbaycan öz öhdəliklərinə sadiqdir. Biz müharibə zamanı beynəlxalq norma və qaydalara əməl etməklə çox ləyaqətli, doğru şəkildə davrandıq. Zənnimcə, müharibədən sonra çox konstruktiv yanaşma nümayiş etdiririk. Düşünürəm ki, bu reallıqlar uzunmüddətli olacaq.

Regionumuzun uzun illər ərzində gözlədiyi sülh bərqərar olub və bu sülh uzunmüddətli olmalıdır. Əminəm ki, Mərkəzin fəaliyyətində siz, həmçinin bu imkanlara, müharibədən sonrakı inkişaf imkanlarına, münaqişədən sonrakı vəziyyətə diqqəti cəmləyəcəksiniz.

Dağlıq Qarabağ münaqişəsi sona çatıb. O, artıq tarixin bir hissəsinə çevrilib. İndi biz diqqəti qarşımızdakı məsələlərə cəmləşdirməliyik, ilk növbədə, əlbəttə ki, ərazilərin yenidən qurulmasına, bərpasına. Hər şey məhv olub. Biz dağıntıların  miqyasını təsəvvürümüzə belə gətirə bilməzdik. Ağdamda, Füzulidə, azad edilmiş digər ərazilərdə, kəndlərdə, şəhərlərdə bir bina belə qalmayıb. Hər şey, tarixi abidələr dağıdılıb. Yenidənqurma işləri aparmaq üçün çoxlu tədbirlər görülməlidir. Əlbəttə, biz bu işə sadiqik, bunu etmək üçün bizim güclü iradəmiz, imkanlarımız var.

Əlbəttə, biz heç vaxt olmadığı kimi indi beynəlxalq birliyin həqiqəti bilməsini istəyirik. Çünki indi xarici diplomatlar, beynəlxalq medianın nümayəndələri işğaldan azad olunmuş əraziləri ziyarət edəndə hesab edirəm ki, onlar işğal nəticəsində bizim tarixi abidələrimizin, mədəni abidələrimizin nə vəziyyətə salındığını həqiqətən görürlər. Bizim əraziləri işğal edənlər hər şeyi məhv ediblər. Ümid edirəm ki, pandemiyadan sonra Mərkəzin növbəti tədbirində, həmçinin Mərkəzin üzvlərinin də işğaldan azad edilmiş bir sıra əraziləri ziyarət etmək və ola bilsin, orada müəyyən tədbiri təşkil etmək fürsəti olacaq. Lakin bu, əlbəttə, bizim gələcək əməkdaşlığımızın və müzakirələrimizin bir hissəsidir. Müharibə zamanı və müharibədən sonra göstərdiyiniz dəstəyə görə bir daha sizə minnətdarlığımı bildirmək istəyirəm. Sizi bir daha görməyə çox şadam.

İsmail Serageldin: Bu gözəl sözlərinizə görə çox sağ olun, cənab Prezident. Həqiqətən də mənim üçün gündəlikdə duran birinci məsələ Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə bağlı bu böyük nailiyyətə görə Sizi şəxsən təbrik etmək idi. Mən İdarə Heyətindəki həmkarlarımla ziyarətetmə zərurəti olmadan Sizin dinindən asılı olmayaraq, bütün tarixi abidələrin tərəfinizdən qorunmasına dair möhtəşəm bəyanatınızla bağlı videoformatda xüsusi tədbirin keçirilməsi məsələsini müzakirə edirdim. Hesab edirəm ki, bu, çox mühüm məsələdir və biz UNESCO, Dünya Abidələr Fondu kimi təşkilatları, mədəni irsin qorumasına cəlb olunmuş təşkilatları dəvət etməklə bu məsələni daha yaxşı qabarda bilərik və Sizin bəyanatınızla bağlı onları müzakirələrə cəlb edə bilərik. Çünki bu, insanların qalibin nəinki təkcə möhtəşəm olduğunu, eyni zamanda, Siz də dediyiniz kimi, regionda sülhü təşviq etmək məqsədilə yeni səhifə açmaq istədiyini söyləməsi üçün bir nümunə ola bilər. Bu məsələni həll etməyin bir yolu mədəni irs məsələləri ola bilər. Bunlar da bütün tərəflərdə maraq oyatmaq üçün bəzi insanlar tərəfindən istifadə edilə bilən məsələlərdir. Beləliklə, Siz bu mühüm bəyanatı verməklə bunun qarşısını aldınız və hesab edirəm ki, biz bununla bağlı tədbir keçirə bilərik. İlk növbədə, mən həqiqətən də Sizi bu tarixi nailiyyət münasibətilə təbrik etmək istəyirəm. Bu, tarixi nailiyyət hətta Sizin dahi atanız Heydər Əliyev üçün belə mümkün olmamışdı. Lakin onun dahi oğlu bunu edə bildi. Bu, həqiqətən də böyük nailiyyətdir.

