XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Şənbə, 20 Fevral 2021

Dövlət başçısı deyib: “...nəqliyyat sektoru gələcəkdə böyük rol oynayacaqdır. Regionda digər mühüm işlər də məhz bununla bağlıdır”

Published in Digər xəbərlər

İndoneziya Jurnalistlər Assosiasiyası (PWİ) erməni silahlı birləşmələrinin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının 29-cu ildönümü ilə əlaqədar xüsusi bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda münaqişə və zorakılıq nəticəsində uşaqların, qadınların və yaşlı insanların öldürülməsinin bir insanlıq faciəsi olduğu, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində baş verənlərin bu qəbil hadisə olduğu xüsusi vurğulanıb.

Xocalı şəhərində törədilən faciənin münaqişələrin və zorakılığın yalnız əzab-əziyyət gətirdiyinə dair tutarlı dərs olduğu bildirilib.

Sənəddə, o cümlədən sivilizasiyanın tolerantlıq, sülhpərvərlik və qarşılıqlı hörmət nəticəsində qurulduğu bildirilib. Demokratiyanın dördüncü sütunu kimi jurnalistika və medianın bəşər sivilizasiyasının formalaşmasına öz töhfələrini verdiyi qeyd olunub.

Bəyanatda, həmçinin İndoneziya Jurnalistlər Assosiasiyasının Azərbaycan xalqına və Xocalı faciəsinin qurbanlarının ailələrinə başsağlığı verdiyi, ruhlarının şad olmasını dilədiyi qeyd edilib.

Məlumat üçün qeyd edək ki, İndoneziya Jurnalistlər Assosiasiyası bu ölkədə yaradılmış ilk jurnalist təşkilatıdır. Təşkilat İndoneziyanın müstəqilliyinin əldə etməsindən 5 ay sonra, 1946-cı il fevralın 9-da Mərkəzi Yava əyalətinin Surakarta şəhərində təsis edilib. Bu tarix İndoneziyada Milli Mətbuat Günü kimi tanınır və hər il qeyd edilir.

 

 

AZƏRTAC

Published in Diaspora

Mərkəzçi Demokrat İnternasionalının İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib. İclasda Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanan üçtərəfli Bəyanata dair qətnamə layihəsi müzakirə olunaraq qəbul edilib.

Bu barədə AZƏRTAC-a Yeni Azərbaycan Partiyasından məlumat verilib.

Qətnamədə 1980-ci illərin sonlarından başlayan və 30 ildən çox davam edən Dağlıq Qarabağ münaqişəsinin bölgədə iqtisadi və humanitar fəlakətə, minlərlə insanın ölümünə, yüz minlərlə insanın məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olduğu vurğulanır.

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın əhəmiyyətinin xüsusi qeyd olunduğu qətnamədə Ermənistan və Azərbaycana həmin sənədə və əvvəlki atəşkəs razılaşmaları öhdəliklərinə uyğun olaraq Dağlıq Qarabağ və ətraf rayonlarda öhdəliklərinin tam şəkildə icrasına davam etmək çağırışı edilir. Tərəflərin hərbi əsirlərin mübadiləsi və birinci Qarabağ müharibəsində itkin düşənlər də daxil olmaqla münaqişədə həlak olanların qalıqlarının qaytarılması ilə bağlı beynəlxalq hüququn tələblərinə əməl etmək öhdəliyi də sənəddə qeyd olunur. Həmçinin hərbi cinayətlərə dair bütün iddiaların lazımi qaydada araşdırılmasına, günahkarların məsuliyyətə cəlb edilməsinə və cinayətlərinə görə cavab vermələrinin təmin edilməsinə çağırış edilir.

Sənədə əsasən, MDİ qadağan edilmiş silahların istifadəsini qəbuledilməz hesab edir və mülki əhaliyə qarşı hücumlarda, hətta təmas xəttindən uzaqda qeydə alınmış kasetli bomba və digər kütləvi qırğın sursatının istifadəsini pisləyir.

Uzunmüddətli münaqişənin bölgədəki mülki infrastrukturlara, mədəniyyət obyektlərinə və ətraf mühitə vurduğu ziyanı qiymətləndirmək üçün Avropa Komissiyasına, Avropa Parlamentinə və UNESCO-ya faktaraşdırıcı missiyası göndərmək çağırışı edilir. Qurum, həmçinin xarici investorları və humanitar təşkilatları Dağlıq Qarabağ və ətraf ərazilərdə minalar və partlamamış hərbi sursatlardan təmizləmə, bərpa və humanitar fəaliyyətlərdə iştiraka təşviq edir. Eləcə də beynəlxalq ictimaiyyəti atəşkəs razılaşmasının tam icrasına, bölgədə sülh və etimadın qurulmasına, Azərbaycan və Ermənistan xalqları arasında barışığa dəstək olmağa çağırır.

Sənəddə tərəfləri bundan sonra bərabər qonşuluq prinsipləri əsasında beynəlxalq hüquqa uyğun olaraq bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətə əsaslanan münasibətlər qurmağa çağırış edilir.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının müşahidəçi üzv olduğu MDİ hazırda Avropa, Latın Amerikası, Afrika və Asiya-Sakit Okean regionlarından 94 siyasi partiyanı özündə birləşdirir.

AZƏRTAC

Published in Diaspora

Estoniya parlamentinin - Riyqikoqunun Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə dostluq qrupu Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı bəyanat qəbul edib.

