XƏBƏR LENTİ

Respublica News - Items filtered by date: Cümə axşamı, 18 Fevral 2021

Azərbaycan Respublikası Prezidentinin “2013-cü il martın 11-də Zaqreb şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Xorvatiya Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” 2013-cü il 3 may tarixli 885 nömrəli, “2013-cü il martın 12-də Mədinə şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Turizm və Qədim Abidələr üzrə Baş Komissiyası arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” 2013-cü il 11 iyun tarixli 909 nömrəli, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İtaliya Respublikasının Mədəni İrs və Fəaliyyət, Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” 2014-cü il 9 sentyabr tarixli 258 nömrəli, “Azərbaycan Respublikası Hökuməti ilə Argentina Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” 2015-ci il 30 oktyabr tarixli 665 nömrəli, “Azərbaycan Respublikası ilə Uruqvay Şərq Respublikası arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” 2015-ci il 30 oktyabr tarixli 666 nömrəli və “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Ukraynanın Mədəniyyət Nazirliyi arasında 2016-2020-ci illər üzrə mədəniyyət və incəsənət sahəsində əməkdaşlığa dair Proqramın təsdiq edilməsi haqqında” 2016-cı il 4 oktyabr tarixli 1057 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “2013-cü il martın 11-də Zaqreb şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Xorvatiya Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 3 may tarixli 885 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, N 5, maddə 506) 2-ci hissəsində “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.

2. “2013-cü il martın 12-də Mədinə şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Turizm və Qədim Abidələr üzrə Baş Komissiyası arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli 909 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, N 6, maddə 637) 2-ci hissəsində “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İtaliya Respublikasının Mədəni İrs və Fəaliyyət, Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 9 sentyabr tarixli 258 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, N 9, maddə 1038) 2-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın.

4. “Azərbaycan Respublikası Hökuməti ilə Argentina Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 30 oktyabr tarixli 665 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, N 10, maddə 1137) 2-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın.

5. “Azərbaycan Respublikası ilə Uruqvay Şərq Respublikası arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 30 oktyabr tarixli 666 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, N 10, maddə 1138) 2-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın.

6. “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Ukraynanın Mədəniyyət Nazirliyi arasında 2016-2020-ci illər üzrə mədəniyyət və incəsənət sahəsində əməkdaşlığa dair Proqramın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 oktyabr tarixli 1057 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, N 10, maddə 1616) 2-ci hissəsindən “və Turizm” sözləri çıxarılsın.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının

Prezidenti.

Bakı şəhəri, 29 yanvar 2021-ci il.

Published in Fərman

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Nəriman Əliməmməd oğlu Həsənzadə “İstiqlal” ordeni ilə təltif edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 17 fevral 2021-ci il.

Published in Sərəncam
Cümə axşamı, 18 Fevral 2021 06:55

Xalq şairi Nəriman Həsənzadəyə

Hörmətli Nəriman Həsənzadə!

Sizi - müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 90 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə cansağlığı və yeni yaradıcılıq müvəffəqiyyətləri arzulayıram.

Siz ötən əsrin ortalarında ədəbiyyat aləminə qədəm qoyduğunuz vaxtlardan öz dəst-xəttinizi formalaşdırmış və geniş oxucu auditoriyasının ehtiramını qazanmısınız. Şair və dramaturq kimi uzunmüddətli səmərəli fəaliyyətiniz boyu yüksək sənətkarlıqla meydana gətirdiyiniz ədəbi əsərlər söz xəzinəmizə layiqli töhfədir. Qayəsini Vətən məhəbbəti, milli azadlıq duyğuları, ənənəvi dəyərlərə bağlılıq və mənəvi ucalığa çağırış təşkil edən bu əsərlər Sizi ədəbi prosesin ön mövqelərinə çıxarmışdır. Bədii-estetik kamilliyi ilə seçilən şeir və poemalarınıza dərin səmimiyyət, həssaslıq və güclü lirizm hakimdir. Dövrün mənzərəsini dolğun canlandıran və xalqımızın mübarizliyinin tərənnümünə çevrilən mənzum tarixi dramlarınız tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmış, teatrlarımızın repertuarında özünəməxsus yer tutmuşdur. Yaratdığınız poetik nümunələrə bəstələnən mahnılar dillər əzbəridir. Ziyalı vətəndaş mövqeyi nümayiş etdirərək ictimai sahədə göstərdiyiniz təqdirəlayiq fəaliyyət kitablarınızdakı fikir və düşüncələrinizi əməli surətdə gerçəkləşdirmək istəyinizin bariz təzahürüdür.