Söhbət zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin gələcək planları və Bakı Qlobal Forumunun keçirilməsi haqqında fikir mübadiləsi aparıldı.

 

 

AZƏRTAC

Published in Siyasət

Hörmətli cənab Baş nazir,

Gürcüstanın Baş naziri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan ilə Gürcüstanı dərin tarixi kökləri olan ənənəvi dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. İnanıram ki, sıx tellər ilə biri-birinə bağlı olan xalqlarımızın iradəsinə uyğun olaraq ölkələrimiz arasındakı səmərəli əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri bundan sonra da dinamik şəkildə inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Gürcüstan xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 23 fevral 2021-ci il.

Published in Məktublar

“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun 6.2.4-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nizami Abdulla oğlu Səfərov Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilsin.

 

Azərbaycan Respublikası

Milli Məclisinin Sədri

Sahibə Qafarova                                        

Bakı şəhəri, 23 fevral 2021-ci il.

Published in Hüquqi aktlar

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 23-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

AZƏRTAC xəbər verir ki, qəbul Türkiyə Prezidentinin sarayında keçirilib.

 

 

AZƏRTAC

Published in Siyasət

Fevralın 23-də Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdən sonra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovun iştirakı ilə birgə mətbuat konfransı təşkil edilib.

Əvvəlcə nazirlər görüşün yekunlarına dair birgə Bəyanatı imzalayıblar.

Sonra nazirlər üçtərəfli görüşün yekunları ilə bağlı fikirlərini bölüşüblər.

Mövlud Çavuşoğlu bildirib ki, 2014-cü ildə əsası qoyulan Azərbaycan, Türkiyə, Türkmənistan üçtərəfli platforması bölgənin inkişafına mühüm töhfələr verib. Bu gün keçirilən görüşdə nəqliyyat və enerji məsələləri gündəlikdəki ən əsas məsələlərdən idi. Nazir Azərbaycan ilə Türkmənistan arasında “Dostluq” yatağı ilə bağlı imzalanan Anlaşma Memorandumundan Türkiyənin məmnunluğunu ifadə edib.

Qeyd edib ki, görüşdə, həmçinin terrorizmlə mübarizə, İslam ölkələri arasında əməkdaşlıq əlaqələrinə dair  məsələlər də müzakirə edilib. Görüşün səmərəli keçdiyini söyləyən türkiyəli nazir gələcək əməkdaşlıqla bağlı önəmli təkliflərin olduğunu vurğulayıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Ankarada həm ikitərəfli, həm də üçtərəfli formatda önəmli müzakirələrin aparıldığını diqqətə çatdırıb. Nazir bildirib ki, bu gün Azərbaycan-Türkiyə ikitərəfli münasibətləri bütün sahələrdə ən yüksək səviyyədə inkişaf edir. Dövlət başçılarımızın rəhbərliyi ilə əlaqələrimizin daha da genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. 44 gün davam edən Vətən müharibəsi dövründə də Azərbaycan qardaş Türkiyənin siyasi və mənəvi dəstəyinin şahidi oldu.