AZƏRTAC xəbər verir ki, qrupun üzvləri Azərbaycan xalqına Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı dərin hüznlə başsağlığı veriblər. Bəyanatda bildirilir ki, Azərbaycan xalqı Xocalı soyqırımında 600-dən çox günahsız vətəndaşını itirib. Onların arasında çoxsaylı uşaq, qadın və yaşlı insan olub.

“Biz dinc Azərbaycan xalqına qarşı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş insanlığa zidd bu vəhşiliyin günahkarlarını qətiyyətlə pisləyirik. Bu vəhşilik aktının günahkarları məsuliyyətə cəlb edilməlidir. 

Azərbaycan və Ermənistan arasında Qarabağ bölgəsindəki bütün hərbi fəaliyyətlərin dayandırılmasını alqışlayırıq. Azərbaycan Respublikasının davamlı sülh, inteqrasiya və azad edilmiş ərazilərin inkişafı istiqamətindəki səylərinə dəstəyimizi bildiririk”, - deyə bəyanatda vurğulanır.

 

 

AZƏRTAC

Published in Diaspora

Fevralın 19-da Ankarada 1-ci Türk Dünyası Meteorologiya Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay Forumda iştirak ediblər.

Türkiyənin Meteorologiya Baş İdarəsinin yaradılmasının 84-cü ildönümünə həsr olunan Forumda türkdilli ölkələrin meteorologiya qurumlarının beynəlxalq platformalarda birgə fəaliyyətinin genişləndirilməsi məsələləri müzakirə olunub.

Tədbirdə əvvəlcə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxış edərək deyib ki, son dövrlər iqlim dəyişmələrinin və onun fəsadlarının hər birimizin həyatına necə təsir etdiyi aydın şəkildə görünür. Dünyanın bir hissəsində daşqınlar və qasırğalar baş verərkən, digər bölgələrdə həddindən artıq isti hava və su çatışmazlığı hökm sürür. İnkişaf etməkdə olan ölkələrin iqtisadiyyatları, xüsusilə kənd təsərrüfatı, turizm, nəqliyyat, kommunal, səhiyyə sektorları dəyişkən meteoroloji hadisələrə qarşı daha həssas və daha az dayanıqlıdır. Təbii fəlakətlərə meyilli, həmçinin təhlükəyə dair məlumatı vaxtında vermək və ya fəlakəti səmərəli şəkildə idarə etmək imkanlarına malik olmayan ölkələrdə problem daha da kəskinləşir. Məsələnin həlli, bir tərəfdən təbii fəlakətlərə qarşı müvafiq infrastrukturun yaradılmasıdır. Digər tərəfdən isə təhlükələri xəritələşdirmək, həssas nöqtələri müəyyənləşdirmək, ekstremal hava şəraitində təcili hərəkətə imkan verən erkən xəbərdarlıq sisteminin qurulması olduqca aktualdır. Hətta bir neçə dəqiqə öncə verilmiş xəbərdarlıq insanları xilas etməyə və iqtisadi itkiləri azaltmağa kömək edə bilər. Dünyanı sınağa çəkən qlobal iqlim dəyişmələri çağırışlarına hazırlıqlı olmaq üçün ölkələrimizin meteorologiya xidmətləri innovativ texnologiyalara malik olmaqla biri-birini tamamlamalı, qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərməlidir.

Qeyd etmək istəyirəm ki, meteorologiya sahəsinin modernləşdirilməsi üçün dövlətimiz tərəfindən geniş imkanlar yaradılır. Əhalinin və iqtisadiyyatın hava-iqlim şəraitindən asılı olan sahələrinin meteoroloji təhlükəsizliyinin təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. Təhlükəli meteoroloji hadisələrə nəzarətin gücləndirilməsi, proqnoz və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi üçün meteorologiya sahəsi modernləşdirilir. Ölkəmizdə meteoroloji stansiyalar avtomatlaşdırılıb, iqlim məlumatlarının idarə olunması və müasir telekommunikasiya sistemi quraşdırılıb.

Meteoroloji xidmətin müasir standartlar səviyyəsinə çatdırılması üçün beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi zəruriliyini vurğulayan nazir bildirib ki, Azərbaycanda proqnozların keyfiyyətinin artırılması məqsədilə 20 ildən artıqdır ki, “TURKMETCAP” proqramı tətbiq edilir. Peyk məlumat mübadiləsi sistemi ilə hava proqnozlarının hazırlanmasında istifadə olunan lazımi faktiki məlumatlarla yanaşı, çoxsaylı proqnoz xəritələri, rəqəmsal modellərin nəticələri əldə olunur, informasiya mübadiləsi aparılır. Forumun iştirakçısı olan türkdilli ölkələrlə ətraf mühitin müxtəlif sahələri, o cümlədən meteorologiya sahəsi üzrə ikitərəfli formatda səmərəli əməkdaşlıq həyata keçirilir. Bununla yanaşı, türkdilli ölkələrin regional platformalar, o cümlədən “Xəzər dənizinin hidrometeorologiyası və çirklənməsinin monitorinqi” üzrə Xəzəryanı ölkələrin Koordinasiya Komitəsi çərçivəsində meteorologiya sahəsində əməkdaşlıq davam etdirilməkdədir. Lakin bu sahədə əməkdaşlığın daha intensiv olmasını vacib hesab edirik.

Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasətinin Azərbaycan təbiətinə, bioloji müxtəlifliyə, bütövlükdə regionun ekoloji durumuna ciddi ziyan vurduğunu diqqətə çatdıran M.Babayev deyib ki, uzun illər ərzində işğal altında olmuş ərazilərdə yerləşən hidrometeoroloji infrastruktur sıradan çıxarılıb. Hazırda həmin ərazilərdə ekoloji qiymətləndirmə və bərpa işlərinə başlanılıb. Yenidənqurma işlərində “yaşıl” texnologiyaların tətbiqi həmin əraziləri yüksək keyfiyyətli ekoloji mühit və “yaşıl enerji” məkanına çevirəcək. Tezliklə müasir avtomat sistemlərin tətbiqi ilə meteoroloji müşahidələrin bərpası planlaşdırılır. Bu tədbirlər həm iqlim dəyişmələrinə təsirlərin azaldılması, həm də bu təsirlərə daha dayanıqlı olmağa imkan verəcək.

Nazir deyib: “Meteoroloji infrastrukturun təhlükəli meteoroloji hadisələrin vaxtında proqnozlaşdırılmasında və zəruri qabaqlayıcı tədbirlərin görülməsində böyük rolu var. Gələcək planlarımızın uzlaşdırılması və birgə fəaliyyətimiz iqlim çağırışlarına dayanıqlı olmağa zəmin yaradacaq. Bu baxımdan, türkdilli ölkələrin meteorologiya sahəsinə cavabdeh qurumları arasında sıx əməkdaşlığı vacib hesab edirəm”.

***

Sonra Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bəkir Pakdəmir, Qazaxıstanın, Qırğızıstanın, Özbəkistanın, Türkmənistanın, Şimali Kipr Türk Respublikasının müvafiq qurumlarının rəsmilərinın çıxışları dinlənilib.

***

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Forumda çıxış edib.

Forum iştirakçılarını salamlayan Baş nazir bildirib ki, biz Türkiyənin iqlim dəyişiklikləri ilə mübarizədə səylərini yüksək qiymətləndiririk. Bildiyiniz kimi, Türkiyə bir neçə gün bundan əvvəl bu istiqamətdə yeni hədəflər və yol xəritəsi açıqlayıb. Əminik ki, bu, Türkiyənin qlobal istiləşməyə qarşı mübarizəsinə yeni töhfələr verəcək.

Türkdilli ölkələrin birliyinin, qardaşlığının əhəmiyyətini vurğulayan Baş nazir vurğulayıb ki, bu, həm ölkələrimiz, həm xalqlarımız, həm də bölgəmiz üçün önəmli amildir. Biz uzun illərdir ki, bu birliyi nümayiş etdiririk.

Baş nazir Əli Əsədov çıxışına davam edərək deyib:

- Fürsətdən istifadə edərək rəşadətli və qəhrəman Azərbaycan Ordusunun Qələbəsi ilə nəticələnən 44 günlük müharibə zamanı bizə siyasi və mənəvi dəstək verdiyinə görə hörmətli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, əziz qardaşım, hörmətli Fuat Oktay bəy də daxil olmaqla, Türkiyə Respublikasının rəhbərliyinə və bütün qardaş Türkiyə xalqına bir daha dərin təşəkkürümüzü bildiririk. Biz müharibənin ilk saatlarından Türkiyənin dəstəyini hiss etdik. Bütün səviyyələrdə qardaş Türkiyə Ermənistanın təxribatını qətiyyətlə pislədi, Azərbaycanın tək olmadığını açıq bəyan etdi. Bir önəmli faktı da qeyd etmək istərdim. Mənfur düşmən 30 ilə yaxın müddətdə Azərbaycanın işğal olunmuş torpaqlarında ekoloji terror törədib. Qədim tarixə, nadir maddi və mənəvi irsə, özünəməxsus flora və faunaya, zəngin yeraltı və yerüstü sərvətlərə malik olan Qarabağ düşmən tərəfindən vəhşicəsinə istismar edilib. Regionun meşə örtüyü məqsədli şəkildə məhv edilib, münbit torpaqlar, su ehtiyatları ekoloji və radioaktiv çirklənməyə məruz qoyulub. Bölgənin təbii landşaftı ciddi deformasiyaya uğrayıb. Qeyri-qanuni olaraq təbii sərvətlərin istismarı və mənimsənilməsi həyata keçirilib. Hətta uzun illər qeyri-qanuni məskunlaşmadan sonra əzəli torpaqlarımızı boşaldarkən düşmən ağacları kəsib, meşələrimizi məhv edib. İşğaldan azad edilmiş ərazilərdə ekoloji vəziyyətin bərpası üçün kompleks tədbirlər görüləcək. Bu torpaqlar “yaşıl enerji” zonasına çevriləcək. Keçmiş köçkün əhalimiz böyük qayıdış proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdacaq.

Təsadüfi deyil ki, bu yaxınlarda dövlətimizin başçısı, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində digər məsələlərlə yanaşı, qlobal iqlim dəyişikliklərinin miqyasının azaldılması, təmiz ətraf mühitin təmin olunması və Azərbaycanın yaşıl artım ölkəsinə çevrilməsi yaxın onilliyin əsas strateji istiqaməti kimi göstərilib.