İnanıram ki, Siz vətənpərvərlik ruhu və əxlaqi-mənəvi saflıq aşılayan əsərlərinizlə Azərbaycan oxucusunu bundan sonra da sevindirəcəksiniz.

Ən xoş arzularla,

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının

Prezidenti.

Bakı şəhəri, 17 fevral 2021-ci il.

Published in Məktublar

Dövlət başçısı cənab İlham Əliyev bildirib ki, işğaldan azad edilən torpaqlarda böyük qayıdış, böyük inkişaf proseslərinə başlanılmalıdır və bütün bu işlər daha fəal və daha məqsədyönlü şəkildə aparılmalıdır

Published in Digər xəbərlər

Fevralın 17-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Baş prokuror yüksək qonaqpərvərliyə və səmimi qəbula, həmçinin 44 günlük Vətən müharibəsi dövründə Türkiyə tərəfindən göstərilən mənəvi dəstəyə görə təşəkkürünü ifadə edərək Prezident İlham Əliyevin salamlarını Türkiyənin dövlət başçısına çatdırıb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hüquq mühafizə sahəsində də uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin daha da möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olunub.

Türkiyə Respublikasının Prezidenti dövlətimizin başçısı İlham Əliyevə salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

Səfər çərçivəsində nümayəndə heyəti tərəfindən Ankarada xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin adını daşıyan park ziyarət edilib, abidəsi önünə əklil qoyularaq xatirəsi ehtiramla yad olunub. 

 

 

AZƏRTAC

Published in Siyasət

Fevralın 17-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan İran İslam Respublikası İslam Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Müctaba Zünnurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sədr qonaqları səmimi salamlayaraq bildirib ki, Azərbaycan və İran dost və qardaş ölkələrdir. Ortaq tarixi, mədəni və dini dəyərlərimiz münasibətlərimizin qarşılıqlı anlaşma əsasında inkişafı üçün yaxşı zəmin yaradır. İnanıram ki, bu möhkəm təməl üzərində əlaqələrimiz gələcəkdə daha da genişlənəcək. İran ilə hərtərəfli əməkdaşlığın dərinləşməsi xalqlarımızın ümumi mənafelərinə xidmət edir.

Milli Məclisin sədri qeyd edib ki, münasibətlərimizin bu səviyyəyə çatmasında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub. Bu siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçılarımızın qarşılıqlı səfərləri, aparılan danışıqlar, ölkələrimiz arasında imzalanmış sənədlər əlaqələrimizin bugünkü səviyyəyə çatmasında əsaslı rol oynayıb. Siyasi dialoqun ardıcıl xarakter alması iqtisadi, humanitar, mədəni sahələrə də öz müsbət təsirini göstərir. Dövlətlərarası Müştərək Komissiyanın fəaliyyəti, keçirilən biznes forumlar və ikitərəfli görüşlər ticarət dövriyyəsinin artmasına şərait yaradır.

Ölkələrimizin ali qanunvericilik orqanları arasında mövcud olan xoş münasibətlər ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıqda özünü büruzə verir. Sədr hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib. Bildirilib ki, bu qruplar arasındakı təmasların intensivləşdirilməsi, beynəlxalq parlament təşkilatları çərçivəsində çoxtərəfli əsasda görüşlər ümumi hədəflərə çatmaq baxımından önəmlidir.