Ötən il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanata əsasən, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin artıq fəaliyyətə başladığını söyləyən nazir regionda dayanıqlı sülhün təmin olunmasında Türkiyənin rolunu xüsusi vurğulayıb. Bildirib ki, Türkiyənin işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində və bərpa-quruculuq işlərində iştirakı, hər zaman olduğu kimi Azərbaycanın yanında olması ölkələrimiz arasındakı münasibətlərin göstəricisidir.

Ceyhun Bayramov görüşdə Azərbaycan və Türkiyənin iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat layihələri ilə bağlı da fikir mübadiləsinin aparıldığını bildirib, fevralın 19-da İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın iclasının keçirilməsinin, protokolun imzalanmasının əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinə mühüm töhfə verəcəyindən əminliyini ifadə edib.

Azərbaycanın xarici işlər naziri bildirib ki, üçtərəfli formatda keçirilən görüşdə qarşılıqlı maraq doğurun müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edib ki, görüşdə müxtəlif sahələrlə bağlı bir sıra təkliflər səsləndirilib. Ceyhun Bayramov diqqətə çatdırıb ki, görüşdə ticarət, gömrük, enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, təhlükəsizlik və bir sıra digər sahələrə dair məsələlər müzakirə edilib.

Türkmənistanın xarici işlər naziri də çıxışında üç qardaş ölkənin nazirlərinin iştirakı ilə keçirilən görüşdə çox önəmli məsələlərin müzakirə olunduğunu diqqətə çatdırıb. Nazir Azərbaycan, Türkiyə və Türkmənistanın beynəlxalq təşkilatlar çərçivəsindəki birgə fəaliyyətindən bəhs edib. O, bu gün keçirilən görüşdə siyasi əməkdaşlıqla yanaşı, nəqliyyat, enerji, informasiya texnologiyaları və digər sahələrdə də əlaqələrinin genişləndirilməsi imkanlarının nəzərdən keçirildiyini diqqətə çatdırıb.

 

 

AZƏRTAC

Published in Siyasət

Fevralın 23-də Ankarada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, hər iki tərəfdən geniş nümayəndə heyətlərinin iştirak etdiyi görüşdə bölgədə mövcud olan cari vəziyyət və ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparılıb.

Görüşdə 44 gün davam edən Vətən müharibəsindən sonra bölgədə yaranan yeni reallıqlar və yeni əməkdaşlıq imkanları, 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər müzakirə edilib. Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpa və quruculuq prosesində qardaş Türkiyənin iştirak etməyə hazır olduğu bir daha vurğulanıb. Bölgədə sülhün dayanıqlı olması üçün bu ilin 30 yanvar tarixində Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasının vacibliyi vurğulanıb.

Söhbət zamanı iki qardaş ölkə arasında mövcud olan intensiv dialoqun bütün istiqamətlər üzrə sürətlə inkişaf etdiyi qeyd olunub. Cari ilin 19 fevral tarixində Ankarada keçirilən İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası nəticəsində bütün sahələri əhatə edən 53 yeni fəaliyyət bəndinin qəbul edilməsinin ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafının göstəricisi olduğu vurğulanıb.

Nazirlər iki ölkə arasında şəxsiyyət vəsiqələri əsasında vətəndaşların vizasız səfəri ilə bağlı imzalanan sənədin qüvvəyə minməsi ilə bağlı dövlətdaxili prosedurların yekunlaşdığını və qarşılıqlı nota mübadiləsindən sonra yaxın zamanlarda sənədin qüvvəyə minəcəyini məmnunluqla qeyd ediblər.

Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini ifadə ediblər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər  müzakirə edilib.

 

 

AZƏRTAC

Published in Siyasət

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) İordaniyanın Petra xəbər agentliyi ilə yeni əməkdaşlıq müqaviləsi imzalamaq niyyətindədir. Bununla bağlı məsələ AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Sami Abdulla Ğoşehin görüşündə müzakirə olunub.

İki agentlik arasında tərəfdaşlıq müqaviləsi 2007-ci ildə Əmmanda imzalanıb. Buraya informasiya təcrübə mübadiləsi, kadr hazırlığı, beynəlxalq media platformalarında birgə iş və digər məsələlər daxildir. İslam Əməkdaşlıq Təşkilatının Milli Xəbər Agentlikləri Birliyində də əməkdaşlıq uğurla davam edir.