COVİD-19 pandemiyası səbəbindən sərhədlərin bağlandığı bir vaxtda türkdilli dövlətlərin belə bir mühüm forum çərçivəsində bir araya gəlməsi çox rəmzi xarakter daşıyır. Forum iştirakçısı olan türkdilli ölkələrlə müxtəlif sahələr üzrə səmərəli əməkdaşlığımız davam etdirilir. Məhz belə qarşılıqlı əməkdaşlıq əlaqələri regionda geosiyasi mənzərənin müsbət dəyişikliklərə gətirib çıxarmasına səbəb olub. Azərbaycan Respublikası qlobal iqlim dəyişikliklərinin təsirlərinin yumşaldılması təşəbbüsünə töhfə olaraq 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyasının səviyyəsinin 35 faiz azaldılmasını qarşıya hədəf qoyub. Qeyd etmək lazımdır ki, Paris Sazişinin həyata keçirilməsi dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm əhəmiyyət kəsb edir və emissiyaların azaldılmasına imkan verə biləcək yol xəritəsi funksiyasını daşıyır. Keçən il noyabrın 11-də qardaş Türkiyənin təşəbbüsü ilə “Gələcəyə nəfəs ol!” kampaniyası çərçivəsində ölkəmizdə də keçirilən ağacəkmə aksiyasını xoş təəssüratla xatırlayıram. Kampaniya çərçivəsində aksiyalarımızı davam etdiririk və inanırıq ki, bu tədbirlər iqlim dəyişikliklərinə qarşı mübarizədə böyük rol oynayacaq. Bugünkü tədbir sərhəd tanımayan meteorologiya məsələlərinə həsr olunub. Hesab edirəm ki, bu sahədə məlumat və təcrübə mübadiləsi türkdilli ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinə geniş imkanlar yaradacaq. Forumun işinə müvəffəqiyyətlər arzulayıram.

***

Forumda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın məktubu oxunub.

Məktubda deyilir: “Türk dünyası olaraq geridə qoyduğumuz dövrdə, koronavirus pandemiyası səbəbindən dostlarımız və sevdiklərimiz daxil olmaqla bir çox insanı itirməyin ağrısını yaşadıq. Ancaq, eyni dövrdə, 30 illik işğaldan sonra Qarabağın ana Vətəni ilə yenidən qovuşmasının sevincini də ürəyimizdə hiss etdik. Azərbaycanlı qardaşlarımı 44 gün davam edən şanlı mübarizələri ilə böyük bir Zəfərə imza atmaları münasibətilə bir daha təbrik edirəm.

Həm Qarabağ müharibəsi, həm də pandemiya dövründə yaşadıqlarımız, türk dünyasının müdafiədən diplomatiyaya, səhiyyədən əkinçiliyə, turizmdən enerjiyə qədər hər sahədə birlik, həmrəylik və bərabərliyinin vacibliyini göstərdi. Eyni dildə danışan, eyni dinə inanan, tarixi bir, mədəniyyəti bir 300 milyonluq çox böyük bir ailə olduğumuzu bu vəsilə ilə təkrar gördük. Ailə üzvləri olaraq qarşıdakı dövrdə əsas məsuliyyətimiz bu əlaqələri gücləndirmək və aramızdakı əməkdaşlığı daha da artırmaq olmalıdır. “Türk Dünyası Meteorologiya Birliyi”nin yaradılması təşəbbüsünün bu istiqamətdə atılan mühüm bir addım olduğunu düşünürəm”.

Türkiyə Prezidenti Forumun işinə uğurlar arzulayıb.

***

Daha sonra Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay çıxış edərək Azərbaycanın Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyətinin qardaş ölkəyə rəsmi səfəri çərçivəsində Forumda iştirakından məmnunluğunu bildirib.

Meteoroloji hadisələrin bütün cəmiyyətlərə ciddi təsir göstərdiyini vurğulayan Vitse-prezident bildirib ki, ildən-ilə təsirini daha da artıran iqlim dəyişikliyi meteoroloji fəlakətlərin intensivliyinin artmasına səbəb olub. Qlobal istiləşmə dünyada ekosistemin və insanların ayaqlaşa bilmədiyi qədər sürətli dəyişikliklərlə müşahidə edilir. Hər gün dünyanın müxtəlif bölgələrində sel, qasırğa, quraqlıq və meşə yanğınlarına dair xəbərlər yayımlanır.

Təbii fəlakətlərin insan tələfatı ilə yanaşı, iqtisadiyyata, xüsusən kənd təsərrüfatına ciddi ziyan vurduğunu deyən Fuat Oktay vaxtında verilmiş dəqiq proqnozların, xəbərdarlıqların və bu fəsadlara qarşı dayanıqlılığın əhəmiyyətini diqqətə çatdırıb. Buna görə də iqlim dəyişikliyinə qarşı səylərin birləşdirilməsinin, əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsinin önəmini qeyd edən Vitse-prezident bu baxımdan Türk Dünyası Meteorologiya Birliyinin yaradılmasının vacibliyini vurğulayıb. Bildirib ki, bu yolla həm iqlim dəyişikliyi, həm də meteoroloji fəlakətlərə qarşı mübarizə imkanlarını da genişləndirmək mümkündür.

Dil, tarix, mədəniyyət və din birliyi ilə böyük bir ailə olan türkdilli ölkələrin Türk Dünyası Meteorologiya Birliyi çərçivəsində əməkdaşlığının vaxt itirmədən gücləndirilməsinin zəruriliyini qeyd edən Fuat Oktay Forum nəticəsində türk dünyasında meteorologiya sahəsində qurulacaq işbirliyinin iqlim dəyişikliyi ilə mübarizədə türkdilli ölkələr üçün dönüş nöqtəsi olacağına əminliyini bildirib.

***

Forumun yekununda Türk Dünyası Meteorologiya Birliyinin yaradılması barədə qərar qəbul olunub.

 

 

AZƏRTAC

Published in Siyasət

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 19-da Trans-Anadolu qaz kəməri - TANAP-ın Ankaradakı ofisində olub.

AZƏRTAC xəbər verir ki, TANAP-ın Baş direktoru Saltuk Düzyol layihənin fəaliyyəti barədə təqdimatla çıxış edib.