Sədr İranın Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsi dönəmində ölkəmizin haqq işini dəstəkləməsini yüksək dəyərləndirib, bu ölkənin daim Azərbaycanın ərazi bütövlüyünü müdafiə etdiyi üçün öz adından və Azərbaycan parlamenti adından İran xalqına və dövlətinə təşəkkürünü ifadə edib. Bildirilib ki, erməni işğalçılarının azad olunmuş Azərbaycan ərazilərində törətdikləri vəhşiliklər, dini abidələrə münasibətdə etdikləri hərəkətlər insanlığa yaraşmayan vandallıqdır. Bu, təkcə Azərbaycana qarşı deyil, bütün müsəlman dünyasına qarşı yönəlmiş mənəvi terrordur. Sahibə Qafarova erməni vandallığının digər bir sübutunun da yaxın günlərdə 29 illiyini qeyd edəcəyimiz Xocalı soyqırımı olduğunu qonaqların diqqətinə çatdırıb. Qeyd edib ki, bu soyqırımı aktı dinc və silahsız insanlara qarşı törədilmiş misilsiz bir qətliam olub. Sədr, həmçinin diqqətə çatdırıb ki, bu qətliama dünyanın bir sıra parlamentləri lazımi qiyməti verib, soyqırımı olaraq tanıyıb.

Səmimi qəbul üçün minnətdarlığını bildirən İran İslam Respublikası İslam Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Müctaba Zünnuri səfər çərçivəsində keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. O bildirib ki, təmsil etdiyi ölkə Azərbaycan ilə həyatın ən müxtəlif sahələrində əlaqələrin dərinləşməsində maraqlıdır. Dağlıq Qarabağda Azərbaycanın apardığı Vətən müharibəsi zamanı İran vətəndaşlarının ürəyi Azərbaycanla birlikdə döyünüb. Biz Azərbaycanın ərazi bütövlüyünü, onun haqq işini həmişə dəstəkləmişik. 44 günlük hərbi əməliyyatlar zamanı ən müxtəlif səviyyələrdə verilən bəyanatlar bunu bir daha təsdiqləyir.

Qonaq Azərbaycanın erməni işğalından azad olunmuş ərazilərinin minalardan təmizlənməsində, bərpa işlərində, dini abidələrin yenidən qurulmasında İran tərəfinin yaxından iştirak etmək arzusunu bildirib. Qeyd edilib ki, Qarabağın yenidən dirçəlməsinə onun ölkəsi də öz layiqli töhfəsini vermək niyyətindədir.

İran parlamenti nümayəndə heyətinin üzvləri Xocalıda törədilən qətliamın ağrı-acılarını ürəkdən hiss etdiklərini, Azərbaycan xalqının məruz qaldığı bu vəhşiliyi qınadıqlarını ifadə ediblər. 

Söhbət zamanı parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə İranla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Eldar İbrahimov, Madər Musayev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi və digər rəsmi şəxslər iştirak ediblər.

 

 

AZƏRTAC

Published in Siyasət

Fevralın 17-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanovla görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müdafiə naziri bildirib ki, ölkələrimiz arasında həyata keçirilən ikitərəfli hərbi əməkdaşlıq dostluq və qardaşlıq münasibətləri üzərində qurulub. Nazir qeyd edib ki, bütün sahələrdə olduğu kimi, müdafiə sahəsində də əlaqələrimiz ölkələrimizin maraqlarına uyğun uğurla inkişaf edir.

General-polkovnik Z.Həsənov səfirə ordu quruculuğu sahəsində keçirilən islahatlar və əldə olunan nailiyyətlər barədə də məlumat verib.

Diplomat Vətən müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhidlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib. Səfir qeyd edib ki, Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və hər zaman ölkəmizə bütün məsələlərdə dəstək göstərib.

Özbəkistanın Azərbaycan ilə birgə hərbi təlim və treninqlərin keçirilməsində maraqlı olduğunu qeyd edən səfir Özbəkistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Azərbaycanın hərbi təhsil müəssisələrində təcrübə mübadiləsinin aparılmasının vacibliyini də vurğulayıb.