Qeyd olunub ki, hazırda media və yeni texnologiyaların inkişafı nəzərə alınmaqla, agentliklər arasında əlaqələrin yeni müstəviyə keçirilməsinə ehtiyac var. Bununla hər iki media qurumu ölkələrindəki hadisələr barədə informasiyaları daha operativ və dolğun şəkildə yaymaq, birgə layihələr reallaşdırmaq imkanları əldə edəcəklər. Tərəflər yeni müqavilənin imzalanmasının informasiya sahəsində ölkələrarası əlaqələrin inkişafına töhfə verəcəyinə əminliklərini bildiriblər.

Görüşdə AZƏRTAC-ın Petra agentliyi ilə birlikdə Əmmanda Azərbaycanın 44 günlük Vətən müharibəsini, işğalçıların mülki əhaliyə qarşı törətdikləri hərbi cinayətləri əks etdirən fotolardan ibarət sərgi təşkil etmək təklifi də nəzərdən keçirilib.

 

 

AZƏRTAC

Published in Digər xəbərlər

“YAŞAT” Fondunun dəstəyi, Müdafiə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Türkiyə Respublikasından həkim heyəti ölkəmizə gətirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, heyətin tərkibində ortoped, beyin cərrahı, ümumi cərrah və digər ixtisaslı həkimlər var. Türkiyəli yüksəkixtisaslı həkimlər üç gün ərzində Vətən müharibəsində ağır yaralanmış 150-dən çox hərbi qulluqçumuzun müayinəsini həyata keçirəcəklər. Ağır yaralı olan qazilərimizin həkim rəyi əsasında xaricə göndərilməsi də Fond tərəfindən təmin ediləcək.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı Mərkəzi” fəaliyyət göstərir.

 

 

AZƏRTAC

Published in Sosial həyat

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası ilə bağlı ölkə rəhbərliyi tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin fərman və sərəncamları bu işlərin ardıcıl, planlı şəkildə aparılmasını təmin edir. Dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə bu ərazilərin nəinki bərpa edilməsi və yenidən qurulması planlaşdırılır, hətta orada “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. Beləliklə, Böyük qayıdış üçün görülən işlər ölkə rəhbərliyinin nəzarətindədir. Eyni zamanda, cəmiyyətdə bərpa və quruculuq işləri istiqamətində fikir mübadiləsi aparılır, təkliflər irəli sürülür. Əməkdar memar, Azərbaycan Memarlar İttifaqının sədri, professor Elbay Qasımzadə azad olunmuş ərazilərimizdə mədəni-tarixi abidələrimizin, şəhər və kəndlərimizin bərpasına, arxitekturanın aktual məsələlərinə dair AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

 

“Tarixi abidələrin bərpasına

müxtəlif yanaşmalar ola bilər”

–Ermənilər tərəfindən dağıdılmış mədəni-tarixi abidələrimizin bu gün ilkin vəziyyətinə qaytarılması dövlətin diqqətdə saxladığı məsələlərdən biridir. Bu baxımdan Memarlar İttifaqının üzərinə hansı funksiyalar düşür?

–Bilirsiniz, Memarlar İttifaqı ictimai təşkilatdır, yəni bizim əsas vəzifəmiz Azərbaycan memarlığını qoruyub saxlamaq, peşəkarlıq səviyyəsini təmin etməkdir. İttifaqın üzvləri Azərbaycanın ən tanınmış memarlarıdır. Onların sırasında həm müasir memarlıqla məşğul olanlar, həm də tarixi abidələrin bərpası üzrə mütəxəssislər var. Memarlıq irsi üzrə komissiyaya professor Rizvan Bayramov rəhbərlik edir. Memarlar İttifaqının katibi, professor Gülçöhrə Məmmədova bu sahədə ən tanınmış mütəxəssislərdən biridir.