Baş nazir Əli Əsədov layihənin Azərbaycan və Türkiyə prezidentlərinin iradəsinin nəticəsində başa gəldiyini söyləyib, bunun hər iki ölkə üçün əhəmiyyətini vurğulayıb.

 

 

AZƏRTAC

Published in Siyasət

İclasdan sonra mətbuat konfransı olub

Fevralın 19-da Ankarada Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktayın iştirakı ilə İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Baş nazir Əli Əsədov və Vitse-prezident Fuat Oktay iclasda çıxış ediblər.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin, təhsil naziri Emin Əmrullayevin, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin, xarici işlər nazirinin müavini Xələf Xələfovun, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin, Naxçıvan Muxtar Respublikasının baş naziri Səbuhi Məmmədovun və digər rəsmi şəxslərin qatıldığı iclasda qarşılıqlı əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb.

Baş nazir Əli Əsədov və Vitse-preziden

t Fuat Oktay Hökumətlərarası Komissiyanın Protokolunu imzalayıblar.

Sonra mətbuat konfransı olub.

Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay mətbuat konfransında çıxış edərək İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasında imzalanan 138 maddədən ibarət Protokolun ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini bildirib. Vitse-prezident deyib ki, iclasda əməkdaşlığımızın yol xəritəsini təkmilləşdirdik. COVİD-19 pandemiyasının mənfi təsirlərinə baxmayaraq, ikitərəfli ticarət əlaqələrimiz 2020-ci ildə əvvəlki illə müqayisədə 14 faiz artaraq, 4,6 milyard dollara çatıb. Hədəfimiz 2023-cü ildə 15 milyard dollarlıq ticarət dövriyyəsinə çatmaqdır.

“2019-cu ilin sentyabrında Bakıda keçirdiyimiz toplantıda iqtisadi və ticari əlaqələrimizi inkişaf etdirmək üçün önəmli qərarlar qəbul etmişdik. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, bu qərarların 62 faizi bir il ərzində icra edildi. Bugünkü iclasımızda isə sənaye və texnologiya, enerji, müdafiə, mədəniyyət və turizm, nəqliyyat və kommunikasiya, kənd təsərrüfatı və qida təhlükəsizliyi, təhsil, gənclər və idman kimi sahələrdə əməkdaşlıq imkanlarımızı müzakirə etdik və bir sıra önəmli qərarlar qəbul olundu. Xüsusi vurğulamaq istərdim ki, razılığa gəldiyimiz fəaliyyət istiqamətləri arasında Ermənistanın işğalından azad edilən bölgələrin inkişafı və yenidən dirçəldilməsi məsələsi prioritet sahələrdəndir”, - deyə Fuat Oktay vurğulayıb.

Vitse-prezident qeyd edib ki, Qarabağda “ağıllı şəhər” modeli ilə dövrümüzün tələblərinə uyğun infrastrukturun yaradılması, kommunikasiya və enerji xətlərinin yenilənməsi, “Yaşıl enerji” konsepsiyasının həyata keçirilməsi, kənd təsərrüfatının dirçəldilməsi, mədəni abidələrin bərpası üçün azərbaycanlı qardaşlarımıza hər cür dəstək verəcəyik.

Fuat Oktay bildirib ki, bu gün qəbul edilən qərarlar iqtisadi əməkdaşlığımızı konkret addımlarla ticarətdən enerjiyə, nəqliyyatdan təhsilə, kənd təsərrüfatından səhiyyəyə qədər bir çox sahələrdə daha yüksək səviyyəyə çatdırmaqda qətiyyətli olduğumuzun göstəricisidir.

***

Mətbuat konfransında çıxış edən Baş nazir Əli Əsədov səfərin çox uğurlu keçdiyini, iki gün ərzində məhsuldar görüşlərin olduğunu və bir sıra mühüm sənədlərin imzalandığını bildirib. Qeyd edib ki, İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın bugünkü iclası Azərbaycan ilə Türkiyənin fikirlərinin bütün məsələlərdə üst-üstə düşdüyünü bir daha göstərdi. Baş nazir dedi: “Bir çox məsələləri müzakirə etdik. Gündəlik kifayət qədər geniş idi və heç bir məsələ ilə bağlı fikir ayrılığı yoxdur. Niyyətimiz, amalımız birdir. Bu da ondan ibarətdir ki, Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələri bundan sonra da uğurla inkişaf etsin və ölkələrimiz daha da güclü olsun”.

İclasda bir sıra önəmli qərarların qəbul edildiyini, tədbirlər planının təsdiqləndiyini vurğulayan Baş nazir diqqətə çatdırıb ki, qardaş ölkələrimizin siyasi əlaqələri barədə də geniş fikir mübadiləsi aparıldı. Bir daha əmin olduq ki, bu əlaqələr strateji xarakter daşıyır və iki qardaş xalqın iradəsini əks etdirir. Biz bütün beynəlxalq təşkilatlar çərçivəsində vahid mövqedən çıxış edirik və bir-birimizi hər zaman dəstəkləyirik. Təbii ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın möhtəşəm Qələbəsinə də toxunduq. Fürsətdən istifadə edərək hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Azərbaycanın haqq işinə dəstək verdiyinə görə Türkiyə Respublikasının rəhbərliyinə, bütün qardaş türk xalqına bir daha dərin təşəkkürümüzü bildiririk. Bu böyük siyasi və mənəvi dəstək bizə əlavə güc verdi. Bu dəstək bütün dünyaya bir mesaj idi ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Azərbaycan da öz növbəsində, bütün məsələlərdə beynəlxalq miqyasda daim Türkiyəni dəstəkləyir.