Görüşdə müdafiə və hərbi təhsil sahəsində birgə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri ilə bağlı bir sıra digər məsələlər müzakirə olunub.

 

 

AZƏRTAC

Published in Digər xəbərlər

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov fevralın 17-də Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Bilal Haye ilə görüşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, strateji müttəfiqlər olan iki dövlət arasında əlaqələrin zəngin tarixə malik olduğunu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu münasibətlərin daha da genişlənməsinə hər zaman xüsusi önəm verdiyini diqqətə çatdıran daxili işlər naziri V.Eyvazov beynəlxalq aləmdə və regional təşkilatlar çərçivəsində dost və qardaş ölkə olan Pakistanın Azərbaycanın mövqeyini hər zaman birmənalı şəkildə dəstəklədiyini məmnunluqla qeyd edib.

Dövlət başçılarının siyasi iradəsi nəticəsində son illər bütün sahələrdə inkişaf və tərəqqinin müşahidə olunduğunu qeyd edən nazir iki dost ölkənin Daxili İşlər nazirlikləri arasında da son illər sıx münasibətlərin mövcudluğundan, imzalanmış beynəlxalq hüquqi sənədlər əsasında transmilli mütəşəkkil cinayətkarlıqla, xüsusilə narkotiklərin qanunsuz dövriyyəsinə, qeyri-leqal miqrasiyaya və insan alverinə qarşı mübarizədə birgə səylərin göstərilməsindən, əməliyyat məlumatlarının mübadiləsindən məmnunluğunu bildirib, qarşılıqlı səfərlərin, bu görüşün birgə işbirliyinin daha da dərinləşdirilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Bilal Haye dövlətlərimiz və xalqlarımız arasında dostluq, qardaşlıq münasibətlərinin dərin köklərə malik olduğunu vurğulayaraq xüsusilə son illər ərzində bütün sahələrdə əlaqələrin daha sürətli inkişafından, ölkəmizdə yaradılmış sabitlik və əmin-amanlıqdan, respublikamızın, onun paytaxtının dünyanın ən təhlükəsiz dövlət və şəhərlərindən biri olmasından məmnunluğunu bildirib. Burada fəaliyyət göstərdiyi qısa zaman kəsiyində Azərbaycanda mövcud olan əmin-amanlıqdan, təhlükəsiz şəraitdən razılığını ifadə edən səfir əməkdaşlığın bütün sahələrdə daha da inkişafına öz töhfəsini verəcəyini  diqqətə çatdırıb.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

 

 

AZƏRTAC

Published in Digər xəbərlər

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı” adlı Tammətnli elektron toplu istifadəyə verilib.

Prezident Kitabxanasından AZƏRTAC-a bildirilib ki, kitabxananın direktoru Mayıl Əhmədov Tammətnli elektron toplunu təqdim edərək dövlət müstəqilliyini əldə etdikdən sonra ciddi sosial-iqtisadi böhranla üzləşən Azərbaycanı davamlı iqtisadi inkişaf yoluna çıxarmaq üçün ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi “Neft strategiyası”nın ölkənin yeni inkişaf mərhələsinə qədəm qoymasına zəmin yaratdığını bildirib.