Abidələrin bərpasına yanaşma müxtəlif ola bilər. Elə abidə var ki, bu 30 ildə düşmən tərəfindən təhqir olunub, dağıdılıb. Məsələn, məscidlərimiz, qədim məbədlərimiz, xristian abidələri. Bunları bərpa etmək lazımdır ki, dindar insanlar ibadət etsinlər. Amma elə abidələrimiz var ki, 30 ildə yox, yüz illər ərzində mütəmadi olaraq dağıdılıb. Məsələn, Xudafərin körpüləri. Bu gün fikirlər söylənilir ki, onu mütləq körpü kimi bərpa etmək lazımdır. Bərpa etdikdən sonra o körpünün üstündən yükmü daşıyacağıq? Mümkün deyil. Gəlin, dünya təcrübəsinə nəzər salaq. Romanın mərkəzində Kolizey yerləşir. Əgər onu bərpa etsəydilər, maraq doğurardımı? Xudafərin körpüləri də bu qəbildəndir. Onları konservasiya etmək, qoruyub saxlamaq lazımdır. Düşünürəm ki, həmin ərazi dövlət qoruğu edilməlidir. Lakin nəzərə alaq ki, uçub-dağılmış körpüləri təzədən tiksək, onun tarixiliyi itəcək. Beləliklə, biz keçmişimizi itirəcəyik. Odur ki, bu məsələlərə çox diqqətlə, həssaslıqla yanaşmaq lazımdır.

Memarlar İttifaqı bu istiqamətdə müəyyən işlər aparır. Biz beynəlxalq təşkilatlara - UNESCO, İSESCO, Europa Nostra, İCOMOS və digər müvafiq qurumlara müraciət etmişik, bu abidələrin acınacaqlı vəziyyətdə olduğunu bildirmişik. 2017-ci ildə Memarlar İttifaqı İdarə Heyətinin “Qarabağın işğal olunmuş ərazilərində memarlıq abidələrinin vəziyyəti” mövzusunda plenumu keçirilib və böyük bir sərgi təşkil edilib. Sözün açığı, o sərgidə nümayiş olunan fotoların əksəriyyətini elə işğalçı dövlətin öz saytlarından götürmüşdük, yəni həmin abidələrin acınacaqlı vəziyyətini elə onların özünə istinadla göstərmişdik. Bu sərgini ikinci dəfə 2019-cu ildə Beynəlxalq Memarlar İttifaqı ilə birgə Bakıda keçirdiyimiz “Tarixi şəhərlərdə kütləvi turizm” adlı Beynəlxalq Memarlıq Forumunda nümayiş etdirdik. Həmin tədbirə 124 ölkədən 500-ə yaxın nümayəndə gəlmişdi və onlar bu sərgidə həqiqətdən xəbər tutdular. Hazırda o sərgimiz Ağdamda qurulub. Oraya gedən qonaqlar sərgini görür. Ağdama səfər etmiş İSESCO-nun Baş direktoru dedi ki, bu sərgiyə baxmaq kifayətdir, heç başqa rayonlara getmək lazım deyil. Çünki sərgidə Kəlbəcər, Füzuli, Laçın, Ağdam, Şuşa, bir sözlə, hər bir rayon haqqında məlumat var.

“Dağıdılmış şəhər və kəndlərimizi ən müasir səviyyədə tikərək

dünyaya Azərbaycanın qüdrətini göstərməliyik”

–İşğaldan azad edilmiş şəhər və kəndlərin bərpasını, memarlıq elementlərini necə təsəvvür edirsiniz?

–Bilirsiniz, 50 illik peşəkar təcrübəm mənə bu fikri söyləməyə hüquq verir ki, memarlıq müasir olmalıdır. Memarlıq nümunələri yaradıldığı dövrə uyğun olmalıdır. Biz bu gün o dağıdılmış şəhərlərimizin memarlıq görkəmini XVI, XVII, XVIII əsrlərə oxşatsaq, fikrimcə, düzgün olmaz. Əgər qorunub saxlanılsaydı, dağılmasaydı, bəli, onları olduğu kimi saxlamaq lazım gələrdi. Amma həmin yerlər viran qoyulub, dağıdılıb, yerlə-yeksan edilib. Hər dəfə o mənzərəyə baxanda adamın ürəyi sıxılır. Mənim ən böyük arzularımdan biri dağıdılmış şəhər və kəndlərimizi ən müasir səviyyədə tikək və bütün dünyaya Azərbaycanın qüdrətini göstərək.   