İqtisadi əlaqələrə dair geniş müzakirələrin aparıldığını söyləyən Əli Əsədov deyib: “İqtisadi tərəfdaşlığımız, böyük inkişaf potensialımız var. Mövcud potensialın dəyərləndirilməsi və xalqlarımızın rifahı naminə yüksəldilməsi istiqamətində bundan sonra da fəaliyyətimizi davam etdirəcəyik. Biz iqtisadi-ticari sahədə münasibətlərimizi genişləndirmək niyyətindəyik. Həm dünən keçirdiyimiz görüşlərdə, həm bugünkü iclas zamanı hər iki tərəf bunda maraqlı olduğunu bir daha təsdiqlədi. Ötən il Bakıda keçirilmiş Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasında imzalanan və artıq hər iki ölkə tərəfindən təsdiqlənən Preferensial Ticarət Sazişinin rolunu da bu baxımdan yüksək qiymətləndiririk. Qarşılıqlı sərmayələrin həcmindən məmnunluğumuzu bildirdik və qarşılıqlı sərmayə qoyuluşu bundan sonra da davam etdiriləcək. Çünki bu yatırımlar xalqlarımızın rifah halını yaxşılaşdırır. Azərbaycan və Türkiyə vətəndaşlarının təkcə şəxsiyyət vəsiqəsi ilə ölkələlərimizə sərbəst şəkildə səfər etməsi barədə sənəd təsdiqlənib. Bu addım ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrinin inkişafına yeni nəfəs verəcək, ticarət dövriyyəsinin, sərmayə qoyuluşunun, turist axınının artmasına müsbət təsir göstərəcək”.

Nəqliyyat sahəsində əməkdaşlıq barədə fikir mübadiləsinin aparıldığını qeyd edən Baş nazir bildirib ki, pandemiyaya baxmayaraq, ötən il nəqliyyat sahəsində əməkdaşlığımız uğurlu olub. Belə ki, əksər ölkələr öz aralarında tranzit-nəqliyyat əlaqələrini dayandırdı, Azərbaycan və Türkiyə isə bu istiqamətdə əməkdaşlığını davam etdirdi və biz bu sahədə artıma nail olduq. Bundan əlavə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə yaranan yeni geosiyasi və geoiqtisadi reallıq barədə də fikir mübadiləsi apardıq. Bu reallıq iki qardaş ölkə arasında münasibətlərə yeni nəfəs verəcək, iqtisadiyyatımızın və ticarətimizin artımına xidmət edəcək.

“Bildiyiniz kimi, artıq işğaldan azad olunan ərazilərdə yenidənqurma və bərpa işlərinə başlanıb və ilkin kontraktlar imzalanıb. Əlbəttə ki, bizim şirkətlərlə bərabər, türk qardaşlarımız da layihələrdə yer alıblar. Türk şirkətləri artıq önəmli infrastruktur layihələrinin icra edilməsinə başlayıblar”, - deyə Əli Əsədov vurğulayıb.

Baş nazir deyib ki, Prezident İlham Əliyev bölgədə yeni əməkdaşlıq platforması yaratmaq barədə təşəbbüslə çıxış edib. Bu çoxtərəfli platforma böyük perspektivlər vəd edir və bütün bölgə ölkələri üçün faydalı olacaq. Əminəm ki, iclasın nəticələri ikitərəfli münasibətlərimizin genişlənməsinə təkan verəcək və əməkdaşlığımız üçün yeni imkanlar açacaq.

 

 

AZƏRTAC

Published in İqtisadiyyat

Siyasi dialoq mühitinin ölkəmizdə dəstəklənməsi, eləcədə dialoq məfhumunun təşviqi məqsədilə Azərbaycanda fərqli layihələr davamlı olaraq reallaşmaqdadır. Görülən işlər sayəsində “siyasi dialoq” anlayışı öz aktuallığını qoruyaraq, siyasi təcrübənin ayrılmaz amilinə çevrilib.

AZƏRTAC xəbər verir ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin ölkədə tanınmış politoloq və müvafiq sahədə ixtisaslaşmış QHT rəhbərləri ilə fevralın 19-da keçirilmiş “Siyasi dialoqun Azərbaycan modeli” adlı görüşü məhz mövcud istiqamətdə Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan siyasətin davamı kimi dəyərləndirilməlidir. 

Ölkəmizdə reallaşan islahatlar siyasi münasibətlər sistemini də əhatə edir. Dayanıqlı inkişaf, sabitlik, milli həmrəylik mühiti, peşəkar münasibətlərin təşviqi və demokratik ənənələrin formalaşması kimi vəzifələri özündə ehtiva edən islahatlar qaçılmazdır və siyasi münasibətlər sisteminə də sirayət edir. Dövlətimizin başçısının “Hesab edirəm ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bir partiya - hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir” - fikri ölkəmizdə siyasi dialoqun inkişafına ayrılan yüksək diqqətin sübutudur. Bu cür yanaşma və nümayiş olunan siyasi iradə sayəsində “dialoq məfhumu” Azərbaycanda siyasi dəyər statusuna qədər yüksəlmiş olur.

“Siyasi dialoqun Azərbaycan modeli” adlı silsilə tədbirlər çərçivəsində təşkil olunmuş növbəti görüşdə tanınmış politoloq və siyasi şərhçilərlə yanaşı, ölkənin müvafiq sahədə ixtisaslaşmış qabaqcıl QHT rəhbərləri də iştirak ediblər. Tədbiri giriş sözü ilə açan şöbə müdiri Ədalət Vəliyev ölkə rəhbərliyi adından iştirakçıları salamlayaraq, şöbənin əsas fəaliyyət istiqamətləri və prioritetləri, Azərbaycanda aparılan sistemli islahatlar, o cümlədən siyasi partiyaların canlanması və dayanaqlı demokratik ənənələrin formalaşmasına xidmət edən siyasi dialoq məfhumunun təşviqi istiqamətində görülmüş işlər haqqında geniş məlumat verib.