Vurğulayıb ki, 1995-ci ildən başlayaraq aqrar sektorun bazar prinsipləri əsasında yenidən qurulması və torpaq islahatının həyata keçirilməsi nəticəsində kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri baş verdi. Azərbaycanın nəqliyyat sisteminin gücləndirilməsi və ölkənin tranzit imkanlarından səmərəli istifadə edilməsi üçün Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə layihələrin həyata keçirilməsi Azərbaycanın inkişafına ciddi təkan verib: “Azərbaycanın sənaye potensialının və bununla bağlı infrastruktur obyektlərin əksər hissəsinin Bakı şəhərində yerləşməsi və eyni zamanda, regionlarda olan bir çox müəssisələrin, istehsal və xidmət obyektlərinin fəaliyyətinin zəifləməsi və ya tamamilə dayanması əhalinin ölkə paytaxtına axınını sürətləndirmiş, bu amillər öz növbəsində iqtisadiyyatın regional baxımdan inkişafına mənfi təsir göstərmiş, regionların inkişafı arasında fərqin artmasına, bir çox yerlərdə sosial-iqtisadi, demoqrafik və ekoloji vəziyyətin ağırlaşmasına səbəb olmuşdu. Azərbaycan Respublikası regionlarının inkişafında müşahidə olunan vəziyyət mövcud potensialdan səmərəli istifadə etməklə regionların sosial-iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsini və onlar arasında fərqin minimuma çatdırılmasını tələb edirdi. Bütün bunları nəzərə alaraq, Prezident İlham Əliyev dövlət başçısı kimi, ilk növbədə, regionların sosial-iqtisadi inkişaf strategiyasını müəyyənləşdirdi. Regionların mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, məşğulluğun səviyyəsinin artırılmasına və ölkə iqtisadiyyatının dinamik inkişafının təmin edilməsinə nail olmaq üçün bir-birinin ardınca mövcud iqtisadi rayonlar üzrə 4 Dövlət Proqramı qəbul edildi. Məhz regionların sosial-iqtisadi inkişafı məqsədilə qəbul edilən 2004-2008, 2009-2013, 2014-2018 və 2019-2023-cü illər Dövlət proqramlarının reallaşıdırılmasının nəticəsidir ki, bu gün Dünya Bankının “Doing Business” hesabatında və Davos Ümumdünya İqtisadi Forumunun hesabatında Azərbaycan əsas parametrlər üzrə dünyanın bir çox inkişaf etmiş ölkələrin göstəricilərini qabaqlayır. Bu göstəricilər haqqında Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə ətraflı məlumat verib”.

Prezident Kitabxanasının rəhbəri qeyd edib ki, ölkənin dinamik inkişafına regionlarda sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların yaradılması ciddi təkan verir. İndiyədək həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enmişdir. Dövlət Proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb.

M.Əhmədov söyləyib ki, kitabxananın əməkdaşlarının topladıqları və sistemləşdirdikləri Tammətnli elektron toplunun materialları dörd fəsildə istifadəçilərə təqdim edilir. Hər bir Dövlət Proqramına aid materiallar “Rəsmi sənədlər”, “Dövlət tədbirləri”, “Regionlara səfərlər” və “Biblioqrafiya” başlıqları altında yerləşdirilib.  Elektron toplunun bütün Dövlət proqramlarını əhatə edən “Rəsmi sənədlər” fəsillərində üst-üstə proqramların icrası ilə bağlı Azərbaycan Respublikası Prezidentinin imzaladığı 18 fərman və 715 sərəncamın tam mətnləri illər üzrə xronoloji ardıcıllıqla təqdim edilir.

“Dövlət tədbirləri” adlı fəsillərdə ümumilikdə Dövlət proqramlarının icrasının müzakirə edildiyi 89 müşavirə, konfrans və iclaslarda Dövlət başçısının 174 nitqinin, tədbir iştirakçılarının 460 çıxışının tam mətnləri istifadəçilərə təqdim edilir.

Vurğulanıb ki, Azərbaycan Respublikası Prezidenti indiyədək ölkənin 10 iqtisadi rayonuna daxil olan 69 şəhər və rayona 471 səfəri zamanı müxtəlif səpkili 2100 tədbirdə iştirak edib. “Regionlara səfərlər” adlı fəsildə  dövlət başçısının infrastruktur obyektlərinin açılışı, əhali ilə görüşləri zamanı etdiyi 230 çıxışın və bu tədbirləri əhatə edən bütün materialların tam mətnləri illər və rayonlar üzrə xronoloji ardıcıllıqla toplanılıb.

Elektron toplunun Dövlət proqramlarının “Biblioqrafiya” bölmələrində isə indiyədək regionların sosial-iqtisadi inkişafına dair üst-üstə 11 minə qədər seçmə qəzet və jurnal məqaləsinin biblioqrafik informasiyası verilir.