–Bərpa və quruculuq işlərində xarici mütəxəssislərin təcrübəsinə nə dərəcədə ehtiyac duyulur? 

–Məncə, öyrənmək, həmişə müsbət cəhətdir. Elə məsələlər var ki, onlar bilir, biz bilmirik. Əlbəttə ki, Azərbaycan memarlığının nə olduğunu biz onlardan yaxşı bilirik. Amma onlarda yeni texnologiyalar, yeni yanaşmalar var və etiraf edək ki, həm də böyük təcrübə var. Elə şirkətlər var ki, bütün dünyada işləyir. Məsələn, Misirin bütün tarixi sirlərini ingilislər açıblar, arxeoloji qazıntıları onlar aparıblar. Bunun pis cəhəti odur ki, belə hallarda artefaktlar daşınıb aparıla bilər. Amma biz nəzarət etməliyik ki, belə hallar baş verməsin. Onsuz da Azərbaycanın qədim artefaktları vaxtilə daşınaraq aparılıb - bu gün onların bəziləri Ermənistandadır, dünyanın müxtəlif muzeylərində, müxtəlif hərraclardadır. Biz bunun qarşısını almalı, onları qaytarmalı və bundan sonra burada yeni nə işlər görüldüsə, bir dövlət olaraq buna nəzarət etməliyik.

“Ağıllı” kənd və şəhər ideyasının Qarabağda tətbiq olunması

çox düzgün qərardır”

–Prezident İlham Əliyev bərpa işlərində “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinə üstünlük veriləcəyini bəyan edib. Sizcə, milli memarlıq ənənələri innovativ kənd və şəhərlərlə necə uzlaşdırıla bilər?

–Millilik yaradıcı insanın daxilində olmalıdır. Yəni bu əsəri azərbaycanlı memar yaradırsa, onun əsəri formasından, dekorundan asılı olmayaraq mütləq milli olacaq, çünki o memarın damarında azərbaycanlı qanı axır. Onun duyumu, milli adət-ənənələr haqqında bilikləri - bütün bunlar layihələndirilən yaşayış evlərinin quruluşunda bu və ya digər şəkildə təcəssüm olunacaq. Lakin forma baxımdan, əlbəttə ki, memarlıq müasir olmalıdır. Bir məsələni də vurğulamaq yerinə düşər. Möhtərəm Prezidentimiz “ağıllı şəhər” ideyasını irəli sürdü. Bu, çox gözəl ideyadır, çünki bu gün dünyada belə təcrübə çox da geniş yayılmayıb, yeni başlanan bir istiqamətdir və bunun Azərbaycanda, məhz Qarabağda tətbiq olunması məncə həm mənəvi, həm də siyasi cəhətdən çox yaxşı, düzgün qərardır. Amma gəlin bunu biz düzgün başa düşək. Cənab Prezident bunu deyəndə o ərazilərdəki mühəndislik qurğularının idarə edilməsini nəzərdə tuturdu. Bəzən məndən soruşurlar: hər ev “ağıllı ev” olacaq? “Ağıllı ev” üçün uzun vaxt, insanların şəxsi mədəniyyəti lazımdır. “Ağıllı şəhər” işğaldan azad edilmiş şəhərlərin idarə edilməsinə aiddir və bunlar mütləq həyata keçiriləcək.       

“Yeni şəhərlərdə

həm çoxmənzilli binalar,

həm də fərdi evlər olmalıdır”

–İşğaldan azad edilmiş ərazilərdə şəhərlərin baş planları hazırlanarkən üstünlük, əsasən, hansı prinsiplərə verilsə daha yaxşı olar?