Ölkəmizin artıq gündəlik siyasi təcrübəsinə daxil olmuş iqtidar-müxalifət dialoqunun davamlı şəkildə inkişaf etdiyini qeyd edən Administrasiya rəsmisi cəmiyyətin fəal üzvlərinin, həmçinin vətəndaş cəmiyyəti institutlarının bu proseslərdə qabaqcıl mövqe tutmasının əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, dayanıqlı siyasi dialoq mühitinin qorunması kontekstində isə obyektiv siyasi şərhlərin, həmçinin maarifləndirmə və təbliğat işlərinin aktuallığı xüsusi olaraq artır. Bu mənada mövcud potensialların səfərbər olunması və müvafiq sahələrin mütəxəssisləri ilə birgə müzakirələrin aparılması siyasi zərurətdir.

Öz çıxışını Prezident İlham Əliyevin “Növbəti illərdə siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması işində önəmli addımlar atılacaqdır” - fikirləri ilə davam etdirən Administrasiya rəsmisi siyasi münasibətlərdə dialoq mühitinin dəstəklənməsinin, ilk növbədə, ölkə rəhbərliyinin dövlət quruculuğu məsələlərində demokratik prinsip və ənənələrə sadiq qalmasından xəbər verdiyini bildirib.

Dövlətin və cəmiyyətin inkişafında siyasi dialoqun rolunun təbliği və malik olduğu bütün müsbət təzahür formalarının aşılanması üçün Azərbaycanda tanınmış ictimai xadimlər tərəfindən mövzu ilə bağlı verilən şərhlərdə obyektiv mövqeyin qorunması və dövlətçilik mövqelərdən çıxış etməsinin prinsipial məsələ olduğunu qeyd edən Ədalət Vəliyev bildirib ki, Vətənə sadiqlik və milli maraqlara xidmət bütün vətəndaşlarımızın əsas həyat amilinə çevrilməlidir.

Azərbaycanda yaşanan milli birlik və həmrəylik kontekstində 44 gün davam edən Vətən müharibəsində əldə olunan Böyük Qələbəni xatırladan Administrasiya rəsmisi Prezident İlham Əliyevin bununla bağlı fikrini səsləndirib: “Müharibədən əvvəl artıq ölkəmizdə yeni bir siyasi iqlim yaranmışdır, müsbət iqlim. Çünki bizim hamımızın, bütün vətənpərvər qüvvələrin bir amalı var idi - torpaqlarımızın işğaldan azad edilməsi. Biz, Azərbaycan iqtidarı buna da nail olduq. Bu gün isə bizim qarşımızda bu Qələbəni siyasi yollarla möhkəmləndirmək vəzifəsi durur”. Bu mənada siyasi dialoqun, eyni zamanda, cəmiyyətin çeviklik və mobillik kimi əvəzolunmaz keyfiyyətlərinin inkişafı prosesinə də təsir etdiyini qeyd edən Ədalət Vəliyev vurğulayıb ki, münasibətlər sisteminin məhz bu tərəfləri Azərbaycanda ən az tədqiq və təhlil olunmuş mövzulardandır.

Daha sonra dialoqun Azərbaycan milli mədəniyyətinə məxsus keyfiyyətlərdən biri olduğunu xatırladan şöbə müdiri hökumət tərəfindən mövcud istiqamətdə atılan qlobal təşəbbüslərdən danışıb. Konteksti inkişaf etdirərək Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən mövcud istiqamətdə görülmüş işlər haqqında məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə iştirak edən Milli Məclisin deputatları Elşad Mirbəşiroğlu “Azərbaycanda siyasi dialoq mədəniyyəti yeni inkişaf mərhələsində”, Musa Qasımlı “Diskussiya mədəniyyəti: keçilən yol, mövcud vəziyyət və perspektivlər”, Hikmət Babaoğlu “İctimai siyasi münasibətlər sistemi tariximizdə yeni plüralist əməkdaşlıq mərhələsi”, Cavanşir Feyziyev “Siyasi dialoqun zərurəti: Siyasi dialoq - milli təhlükəsizliyin mühüm elementi”, həmçinin tanınmış politoloqlar Eldar Namazov “Dəyişən dünyada milli birliyin və ölkə daxili dialoqun vacibliyi”, Fariz İsmayılzadə “Milli Həmrəylik və dialoq üçün təhsil platforması”, Tofiq Abbasov “Qarşılıqlı anlaşmadan təkamülə doğru”, Rufiz Qonaqov “Siyasi dialoq -  Həmrəylik və Vətən müharibəsi”, Rauf Arifoğlu “Siyasi dialoq düşmənin informasiya təxribatlarına qarşı milli dirənişin əsası kimi” və Elşad Eyvazlı “Siyasi dialoqda medianın rolu” mövzuları üzrə məruzələrlə çıxış ediblər.