Tammətnli elektron sənədlər toplusu, regions.preslib.az subdomeni vasitəsilə dövlət qurumlarının məsul əməkdaşlarının, bu sahəni araşdıran tədqiqatçıların, eləcə də geniş oxucu kütləsinin internet vasitəsilə istifadəsi üçün nəzərdə tutulur. Tammətnli elektron toplu mütəmadi olaraq yenilənilir.

Məlumat üçün bildirirəm ki, “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı”na dair Tammətnli elektron toplu da Prezident Kitabxanası tərəfindən yaxın vaxtlarda istifadəçilərə təqdim ediləcək.

 

 

AZƏRTAC

Published in Digər xəbərlər

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov, nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov və Sosial təminat siyasəti şöbəsinin müdir müavini Pərviz İbrahimli ilə görüş keçirilib.

Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova görüşdə qonaqlara təşkilat haqqında məlumat verərək veteran hərəkatının bayraqdarı olan Respublika Veteranlar Təşkilatının gördüyü işlər, xüsusən gənclərin vətənpərlik tərbiyəsində fəaliyyəti, veteranların ictimai-sosial vəziyyətinin diqqət mərkəzində saxlanılması, tariximizin və qəhrəmanlarımızın tanıdılması və gələcək nəslə ötürülməsi istiqamətində görülən işlər haqqında danışıb. O, həmçinin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın veteran hərəkatına göstərdikləri misilsiz xidmətləri sayəsində Azərbaycanın bu sahədə dünyanın öndə gələn respubilkalardan biri olduğunu bildirib.  

Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov Azərbaycanda müharibə veteranlarına yüksək dövlət qayğısı göstərilməsinə ümummilli liderimiz Heydər Əliyev tərəfindən başlandığını, İkinci Dünya müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasətinin prioritetlərindən olduğunu vurğulayıb.

Görüşdə çıxış edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımların atılmasını, sosial inkişafda ciddi irəliləyişləri təmin etdiyini bildirib. Respublika Veteranlar Təşkilatının veteran hərəkatının həyata keçirilməsinə xüsusi yeri və rolu olduğunu, eləcə də, Azərbaycan veteranlarının tarixin hər bir mərhələsində Azərbaycan xalqının pasionar qüvvəsi olduğunu qeyd edərək, 1941-1945-ci illər II Dünya müharibəsi, Əfqanıstan və Qarabağ müharibəsi veteranlarının və tarixi qələbəni bizə bəxş edən 44 günlük Vətən müharibəsi iştirakçılarının sosial vəziyyətinin daha da yaxşılaşdırılmasının dövlət tərəfindən həyata keçirilən əsas prioritet məsələlərdən biri olduğunu vurğulayıb. O, həmçinin bildirib ki, bütün sosial proqramlar kimi, şəhid ailələrinin və Qarabağ müharibəsi iştirakçılarının sosial təminatı proqramı da ildən-ilə uğurla davam etdirilir və əhəmiyyətli şəkildə genişləndirilir.

Veteranların sosial təminatının yaxşılaşdırılması istiqamətində görüləcək işlər, həyata keçiriləcək tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.

A.Kərimov bu görüşdə həyata keçirilən fikir mübadiləsinin xüsusi önəm daşıdığını, Respublika Veteranlar Təşkilatı ilə birgə hazırlanacaq tədbirlər planının respublikamızda veteran hərəkatına xüsusi töhfə verəcəyini də diqqətə çatdırıb. Qısa zaman ərzində Respublika Veteranlar Təşkilatı ilə birgə hazırlanacaq tədbirlərin, birlikdə fəaliyyətin müsbət nəticələr verəcəyinə inamını ifadə edib.

 

Mehparə ƏLİYEVA,

“Respublika”. 

Published in Digər xəbərlər
1 -dən səhifə 3

Təqvim

« February 2021 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28

ZIYARƏTÇİLƏR

Ziyarətçilər890911

Currently are 52 guests and no members online