–Bilirsiniz, o ərazilərdəki şəhərlər arasında ən böyüyü Ağdamdır. Məncə Ağdam gələcəkdə böyük bir iqtisadi rayonun mərkəzi ola bilər. Düşünürəm ki, gələcəkdə Ağdamın əhalisi təxminən yüz minə çata bilər. Ağdam şəhər kimi tikilməlidir. Ağdamda yaşayış binaları üç-dörd, uzağı beşmərtəbəli olmalıdır. Eyni zamanda, orada fərdi evlər olmalıdır. Çünki orada yaşayacaq əhalinin əksəriyyəti fərdi evlərə öyrəşib, həyatları elə keçib. Fikrimcə, oranın əhalisi ilə yanaşı, Azərbaycanın başqa bölgələrindən də Ağdama gedənlər olacaq. Çünki həmin bölgə daha sürətlə inkişaf edəcək. Orada kifayət qədər münbit torpaq sahələri var. Düşünürəm ki, bu yeni şəhərlər  qarışıq üslubda tikilməlidir. Bir daha vurğulamaq istərdim: burada həm çoxmənzilli evlər olmalıdır, çoxmərtəbəli yox və eyni zamanda, fərdi evlər olmalıdır ki, insanların həyat tərzinə o qədər də ciddi təsir etməsin. O ki qaldı, başqa şəhərlərimizə, məsələn, Laçın dağlıq ərazidir. Onun relyefi, landşaftı nəzərə alınmalıdır. Şuşaya tamam başqa yanaşma olmalıdır. Şuşanın bu gün mərkəzində sovet dövründə tikilmiş beşmərtəbəli evlər var. Bu binalar o dövrdə lazım idi, çünki şəhər kurort kimi inkişaf edirdi və gələn mütəxəssisləri mənzillə təmin etmək lazım gəlirdi. Bu gün o evlərin vaxtı artıq ötüb. Şuşanın qədim 17 məhəlləsi, hər məhəllənin öz bulağı, məscidi olub. Bax, bunları bərpa etmək lazımdır.

–“Ağıllı” kənd və şəhərlərdə landşaft memarlığı barədə nə deyə bilərsiniz?

–Landşaft memarlığı hər bir şəhərin ayrılmaz hissəsidir. Çünki insanlar haradasa istirahət etməli, gəzməli, asudə vaxtlarını keçirməlidirlər. Kafedə, yaxud çayxanada oturmaqla bağ-bağatlı yerlərdə gəzmək tamam fərli istirahətdir. Bu baxımdan landşaft memarlığı “ağıllı şəhər” prinsipinə uyğunlaşdırıla bilər. Yəni ərazinin işıqlanması, suvarılması, orada, məsələn, müxtəlif məlumat informasiya lövhələri quraşdırılması - bunlar da elə “ağıllı şəhər” ideyasına uyğunlaşdırıla bilər. “Landşaft” sözü təbii şəraiti ifadə edir. Deməli, landşaftı qoruyub saxlamaq lazımdır. Çünki təbiətin hər guşəsinin özünəməxsusluğu var və ustalıqla onu daha da gözəlləşdirmək memarın əsas vəzifələrindən biridir.

“Dünyada elə paytaxt yoxdur ki, yüklənmə problemi ilə rastlaşmasın və onun qarşısını tam ala bilsin”

–Bakı şəhəri insan fəaliyyətinin müxtəlif sahələri ilə hədsiz dərəcədə yüklənib. Dövlət idarələrinin, ali məktəblərin, istehsal müəssisələrinin, böyük ticarət mərkəzlərinin və s. əksəriyyəti burada yerləşir, kənddən şəhərə axın artır. Paytaxtımız artıq bu yükü daşımağa çətinlik çəkir. Siz problemin həlli yollarını nədə görürsünüz?