Tədbirdə yekun sözü ilə çıxış edən Administrasiya rəsmisi Prezident İlham Əliyevin “Bu gün isə bizim qarşımızda bu Qələbəni siyasi yollarla möhkəmləndirmək, erməni faşizminin baş qaldırmasına yol verməmək, beynəlxalq müstəvidə keçmiş münaqişə ilə və indiki reallıqlarla bağlı, o cümlədən dağıdılmış ərazilər haqqında məlumat çatdırmaq vəzifəsi durur. Bizim partiyalarımızın bəziləri beynəlxalq partiya qurumlarına üzvdürlər. Bu məlumat o qurumlar çərçivəsində verilməlidir. Yəni bu, gələcək fəaliyyət üçün əsas istiqamət olmalıdır. Əlbəttə ki, ölkə daxilində demokratikləşmə proseslərinə müsbət təsir etmək, partiyalararası dialoqu möhkəmləndirmək, çatışmazlıqlar haqqında məsələ qaldırmaq və normal, sağlam rəqabət aparmaq - biz bunu istəyirik” - fikirlərini səsləndirərək bildirib ki, dialoqun təzahür formalarından biri olan əməkdaşlığın nəticəsində ölkədə aparılan islahatların maksimal effektivliyi təmin olunacaq.

Dialoq ənənələri ilə zəngin olan Azərbaycanda milli və siyasi həmrəyliyin inkişafı üçün bütün amillərin mövcudluğunu qeyd edən tədbir iştirakçıları mövcud istiqamətdə əməkdaşlığa hazır olduqlarını və öz fəaliyyətlərində mövzuya xüsusi diqqətin ayıracaqlarını bildiriblər.

AZƏRTAC

Published in Digər xəbərlər

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin yeni rəhbəri İrek Zinnurov AZƏRTAC-da olub. İdarə Heyətinin sədri Aslan Aslanov ilə görüşdə Azərbaycan və Rusiya arasında media sahəsində əməkdaşlıq barədə müzakirələr aparılıb.

Qonağa AZƏRTAC-ın fəaliyyəti və dünya informasiya məkanında mövqeyi, həmçinin beynəlxalq və regional media qurumlarının rəhbər orqanlarında təmsilçiliyi barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, AZƏRTAC dünyanın bir çox nüfuzlu informasiya agentlikləri, o cümlədən Rusiyanın TASS agentliyi ilə uzun illərdir uğurla əməkdaşlıq edir. Ölkələrimizin iki aparıcı agentliyi arasında mütəmadi informasiya və təcrübə mübadiləsi həyata keçirilir, birgə layihələr reallaşdırılır. Səkkiz dildə informasiya yayan AZƏRTAC-ın 21 ölkədə, o cümlədən Rusiyada müxbir məntəqəsi fəaliyyət göstərir.

Qeyd olunub ki, AZƏRTAC Azərbaycanda keçirilən bir çox beynəlxalq tədbirlərə informasiya dəstəyi verir, Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində media ilə bağlı dəyirmi masaların təşkilində fəal iştirak edir.

İrek Zinnurov ölkələrimiz arasında mədəniyyət, turizm, təhsil, media sahələrində əlaqələrin daha da inkişaf etməsinə hərtərəfli dəstək verməyə hazır olduqlarını bildirib. Azərbaycanda rus dil və mədəniyyətinə verilən önəmi yüksək qiymətləndirdiyini deyən Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri hər iki ölkədə diasporların cəmiyyətlərin həyatında fəal rol oynadığını qeyd edib.

Görüşdə milli mədəniyyətlərin qarşılıqlı təbliğində medianın rolundan bəhs olunub, birgə layihələrin reallaşdırılması, informasiya sahəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

 

AZƏRTAC

Published in Digər xəbərlər

Fevralın 19-da xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqına (Aİ) üzv ölkələrin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir Ceyhun Bayramov hazırda bölgədə mövcud olan vəziyyət, xüsusilə də Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər barədə məlumat verib. Bölgədə yaranmış yeni təhlükəsizlik formatı, eləcə də yeni əməkdaşlıq imkanlarından bəhs olunub. Nazir Ceyhun Bayramov 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistan tərəfindən bu razılaşmaya tamamilə zidd olaraq, işğaldan azad edilmiş ərazilərə terrorçu diversant qrupun göndərildiyini Aİ səfirlərinin diqqətinə çatdırıb və cinayət tərkibli bu əməllərin yolverilməzliyini vurğulayıb.

Nazir Ceyhun Bayramov, eyni zamanda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi, artıq tam istismara verilən nəhəng Cənubi Qaz Dəhlizi layihəsi və bu layihənin Avropada coğrafiyasının genişləndirilməsi imkanları, habelə Azərbaycan-Aİ ikitərəfli münasibətləri və bu əlaqələrin hüquqi əsasını təşkil edəcək yeni Saziş üzrə danışıqlar haqqında ətraflı məlumat verib.

Aİ-nin Azərbaycandakı nümayəndəsi səfir Kestutis Yankauskas ətraflı məlumata görə təşəkkürünü bildirib, bu formatda dialoqun gələcəkdə də davam etdirilməsinin faydalı olacağını bildirib. O, ikitərəfli münasibətlər, o cümlədən yeni Sazişin imzalanmasının əhəmiyyəti, enerji sahəsində tərəfdaşlıq və yeni imkanların nəzərdən keçirilməsi, Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq məsələlərini qeyd edib. Avropa İttifaqının münaqişədən əziyyət çəkən insanlara humanitar yardımına istinad edən səfir Aİ-nin münaqişə sonrası prosesdə oynaya biləcəyi rol barədə ətraflı müzakirələrin aparılmasının önəmini vurğulayıb.

Sonra nazir Ceyhun Bayramov Aİ səfirlərinin çoxsaylı suallarını cavablandırıb.

 

 

AZƏRTAC

Published in Siyasət
1 -dən səhifə 3

Təqvim

« February 2021 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28

ZIYARƏTÇİLƏR

Ziyarətçilər891014

Currently are 144 guests and no members online