–Mən sualın axırıncı hissəsindən - kənddən şəhərə əhali axını məsələsindən başlayım. Bakıya gündəlik qazanc üçün təxminən 20 min insan gəlir. Bunlar şəhərə yaxın ərazilərdən gələn sürücülər, xidmət sahələrində işləyən, aşağı təminatlı işlərdə çalışan adamlardır. Onlar hər gün gəlir, işləyir və axşam qayıdırlar. İkinci məsələyə gəlincə, Bakı paytaxtdır və burada çoxsaylı dövlət və başqa müəssisələrin yerləşməsi təbiidir. Buna dünyanın bütün paytaxt şəhərlərində rast gəlmək olar. Dünyada elə paytaxt yoxdur ki, bu problemlə rastlaşmasın və elə bir ölkə yoxdur ki, bu problemin qarşısını ala bilsin. Çünki paytaxtın öz statusu var. Paytaxt, ümumiyyətlə, insanları cəlb edən bir yerdir. Məsələn, biz deyirik ki, ABŞ-da Vaşinqtona heç gedən yoxdur. Nə üçün? Çünki Amerikanın başqa böyük şəhərləri var ki, insanlar o tələbatlarını orada təmin edirlər. Azərbaycanda  Bakı, Gəncə və Sumqayıtdır. Yəni üç böyük şəhərimiz var, üçünə də çox böyük axın var. Çünki bu üç şəhərdə inkişaf daha sürətlə gedir və insanlar da, əlbəttə, öz tələbatlarını təmin etmək üçün bu şəhərlərə üz tuturlar.

Yaxşı yadımdadır, vaxtilə hansısa bir ucqar rayonda biri xəstələnəndə onu gətirirdilər Bakıya, indiki Füzuli küçəsində yerləşən 4 nömrəli xəstəxanaya. El arasında ona “Kəndçi xəstəxanası” deyirdilər. İndi isə bütün bölgələrdə yeni xəstəxanalar tikilib, yeni məktəblər, mədəniyyət obyektləri tikilib. Eləcə də bir çox rayonlarda ali məktəblər açılıb.

O da yadıma gəlir ki, bir neçə il əvvəl paytaxtı köçürmək fikri irəli sürüldü və müzakirələr başlandı. Məncə, bu, Bakıya qarşı ədalətsizlikdir. Çünki Bakı bizim xalqımızın ən qədim şəhərlərindən biridir. Şəhərin iki min ildən çox tarixi var. Şirvanşahlar Bakıya köçəndən sonra şəhər Azərbaycanın paytaxtı statusunu qazanıb. Yəni bu gün narahatlıq var deyə bu statusu Bakının əlindən almaq ədalətsizlik olardı. Məsələyə digər tərəfdən yanaşsaq, nazirliklərin və başqa dövlət qurumlarının qarşısında şəxsi avtomobillərin həddən çox yığışdığını görürük. Zənnimcə, hər kəs evdən maşını ilə yola çıxanda düşünməlidir ki, şəhərə, onun ekologiyasına müəyyən ziyan vurur. İnsanlar işə gəlib-gedərkən ictimai nəqliyyatdan istifadə etsələr, sıxlıq azalar. Bu baxımdan Yaponiyanın təcrübəsini qeyd etmək olar. Xatırlayıram ki, 2011-ci ildə Yaponiyada atom elektrik-stansiyasında qəza baş verdi və elektrik enerjisi qıtlığı yarandı. Ölkənin Baş naziri bütün Yaponiya xanımlarına müraciət etdi ki, paltarı həftədə bir dəfə yusunlar və insanlar da buna riayət etdi.

Deməyim odur ki, həm paytaxtda yerləşən müəssisələr əməkdaşları üçün nəqliyyat sıxlığı ilə bağlı müəyyən nizam-intizam tətbiq etsələr, həm də insanlar ətraf mühiti, ekologiyanı, sağlamlığı düşünsələr, Bakıda bu gün çox yaxşı işləyən ictimai nəqliyyatdan istifadə etməklə məsələni yoluna qoymaq olar.

–Maraqlı müsahibə üçün təşəkkür edirik.

AZƏRTAC

Published in Müsahibələr

Fevralın 23-də Ankarada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşü olub.

 

 

AZƏRTAC

Published in Siyasət
1 -dən səhifə 2